Açıq mənbələrdən foto
***
- Ərəstun bəy, yeni platformanın yaranmasına indiki şəraitdə zərurət vardımı? Əgər zərurət vardısa, onu yaradan səbəblər hansılardır? Yoxsa bu, bir layihədirmi?
- BİZ, yəni, “Birlik İnkişafa Zəmanətdir” Vətəndaş Təşəbbüsləri - adından göründüyü kimi, vətəndaşla birbaşa əlaqə yaratmaq, düşüncə məhsullarımızı onlara çatdırmaq və onların fikirlərini öyrənmək üçün sadə və neytral İnternet platformadır. Platformanın yaradılmasına ehtiyac bu günün gerçəkliklərindən və tələblərindən meydana çıxıb. Əsas məqsəd ictimai şüurun inkişafına töhfə verməkdir və birlikdə inkişafa nail olmaqdır.
Qeyd edim ki, bu, layihə deyil, bizim beyin məhsulumuzdur, onun yaradılmasına zərurəti Azərbaycandakı mövcud durum şərtləndirib. Ölkədə ictimai-siyasi və sosial-iqtisadi böhranla yanaşı, həm də idarəetmə sisteminin sürətlə çökməsi, qanunların iflic olduğu bir vaxtda bu durumdan çıxmağın alternativ yollarının axtarılması, bu istiqamətdə çalışmalar bu platformanın yaradılmasının başlıca səbəbləri hesab oluna bilər. Bu səbəbdən də ölkənin bir sıra tanınmış şəxsləri olaraq əl-ələ verib geniş müzakirə və fikir mübadiləsi aparmaq üçün azad və müstəqil platforma yaratmağa qərar verdik.
- Bildiyimə görə, platformanın yaradıcıları içərisində Azərbaycanda yaşayan, eləcə də xaricdə olan fərqli düşüncəli insanlar var. Kimlərdir o şəxslər və necə oldu ki, bir araya gələ bildiniz? Sizi birləşdirən nədir?
- Bəli, platformanın yaradıcıları arasında ən müxtəlif ölkələrdə yaşayan insanlar var, lakin onların hamısı Azərbaycana bağlı olan və vətəndəki ictimai-siyasi proseslərə daim töhfə verən şəxslərdir. Onların ideoloji düşüncələri fərqli ola bilər, bu, bizi narahat etmir, çünki biz vahid ideoloji bazaya söykənən siyasi təşkilat qurmuruq. Odur ki, fərqli düşüncələr ziddiyyət yaratmayacaq, əksinə daha müxtəlif alternativlərin formalaşmasına və onlar arasında Azərbaycan üçün vacib və uyğun olanın seçilməsinə gətirib çıxaracaq. Əsas odur ki, qarşımızda duran dövləti vəzifələr baxımından hamı həmrəydir ki, bunlar da ölkənin düşdüyü vəziyyətdən çıxmasının yollarını araşdırmaq, müvafiq plan və təkliflər hazırlamaq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində azad və stabil inkişaf edən ölkəyə çevrilməsinə çalışmaqdır. BİZ-i əxlaqi dəyərlər və vəhdət prinsipi birləşdirir. BİZ aydın fikirlər və düşüncələrin platformasıdır, xalqla səmimi və açıq münasibətlərin qurulmasına və məsuliyyətin paylaşmasına üstünlük verir.
Təsisçilər arasında adbaad kimlərin olması maraqlıdırsa, onu da deyim: Qubad İbadoğlu, İlham İsmayıl, Güllü Cahangir, Arif Məmmədov, Bəxtiyar Hacıyev, Rüfət Səfərov, Nəsimi Məmmədli və mən.
- Platformanın məqsədləri nədən ibarətdir? Hədəfləriniz nədir? Bu, bir siyasi platformadırmı? Yəni, məqsədləriniz içərisində hakimiyyətə gəlmək, hakimiyyəti dəyişmək kimi iddianız varmı?
-Bunu artıq qeyd etdim, amma icazənizlə konkret misallar üzərində bir qədər dəqiqləşdirim. Məsələn, bu günlərdə biz Facebook üzərindən canlı yayımda Azərbaycan torpaqlarının hələ də işğal altında qalması ilə bağlı canlı fikir mübadiləsi keçirdik. Bizi buna sövq edən əsas səbəb bu sahədə vəziyyətin son dərəcə kritik olmasıdır. Təəssüf ki, əraziləri işğala məruz qalmış Azərbaycanın hakimiyyəti bu məsələdə az qala müdafiə, özü də zəif müdafiə mövqeyi tutub ki, bu da işğalçının həm özgüvənini artırır, həm də onun daha həyasız davranmasına rəvac verir. Bundan başqa, Əliyev hakimiyyəti münaqişənin həlli ilə bağlı gedən danışıqların nədən ibarət və hansı mərhələdə olduğu haqda ictimaiyyətə məlumat verməyi özünə rəva görmür, halbuki, bu, xalqı narahat edən əsas məsələdir. Bu da azmış kimi, hakimiyyət birmənalı olaraq işğalçının maraqlarına xidmət edən hansısa müəmmalı layihələrə imza atır. Belə durum əlbəttə ki, məsələnin ən qabarıq şəkildə geniş müzakirəyə çıxarılmasını tələb edir. Digər sahələrdə də vəziyyət heç də fərqli deyil və həmin məsələlərdə də hakimiyyət özünü xalq qarşısında hesabatlı, cavabdeh saymır. Bizim hədəflərimizdən biri də bu davranışın dəyişməsinə nail olmaqdır. Buna nail olmaq üçün də cəmiyyətin fəallığının artırılması başlıca şərtlərdəndir.
- Azərbaycanda olan siyasi partiya və təşkilatlarla, eləcə də xaricdə olan siyasi şəxs və təşkilatlarla əməkdaşlığı gözdən keçirirsinizmi? Əgər olacaqsa, bu əməkdaşlıq hansı formada olacaq?
- BİZ təşkilat, partiya, QHT və ya hərəkat deyil, bu, vətəndaş təşəbbüsü platformasıdır və ona görə də hansısa ictimai-siyasi təsisatlarla birləşmək, müttəfiqlik, tərəfdaşlıq və ya rəqabət kimi münasibətlər qurmağı hədəfləməyib. Gəlin, buna cəmiyyətin bütün təbəqələri üçün açıq olan və cəmiyyəti ölkənin problemlərinin həlli istiqamətlərində çalışmağa səfərbər etmək istəyən beyin mərkəzi deyək. Eyni zamanda, təsisçilərin müstəqil ictimai fiqurlar olmasına rəğmən, müxtəlif siyasi mənsubiyyəti olan şəxslərlə fərdi səviyyədə ekspert qismində əməkdaşlıq da qurula bilər.
- Platforma hakimiyyətin tez-tez dilə gətirdiyi siyasi dialoq ərəfəsində meydana gəlib. Elə yeri gəlmişkən, soruşmaq yerinə düşər ki, hakimiyyətlə işi necə qurmağı düşünürsünüz? Onlarla hər hansı danışıqlara getmək fikriniz varmı? Yoxsa artıq siyasi dialoq çərçivəsində hakimiyyətlə ilkin olaraq hansısa formada söhbətlər aparılıb?
- Platformanın hansı ərəfədə meydana gəlməsindən danışırıqsa, o zaman dəqiqləşdirək: bunun dialoqla heç bir əlaqəsi yoxdur, onun yaradıcılarını sövq edən başlıca səbəb dediyim kimi, ölkənin hazırda düşdüyü vəziyyət və bizim gördüyümüz qaranlıq perspektiv olub. Biz həmin qaranlıq perspektivdən qaçmağın yollarına dair təkliflər, ideyalar və konkret proqramlar hazırlamağı düşünürük. Hakimiyyətin bunlara diqqət yetirib-yetirməməsi, onları qəbul edib-etməməsi isə artıq onun öz işidir. Hansısa ənənəvi qaydada oturub nəyisə müzakirə etmək isə yalnız o zaman mümkün ola bilər ki, ölkədəki vəziyyəti dəyişmək üçün siyasi iradə olduğu görünsün. Bu gün belə bir iradənin olduğu görünmür.
- Yenə də sizin və yaradıcılar arasında bəzi insanların xaricdə olmasının üzərində dayanmaq istəyirəm. Çünki bu sual bir çoxlarını düşündürür. Olduğunuz ölkələrdən və ya beynəlxalq təşkilatlardan hər hansı dəstəyiniz varmı?
- Xeyr, nə texniki, nə maliyyə, nə də siyasi, bir sözlə, heç bir dəstəkdən söhbət gedə bilməz. BİZ-in onların heç birinə ehtiyacı yoxdur və bu barədə heç müzakirələr də açılmayıb. Qaldı yaradıcılar arasında xeyli insanın xaricdə və ya Azərbaycanda olması, əvvəla, bu, 50/50 nisbətindədir, ikincisi, ölkənin bir çox fəal insanının çeşidli səbəblərdən xarici ölkələrə üz tutması bugünkü Azərbaycanın ictimai-siyasi reallıqlarındandır. Bütün bunlara baxmayaraq, bir məsələdə də hamı həmrəydir: ölkənin problemləri ilk növbədə onun daxilində və öz xalqı tərəfindən çözülməlidir.
- Azərbaycanda və Azərbaycandan kənarda, yaxın və uzaq tarixdə bu kimi platformalar, təşkilatlar, birliklər yaradılıb. Amma bunların hansınınsa xüsusi uğuru olmayıb. Onlar müəyyən dövrdən sonra ya fəaliyyətsizləşiblər, ya da tamamilə sıradan çıxıblar. Siz bu platformanı necə yaşadacaqsınız?
- İlk növbədə, çox sevindiricidir ki, platformanın yaradıcıları başladıqları işin məsuliyyətini dərk və qəbul edir. Bundan başqa, platforma insanlar üçün maraqlı və faydalı olacaqsa, demək, o, yaşayacaq və inkişaf edəcək. Bu isə ilk növbədə bizim özümüzdən asılıdır. Yarandığımız cəmi bir neçə gün olmasına baxmayaraq, artıq minlərlə həmvətənimizin dəstəyini hiss edirik, amma bunu imtiyaz kimi yox, məsuliyyətimiz kimi qəbul edirik. Bu gün Azərbaycan cəmiyyətinin onu narahat edən, onun həyatını, sabahını və gələcəyini müəyyən edən məsələlərin geniş müzakirəsinə ehtiyacı var. Bizim də iddiamız həmin müzakirələri cəmiyyətlə əl-ələ verərək həyata keçirməkdir. Əminik ki, cəmiyyət fəallaşacaqsa, insanlarımız özünə inamını artıracaqsa, həyatını dəyişmək üçün özündə güc hiss edəcəksə onunla hesablaşmamaq mümkün olmayacaq. Biz buna çalışırıq və buna çalışacağıq. BİZ-in də əsas vəzifəsi budur və o, yalnız bu halda əsl BİZ olacaq.
- Azərbaycanda bu böhran dövründə yaradılmış və demək olar ki, əsas gücü ölkədən kənarda olan platformanın Azərbaycanı bu vəziyyətdən çıxarmaq gücü və şansı varmı və ya olacaqmı? Əgər varsa, ölkəni indiki vəziyyətdən necə çıxaracaqsınız? İnsanların sizə dəstək verəcəyinə əminsinizmi?
- Yuxarıda qeyd etdiyim kimi, BİZ təkcə onu yaradanların deyil, bütün xalqın platformasıdır. Xalqın mütləq əksəriyyəti də ölkədədir və onun gücü, potensialı da yetərincədir. Həmin güc və potensial işə düşəndə və düzgün hədəflərə yönələndə BİZ xalqın platforması olmaq hədəfinə çatanda güc də şanslar da yetərincə olacaq. BİZ ölkəni indiki vəziyyətdən çıxarmağı dərin və hərtərəfli islahatlarda, ölkənin həyati əhəmiyyətli məsələlərindən tutmuş xırda qayğılarınadək hamısının həllində əhalinin fəal iştirakında görür. Başlanğıc üçün lazım olan dəstəyi almışıq, indi həmvətənlərimizin özünü və yaşadığı cəmiyyəti fəallaşdırmasına dəstəyi, töhfəsi vacibdir. Bunun da baş verəcəyinə əminik, amma bu, təkcə əminlik məsələsi deyil, həm də gərgin iş deməkdir. Buna dəqiq hazırıq, əks halda belə bir işə imza atmazdıq. Qaldı cəmiyyətlə münasibətlərimizə, burada bir məqamı xüsusi vurğulamağı zəruri hesab edirəm: insanlarımızla münasibətimiz, ünsiyyətimiz şəffaf və səmimi olacaq, bu isə indi cəmiyyətin də bizim də kəskin ehtiyac duyduğumuz amildir.
Rəy yaz