SABİRİN SƏBRİ

(Bəşəriyyətin dahi oğlu M.Ə. Sabirin 150 illik yubileyinə)

 

I. M.Ə. Sabirin iman nurundan doğan səbri

 

                                                                                                                                                   Şairəm, səbr şüarımdı, qənaət tacım,

Nəfsimə padşahəm, sahibi fərmanəm mən...

 

Xalqımizın görkəmli maarifpərvər və azad fikirli yazarı, mütəfəkkiri, mücahid-satirik şairi, filosofu, din xadimi, pedaqoqu, alovlu vətənpərvər və millətsevəri və həm də sülhsevər beynəlmiləlçi Mirzə Ələkbər Tahirzadə (Şirvani) (1862-1911) cəmi 49 il ömür sürdü... Həyatının əsasən son bir ilində ağır qaraciyər xəstəliyindən cismi gündən-günə ərisə də, cismindəki sağlam ruhu əcəlinə ətalət göstərmədən, əli qələm tutanacan HƏVƏSLƏ yazdı və yazdı ("Həvəs", 1911, fevral):

Həvəs zövq eylər insani həyatə,

Ətalət cəlb edər şəxsi məmatə...

...

Həvəsdən nəş"ət eylər hər fəxarət,

Ətalətdən törər min-min xəcalət...

 

Xudavəndi-aləmə bağlandığı nuri-İman mərtəbəsinə görə özünü Xaliqin "gerçək aşiqi" sanan İmaməddin Nəsimidən bəlkə də geridə qalmayan Mirzə Ələkbər Tahirzadə isminə qoşduğu SABİR təxəllüsünə tam müvafiq olaraq, yuxarıdakı beytində qeyd olunduğu kimi öz yüksək səbri və nəfsinə hakimliyi ilə minlərlə əhli iman sahiblərinə bir nümunə olaraq bəşər tarixində şərəfli ad qoydu. İ. Nəsimi kimi o da, kor bəsirət gözləriylə cənabi Həqqın nuri-təcəllasini görmək iqtidarında olmayan zahidləri kəskin formada tənqid etməkdən çəkinmirdi:

Aç dilini, yum gözünü, zahida

Vird oxu, heç anlama mənasını!

 

 

Baxma bir ibrətlə bütün aləmə,

Görmə Həqqin nuri-təcəllasini!

Xüşk ibadətlə, quru zöhdlə,

Anlama sən eşq müəmmasını!

 

 

Zöhdü öyüb, eyləmə inkari-eşq,

Şəxs bulur eşqlə mövlasını...

(vird=təkrar-təkrar; nuri-təcəlla=görünən nur)

Və ya:

Zahid edərsə eşqdə təkfir Sabiri,

Zahir gözilə Kəbəni bütxanə bilməsin!

(təkfir- kafir sanmaq)

M.Ə. Sabirin yaxın dostu, Azərbasycan Ədəbiyyatının görkəmli simalarından biri, "mollanəsirəddinçilərin" rəhbəri Cəlil Məmmədquluzadə DİN və cəmi dindarlara (məxsusən də müsəlman dininin ardıcıllarına) liberal mövqedə durub, "Sabir bu təxəllüs altında bizim şairimiz deyil",-fikrini ifadə etsə də, dərhal bunun ardınca, onun necə yüksək iman və etiqad əhli olduğunu da etiraf etməyə məçbur olmuşdur: "Sabir eyni səbr və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın çövr və cəfasına," insanların günah və məsiyyətinə mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir".

Əfsuslar olsun ki, dahi filosof və mütəfəkkir M.F. Axundov kimi, C. Məmmədquluzadə də müsəlmanların zülmü- cəhalət içərisində boğulmasının əsas səbəblərini bilavasitə İslam dininin, o cümlədən, bu dinin müqəddəs kitabı olan Qurani-Kərimin ziddiyyətlərində axtarırdı. Əslində elə dünən də (Islamin Zərdüşt dininə bağlı Iran məmləkətinə daxil olduğu vaxtlardan), bu gün də kifayət qədər azadfikirli insanlar (məxsusən də ateist baxışlı kəslər) son 1400 ildə müsəlman aləmində baş verən cəmi bəla və müsibətlərin səbəbini Islam dininin qüsurlarında axtarmağa cəhd etmişlər. Halbuki, digər DINlər kimi, Islam DINi də Yaradanın təbliğ etdiyi elə bir ideoloji sistemdir ki, orada məcburiyyət yoxdur (bax: Bəqərə:256) və haqqı batildən ayırd etmək üçün insana şüur- düşünmək (!) azadlığı verilmişdir. Əlbəttə, bu da bir həqiqətdir ki, DIN-ta qədim dövrlərdən bu günəcən dünya malına uymuş hakim dairələrin və onların əlaltıları olan riyakar din xadimlərinin əllərində bir siyasi alətə çevrilmişdir, fəqət, hər dövrün kifayət qədər təqvalı əhli-iman sahibləri və (müvafiq) məktəbləri də mövcud olmuşdur. Təəsüf ki, M.Ə.Sabirin əziz dostu C.Məmmədquluzdə cəmi dindarları "ölülər", az-çox azadfikirli insanları isə "kefli Isgəndər" obrazı ilə müqayisələndirmişdir. Halbuki, din xadimləri, zahidlər, qəflətdə boğulan siravi müsəlmanlar M.Ə. Sabirin də satirik əsərlərinin hədəfi olsalarda, fəqət dövrünün nüfuzlu, təqvalı üləmalarına da yüksək qiymət verilmişdir. Məsələn, şairin Bakı quberniyasının o vaxtki qazisi, görkəmli din xadimi Hacı Məcid Əfəndizadənin vəfatı (1908) münasibətilə yazdığı şer, qəsidə və məqalələri bu gün də şövqlə oxunulur və o rəhmətlik Ustadının ruhuna min rəhmətlik söylənilir: O vaxtki mətbuatın rəsmən bildirdiyi kimi, "Qazinin matəm mərasimində: M.Ə. Sabirin

Ey müsibətzadə dindaşlarım, etdikcə nəzər,

Görürəm mən sizi bir başqa müsibətdə bu gün!"

beyti ilə başlanan qəsidəsini bütün məclis əhli beyt-beyt oxuyarıq göz yaşlarını axıtmışlar..."

M.Ə. Sabir ustadının ruhuna ərməğan etdiyi digər bir qəsidəsində isə belə deyir:

Çünki vücudi-alim bir neməti Xudadır,

Nemət ki, getdi əldən, qan ağlamaq rəvadır!

...

Ismin Məcid olurkən məcdin də bərməladır,

Sabir müsibətində dildadeyi-bəladır!

Təəssüf ki, (məci-san)- C. Məmmədquluzadə dostu M.Ə.Sabirin "Sabir" təxəllüsünü yuxarıda qeyd edildiyi kimi, tamamən dürüst şərh etsə də, fəqət ustadının vəsfinə bu qədər yüksək diqqətini və dindarlığını heç cürə qəbul etmək istəmir: O, "Molla Nəsrəddin" jurnalında nəşr etdirdiyi "Təəssüf" adlı felyetonunda rəhmətlik üləmanın ünvanına kinayəli iradlar bildirməkdən də çəkinmir.

M.Ə.Sabirin vəfatından sonra da C. Məmmədquluzadə dostunun dindarlığını "gülxarlığa sarmaşıq" kimi qiymətləndirir: " ... mən həməvəqt "Sabir" ləfzini bir yanda görəndə və eşidəndə belə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur və qızıl gül tikansız bitmir. Və bəlkə də həmin dünya qanununu təsirindəndir ki, "Hop-hop" kimi ən qiymətli sarmaşıqlar ı da gəlib qarışaydı gərək".

Xeyli təəssüf ki, C. Məmmədquluzadə M.Ə. Sabirin dindarlığını onun gülxarlığına bir sarmaşıq yox, əksinə o gülxarlığa bir "Həqqi-nuri-təcəlla" (Xudanın görünən nur) olduğunu anlaya bilməmişdi, halbuki, elə (özünün) yuxarıda qeyd olunan ilkin sitatından bu anlaşılırdı...

Məhz M.Ə. Sabirin ədəbi yaradıcılığının gülxarlığı-onun ixlasla cənabi-Haqqa bağlı olmasından ibarət olub, SƏBRİ də o Iman nurundan qaynaqlanmışdır:

Cənabi-HƏQ o bəhri -bigirani -mərhəmətdir kim,

Ona mülhəq olan insan şərəfyabi-səadətdir!

(sonsuz mərhəmət dəryası olan Allaha sığınan insan əbədi səadət şərəfini tapmışdır; H.M)

Cənabi Həqqə sığınan hər bir kəs isə onun nemətlərinə (Sabir kimi) daima şükr edər:

 

Tərk edər kim ki, şükri-neməti-nas,

Etməyir vaqlən Xudayə sepas ...

...

Neməti-nasə şükr edən əlhəq,

Həzrəti Həqqə şükr edib mütləq...

(nas-insan; sepas-təşəkkür; H.M.)

 

II. M.Ə. Sabirin zülmü-cəhalətə səbri

 

Tərpənmə, amandır, bala qəflətdən ayılma!

Açma gözünü, xabi-cəhalətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

 

Bu yaxınlarda bir sıra KIV-də dərc edilən "Zülmə səbr?!" adlı yazımızda "... Allah səbr edənləri sevər" (3: Imran: 146); "... bizi HAQQa gedən yola yönəltdiyi halda, Allaha necə təvəkkül etməyə bilərik?! Bizə verdiyiniz əziyyətlərə səbr edərik..." (14: Ibrahim:12); "Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə bir canlı belə qalmazdı..." (16: Nahl:61) və digər Quran ayələrinə istinad edərək bildirmişdik ki, "SƏBR-zülmi-cəhaləti yarmaqdan ötrü əhli-iman sahibinin əlində qılınc və qalxandan ibarət ən güclü silahdır". Məhz M.Ə. Sabirin iman nurundan qaynaqlanan səbri-həm də qəflət yuxusuna uymuş qafil və cahil insanların zülmü- cəhalətdən qurtulması naminə gərəkli olan silahı idi.

Bəşər yarandığı gündən bu günəcən nəfsinə ən böyük zülmü edənlər məhz qafil insanlar olmuşdur. Cəmiyyətin sağlam-tərəqqisinin, azad və xoşbəxt gələcəyinin qarşısını alan kötüklər də məhz qafillərdir.

M.Ə.Sabir demişkən,

Qafil yaşamaqdansa gözəl kardır ölmək,

Hərçənd ki, qəflətdə dəxi ardır ölmək;

Zənciri cəhalətdə bu alçaq yaşayışdan,

Cahil, sənə dar üzrə səzəvardır ölmək!

(kar-iş; dar-yer; səzəvar-layiq)

Allah-təala "qafilin" kimliyini Qurani-Kərimin bir ayəsində (7:ARAF:179) belə şərh edir: "And olsun ki, cininsdən çoxunu cəhənnəm üçün yaradıb, çoxaltdıq! Ki onların qəlbləri var, (amma, həqiqəti) anlamazlar; gözləri var, (amma, gördüklərini) dəyərləndirməzlər; qulaqları var, (amma, eşitdiklərini) qavramazlar!... Onlar heyvan kimidirlər; bəlkə daha da azğın! Qafil olanlar da məhz onlardır!"

Ta qədim zamanlardan bu günəcən, təqvali əhli-iman sahiblərinin qarşısında duran ən böyük maneə və çətinlik də məhz qafillərlə təmas və mübarizə olmuşdur. M.Ə. Sabirin qafillərə kinayə ilə ünvanlaşdığı "səbr elə" tipli satirik şerləri onların cəhalət içərisində boğulan halına (zülmü cəhalətə!) neçə böyük ürək ağrısı ilə SƏBR(!) etdiyini ifadə edirdi:

Etsə də aləm hamısı zəlzələ,

Aləmi gər tutsa da yüz vəlvələ,

Get yuxuya, durma, a qardaş hələ!

Qovzama başın, cocuğum, səbr elə!

 

Qonşuların cəhd eləsə sənətə,

Yetsə də qeyriləri hürriyətə,

Vermə qulaq söhbəti-milliyətə,

Onlar əbəsdir ki, düşür möhnətə,

Ey adı insan, özü kərtənkələ!

Qovzama başın, cocuğum, səbr elə!

M.Ə. Sabirin -"Daş qəlbli insanları neylərdin, Ilahi?!" adlı şerində ortaya qoyulan "suallar", əslində çox-çox üləmaların-"görən, cənabi Həqq nədən cininslərin çoxunu cəhənnəm üçün yaradıb çoxaltdı?!", kimi hikmətlərini anlamaq naminə apardıqları saysız-hesabsız fikir və mülahizələrə bağlı idi: Məhz böyük üləmalar kimi, M.Ə. Sabir də

Daş qəlbli insanları neylərdin, Ilahi?!

Bizdə bu soyuq qanları neylərdin Ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,

Hər zülmə dözən canları neylərdin, ilahi?!

...

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, -

Dildadeyi-insanları neylərdin, Ilahi?!"

(mütəhəmmil=dözümlü, səbirli; dildadeyi-irfan=elm, mərifət aşiqləri)

kimi beytlərini aşağıdakı sətirləri ilə bitirməli olur:

Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya Rəbb!

Baxdıqca bu hikmətlərə heyran oluram, həp!...

Təbii ki, M.Ə.Sabirin "zülmə-səbri?!" ilə "qəflətdə uyanların zülmə səbri" tamamən əks qütblərdən, - birincisi, - Ilahi təklifdən, digəri isə Iblisin hiyləgər siyasətindən qaynaqlanırdı.

Şair "Harda müsəlman görürəm, qorxuram", "Kim nə deyər bizdə olan qeyrətə?!, "Millət şərgisi", "Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə", "Millətinin halı pərişan da" və i.a. tipli şerlərində də millətinin cəhalət içərisində boğulan azğın halına- "Binəva Sabirlərin ancaq işi fəryad olur?! deyib, fəryad qopardırsa da, digər tərəfdən, bir sıra şerlərində və hekayələrində millətinin hər hansı formada tərəqqi və oyanışı naminə göstərdiyi səyə də yüksək qiyməti verməyi bacarırdı. Başqa sözlə desək, M.Ə. Sabir həm də optimist şair idi. Məsələn, 1908-də cənubi Azərbaycanda sahin istibdad (zülmkar) rejimində qarşı üsyanda Səttarxan hərəkatından xeyli şövqlənərək, bu qəhrəmanlığı cəmi insaniyyətə və islamə biz nümunəvi xidmət sayır. Daha da irəli getsək, M.Ə. Sabir I. Nəsimi kimi iman-Hüseynin mücahid məktəbinin yetişdirməsi olub, cismən və ruhən "Hüseynə peyrəv" (Hüseyn ardıcılı) olmağı həm özünə,həm də cəmi azadlıq və haqqsevərlərə bir nümunə və fəxarət sayır:

Sabir! Hüseynə peyrəv olmaq gərək və illa,

Mən müslüməm deməklə, yetməz sübuta dəva,

Bax, gör, nə şövqlə baş verdi əzizi-Zəhra,

Olsa, nolur bu yolda həm iştiyaqi-milləti!...

(iştiyaq-şövq., H.M.)

Beləliklə, M.Ə. Sabir bir tərəfdən zülmü-cəhalətə qarşı SƏBRlə mübarizə aparırsa da, digər tərəfdən millətini elm-mərifət sahibi olmağa, haqqqını tanımağa və hətta lazım gələrsə, bu yolda Imam Hüseynin (r.a) mübarizə məktəbindən ibrət götürməyə çağırır...

Məhz bu səbəblərdəndir ki, "şəhriyari-hürriyət" aşiqi olan şairin mübarizə yolu qafil kötüklərlə dolu olmuşdur... Maraqlıdır ki, bu kötüklərin çoxu şairin doğulduğu, boya-başa çatdığı, ruhi və cismi ilə "gözəl dağlarının, gözəl çəmənlərinin, gözəl sularının..."(öz ifadəsidir, H.M.) vurğunu olduğu öz doğma yurdunda - Şamaxıda ortaya çıxmışdı... Bəlkə də bu, ilahi bir sirrə bağlıdır ki, hələm ta qədim zamanlardan, böyük (!) şəxsiyyətlərin əksəriyyəti doğulub boya-başa çatdıqları yurdunda (kəndində, rayonunda, ya ölkəsində) həmişə böyük təqib və təzyiqlərə məruz qaldıqlarından, elə öz yaxın qohum-əqrəbaları ya yurd əhli tərəfindən müvafiq mənəvi dəstəyə malik ola bilmədiklərindən, vətənini tərk etməyə məcbur olmuşlar... Bununla belə məskunlaşdıqları digər yurdlarda kifayət qədər dəstək və şöhrət qazansalar da, fəqət, yenə də bir gün vurğun olduqları ilkin ocaqlarına qayıtmalarını və son nəfəslərini orada yaşamağı arzulamışlar... Və təəssüf ki, o yurdun əhli də öz qəhrəmanının dəyərini yalnız onun ölümündən sonra dərk etməyə başlamışdır... Dahi M.Ə.Sabir də o acı həyatı yaşadı...

Şairin "Meydana çıkıyor..." adlı hekayəsinin baş qəhrəmanı Mahmudun elə özünün olduğuna da şəkk yoxdur: "... zülmət içində nur şəbpərətəbani-bəşəriyyət (yarasa xislətli insanlar) üçün ən biinsaf düşməndir. Mahmud da öylə oldu... öz əviddası, öz əqrəbası, öz ailəsi onun xəsmi-cani (canının düşməni., H.M) oldular... O da öz ciyərparələrini bu uğurda, -elm, hürriyət, insaniyyət, mədəniyyət uğrunda fəda etdi-Iğtirab etdi...

...Mahmud zatən bəşəriyyətin ridai-din (din pərdəsi, H.M.) arxasında aciz, səfil, bi idrak məxluqları hiylə və riya ilə iğfal edən (azdıran, H.M.) abai-istibdadin (zülm atalarının., H.M.) təlin (lənət., H.M.)edərək çəkilmişdi.

Əlbət

"Zalimlərə bir gün dedirər qüdrəti-movla:

Tallahi ləqəd asərəkəllahi əleyna"

(yəni: bir gün Allah zalımlara öz gücünü göstərər., H.M.)

Burada zalim-heç də yalnız insanlara zülm edən o " rəhbərlər" yox, həm də öz nəfslərinə zülm edən cahil insanlardır. Yuxarıda qeyd etdiyimiz ayətə (Nahl:61) istinadən, əgər Allah saysız-hesabsız günahlarımıza və nəfslərimizə etdiyimiz zülmə SƏBR etməsəydi, yer üzündə bir canlı belə qalmazdı. Əslində bu ayə Allahın mübarək isimlərindən biri olan SABİRin tərifidir ki, təqvalı əhli-iman sahiblərinə də o addan bir pay verilmişdir. Bu mübarək payın mübarək sahibi olan M.Ə.Sabirdə Xudavəndi-aləmin bu mübarək isminə şükr edərək, bir gün onun qəhrinin zülmü-aləmi neçə bərbad edəcəyinə də əmindir:

 

 

Bilməm nə zaman qəhrin edər aləmi bərbad?!

SƏBR etdiyin avanlarına şükr Xudaya!

(avan-an)

 

 

III. M.Ə.Sabirin məmata (ölümə) səbri

 

Istərəm ölməyi mən, leyk, qaçır məndən əcəl,

Gör, nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm...

 

Məqaləmizin ilk sətirlərində bildirdiyimiz kimi, ömrünün son ağır xəstə məqamlarında belə, şairimiz əli qələm tutanacən ruhi-həvəsdən düşməyərək səbrlə yazdı və yazdı... Əlbəttə ki, o, əsərlərinin yığcam bir kitab formasında nəşrini arzulayırdı, fəqət amansız əcəli buna imkan vermədi. Şair Tiflisdə yaşayan sevimli dostu Cəlil Məmmədquluzadənin evində qalıb, tanınmış həkimlərdən müalicə aldığı son iyun ayında digər əziz dostu və məsləkdaşı Abbas Səhhətə ünvanlandığı axırıncı məktublarını bu gün də həyacansız oxumaq olmur:

"... Axır nəfəslərim olduğunu dərk edib də, bu məktubu sənə əhvalımı xəbər verərəm. Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam. Məndən Mahmudbəyə salam et. Mehdubəy Hacınski cənablarına ayrı məktub yazmaq fikrindəyəm. Lakin əlim daha qələm tutmayır. Əhli-əyalimi Sizə, Sizi də Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm, çünki bilirəm siz mənim əsərimi təb (dərc.,H.M.) etdirərsininz.

Baqi vəssalam. Qardaşın Ə. Sabir 27 iyun 1911"

M.Ə.Sabir yuxarıda (əvvəlki bölmədə) qeyd etdiyimiz kimi, ömrünün son anlarını doğulub boya-başa çatdığı, hər qarış torpağına-daşına, suyuna vurğun olduğu Şamaxıda-qədim Şirvan yurdunda başa vurarkən, A. Səhhətə ünvanlandığı son kəlmələri belə idi: "... Dünyadən, həyatımdan bizarəm. Bəzadər, yəqin et ki,şər ən (şəriətə., H.M.) məsul olmasaydım, özümü məsmum edərdim(zəhərləndirib öldürərdim). Lakin nə etməli, tərbiyeyi-ibtidaiyyənin təsirindənmi, dindarlıqdanmıdır ki, bunu vicdanən razı olamiyoram. Nə qədər cismən narahət...".

Şair yuxarıdakı beytlə ifadə etdiyi kimi, "əcəlindən naz çəkidiyi" son məqamında belə, Tiflisdə müalicə olarkən onun üçün xeyli zəhmət çəkmiş Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanıma hədsiz diqqət və minnətdarlığını bildirməyi də unutmur:

Əgər əcəl əlimdə əyilməsəydi qəddim,

Həmidənin zəhmətin çiynimdə mən çəkərdim...

M.Ə.Sabirin son şerlərindən olan 24 sətirlik "Ruhum" iman-nurunun yüksək mərtəbələrini yaşayan təqva sahiblərinə məxsus fikirlərin ifadəsi olub, heç də hər kəsin dərk eə biləcəyi həddə deyildi:

Ruhum, ey şahbazi-ülviyyət,

Himmətim, tək fəzadə pərvaz et!

Uç! Uç! Ovçi-səmadə pərvaz et!

Təng nayi-bədəndə var xiffət.

Hara getsən səninlə mən də varam,

Su bədəndə fəqət əsiriz, zar,

Ölməyimlə sevinməsin əğvar,-

Aləm olduqca mən dəxi duraram.

(övci-səma=göyün ənginlikləri ; təngnayı- darısqal)

O vaxtlar bu şeiri jurnalında dərc etdirən redaksiya ona belə bir söz ardı yazmışdı: "Sabir, böyüklüyün ən böyük sifəti səbrdir. Iştə, sən də bu sifətlə mövsüm (adına layiq., H.M.) və mövsüfsan (tərifə layiqsən., H.M.). Əzizim, səni incidənlərə həmpa olmamaq üçün sabir ol, sən ölmə! Sən ölürsən, ölümünlə sevinəcək qədər binəsib insaniyyət təsəvvür edəməm. A Sabir!... Sana da əğyar olacaq qədər tədənniyi-əxlaqiyəmi (dözümsüzlüyə, zəifliyə; H.M.) düşdün?".

Əlbəttə ki, səmimi qəlbdən deyilən bu ürək sözləri son anlarını yaşayan şairimizə böyük bir təsəlli idi, fəqət, yuxarıda qeyd etdiyimiz kimi, o dahi filosofun yüksək iman nurunu dəyərləndirəcək vəsf də deyildi...

Məhz şairimizin o iman nuru A.Səhhətin ifadəsiylə desək, "axır nəfəsində" farsca yazdığı bu son Hafiz sayağı rübaidə təmamən bəyan olur:

Rahəm bedəhid, ru berah amədəm,

Bər dəzgəhi həzzəte Ilah amedəm,

Bi töhfe nəyamədəm, nə dəstəm xalist,

Ba dəste-e pür əz bemə qonah amədəm.

(tərcüməsi)

Tapıb idrakımla yolu, gəlmişəm,

Rəbbin dərgahının qulu, gəlmişəm,

Töhfəsiz gəlmədim, əlim boş deyil, -

Əllərim günahla dolu gəlmişəm...

 

1911-ci ilin son iyul günlərində dahi M.Ə. Sabirin 49 il cismində yaşayan mübarək ruhu Sahibinin-cənabi Haqqın mübarək dərgahına uçdu... Allah onun o "əllər dolu günahlarını" əhf edib, mübarək ruhunu cənnəti-məkanda sakin etsin, inşallah! Ya Rəbb! Bizim də günahlarımızı əhf et və bir gün o rəhmətliklə birgə, cəmi əhli-iman sahiblərinə vəd etdiyin öz nuri-təcəllanı yaxından görmək səadətini qismət et! Amin!

 

 

 

IV. M.Ə. Sabir vəfatından sonra və bu gün

 

Mən gedərsəm, var olsun amalım!

Yaşasın şəhriyari - hürriyyət!

Yaşasın şəhriyari - hürriyyət!

Mən gedərsəm, var olsun amalım!

 

Dahi M.Ə. Sabirin bu vaxtsız vəfatı cəmi dostlarını və cəmi sabirsevərləri mütəəsir etdi. Əslində heç əğyarları da sevinmədi, əksinə, digəriylə birgə şairi layiqincə son mənzilinə yola saldılar...

1912-ci ilin dekabrında düz 100 il öncə, şairin vəfatından 1 il 6 ay sonra, arzuladığı kitab - (104 səh-k, 2000 tirajla) "Hop-hopnamə" işıq üzünü gördü. Kitabın nəşrində maddi və mənəvi dəstək göstərənlər sırasında məxsusi olaraq Abbas Səhhətin, Mehdibəy Hacınskinin, Mahmudbəy Mahmudovun, Cəlil Məmmədquluzadənin, Əbdürrəhimbəy Haqverdiyevin, Firudin bəy Köçərlinin, Əliqulu Qəmküsarın, Seyid Hüseynin, iki mübarək xanımın - Sara xanım Vəzirzadənin (Nəcəfbəy Vəzirovun qızı) və Həmidə xanımın (C.Məmmədquluzadənin xanımı) adlarını çəkmək vacibdir. Allah onların hamısını rəhmət, ruhunu şad etsin, inşallah!

M.Ə.Sabirin bu kitabına "Hop-hopnamə" adının seçilməsi də təsadüfi olmayıb, bilavasitə onu ərzəyə gətirən ( və orada giriş və şərhlərin müəllifi olan) Abbas Səhhət tərəfindən şairin "Molla Nəsrəddin" jurnalında işlətdiyi, ilk gizli "Hop-hop" imzasına müvafiq olaraq həyata keçirilmişdi. Sonralar M.Ə.Sabirin əsərləri və tam külliyatı dəfələrlə nəşr edilsə də, ondan bir xatirə olaraq "Hop-hopnamə" adı bu günəcən qorunub saxlanıldı. Ilkin nəşr şairin yazdıqlarının heç ¼-ni belə əhatə etməsə də çox qısa bir zamanda dövrünün cəmi sabirsevərlərinin mizüstü kitabına çevrildi...

Son 100 ildə yüzlərlə "sabirşünaslar" - elmlər namizədi, doktorlar, professorlar və hətta akademiklər yetişsə də; M.Ə. Sabirə həsr edilmiş yüzlərlə məqalə və kitablar yazılsa da; yüzlərlə "sabirsayağı" şairlər, yazarlar ədəbiyyat aləmində hünər göstərsələr də; fəqət, SABİR kimi azadfikirli mücahid yazar və əhli-iman sahibi yetişə bilmədi və güman ki, bundan sonrakı 100-illiklərdə də yetişə bilməyəcəkdir... Səbəbi də aydındır: yazımızın girişində şairdən sitat gətirdiyimiz -

Sabirəm, səbr şiarımdı, qənaət tacım,

Nəfsimə padşahəm, sahibi fərmanəm mən...

(şiar-nişan, fərqləndirici cəhət)

bu iki misralıq beytinə və saysız-hesabsız digər hikmət dolu sətirlərinə istinadən deyə bilərik ki, SABİR-cənabi-Haqqın nemətlərinə daima şükr edib, qənaətlə yaşayan; nəfsinə zülm etməyən (ona sahib çıxan); zülmi-cəhaləti iman nurundan qaynaqlanan SƏBRİ ilə yazmağı bacaran; məqsəd və niyyətlərində saf və xeyirxah olan; ədalətli və vicdanlı şəxsiyyət idi. Bu kimi yüksək əxlaq keyfiyyətlərinə cüzi də olsa malik olmadan, M.Ə.Sabir dühasını dərk etmək və real-ixlaslı sabirşünas kimi yetişmək, əslində qeyri-mümkündür...

Bu gün şairimizin vəfatından düz 100 il ötür: görəsən, cəhalət yuxusundan ayılıb elm-mərifət sahibi olub, onun arzuladığı azad, xoşbəxt, hüquqi bir cəmiyyəti bərqərar elə bildikmi? Axı, yuxarıda qeyd etdiyimiz kimi, Sabirin dövründə millətin "oxumuş ziyalıları" barmaqla sayılırdısa və 1-2 alimi belə ortaya çıxmayıbdısa, amma bu gün onların sayı 100 minlərlədir, fəqər Sabir demişkən, "çe sud?!"(nə xeyri?!), - "əvvəl nə idiksə, yenə biz şimdi hamanız...";

"Dindirir əsr bizi dinməyiriz,

Atılan toplara diksinməyiriz...";

və ya:

Avropalı öz millətin ihya edir, etsin,

Şəmü şərəfi-qövmünü ila edir, etsin,

İnsanlıq adın dəhrdə ibqa edir, etsin,

Qəflətdə yatıb, ad batırıb, nam alarız biz,

Başə yumuruq zolladırız, kam alırız biz!

(ibqa-əbədiləşdirmə; ihya-diriltmə; ila-ucaltma);

və ya

Şimdi hər millət edir nəfsini irfanə fəda,

Vətən övladı üçün elmə, dəbistanə fəda,

Qara məxluq deyil, bizdəki ariflər də

Vətən övladın edir nəf i-cibişdanə fəda!

(nəf i-cibişdanə=cibini doldurma)

Şairin bu kimi sətirləri elə bu günün də reallıqlarını tamamən əks etmirmi?

Axı, təkrarən ərz edək ki, 100 il öncədən fərqli olaraq, əgər bu gün göyə kiçik bir daş atsaq, bir alim-professorun, akademikin, həkimin, müəllimin, mühəndisin, deputatın və i.a. başına düşər?! Bəs nədən dəyişmədik?!

Cavabını elə bu son iki dü-beyt də mükəmməl açır: digər tərəqqipərvər millətlərdən, o cümlədən, Avropalılardan fərqli olaraq, cəmi vətən övladlarının səadətli gələcəyi naminə nəfsimizi irfanə (elm-mərifətə) fəda edə bilmədik, yəni aldığımız elm və təhsil, təlim və tərbiyə ümumxalq və ümumbəşəri tərəqqisinə yox, "nəfi-cibişdanə"(cibini doldurma), başqa sözlə desək, şəxsi mənafeələrimizə fəda edildi. Və II bölmədə xatırlanan "Meydana çıkıyor" hekayəsində ərz olunduğu kimi, axırda da bu qafil millətin "taleyinə bir pis ləkə salan əfalı-müləvvəsə (pis əməl sahibi, H.M)"meydana çıkıyor"...

Dahi şairimizin vəfatından ötən bu 100 ilə kiçik bir səyahət etsək, Allaha min-min şükr edərik ki, M.Ə.Sabir millətinin qarşıdakı daha dəhşətli faciəli günlərinin şahidi olmadı, - sonralar, elə öz dövrünün dost və məsləkdaşlarının və digər düşünən beyinlərin başlarına gətirilən min-bir müsibətdən qurtuldu. Nə yaxşı ki, O, bu günümüzdə doğulub yaşamadı: yoxsa, "hop-hop", "gop-gop", "başıqapazlı", "bedərd", "bıqəm",... kimi lap min digər gizli imza ilə belə yazsaydı da, fəqət yenə də bizim o məlum gizli xəfiyyələr onu ortaya çıxardar, bəzi digər tapılmayan (axtarışda olan) təxəllüsləri də ünvanına əlavə edər; ciblərinə narkotik soxar; şerlərinin demək olar ki, hamısında kifayət qədər fars kəlmə və ifadələrinin işlətdiyini bəhanə gətirərək, "Iran-fars şovinizminə casusluq xidmətində suçlayaraq, bəlkə də, ömürlük həbs cəzasına məhkum edərdilər... Qəzet- jurnallarda bu barədə 1-2 kəlmə yazıb, sonra da onu unudardılar... Dostları, məsləkdaşları da hərə bir tərəfə qaçıb gizlənərdi.... Onun çörəyi ilə "sabirşünas" alim-professor-akademik olanlar isə "elmi əsərlərini"(ən yaxşı uzaq qohum-əqrəbalarının evində gizlədər və bir "qələt etdiklərini" etiraf edərdilər... Milli Məclisdə oturan "müləvvəs" yazar kolleqaları isə- "çaşmasaydı, bəs bizim cibimizə niyə narkotik atmırlar?!".. deyib, həyasızcasına hırıldayırdılar... Nə yaxşı ki, O, bu günümüzü görmədi: Yoxsa nə dahi M.Ə.Sabirimiz olardı, nə də ki, bizim də o mizüstü (lap məskunlaşdığımız zindanda belə) kitabımız olan "Hop-hopnamə"...

Amma ... Amma, (II bölmədə) qeyd etdiyimiz kimi, M.Ə.Sabir heç də pessimist mütəfəkkir deyildi, onun 100 il öncə millətinə çağırışı bu gün də cəmi dünyada, o cümlədən, keçmiş postsovet məkanında, Avropada və müsəlman şərqində istibdad rejimlərinə qarşı milli-inqilabi və tərəqqipərvər oyanışların baş verdiyi məqamda da xeyli aktualdır:

 

Getdi əldən millətin, fikrin nədir əmsal üçün?!

Şimdi fürsət var ikən, bir iş gör istiqbal üçün!!!

 

Doğrusu, heç ağlımıza belə gəlməzdi ki, bir gün dahi şairimizin 150 illik yubileyinə həsr edəcəyimiz "Sabirin səbri" adlı məqaləmizi məhz zindanda inşa edəcəyik. Hərçənd ki, M.Ə. Sabirin arzuladığı azad, xoşbəxt, hüquqi və ədalətli cəmiyyətin bərqərar olması naminə aparılan mübarizə ta qədim zamanlardan böyük-böyük qurbanlar tələb edib... Istər "azadlıqda" (dünya zindanında) olarkən, istərsə də bugünki kiçik zindan həyatımızda yazıb-yaratdığımız onlarla məqalələrdə təkrar-təkrar ifadə etdiyimiz kimi, "Haqq və ədalət" naminə mübarizədə qəlbindəki zindan ya ölüm xofuna qalib gələ bilməyən bir kəs nə xalqını, nə də ki, ölkəsini xilas edə bilməz! Başqa sözlə desək, nəfsindəki zülməti boğmadan, cəmiyyətdəki zülməti yarmaq olmaz!

Bu gün bu sətirlərin müəllifi kimi, bir ixlaslı SABİR sevər kimi, biz də qətiyyətlə əminik ki,

Zalimlərə bir gün dedirər qüdrəti-movla:

Tallahi ləqəd asərəkəllahü əleyna!

(zalimlərə Allah da bir gün öz gücünü göstərər) və dahi şairimizin

Mən gedərsəm, var olsun amalım!

Yaşasın şəhriyari-hürriyyət!

arzusu yerdə qalmayacaq və lap yaxın günlərdə o şəhriyari-hürriyyət millətimizin və ölkəmizin başında bərqərar olacaqdır, inşallah! Bir daha Allaha dua edirik ki, bu kiçik yazımızı şairimizin mübarək ruhuna bir ərməğan kimi qəbul edərək, onu şad etsin, inşallah!

 

P.S. Məqalədə qeyd olunan şer və şərhlər M.Ə.Sabirin 2004-də nəşr edilən 2 cildlik "Hop-hopnamə"sindən götürülmüşdür. 30 dekabr 2012-5 yanvar 2013 Kürdəxanı həbsxanası.

 

Hilal Məmmədov (vicdan məhbusu)

 

 

 

 

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti