Tarih Dükkanı
Rusiya və Ukrayna heyətləri arasında martın 29-da İstanbulda keçirilmiş görüşün nəticələri daxili ictimaiyyətə elan edilərkən Türkiyənin rolu çox şişirilmiş və təməlsiz gözləntilər yaradılmağa cəhd edilmişdi. Hətta rus qoşunlarının Kiyev və Çerniqov ətrafından mərhələli şəkildə çəkilməsini Ankara öz təşəbbüsü kimi göstərməyə çalışmışdı.
Aradan keçən təxminən 20 gündə Ankaranın vasitəçiliyi əsla gündəmə gəlmədiyi kimi, Rusiya-Ukrayna savaşının sensasiyalı hadisəsi proseslərə Türkiyənin də aktiv şəkildə qatılması yox, məsələn, Roman Abramoviçin 1 milyard dollarlıq gəmisinin Bodrum sahillərinə lövbər atması oldu.Gəmilərlə bağlı Qərbin,Rusiyaya qarşı sanksiyalara qatılmamasıyla bağlı isə Ukraynanın yüngülvari xəbərdarlıqlarına haqlı olaraq reaksiya verməyən Türkiyə daxildəki iqtisadi böhrandan çıxmaq üçün körfəz ölkələrinin qapısını daha bərk döyməyi məqsədəuyğun bilir. Çünki devalvasiyanın banklardakı Türk lirəsinə üç aylıq çox yüksək faiz verilərək nəzarət altına alınmasının müvəqqəti tədbir olduğu hamıya məlumdur. Türkiyə kimi ölkələr üçün xaricdən borc tapmaq xeyli çətinləşdi, tapılsa belə,astronomik sayılacaq faizlər ödəmək məcburiyyəti vardır.
Bu mənada AKP sədri və dövlət başçısının orucluq bayramının namazını Səudiyyə Ərəbistanında vəliəhdlə qılmağı planlaşdırmasının həm ölkənin həm də cənab Erdoğanın siyasi taleyi baxımından həlledici rolu olduğunu iddia etmək mümkündür. Arada umu-küsünün qalmamasından sonra Riyadın ən mühüm tələbinin də yerinə yetirilməsi (2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda işgəncəylə qətlə yetirilən jurnalist Camal Qaşıqçının istintaq qovluqlarının Səudiyyə Ərəbistanına təhvil verildi) cənab Erdoğanın böyük miqdarda pul tapma ehtimalını gücləndirir. Çünki Erdoğanın başında durduğu iqtidarın davam etməsini artıq Səudiyyə Ərəbistanı hamıdan çox istəyir. Buna görə Türkiyə iqtisadiyyatında müsbət dəyişikliklərin olmasına vəliəhdin də müsbət baxacağını təxmin etmək çətin deyil.Cənab Erdoğanın ölkəyə gülər üzlə dönməsini görmək üçün çox yox, 20 günə ehtiyac var.
Rusiyanın Ukraynaya hücumu məsələsinə yenidən qayıtsaq, bu çərçivədəki gəlişmələrin Türkiyədə düzgün analiz edilmədiyini deyə bilərik.Məsələn, hər halda, vasitəçilik iddialarının baş tutmamasından olacaq ki, dövlət başçısının mətbuat katibi İbrahim Kalın, Rusiyanın Ukraynaya hücumundan sonra cərəyan edən prosesləri “Yeni bir soyuq müharibə dövrünə girmişik”- şəklində xarakterizə etməyi uyğun görür.
Kalına görə, bu savaşın təsiri uzun illər davam edəcək və nəticədə yeni ittifaqlar yaranacaq. Qısa izahat vermək lazım gələrsə,soyuq müharibənin ikinci dünya müharibəsinin davam etdiyi vaxtda başlamadığını xatırlatmamız lazım gələcək. Alman faşizminin rəsmi şəkildə məğlubiyyətinə hələ 3 ay varkən-4-11 fevral 1945-də Yaltada biraraya gələn ittifaq dövlətlərinin liderləri Avropada öz hegemonluq sahələrini müəyyənləşdirmiş və yer kürəsi sosialist və kapitalist ideologiyalarının hakim olduğu iki böyük zonaya bölünərək idarə edilməyə başlanmışdı.
Soyuq müharibənin başlanğıcı kimi Qərb tarixçiləri 1946-cı ili göstərirlər, London universitetinin professoru Cəmil Həsənli məsələni daha da dəqiqləşdirərək öz nəzəriyyəsini irəli sürür: əslində soyuq müharibə 1946-cı ildə İranın Azərbaycan bölgələrindəki milli dövlətin fars rejimi tərəfindən yıxılmasıyla başlayıb.
Digər tərəfdən, ”soyuq müharibə” məfhumu təkcə iki sistemin hegemon olduğu bölgələrdəki hakimiyyəti gücləndirməyi yox, xüsusilə,sosialist sistemin dünyanın cürbəcür bölgələrinə inqilab ixracı cəhdlərini də ehtiva edirdi. Yəni, ikinci dünya müharibəsindən sonra başlayan soyuq müharibənin ideoloji təməli və səbəbi vardı, o təməl və səbəb olmasaydı, iki sistem nəyin uğrunda mübarizə aparacaqdı?
İki zidd ideologiya, iki zidd istehsal və dəyərlər sistemi mövcud deyilsə, soyuq müharibə nəyə lazımdır: daha çox silah satmaq üçünmü, Qərb banklarında və ofşorlardakı daha çox pula əl qoyub böyük şəhərlərdəki daha çox əmlakın mənşəyini daha çox şübhə altına almaq üçünmü?
Türkiyədəki səhv dəyərləndirmələrin əksəriyyəti bu nöqtədən başlayır və hələ Rusiyanı ideoloji baxımdan sovet sosialist rejiminin davamı, Vladimir Putini isə sosialist ideologiyasının hərarətli müdafiəçisi kimi görürlər. Hörmətli Kalının da Rusiya dövlət başçısını “sosialist dünyagörüşlü”` br siyasətçi kimi gördüyünə ehtimal verməmək lazımdır.
Ancaq Rusiya-Ukrayna savaşının necə nəticələnəcəyini bilmədən “soyuq müharibə”nin başladığını iddia etmək havadan asılı qalan bir yanaşmadır. Rusiya-Ukrayna savaşının ABŞ-Türkiyə münasibətlərinə müsbət mənada təsirinin bir örnəyi F-35 qırıcılarının Türkiyəyə satılmasına qoyulmuş embarqonun ləğvidir. Məhz bu yenidən yaxınlaşmadan sonra Rusiya-Ukrayna savaşında Türkiyənin özünü daha arxayın hiss etdiyini deməyə imkan var.
Daxili siyasətdə isə prezidentliyə namizədlik məsələsi ətrafında müzakirə və mübahisələrin qızışdığını görürük. İqtidar ittifaqının namizədinin Erdoğan olacağını hamı bilsə də işin qəribə tərəfi onun qabağına müxalif ittifaqdan göstəriləcək namizədin müəyyənləşdirilməsinin çətinliyidir.
İctimai rəy sorğuları İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun Erdoğandan təxminən 20, Ankaranın bələdiyyə sədri Mansur Yavaşın isə Erdoğandan təxminən 10 bal qabaqda olduğunu göstərir. Müxalif ittifaqın ən böyük partiyası olan CHP-nin sədri Kemal Kılıçdaroğlu ilə Erdoğan arasındakı reytinq fərqinin 2-3% olması Erdoğanın bu yarışda qəti şəkildə qalibiyyəti mənasını daşıyır.
İşin başqa bir maraqlı tərəfi isə istər İmamoğlu, istərsə də Yavaşa hökumət tərəfindən edilən bütün təzyiqlərin onların reytinqini daim artırması faktıdır. 1993-cü ilin axırlarında İstanbul bələdiyyə sədrliyinə namizəd olan Tayyip Erdoğana qarşı hökumətin etdiyi təzyiqlər onu əvvəlcə bələdiyyə sədrliyinə,daha sonra baş nazir, ən axırda isə prezident kreslosuna oturtmuşdu.
Eyni yol İmamoğlunun və ya Yavaşın timsalında təkrar keçilə bilərmi?
Rəy yaz