«Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?» Forumunun Qətnaməsi
Vətəndaş cəmiyyəti nümayəndələri mayın 19-da Bakıda keçirilən “Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” Forumunda son illər qeyri-hökumət təşkilatlarının və KİV-in fəaliyyətini həyata keçirərkən qarşılaşdığı çətinlikləri diqqətə alaraq və dövlət quruculuğunda, cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutlarının geniş və sistemli şəkildə iştirakının əhəmiyyətini dərk edərək, ölkə hakimiyyətinə aşağıdakı çağırışları edir:
- QHT-lərin, onların qrantlarının qeydiyyatı sahəsində fəaliyyət imkanlarının və maliyyə hesabatlılığının çətinləşməsinin, beynəlxalq donorların Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılması məqsədilə QHT-lərin və onların fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxmaq.
- Vətəndaş cəmiyyəti institutlarının həmahəng inkişafı üçün şərait yaradılması, hüquqi və inzibati xarakterli maneələrin aradan qaldırılması, dövlət və cəmiyyət institutları arasında həyat fəaliyyətinin müxtəlif sahələrini əhatə edən daimi və konstruktiv dialoq qurulması üçün Milli Fəaliyyət Proqramının işlənib hazırlanması məqsədilə vətəndaş cəmiyyəti institutlarının geniş iştirakı ilə müntəzəm müzakirələrə başlamaq.
- İnsan hüquqlarının tam və hərtərəli həyata keçirilməsi üçün konstitusiyada və beynəlxalq aktlarda nəzərdə tutulmuş, ictimai fəallara, siyasi funksionerlərə qarşı təzyiqi istisna edən, hərəkət, toplaşmaq azadlığının məhdudlaşdırılmasına yol verməyən fəaliyyət mühiti formalaşdırmaq, jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının cinayət təqibinə son qoymaq, qanunların aliliyinə və məhkəmələrin müstəqliiyinə şərait yaratmaq.
- Söz azadlığı və KİV müstəqilliyinin mütərəqqi inkişafını təmin etmək, söz və KİV azadlığını məhdudlaşdıran hüquqi normaları aradan qaldırmaq, diffamasiya haqqında qanun qəbul etmək, həbsdə olan jurnalistləri və blogerləri azad etmək, KİV-in iqtisadi müstəqilliyinin əsaslarını, reklam bazarını inkişaf etdirmək üçün sağlam rəqabət mühiti yaratmaq, dövri çap mətbuatının yayılmasına qoyulmuş qadağanı aradan qaldırmaq, internetin keyfiyyətini beynəlxalq standartlar səviyyəsinə çatdırmaq, informasiya, ilk növbədə informasiyası əldə etməyi və ictimailəşdirməyi məhdudlaşdıran bütün maneələri aradan qaldırmaq.
- Ən qısa zamanda bütün siyasi məhbusları azad etmək və Azərbaycanı siyasi məhbuslarsız ölkəyə çevirəcək tədbirlər həyata keçirmək.
Rəy yaz