İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumundan sonra səhər məlum oldu ki, İİR xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 4-5-də regiondakı qonşuları ilə telefonla danışıb və xəbərdarlıq edib ki, İran kimin ərazisində yerləşməsindən asılı olmayaraq qonşuluqdakı istənilən Amerika hərbi obyektinə zərbə endirəcək. İran generalı Q.Süleymaninin amerikalılar tərəfindən öldürülməsindən sonra Tehran İraqdakı Amerika bazalarına raket zərbələri endirdi və Amerika hədəflərinə yeni hücumlar ilə hədələyir. İİR-in hərbi-texniki imkanları necədir? Məsələ çox vacibdir, çünki Azərbaycan İranın qonşusudur, deməli, bir qonşunun ərazisindəki müharibə azərbaycanlılara da problem yarada bilər.
Beynəlxalq münasibətlər üzrə ekspert, Hanquq (Cənubi Koreya) Regionşünaslıq Universitetinin professoru Rövşən İbrahimov Turan-ın suallarını cavablandırıb.
Ekspert Amerika hərbi bazalarına qarşı istifadə edilə biləcək İİR hərbi-texniki potensialı barədə təxmini qiymətləndirmələrini bölüşüb.
- İran 15 ballistik raket atıb: 11-i Amerika bazalarına düşüb, 1-i Ərbilə. 4 raket hədəfə çatmayıb. Ümumilikdə, pis deyil. Xəbərlərdə yazılmır, amma görünür, bunlar “Şahab-3” orta mənzilli ballistik raketlərdir. Onlar Şimali Koreyanın ballistik raketləri əsasında yaradılıb və təkamül inkişafı uzun tarixə malikdir.
Aydın oldu ki, İranın təxminən 150 belə raketi var, onları daşımaq üçün təxminən 50 qoşqu var. Bundan əlavə, İran ayda 3-4 belə raket istehsal etməyə qadirdir. Bu raketlərin prototipləri də var - “Sancar”, onlar sərt yanacaqlıdır, həmçinin İsraili vura biləcək qısa mənzilli “Şahab-4” raketləri var.
Belə bir xəbərlə rastlaşdım ki, hələ üç gün öncə amerikalılar İranın raket bölmələrinin hərəkətini izləyiblər. Görünür, Yeni ili qeyd etməyiblər, işləyiblər.
“Şahab-3” raketlərinin istehsal qiyməti haqda bilmirəm. Lakin orta hesabla belə raket 20 milyon ABŞ dollarına başa gəlir.
İran hücumunun ilkin nəticələri belədir:
Amerikalılar bir az qorxub çəkildilər, görünür, hücumdan xəbərdar idilər (ən konspirativ: iranlılarla razılığa gəliblər ki, onlar da özlərini nümayiş etdirmə imkanı qazansınlar, amma çətin ki).
İranlılar raketləri öz ərazilərindən qeyri-ərazilərə atmaqla sınaqdan keçirmək imkanı əldə etdilər. Bütün bunların praktikada necə işlədiyini öyrənmək üçün.
İsrail İranın ballistik raketləri haqda xeyli məlumat əldə etdi və bunları araşdıracaq;
Ərəblər müdafiəyə daha çox vəsait xərcləyəcəklər;
Şimali Koreya öz texnologiyası ilə fəxr edir.
- Tramp İrana qarşı hansı qüvvələri tətbiq edə bilər?
- İlk növbədə, Amerikanın Yaxın Şərqdəki hərbi bazalarının və ABŞ Hərbi Dəniz Donanmasının potensialından danışmaq olar. Analitik KİV-in məlumatına görə, ABŞ regionda daim 50 minlik kontingent saxlayır.
Güman etmək olar ki, amerikalılar İrana birbaşa zərbə endirməzdən öncə İraq və Suriyadakı İran obyektləri və mütəxəssislərindən başlayacaqlar.
- ABŞ ərazisində ancaq hərbi aerodromlarda B-52 ağır strateji bombardmançı təyyarələr var. Bu strateji silahdan istifadə edə bilərmi?
- İrana qarşı əməliyyat üçün bu texnika birmənalı olaraq tətbiq edilməyəcək. Təyyarələrdən istifadə özünü doğrultmur - əsas nöqtələrə uçmaq uzaqdır. Bu, praktik deyil. İkincisi, İranın ərazisi böyükdür, deməli, təyyarələr uçana qədər vurulacaq.
- İran Amerikanın gücünə qarşı öz raketlərindən başqa daha nə çıxara bilər? 2020-ci il yanvarın 8-də “Şahab” raketlərinin istifadəsi onların aşağı effektli olduğunu göstərdi.
- Məsələ raketlərin az effektli olmasında da deyil, İranın hərbi idarəsinin büdcəsinin kiçik olmasındadır. Büdcə intensiv və uzunmüddətli bombardman üçün nəzərdə tutulmayıb. Bir ay içində resurslar və pullar bitəcək, sonra nə olacaq? Məlum olduğu kimi, iranlılar ABŞ-a qarşı “Zülfüqar” və “Kiam” qısa mənzilli raketlərdən istifadə etdilər. Ancaq bu sistemlər də “Şahab” texnologiyası əsasında yaradılıb. Tehran ABŞ-la geniş raket müharibəsinə başlamaq qərarına gəlsə, İranda raketlər tez bitəcək.
- Tehran bütün dünyadakı “yatmış terrorçularına” amerikalıların öldürülməsinə başlamağı əmr edə bilər.
- İran raketləri kimi terrorçular da bütün dünyada yerləşməyiblər. İran öz qüvvələrini müəyyən bir regionda cəmləşdirib, ona görə də belə orijinal silah olduğu halda yenə də hərbi resurs məsələsi ortaya çıxır. Bundan əlavə, amerikalıların düşmənin bu cür imkanları haqqında öz kəşfiyyat məlumatları var.
Rəy yaz