Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Türkiyə iqtisadiyyatının yaşadığı “Berat Albayrak” faciəsindən sonra Mərkəzi Bankın yeni rəhbərliyinin qəbul etdiyi qərarla faizlər 4.75 bal yüksəldildi.

Demək, ”faizləri aşağı salmaqla iqtisadiyyatı gücləndirmə” qərarları süni xarakterliymiş; pul siyasətinə tamamilə mənfi təsir göstərdiyi kimi,inflyasiya ilə mübarizədə Mərkəzi Bankı məğlub duruma salmışdı.

Faizlərin bir anda təxminən 5 bal yüksəldilməsi valyuta bazarındakı qiymətlərin sərt şəkildə aşağı düşməsinə səbəb olsa da bu artışın bazarın ümumi tələbinə tam cavab vermədiyini yaxın zamanda görəcəyik. Bu gedişlə valyuta məzənnələrinin “sakit durmayacağı” və MB-dən yeni faiz artışları tələb edəcəyi açıq-aşkardır.

Mərkəzi Bankdan verilən açıqlamada “inflyasiyanın müvəqqəti” olduğu bildirilərək ictimaiyyətin ürəyinə su səpilməyə çalışılsa da bu açıqlamanı da ciddi qəbul etməmək lazımdır. Çünki daxili dinamikası etibarı ilə Türkiyə bazarında 2-3 aylıq periodda 30-35% yüksələn qiymətlərin  5% belə aşağı düşdüyünü,ölkəni 28 ildən bəri içəridən izləyən bir adam kimi, şəxsən mən heç vaxt  görmədim.

2016-cı ilin yayından bəri üçüncü prezidentin gəldiyi Mərkəzi Bankın bundan sonra siyasi rəhbərliyin göstərişlərini yerinə yetirməmə lüksünün olmadığını hamı bilir; bu sahədə Türkiyə öz ənənələrini tərk edərək, Rusiyanın yolunu izləməyə başladı. Məsələn,orada da əvvəl iqtisadiyyat naziri olmuş Elvira Nabiullina daha sonra Mərkəzi Bankın başına gətirilərək dövlətin pul siyasətini müəyyənləşdirmək ona tapşırılmışdısa,Türkiyə də keçmiş maliyyə nazirini MB-yə prezident təyin etdi.

Diktatorial şəraitdə Nabiullianın atdığı diktatorial addımlar devalvasiyanı da inflyasiyanı da cilovlaya bilmədiyi kimi,diktaturadan hürkən özəl sektorun “Nabiullina qaydaları” qarşısında kredit almağı ağlına gətirməsi çox müşkül məsələ idi.

Türkiyə Mərkəzi Bankı isə 1996-2016-cı illər arasında öz prezidentini öz “Şinel”indən çıxarmışdı. Son 4.5 ildə MB-yə üçüncü prezident təyin edilməklə həm “Şinel”dən çıxma əənəsi pozuldu həm də bir siyasi partiyanın hökumətində nazir vəzifəsini tutmuş  şəxs Mərkəzi Bankın başına gətirildi.

Bazar, əlbəttə ki,bunu da görür və dövlətin pul və inflyasiya ilə mübarizə siyasətiylə bağlı mövqe müəyyənləşdirərkən bu faktorları hesaba qatmasından şübhə etməyin. Ona görə keçmişin maliyyə naziri,indinin Mərkəzi Bank prezidenti Naci Ağbalın siyasətin tövsiyyəsi ilə yoxsa öz iradəsiylə qəbul etdiyi “faizi yüksəltmə” qərarına bazarın verdiyi reaksiya müsbət oldu və faizlərin aşağı salınmasıyla daim yüksələn valyuta məzənnəsi təxminən 13% aşağı düşdü.

Mərkəzi Bankın bundan sonra həyata keçirəcəyi pul siyasətində(nə qədər müstəqil olsa da) məzənnənin bundan aşağı düşəcəyini gözləməmək lazımdır. Çünki valyuta ehtiyatlarının tamamilə tükənməsindən söhbət gedir (Berat Albayrak ağına-bozuna baxmadan bazara valyuta ilə müdaxilə etdirib), bundan sonrakı proseslərdə milli valyutanı bu günkü  məzənnəyə sabitləmək yox, cüzi devalvasiyalarla nisbətən də olsa, sabitləşdirə bilmək, böyük uğur olacaqdır.

Ona görə Mərkəzi Bankdan  bazarın və vətəndaşların  gözləntilərinə verəcəyi cavabın intizarında olarkən son 2.5 ildə cərəyan etmiş proseslərə dair bu sual daha çox gündəmə gəlir: ABŞ dollarının Türk lirəsi qarşısında məzənnəsi 8.5 TL-yə yüksələndən sonra MB-nin faizləri yüksəltməsiylə tam 1 TL aşağı düşə bildisə,onda valyuta bazarında bu oyunu kimlər oynadı, nə üçün oynadı? Bu sualı 1994-cü ilin yanvarından bəri verirəm. Çünki ilk valyuta böhranını o günlərdə görmüşdüm,tələbə davam gətirə bilməyən valyuta məntəqələri qapılarına kilid vurmuş, baş nazir Tansu Çillerin  ən yaxın adamı Yalım Erez “Bir neçə xain bank sahibi var”- deyə ünvan göstərmiş, Türkiyə 2001-ci ilin fevralındakı ağır böhrandan sonra bank sistemindəki radikal islahatlarla bir müddət devalvasiyalardan yaxasını qurtara bilmişdi.

Bəs indi nə baş verdi ki, MB-nin faiz artışı siyasətiylə məzənnə 1 Türk lirəsi aşağı düşdü? ABŞ dollarını 8.5 Türk lirəsindən xırdalayan böyük oyunçuların MB-nin faizləri 4.75% bal artırmasıyla nə qədər gəlir əldə etdiklərini təsəvvür etmək mümkündürmü?

Dəfələrlə yazdıq ki, Azərbaycan Mərkəzi Bankının hal-hazırda həyata keçirdiyi pul siyasəti daha məntiqlidir.Ancaq  2015-ci ilin fevralında və dekabrında qəbul etdiyi çox yüksək devalvasiya qərarının yaratdığı tarmarı unutmadan addım atması şərtiylə...

 

Mayis Əlizadə

Rəy yaz

Dünyada

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti