Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/05.04.21/Turan: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Mahir Əbdürəhimovun vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər bu kimi qanunsuz hərəkətləri əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılb.  Əbdürəhimov müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsilə ümumilikdə 393 nəfər vergiödəyicisinin ayrı-ayrı ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı 820 min manat pul vəsaitini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf edib. İşlədiyi dövlət qurumunun rəsmi informasiya resursuna yalan məlumatlar daxil edib. Bu xəbəri aprelin 2-də Azərbaycan Baş Prokurorlugu yayib.

62 nəfər vergi ödəyicisinin vergi qismində ödədiyi ümumilikdə 66 min manat pul vəsaiti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ödənilməyib.

Əvvəlki zamanların kriminal xəbərlərini nəzərdən keçirərkən Dövlət Vergi Xidmətinin digər əməkdaşlarından orta hesabla hər il 1 və ya 2-nin həbs edildiyi məlum olur.

2019-cu ilin yanvarında o zamankı Vergilər Nazirliyinin müfəttişləri Elçin Qaybalıyev və Ziyad Lətifov  Bakıda "24 saat" adlı marketdə 1000 manat məbləğində rüşvət aralaq  aralarında bölüşüblər.

Eyni zamanda müfəttiş vəzifəsində işləmiş Ağa Məmmədovun 2700 manat məbləğində rüşvət almasına görə cinayət işi başlanılıb.

2020-ci ilin avgustunda isə Vergi Xidmətinin müfəttişləri Azər Allahverdiyev və Cahid Tahirov çörək sexinə gedərək 6 min manat məbləğində pulun bir qismini rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Azərbaycanda hökumət qurumlarının korrupsiyaya qarşı mübarizə aparması barədə coxsaylı xəbərlər dərc edilir,  Dövlət Vergi Xidmətinin əməkdaşları ücün bu mövzuda (məsələn: “Azərbaycanda antikorrupsiya strategiyası və gələcəyə baxış”)  tədris və tədbirlər, treninqlər keçirilir. Amma xeyri yoxdur. Müfəttişlər həbs olunur. Nədən?

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Turan-ın bu sualına cavab verməkdən boyun qacıraraq Media və Kommunikasiya İdarəsinə müraciə etməyi məsləhət biliblər. Bu xidmətin telefonuna isə cavab vermirlər (403-87-88).

Dövlət Vergi Xidmətinin saytında yerləşdirilən idarələrin siyahısını nəzərdən keçirdikdə məlum olub ki, aparatın 21 şöbəsindən 8-də rəis vəzifəsinə müvəqqəti icraçılar rəhbərlik edirlər.

https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetinin-aparati-qrafik

Belədirsə, hansı nizamdan danışmaq olar?

Hüquqşünas, İçtimai Tədqiqatlar Mərkəzinin rəhbər İlqar Altay Turan-a müsahibəsində  Azərbaycanda Vergilər Nazirliyinin, sonra Dövlər Vergi Xidmətinin xeyli mənfi nəticələrindən danışıb.

"Son illər dövlət rəhbərliyi bu orqana qarşı qəti addımlar atdı. Vergi qurumu kökündən dəyişərək İqtisadiyyat Nazirliyinin tərkibinə Vergilər Xidməti kimi qatıldı. Ciddi rəhbər və sair kadr dəyişiklikləri aparıldı. Vergilər Xidmətinin öz daxilində də institusional dəyişikliklər getdi. Ancaq bütün bunlar istənilən nəticəni vermir. Yenə yerlərdə vergi orqanlarının sahibkarlara qarşı özbaşınalıq və maneçilikləri, rüşvət, bəzi yerli hakimiyyət orqanlarının diqtəsi ilə sahibkar, zəhmət adamlarını qərəzli sıxışdırmalar və sair hallar davam edir. Yenə sahibkarlar və əhalidən şikayətlər, narazılıqlar var. Yenə Vergi Xidmətinin vəzifəli şəxslərindən rüşvətdə və korrupsiyada təqsirli bilinib həbs edilənlər var”, - İlqar Altay qeyd edib.

Hüquqşünas hesab edir ki, iqtisadi-sosial inkişafın əsas dayağı olan azad sahibkarlığa tam şərait yaradılması üçün vergi və gömrük sahəsində daha ciddi, köklü və radikal sərt addımlar atılmalıdır.

“Bu sahələrin tənzimlənməsi üzrə qanunvericilikdə, həm də cinayət qanununda ciddi dəyişikliklər edilməli, struktur yeniliyi və kadr dəyişikliyi olmalıdır. Həm də bu orqanların yerli icra hakimiyyətləri və hüquq- mühafizə orqanlarından asılılığı olmamalıdır. Fikrimcə, burada daha bir vacib şərt vergi orqanlarında (eləcə də gömrükdə) ictimai nəzarətin, ictimai iştirakçılığın güclü təşkilidir. Korrupsiya hüquqpozmaları ilə bağlı yaradılmış komissiyalar və ya şuralarda vətəndaş cəmiyyəti və media nümayəndələri təmsil olunmalıdır", - expert deyib. -0-

 

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti