Boğaziçi Universiteti müəllim-tələbə kollektivinin dinc aksiyasına 147 yazıçı-şair “ölkənin gələcəyinə yeni yollar açdıqlarına görə” dəstək verir
Bu və ya digər dərəcədə demokratik mühitlərdəki kütləvi və ya fərdi etiraz aksiyaları qacılmaz şəkildə “ziyalı”, “ziyalılıq” məfhumlarını özü ilə götürüb gündəmin mərkəzinə gətirir və gözlər ziyalılara çevrilir. Avropada monarxizmə son qoyub demokratiyanın yolunu açan 1789-cu il Fransa inqilabından sonrakı 232 il ərzində qitə öz inkişafını təkcə intellektual deyil, hüquqi baxımdan da ziyalılara borcludur.
”Ziyalı” məfhumunun tələblərinə dünya miqyasında ən ləyaqətli şəkildə cavab verən Jan Pol Sartr 1945-ci ildə çap edilən “Müqəddimə” adlı məqaləsində ictimai-siyasi hadisələrə laqeyd qalan qələm sahiblərini “tarix qarşısında öz məsuliyyətlərini yerinə yetirmədiklərinə görə” kəskin tənqid etmişdi: “Yazarın əlində zəmanəsindən qaçma fürsəti olmadığına görə qaçmaq istəməkdənsə, zamana sıx sarılmasını istəyirik. Çünki zəmanəsi onun fürsətidir, ikisi bir-biri üçün yaradılıb...”
Mən Flaubert ilə Goncourtları Kommunadan sonra gələn qanlı cəzalandırma dalğasına görə cavabdeh sayıram. Çünki buna mane olmaq üçün 1 sətir belə yazmayıblar. “Bu, onların işi deyildi” deyəcəklər.
“Calas prosesi” Volterin işi idimi? Dreyfusun məhkum edilməsi Zolanın işi idimi?” 100-cü ilinə yaxınlaşan Türkiyə Cümhuriyyətində bu tələbə bu və ya digər şəkildə cavab verildiyini deməyə imkan var. Boğaziçi Universitetinə rektor təyin edilməsinə qarşı müəllim-tələbə kollektivinin keçirdiyi dinc etiraz aksiyası onsuz da bölünmüş cəmiyyətin dərin qatlarında yeni zəlzələ xətləri açarkən müəllim-tələbə aksiyasına ziyalılardan gələn 147 imzalı dəstək məktubu iki baxımdan əhəmiyyətlidir: 1)istənilən ölkə kimi Türkiyənin də gələcəyi olan tələbələrin gənc yaşlarda “terrorçu, anarxist, separatçı” kimi haqsız damğalarla cəzalandırılmalarının qabağını almaq; 2) tarixin boyunlara yüklədiyi “ziyalılıq” missiyasının şərtlərini yerinə yetirmək, məsuliyyətin altına girmək. Yaxın dostluğumuzdan qürur duyduğum Ataol Bəhramoğludan Orxan Pamuka, Zülfü Livanelidən Elif Şafaka, Oya Baydardan Haydar Ergülenə qədər bu məktubun altına imza qoyan qələm sahiblərinin yer üzündə “sərvət” kimi gördükləri yeganə fenomen onların oxucularıdır.
Bəyəndiyim yazar deyil, amma detektiv roman ustası Əhməd Ümitin bütün kitablarının ilk tirajı 300 min ədəddir, qonorarını nəşriyyat verir, nəşriyyatın müştəriləri isə oxuculardır.
Boğaziçi Universiteti müəllim-tələbə kollektivinin dinc aksiyasına 147 yazıçı-şair “ölkənin gələcəyinə yeni yollar açdıqlarına görə” dəstək verir. Yəni, söhbət ölkə tarixinin yeni bir həlledici mərhələsində, bundan əvvəlki yazımızda da ifadə etdiyimiz kimi, yeni bir “sınma nöqtəsində” nümayiş etdirilən məsuliyyət hissindən gedir və işin ən mühüm tərəfi o yazıçı-şairlərin, o məsuliyyəti, eyni zamanda, öz qələmlərinin və özlərindən sonra gələnlərin qələmlərinin şərəfi naminə bir daha öz üzərlərinə götürərək bəyanat imzalamalarıdır. Çünki yaxşı bilirlər ki, bu gün dinc aksiyanın boğulması, ertəsi gün o yazıçı-şairlərin fikir və düşüncə sahəsinin daraldılmasını özü ilə gətirib-gələcək. Bunun zərərini əvvəlcə 100 minlərlə oxucu, ardından isə milyonlarla yurddaş görəcək. Yəni, söhbət zəncirləmə reaksiyadan gedir.
Müəllim və tələbələrin dinc aksiyasına müasir türk ədəbiyyatının ən çox oxunan və dünya miqyasında tanınan yazıçı-şairlərinin verdiyi dəstək Türkiyə üçün sürpriz olmadığı kimi, şəxsən mənim üçün də bunun heç bir təəccüblü tərəfi yoxdur.
Türkiyəni güclı qılan əsas faktor da budur –qələm sahibinin, incəsənət ustasının, rəssamın, heykəltəraşın cəmiyyətlə qurulmuş düzgün münasibəti. Topluma sərbəst duyğusunu “pompalayan” da bu infrastrukturdur. Yanlış anlaşılmasın, hər hansı bir yazıçının-şairin kitablarının yüksək tirajla çıxmasını onun yaxşı yazıçı olmasının göstəricisi kimi qəbul etmirəm, söhbət azad düşüncə və o düşüncəyə verilən yaradıcı insan dəstəyindən gedir. Məsələn, İskəndər Palanın kitablarının da ilk tirajı 300 mindən aşağı olmur, ancaq dünyaya baxışı və ictimai proseslərə təsiri baxımından Palanın rolunun mənsub olduğu sağ mühafizəkar təbəqə üzərində minimal səviyyədə belə olmadığını hamı bilir.
Bir neçə il əvvəl ölkəmizdə çox əhəmiyyətsiz bir şeyə görə 19 yaşlı gəncin cibinə narkotik maddə atıb 9 il həbs cəzası veriləndə 4 nəfərin etiraz etdiyinə şahid olmuşdum: Çingiz Hüseynov, Rüstəm İbrahimbəyov, Məmməd İsmayıl, Kamil Vəli. Hamısı xaricdə yaşayır.
Ona görə sizə mübarək təraşlar, cənab xalq yazıçıları, xalq şairləri...
Mayis Alizade
Rəy yaz