Açiq mənbələrdən foto.
Ayaz Mütəllibov
("Qarabağ - Qara Bağ" kitabından)
1992-ci ilin yanvar-fevral aylarında mənim səylərim sayəsində SSRİ Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi ilə danışıqlardan sonra keçmiş 4-cü Ordunun əmlakını və Xəzər Dəniz Donanmasının hərbi gəmilərinin bir hissəsini respublika silahlı qüvvələrinə təhvil vermək barədə qərar qəbul edildi.
Xalq Cəbhəsi bunun əleyhinə çıxır, Azərbaycanın Rusiyadan hər hansı, hətta Azərbaycana real kömək olacaq şərti asılılığını, yardımını istisna etməyi tələb edirdi.
Mən artıq bu barədə demişəm ki, 14 fevral 1992-ci ildə dövlət başçılarının Minskdə keçirilən növbəti iclasında Azərbaycan ordusunun MDB Ali Komandanlığı sisteminə daxil olması barədə sazişi imzalamamışam.
Bu iclasdan əvvəl MDB Ali Komandanlığına daxil olmağımız məsələsi respublika Ali Şovetinin müzakirəsinə verildi. Bu, mənim təşəbbüsüm idi və mən müvafiq razılıq verməyi təklif etdim.
Azərbaycanın Moskvanın təklifi ilə razılaşması, sonradan onun Qarabağ tənzimlənməsində potensial rolundan istifadə etmək imkanı idi, rədd edilməsi, əksinə, bizim üçün əlavə çətinliklər yaratdı.
Bu sənədin Moskva üçün əhəmiyyəti o qədər böyük idi ki, Rusiya Federasiyasının rəhbərliyi, əgər bununla razılaşsaq, Stepanakertdə yerləşən 366-cı motoatıcı alayı ləğv etmək öhdəliyi götürmüşdü.
Yadımdadır, bu məsələ Respublika Ali Şovetində müzakirə edildiyi vaxt B.N. Yeltsin mənə zəng etdi. Onunla telefonda danışdıqdan sonra mən bu söhbət barədə deputatlara məlumat verdim.
Dedim ki, Rusiya Prezidenti 366-cı alayın ləğv edilməsini deputatlara vəd edir və respublika Ali Sovetindən Ali Komandanlıq haqqında sazişin imzalanması ilə bağlı müsbət qərar verilməsini xahiş edir.
Təəssüf ki, nə Yeltsinin müraciəti, nə də mənim istəyim deputatlara təsir etmədi, onlar buna razılıq vermədilər.
Ermənistan bu müqaviləni imzaladı və Moskvanın dəstəyini aldı.
Mütəllibovun dediklərinə əlavə edək ki, 4-cü ordunun hərbi texnikasının Azərbaycana təhvil verilməsi barədə razılıq SSRİ-nin sonuncu müdafiə naziri Yevgeni Şapoşnikovun günahından baş tutmadı. O, MDB qoşunlarının vahid komandanlığının olmasında israr edirdi.
366-cı alay
Bu bölmənin Xocalı faciəsində dəhşətli rolu hər kəsə məlumdur. Hadisələrdən sonrakı ilk günlərdə Rusiya mətbuatında bu barədə çox şeylər söylənilib və yazılıb. Budur, həmin nəşrlərdən yalnız ikisi.
“Birinci batalyonun komandiri bir dəfə artilerya divizionunun komandiri ilə razılığa gəlib: döyüş növbəsinə necə çıxacaqlar, texnikanı çıxarmağa başlayacaqlar və məsuliyyəti üzərlərinə götürərək Qarabağdan çıxacaqlar. Alay komandiri bunu bilib və onları növbətçilikdən çıxarıb. Əsgərlər isə yenə də qaçırdı. Hər gün üç-beş nəfər. Hərçənd bu, çox təhlükəli idi. Bizim yadımızda qalanı iki nəfər qaçmışdı. Bir neçə gündən sonra isə məlumat gəldi: Xocalı ilə Əsgəran arasında meyit var – gəlin götürün. Məlum oldu ki, bu, artilleriya divizionundan olan Aleksandr Qoroxovdur, onun ikinci yoldaşı tapılmadı.
On bir nəfər dərhal qaçdı. Yol boyu ağ bayraqla getdilər. Mardakert rayonunda onlara atəş açıldı. Yalnız altı nəfər Ağdama sağ-salamat çatdı. Ermənilər daha iki “qaçqını” tutub 800 litr dizel yanacağına dəyişdilər.
Oktyabr ayından gecə saatlarında alayı döyüş tapşırığı ilə tərk etməyə başladılar. Ancaq bunlar yalnız zabitlər və etibarlı köhnə hərbi qulluqçular, əsasən sürücü mexanikləri, bəzən nişançılar idi. Piyada döyüş maşınlarında, tanklarda idilər, topları götürdülər. Səhər sərxoş qayıtdılar, bütün sursat atılmışdı. Əsgərlər əvvəlcə yaraqlılarla birlikdə içki içdiklərini, daha sonra onların göstərişi ilə Azərbaycan kəndlərinə getdiklərini və atış açdıqalarını söylədilər. MDB ordusu belə bitərəflik göstərdi".
Vadim Belıx, “İzvestiya”, 14 mart 1992-ci il
Bu məqalə isə tərkibinə 366 alayın daxil olduğu 23-cü diviziyanın qəzetində dərc edilib. Lakin “qiyamçı” nömrənin bütün tirajı general-leytenant İ.Ohanyanın (Zaqafkazya hərbi dairəsinin komandanının müavini) əmri ilə məhv edilib. Möcüzə nəticəsində bir nüsxə salamat qalıb, bu da onun köçürülmüş üzüdür. Hərbi jurnalist Viktor Şevçenko “Sovetskiy voin” diviziya qəzetində “Çağırış-366” məqaləsində Gəncədən olan desantçıların Qarabağdakı polkdan texnika və şəxsi heyəti çıxartmasından yazır (ixtisarla).
“Kənd təsərrüfatı anbarlarının çardağının altında şanlı 366-cı motoatıcı alayı coşqulu şəkildə yeyib-içirdi. Möhkəm içkili olan əsgər və zabitlər tonqalın ətrafında uzanıb ucadan mahnı oxuyurdu. Sərxoş zabit arvadı itmiş bir paçka dollara görə göz yaşı axıdırdı. Onu sakitləşdirirdilər, axtarış üçün əsgərləri düzüb zəhmətlə qazanılmış malın qaytarılacağına inandırırdılar. “Biz burda elə əziyyətlər çəkmişik, heç yuxunuza da girməyib, - ağzının suyu axıdan leytenant desantçını inandırırdı. Nədi, bizə pulla, satqınçılıqla minnət qoyursunuz? Bircə il Stepanda yaşasaydınız, başqa cür oxuyardınız! Burda böyük siyasət gedir, yaxşısı ora burnunu soxmamaqdır”.
Mərkəzi qəzetlər nə dərəcədə pafosludur: “366-cı motoatıcı alay yaraqlıların güllələrindən və yalandan müdafiə olunaraq Stepanakertdən gedir”. Yalanı deyə bilmərəm, ancaq gülləyə yalnız desantçilar cavab verirdi. Bu alayın üçüncü batalyonunu ermənilər konyak şüşələri batareyaları, bol yeməklərlə, qardaş qucaqlaşmaları ilə yola salırdı. “Əzabkeşlərə” birbaşa minik avtomobillərinin kapotu üstündə süfrə açır, kabablıq ət, gecə ehtiyatları pay verirdilər. Nəyə görə? Bəlkə, bunun cavabı motoatıcıların “böyük torpağa” apardıqları pulla dolu əsgər çantalarında idi? Yaxud zabit arvadlarının dollar paçkaları ilə şişən geniş pul qablarında. 366-cı alayın komandirinin şəxsi heyətlə iş üzrə köməkçisi nahaq yerə ürəyini açıb demirdi ki: “Bilirəm, Vazianidə çoxdan bizim üçün həbsxana kameraları hazırdır...”.
Desantçılar qətiyyən bilmirdi ki, bütöv motoatıcı batalyon özünün silahını, yeni texnikasını, döyük ehtiyatını itdiyini “görməyə” bilər. Ardıcıl beş saat desant zirehin üstündə Stepanakert rəhbərliyi ilə “bəzi məsələləri” uyğunlaşdırmalı olan Ohanyanın rəhbərliyi altında bir qrup generalı gözləyirdi. Bu müddət ərzində ikinci batalyona 366-cı alayın komandiri Yuri Zarviqorov gəlib. Generallar geri dönəndə batalyonun sərəncamında bir dənə də olsun hərbi maşın, bir dənə də atıcı lülə yox idi.
Batalyon nədir?! Yüzlərlə desantçı, bütün silah və texnikanı yaraqlılara təhvil verən 366-cı alayın rüsvayçı hərəkəri barədə hər kəs qarşısında ifadə verməyə hazırdır. Bu hadisə desantçıların təmin etdiyi "mütəşəkkil çıxış” kimi təqdim edildi. Əslində, nizam-intizamsız və hərbi şərəf anlayışını tamamilə itirmiş parçalanmış birliyin çıxışından danışmaq olar. Alayın yüz əlli zirehli texnikasının üçdə birindən az hissəsi hava ilə təxliyə edildi. Səkkiz ultramodern tank, yüzə yaxın döyüş maşını, özüyeriyən zenit qurğusu, haubitsa və döyüş sursatı, kiçik çaplı silahların dörddə üçü alayın səyləri ilə humanizmdən uzaq insanların əlində qaldı.
Yarısərxoş polkdan silahın müsadirə edilməsi prosedurunu, motoatıcı komandirlərinin davranışını, onları təsdiq edən tapıntılarla birgə dəhşətli şübhələri təsvir etməyəcəm. Bu söhbətin çərçivəsindən kənarda jurnalistlərin açıb deyə bilmədiyi çoxlu sayda biabirçı faktlar var. Deyirlər, səlahiyyətli orqanlar onların üzərində işləyir, istintaq təyin edilib. Şəxsən mən hüquqşünasların uğuruna inanmıram, ancaq onlara uğur və siyasətçilərdən müdafiə olunmağı arzulayıram, sözsüz ki, bu onlara lazım olacaq.
DİN-dən əməliyyata rəhbərlik edənlərin qiymətləndirməsinə görə, əgər bizim qruplaşmaya operativ sərbəstlik verilsəydi, 366-cı polkun silahının və texnikasının əhəmiyyətli hissəsi xilas olunardı. Qruplaşmanın rəhbəri zabit Y.Naumov dəfələrlə dairənin generalitetinə neytral zonaya gizli marşın real variantlarını təklif edib. Hətta zirehli texnikanın çox hissəsinin itkisi aydın olanda qabaqcadan hesablanmış dağ marşrutu ilə bir batalyonun texnikasının getmək imkanı var idi. Həmin an üçün vəziyyətə görə yaraqlılar yolu bağlamağa yə da ciddi müqavimət göstərməyə imkan tapmırdı. Əhəmiyyətsiz sipərləri qruplaşma sadəcə məhv edərək maksimum altı saatdan sonra təhlükəsiz rayona çıxa bilərdi.
Bu çıxarılmanın bütün çətinliyi desantın payına düşüb. Martın üçünə keçən gecə baş leytenant İqor Yulpatovun paraşut-desant rotası altı saat yaraqlıların hücumunu dəf edib. Mehdişen qəsəbəsindən cənubda sərt hündürlük rotanın sevimlisi, paraşut-desant hissəsnin ən yaxşı kiçik komandiri, baş serjant Andrey Ruderin qanı ilə boyandı.
Hündürlüyü yetərincə təcrübəli, yaxşı öyrədilmiş və yeri əla tanıyan rəqib mühasirəyə almışdı. Hündürlüyün balaca meydançasında dairəvi müdafiə tutan desantçılar ona dadlı tikə kimi görünürdü. Yəgin, ona görə o, belə həyasızcasına hərəkət edirdi – qırx metr məsafəyə qədər yaxınlaşırdı, atəşi əminliklə açırdı. Yaraqlılara nadir hallarda işıqlandırıcı raketlərlə işıqlanan zülmət qaranlıq yardım edirdi. Onlar rotanı məngənəyə almaq istəyirdi, atəş nöqtələrini aşkar etməklə hər tərəfdən soxulurdu, müdafiəsini öyrənirdi. Tam mümkündür ki, onlara desantı son şantajla neytrallaşdırmaq üçün girov lazım idi. Bundan əlavə, hündürlük olduqca sərfəli, yayla üzərində hakim mövqeyə malik idi, ordan qruplaşmanın müdafiəsinin istənilən sahəsinə “əl çatırdı”.
Ancaq paraşut rotası silahsız sakinləri olan dinc kənd deyil. Qüvvətli cavab yaraqlıların hədsiz hərarətini uzun müddətə soyutdu. Qruplaşma təcili sürətdə 366-cı polkun texnikasının təxliyəsini başa çatdırırdı.
Ermənilər kütləvi qətllər barərə necə danışır
Erməni tərəfi ənənəvi olaraq kütləvi qətllər törətdiyini danır, lakin faktların təzyiqi altında onlar bəzən nəsə danışır, yaxud yarımçıq etiraflar edirlər.
Vitali Balasanyan (Əsgəran dəstəsinin komandiri)
2007-ci ildə “Regnum” agentliyinə müsahibəsindən
“Azərbaycanlı əsgərlərlə birgə ölənlərin meyitlərini yığırdıq və onları azərbaycanlılara verirdik”.
Ancaq bu bəyanat sual yaradır: meyitlər Azərbaycanın nəzarətində olan ərazilərdə idisə, Balasanyan və digər ermənilər onları necə yığıb təhvil verə bilərdi?
Balasanyanın 2012-ci ilin fevralın 29-da Ermənistan İctimai Televiziyasına müsahibəsindən
“Xocalı hərbi əməliyyatı başlayana qədər biz dinc sakinlərə kəndi tərk etməyi təklif etmişdik”. Onun sözlərinə görə, özünümüdafiə qüvvələri Xocalının dinc əhalisi arasında qurbanların olmaması üçün mümkün olan hər şey edib.
Mülki əhali arasında qurbanların olduğu barədə danışan Balasanyan qeyd edib ki, onların ölümünə əsasən dinc əhalinin arxasında gizlənib kütlənin içindən atəş açan Azərbaycan silahlı dəstələrinin üzvləri səbəb olub.
"Hərbi geyimdə olan şəxslərin açdığı atəşə necə reaksiya verməmək olardı?” – deyə Balasanyan bildirib.
Bu, ermənilərin Xocalıdan çıxan qaçqınlara atəş açmaqları ilə bağlı azsaylı etiraflarından biridir. Ancaq ən vacib etiraf, özü də kiminsə yox, məşhur terrorçu, ASALA-nın liderlərindən biri Monte Melkomyanın etirafıdır. Onun xatirələrini Melkomyanın qardaşı Markar 2005-ci ildə ABŞ-da dərc edilən “Qardaşımın yolu” kitabında dərc edib.
“Əlləri və ayaqları sınmış, başları kəsilmiş лглдфдфк лшьш qadın və uşaqların səpələndiyi sahədən keçərək Monte ürəyində deyib – “Heç bir intizam yoxdur!”. O anlayırdı ki, bu, ermənilərin Sumqayıtdakı qətlinə cavabdır, ancaq o həmçinin anlayırdı ki, azərbaycanlılar bunun qısasını alacaq. Ancaq bunu “Arabo” və “Aramo” dəstələrindən olan qaniçənlərə izah etmək mümkün deyildi.
Monteni şoka salan Xocalı hadisəsindən sonra bu döyüşçülər hətta girovluqda olan ermənilərin xatirinə öz əməllərini dayandırmırdı.
Montenin Martuni və Qarabağdan “Arabo” və “Aramo” dəstələrini yığışdırmaqla bağlı tələbləri Stepanakertdə rəhbərliyin müqaviməti ilə üzləşdi.
“Arabo” və “Aramo” dəstələri hələ Xocalıya qədər eyni vəhşilikləri Qaradaqlıda da törədib. Bundan sonra vəhşilik əsgərlər arasında virus kimi yayılmağa başladı”.
Jirayr Libaridyan (1992-ci ildə prezident L.Petrosyanın xarici siyasət üzrə müşaviri)
"Qəbul edilə bilməyən bir şey törədildi. Qarabağda ermənilər tərəfindən azərbaycanlı mülki şəxslərin yaralanması və öldürülməsinə səbəb olan bir şey edildi. Ermənilər azərbaycanlıların Sumqayıtda, Bakıda və digər şəhərlərdə erməni mülki şəxslərə qarşı törətdikləri işlərdə olduğu kimi eyni şəkildə təkzib edir və ya kifayət qədər izahat vermirlər. Azərbaycanın Sumqayıtda və Azərbaycanın digər şəhərlərindəki erməni talanlarını etiraf etməsi daha uyğun və faydalı olardı. Amma ermənilərin öz səhvlərini etitraf etməsi azərbaycanlıların öz səhvlərini etiraf etməsindən asılı olmamalıdır.
Nə qədər ümid etməliyik ki, başqalarına qarşı daha kiçik miqyaslı, amma törətdiyimiz cinayətləri etiraf etmiriksə, başqaları ermənilərə qarşı törədilən cinayətləri etiraf edəcək?
19 fevral 2014, Massaçusets, Amerika Birləşmiş Ştatları
Faciə şahidlərinin dedikləri:
“Memorial” İnsan Hüquqları Mərkəzinin Xocalı hadisələri ilə bağlı hesabatından (mart-may 1992-ci il).
Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında “azad dəhliz”lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi.
Öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdi. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi.
Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər (“azad dəhliz”ə paralel yol boyunca hərəkət iki saat çəkir). Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalıblar.
(Bu faktı azərbaycanlı operator Agası Hunn lentə alıb)
Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə alıb.
“DQR” rəsmiləri “Memorial” müşahidəçilərinə “120-130 cəsədin onların razılığı ilə Ağdama” gətirildiyini bildirib.
“DQR” rəsmiləri və Ermənistan silahlı dəstələrinin üzvləri “azad dəhliz”də mülki əhalinin öldürülməsini hərəkət edən qaçqınların arasında erməni postlarına atəş edən və cavab atəşini məcbur edən silahlı şəxslərin olması və həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri ilə izah edib. Lakin azərbaycanlıların bilmədiyi digər postda Xocalıdan gələn insanlara yaxın məsafədən atəş altına aldılar.
Şəhərdə qalan sakinlərin taleyi
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məhsəti türkü qalmışdı.
13 mart tarixinə Əsgəran şəhərində qadın və gənc qızlar da daxil olmaqla Xocalı sakinləri hələ də girov kimi saxlanılırdı. Bu tarixdən sonra da qadınların zor gücü ilə Əsgəranda saxlanıldığına dair etibarlı sübutlar mövcuddur.
Əsir götürülən və sonralar dəyişdirilən Xocalı sakinləri və şəhər müdafiəçilərinin ifadələrinə görə, onlar döyülmə hallarına məruz qalırdılar. İfadələrin bir çoxunda qadın və uşaqların kişilərdən fərqli olaraq döyülmədiyi deyilirdi. Lakin Bakı və Ağdamda həkimlərin də təsdiqlədiyi kimi, azyaşlılar da daxil olmaqla zorlama halları barədə ifadələr mövcuddur.
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib.
“Azad dəhliz” barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmayıb.
“Azad dəhliz” zonasında və ətraf ərazilərdə yerləşən dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazandırıla bilməz.
Xocalıda dinc əhalinin, o cümlədən qadınların “girov” kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. “Girov”ların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olub, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilib.
Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Stepanakertdə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.
Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak edib.
“Memorial” hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Dağlıq Qarabağdakı Ermənistan silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci il tarixdə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
Maddə 2 – “Hər bir şəxs ...dilindən, ...dinindən, ...milli ...mənsubiyyətindən ...və ya digər vəziyyətindən asılı olmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır”;
Maddə 3 – “Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır”;
Maddə 5 – Qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarı qadağan edir;
Maddə 9 – Özbaşına həbsləri, saxlamaları və ya qovulmaları qadağan edir;
Maddə 17 – Hər kəsin əmlaka sahib olmaq hüququnu təsbit edir və insanın əmlakdan özbaşına məhrum edilməsini qadağan edir.
Viktoriya İvleva
"Moskovskiye novosti" qəzetinin əməkdaşı. Şəhərin işğalını öz gözləri ilə görən və ertəsi gün səhər Xocalı küçələrində güllələnən qadınları və uşaqları qeydə alan yeganə jurnalist.
Viktoriya İvlevanın xatirələri “Sonsuz Dəhliz” sənədli filmdə öz əksini tapıb
https://www.youtube.com/watch?v=1fMQF5YVDUo
Xocalı faciəsinin əsasən siyasi oyunların nəticəsi olması heç kimə sirr deyil. Zaman keçdikcə faciənin səbəblərini aydınlaşdıran getdikcə daha çox yeni faktlar məlum olur, amma hələ də çox şey aydın deyil. Məsələn, Gəncədə yerləşən 104-cü Rusiya desant diviziyasının bu hadisələrdəki rolu bilinmir.
Belə ki, mart ayının əvvəllərində bu diviziyanın əsgərləri Azərbaycan qüvvələrinin tərəfində böyük əməliyyata hazırlaşırdılır və o, Əsgəran, Xocalı və ətraf kəndlərin azad edilməsi ilə başa çatmalı idi. Ancaq bu, Ayaz Mütəllibovun hakimiyyətdə qala bilməməsi səbəbindən baş vermədi.
Paradoksaldır ki, Xocalının tutulması, həm də sonra "azad edilməsi" eyni gücün siyasətinin nəticəsi idi.
Fevralın 26-da Mütəllibovun keçmiş SSRİ silahlı qüvvələrinin vahid komandanlığının yaradılması barədə sazişi imzalamaqdan imtina etdiyi üçün Azərbaycan cəzalandırıldı.
Martın 5-də Azərbaycan Ali Sovetinin iclasında Mütəllibov bəyan etdi ki, Daşkənd sazişini imzalamaqdan imtina etdiyinə peşmandır və yaxın vaxtlarda onu imzalayacaq. Bu barədə Moskvaya məlumat verildi və istefası real olan Mütəllibovun hakimiyyətini qorumaq üçün Xocalını “azad etmək” qərara alındı.
Belə ki, 104-cü hava-desant diviziyasının bölmələrinə Əsgəran-Xocalı yolunu təmizləmək üçün döyüş tapşırığı verildi. Əməliyyat başlandı və bundan əvvəl 366-cı alayın zirehli texnikaları Xocalıdan çıxarılaraq Xankəndinə qaytarıldı.
Rusiya desantçılarının zirehli texnikası, demək olar ki, döyüşmədən Əsgərana, daha sonra 6 martın səhəri boş qalmış Xocalıya girdi. Hərbi məlumatlarda deyilir: "Martın 6-da Xocalı şəhəri və Əsgəran rayonunun Ballıca kəndi Gəncə şəhərində yerləşdirilən HDD qüvvələri tərəfindən azad edildi. Əməliyyat zamanı bir əsgər öldü".
Rus desantçıları ilə eyni vaxtda Azərbaycan ordusunun bölmələri də hücuma keçdi. Martın 6-da səhər Ağdam tərəfində piyadalar, zirehli maşınlar, artilleriya və aviasiyanın (Mi-24 döyüş helikopterləri) iştirakı ilə o vaxtın ən böyük hərbi əməliyyatı başlandı. Əməliyyatın məqsədi Əsgəranı şərqdən və cənubdan keçmək və ordakı erməni qruplaşmalarını mühasirəyə almaq idi.
Əməliyyat ildırımsürətli olmalı və bir-iki gündə başa çatmalı idi. Ancaq müvəffəqiyyətlə başlayan hücum birdən dayandırıldı. Bu zaman Mütəllibovun hakimiyyətdən getdiyi məlum oldu.
Martın 6-da parlamentin iclasında: "Mənə üç gün vaxt verin və vəziyyət dəyişəcək!" məzmunlu ümidsiz müraciəti deputatlar və müxalifət tərəfindən eşidilmədi.
Rusiya hərbçiləri əməliyyatı dayandırdı, bundan sonra onun uğur qazanmağı ilə maraqlanmadı. Əsgəran qəsəbəsini praktiki olaraq ələ keçirən zirehli maşınlar daha irəliləmədi. Azərbaycan Silahlı Qüvvələri ilə koordinasiya pozuldu. Martın 6-nın axşamı məlum oldu ki, plan baş tutmayıb və Azərbaycan yenə vəziyyətdən öz xeyrinə istifadə edə bilmədi.
Rəy yaz