Dostlar! Dünən “Nardaran işi” ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə getmişdim. Əvvəlkindən fərqli olaraq girişdə şəxsiyyət vəsiqələrini yığmırdılar. Amma zala girişi də məhdudlaşdırmağa çalışırdılar. Bu işlə bağlı hər proses böyük sürprizlərlə müşayiət olunur. Ötən məhkəmə proseslərində məlum olmuşdu ki, işdə şahid kimi keçən bir sıra insanları polis orqanlarına aparıb işgəncələr verir, onlardan tələb olunur ki, ilkin istintaq zamanı təhdid yolu ilə onlardan alınmış ifadələri gedib məhkəmədə təsdiq etsinlər, ya əgər bunu etmək istəmirlərsə məhkəməyə teleqram vurub ifadələrini təsdiq etdiklərini bildirsinlər. Bu tələblərlə razılaşmayanlardan bəzilərini isə müxtəlif qurama ittihamlarla inzibati qaydada həbs etmişdilər ki, məhkəməyə gəlib şahid kimi ifadə verməsinlər. Çünki şahidlər ucdantutma işgəncə altında verdikləri ilikin ifadələrdən imtina etməklə, əsl həqiqətləri ortaya qoymaqla heç bir zərurət olmadan Nardaran əməliyyatını ifşa etmişdilər. Dünən də belə oldu. Vəkillər vəsatət verdilər ki, hadisə zamanı rəsmi sənədlərə imza atmış, təqsirləndirilən şəxslərin üzərindən silah, sursat “çıxdığını” öz gözləri ilə görmüş 8 nəfər hal şahidi niyə məhkəməyə gəlib ifadə vermirlər. Nə qədər gülməli olsa da Müsəlman Birliyi Hərəkatının təşkil etdiyi futbol turnirinin oyunçuları ifadə verməyə dəvət edilir, amma bilavasitə hadisələri gözü ilə görmüş, hal şahidi kimi protokolları imzalamış adamlar məhkəmə araşdırmasına dəvət edilmirlər. Halbuki, əməliyyatı keçirən polis işçiləri də, əməliyyatın hədəfi olan təqsirləndirilən şəxslər də əslində hadisədə və prosesdə tərəfdirlər. Məhz, bu 8 nəfər hal şahidi “tərəfsiz” şəxslər kimi əməliyyat keçirilməsi zamanı gördüklərin gəlib məhkəmədə nəql etməli, hakimin, dövlət ittihamçısının, vəkillərin suallarına aydınlıq gətirməli idilər. Amma hakim ayağını yerə verib ki, indiki mərhələdə onları dindirməyə ehtiyac yoxdur. Nədən? Çünki proses hakimiyyətin ifşası ilə nəticələndi, işin qurama olduğu üzə çıxdı, ikisi polis işçisi olmaqla 6 nəfər günahsız insanın heç bir ciddi zərurət olmadan DİN-in keçirdiyi əməliyyatın qurbanı olduğu aydınlaşdı. Məlum oldu ki, dövlət çevrilişinə cəhd sadəcə hüquq mühafizə orqanlarının uydurmasıdır, Nardaranda dini ekstremistlər, terrorçular deyil, ibadət vaxtı, dini mərasimin icrası zamanı dinc insanlar gülləyə tutulub, siyasi maraqlar naminə 6 nəfər Azərbaycan vətəndaşı öldürülüb. Məhz hal şahidlərinin prosesdən yayındırılması Nardaran əməliyyatının əsl mahiyyətini gizlətməyə xidmət edir. Vəkillərin araşdırması göstərmişdir ki, həmin hal şahidlərindən birinin adı heykəl məhbusu Bayram Məmmədovun işində də keçir. Digərləri haqqında da belə məlumatların olması istisna edilmir. Əgər, təcrübəli istintaqçılar “zərərçəkmiş” və şahid kimi ifadə verərkən məhkəmə zalında əməliyyatın qurama, saxta olduğu ifşa olundusa, hal şahidlərinin dindirilməsi ifşa prosesini tamamlamalı idi. Məhz, hal şahidlərinin prosesdən yayaındırılması da bilavasitə bununla bağlıdır. Bu gün prosesin gedişində digər maraqlı bir məsələ Nardaran əməliyyatından sonra Daxili İşlər Naziri cənab Ramil Usubovun hadisələr barədə televiziya çıxışının video materialının (2 dekabr 2015-ci il) hakimə təqdim edilməsi oldu. Bu çıxış istintaqın ittihamlarını bir növ alt-üst edir. Niyə? Ona görə ki, istintaq materiallarında və “Bandotdel” işçilərinin həm yazılı, həm də məhkəmədəki ifadələrində göstərilir ki, əməliyyatı daxil olmuş məlumat əsasında keçiriblər. Cənab Usubov isə öz çıxışında deyir ki, bu əməliyyat prezidentin tapşırığı əsasında keçirilib. İstintaq materialında əməliyyatın DİN-in müvafiq qurumları tərəfindən keçirildiyi qeyd edilsə də, Nazirin çıxışında prezidentin tapşırığı ilə əməliyyatın DİN, Təhlükəsizlik orqanları və prokurorluq tərəfindən birgə keçirildiyi açıqca ifadə olunur. Ən dəhşətlisi odur ki, dünən məhkəmədə məlum oldu ki, üç nəfər məhbusun bədənində hələ də güllə gilizləri bu günə qədər qalmaqdadır və əlaqədar rəsmi orqanlar həmin gilizləri əməliyyat yolu ilə çıxarıb ekpertizaya göndərmək əvəzinə bu dəhşətli vəziyyətə göz yumurlar. Cənab Usubovun çıxışında diqqəti çəkən üçüncü mühüm məqam əməliyyat zamanı dinc sakinlərdən 5 nəfərin məhv edilməsi haqqında məlumatdır. İstintaq materiallarında isə dörd dinc sakinin məhv edildiyi göstərilir. Bəs bu 5-ci nəfər kimdir? Əgər xatırlayırsınızsa əməliyyat zamanı ölən dörd dinc sakinlərin meyitlərini yalnız 9 gündən sonra verdilər. Həmin vaxt Abbas Hüseynin ölməsi haqqında da məlumatlar dolaşırdı. Məhkəmə prosesində aydınlaşdı ki, ona elə ağır işgəncə veriblər ki, hətta istintaq orqanları belə onun öldüyünü zənn edib. Sadəcə olaraq Abbas heç kəsin gözləmədiyi halda kəfən yırtıb və sonra istintaqda qəzeti göstərərək onu təhdid ediblər ki, bax görürsən qəzetlər sənin öldüyünü yazır ona görə bizim dediyimiz ifadəni verməlisən. Əks təqdirdə... Bu çıxışda niyə cənab Usubov Nardaran işinin məsuliyyətini cənab İlham Əliyevin üzərinə qoyub? Çünki əməliyyat ikisi polis olmaqla altı nəfər günahsız insanın ölümü ilə nəticələnmişdi. Ortada insan ölümü vardı. Proses isə göstərdi ki, məsələn saxlanılanda heç bir güllə yarası olmayan, sağ-salamat olan Fərahim Bünyadovu mebel maşınında insanların gözü qarşısında döyə-döyə öldürüblər. Ona görə də vaxtilə qatı cinayətkar Abuzərovu Heydər Əliyevin tapşırığı ilə açıb buraxdığını deyən DİN naziri altı nəfərin ölümü ilə nəticələlənmiş Nardaran əməliyyatını da bilavasitə İlham Əliyevin tapşırığı ilə keçirdiyini deməklə bir növ özünü sığortalamış oldu. Axı, onun nazir kimi 20 ildən artıq iş təcrübəsi var.
Rəy yaz