Sabirabadın icra hakimiyyətinin inzibati binasının qarşısında qazi Elvin Cəfərovun özünü yandırmasından sonra məmur özbaşınalığı və süründürməçiliyi ilə bağlı mövzular gündəmə gəlib. Cəmiyyət arasında düşünürlər ki, icra strukturlarını təmsil edən məmurlar insanları o həddə çatdırırlar ki, sadə vətəndaşlar çıxış yolunu nümayişkəranə şəkildə canlarına qıymaqda görürlər. Hətta rəqəmlər mənzərənin daha dəhşətli olduğunu göstərir. Misalçün, qeyri-rəsmi hesablamalara görə, 44 günlük müharibə bitdikdən sonra 36 qazi intihar edib, 50-dən çox qazi isə intihara cəhd edib.
Niyə məmur özbaşınalığına “dur!” deyən yoxdur?
Hüquq müdafiəçisi Əsabəli Mustafayev son günlər cəmiyyəti maraqlandıran məsələ ilə bağlı ASTNA-nın suallarına cavab verib.
* * *
Sual: Əsabəli bəy, insanlar müxtəlif dövlət qurumlarının qarşısında diqqətsizliyə, süründürməçiliyə etiraz olaraq özlərini yandırırlar, canlarına qıyırlar. Bütün bunlara baxmayaraq niyə məmurlara “dur!” deyən yoxdur?
Cavab: Bizim ölkədə dövlət strukturlarının bütün pillələrinə məmurların təyinatı rəhbərə şəxsi sədaqət, yuxarı rəisin tapşırıqlarının sözsüz icrası, hakimiyyətin hər sahədə siyasətinin dəstəklənməsinə şəxsi səy göstərilməsi prinsipləri ilə təyin olunurlar. İçtimaiyyətdə olan rəyə görə hər məmur həm də korrupsiya sisteminin bir pilləsidir.Ona görə də məmurların öz işlərində yol verdikləri nöqsanlar hakimiyyətin maraqlarına ciddi zərər vurmadığı halda, onlar məsuliyyət daşımırlar.
Tarixən məlumdur ki, korrupsiyanın güclü olduğu ölkələrdə həmişə məmur özbaşınalığı hökm sürür və bunun qarşısını almalı olan qurumlar (hüquq-mühafizə, məhkəmə, ictimai sektor, müstəqil media və.s) bu sistemə uyğunlaşırlar.
Sual: Maraqlıdır ki, davranışları müxtəlif formalarda etirazlara, narazılıqlara, hətta intiharlara səbəb olan məmurlar özləri də istefa vermirlər. Bunun səbəbi nədir? Niyə həmin məmurlar istefa vermirlər?
Cavab: Bəzi məmurlara qarşı ciddi ictimai qınaqlara və narazılıqlara baxmayaraq onlar işdən çıxarılmır və özləri də istefa vermirlər. İşdən çıxarılmamaların səbəbi odur ki, bu məmurlar cəmiyyətə deyil, sistemə qulluq edirlər və nə qədər ki, sistem onlarda özü üçün təhlükə görmür, bu məmurlar vəzifədə qalırlar. Cəmiyyətin tənqid etdiyi məmurların özlərinin istefa verməməsinin səbəbi də elə bu amildir. Yəni sistemin ondan narazlığı yoxdursa, cəmiyyətin, bütövlükdə xalqın narazılığının heç bir əhəmiyyəti yoxdur. Çünki məmurları vəzifəyə təyin edən xalq və ya onların seçdiyi nümayəndələr deyil, sistemdir.
Sual: Bir çox hallarda onun şahidi oluruq ki, etiraz yaradan həmin məmurlar və ya dövlət qurumları bu kimi hadisələrdən sonra açıqlama verərək özlərini təmizə çıxarmağa çalışırlar və bununla da etiraz edən insanları daha da qıcıqlandırırlar. Həmin məmurlar və ya dövlət qurumları nəyə arxayındır?
Cavab: İdarəçilik sisteminin hansısa qolunda baş vermiş olay cəmiyyətdə ciddi narazılıqlar və iradlar yaratdığı hallarda bəzən həmin strukturun rəhbəri verdikləri açıqlamalar ilə həmin olaya münasibəti daha da kəskinləşdirirlər. Həmin məmurlar nəticənin belə olacağını bilsələr də, ictimai rəyi saya almayan belə davranışları edirlər. Çünki əmindirlər ki, sistem öz maraqları naminə ondan məhz belə açıqlamalar gözləyir.
Sual: Niyə etiraza səbəb olan hallar araşdırılmır? Niyə intihar həddinə çatdırma maddəsi ilə açılan cinayət işlərindən məmurlar toxunulmaz çıxırlar? Niyə işi araşdıran istintaq orqanı, dövlət ittihamçısı işin düzgün araşdırılması üçün həmin məmurların müvəqqəti olaraq işindən kənarlaşdırılmasını tələb etmirlər?
Cavab: Təəssüf ki, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, o cümlədən dördüncü hakimiyyət sayılan kütləvi informasiya vasitələri arasındakı sərhədlər yoxdur, bu hakimiyyət strukturları bir-birlərinə inteqrasiya edərək vahid quruma çevriliblər. Məhz buna görədir ki, baş vermiş intihar hadisələri, dövlətçiliyə təhdid olan digər ağır cinayətlər (məsələn, korrupsiya, vəzifə özbaşınalığı və. s) səmərəli araşdırılmış, hüquqi qiymətini almır və onların kökünün kəsilməsi üçün tədbirlər tətbiq olunmur.
Sual: Hakimiyyət belə bir fikir formalaşdırır ki, dövlət qurumlarının rəhbər heyətinin fəaliyyəti nəzarətdədir. Hərdənbir biz hətta səs-küylü həbslərin də şahidi oluruq. Bəs nəticə hardadır? Niyə məmurlar bu kimi hallardan dərs çıxarmırlar?
Cavab: Bəzi hallarda vəzifəli şəxslər barədə səsli-küylü həbslər aparılır və bu olaylar bir müddət ictimaiyyətin müzakirəsində olur. Bu olaylar iqtidara cəmiyyətdəki narazılıqların artmasının qarşısının alınmasına yönəlib. Bu həbslər əsasən korrupsiya faktları ilə bağlı olur. Lakin bu həbslərə baxmayaraq məmurların korrupsiya fəallığı səngimir. Bu da gözləniləndir. Çünki korrupsiya ilə mübarizə üçün köklü tədbirlər tətbiq olunmur. Məsələn, hələ 20 il bundan əvvəl qəbul olunmuş qanunla məmurların gəlir deklarasiyası təqdim etməsi nəzərdə tutulub, lakin həmin qanunun bu bəndinin qüvvəyə minməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Halbuki ətrafımızdakı qonşu ölkələrdə bu qayda on illərdir tətbiq edilir və müəyyən səmərə verir.
Sual: Nə etmək olar ki, məmur idarəetməsi normallaşsın? Məmurlar xalqın “ağası” kimi deyil, xalqın “xidmətçisi” kimi fəaliyyət göstərsinlər?
Cavab: Məmur özbaşınalığının qarşısını almaq üçün qanunvericiliklə aşağıdakı tədbirləri tətbiq etmək vacibdir:
- parlament, bələdiyyə seçkilərinin azad və demokratikliyini təmin etmək;
- yüksək vəzifəli məmurların təyinatına parlament razılığını almaq;
- məmur və qurumların səlahiyyətlərinin məhdudlaşdırılması;
- korrupsiya sisteminin ləğvi üçün kompleks tədbirlərin reallaşdırılması;
- müstəqil medianın, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şəraitin yaradılması.
Rəy yaz