İyunun 8-də səhər saatlarından etibarən DİN-in çevik polis alayının çoxsaylı qüvvələri paytaxtın Yeni Yasamal massivinin sakinlərinə qarşı xüsusi əməliyyat keçirib.

İyunun 8-də səhər saatlarından etibarən DİN-in çevik polis alayının çoxsaylı qüvvələri paytaxtın Yeni Yasamal massivinin sakinlərinə qarşı xüsusi əməliyyat keçirib.

***

-Ələsgər bəy, hökumətin son şənbə-bazar günləri insanlara tətbiq etdiyi çölə çıxma yasağı, eyni zamanda digər məhdudiyyətlərin hüquqi əsası varmı? Bu qaydaların tətbiqi zamanı Konstitusiyanın müddəaları, qanunvericilik nəzərə alınıbmı?

-Əgər bunu ümumiləşdirsək, bu günə qədər karantin qaydaları sistemli şəkildə baş verib. Və bu məsələdə hökumət 1992-ci ildə qəbul olunmuş “Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu”na istinad edib. Düzdür, o qanuna 2018-ci ildə və müxtəlif vaxtlarda dəyişikliklər olub.  Amma orada bilavasitə karantin rejimini tətbiq etmə səlahiyyəti, o cümlədən bununla bağlı hətta normativ hüquqi aktları qəbul etmə səlahiyyətinin icra struktruna verilməsi məsələsi bu gün qüvvədə olan Normativ Hüquqi Aktlar haqqında Konstitusiya qanununa və Konstitusiyanın özünə baxdıqda ciddi şəkildə mübahisəlidir. Konstitusiyada açıq şəkildə göstərilib ki, Konstitusiyada müəyyən olunan hüquq və azadlıqlar yalnız qanunda açıq göstərilməklə məhdudlaşdırıla bilər. Bu qanunda məsələn, küçəyə çıxma qadağası, ümumiyyətlə, komendant saatının tətbiqi heç bir halda nəzərdə tutulmayıb. Bu hallar Konstitusiyada fövqəladə vəziyyət rejimində nəzərdə tutulub. Ona görə fövqəladə vəziyyət  rejimi tətbiq etmədən, ümumiyyətlə, bütün böyük şəhərləri bağlamaq, küçəyə çıxmağı, hətta həyətə düşməyi qadağan etmək, bir sözlə insanları dörd divar arasında oturmağa məcbur etmək təməl hüquqların nəinki məhdudlaşması, bütünlüklə qadağan olunmasıdır. Hətta 1992-ci ildə qəbul olunmuş həmin qanunda müəyyən tənzimləmələr gətirmək nəzərdə tutulub, məhdudlaşdırmalar nəzərdə tutulmur. Tənzimlənməni isə bizim ölkədə hər zaman məhdudlaşdırma kimi anlayırlar. Bu unudulmamalıdır ki, təməl hüquq və azadlıqların tənzimlənməsi onun bəlli çərçivələrdə reallaşması deməkdir. Məsələn, şəxs gündəlik zibil atmalıdır və ya çörək almalıdır. Onun küçəyə çıxması üçün bəlli bir saat tətbiq olunmalıdır. Bundan öncəki sms icazələr tənzimləmə idi. Amma bütünlüklə küçəyə çıxma qadağası məhdudlaşdırmadır və Nazirlər Kabinetinin hüquqi baxımdan məhdudlaşdırma haqqı yoxdur. Maraqlıdır ki, bu qanunun icrasına dair fərman da yoxdur.  Ümumiyyətlə, hökumət səlahiyyət deyəndə hansı nazirliyi nəzərdə tutur, o da yoxdur. Bütün qanunların icrasına dair fərman var. Qanunda yazılmışdı ki, karantin rejiminin tətbiqini  Səhiyyə Nazirliyi tənzimləməlidir. 2004-cü ildə Səhiyyə Nazirliyinin adını çıxarıb, müvafiq icra hakimiyyəti orqanı yazıblar. Amma bu müvafiq icra hakimiyyəti orqanı bu günə kimi müəyyən olunmayıb. Amma buna baxmayaraq, bunu hansısa bizə məlum olmayan sənədlərdən və yaxud rəsmi olaraq açıqlanmamış hansısa sənədə istinadən Nazirlər Kabineti və onun yanında Operativ Qərargah icra edir. Bu, ciddi qüsurdur. Bunu biz ciddi hüquqi mühitdə mübahisələndirsək, Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudlaşdırma hüququnun olmadığını görərik. Tənzimləmə hüququ ola bilər, ayrı-ayrılıqda məsələn, konkret hansısa əraziyə müəyyən saatlarda giriş məhdudlaşdırıla bilər, karantin rejimini növbəli əsaslarla tətbiq edə bilər. Amma bütünlüklə 24-48 və ya 72 saat küçəyə çıxma qadağası qoymaq və insanları evdə oturmağa məcbur etmək artıq hüququ tamamilə yox saymaq deməkdir. Konstitusiya buna yol vermir. Və həmin qanun bu baxımdan Konstitusiyaya ziddir.

-Son şənbə-bazar karantin rejiminin tətbiqi və ona nəzarət Daxili İşlər Nazirliyinə həvalə edilmişdi.  Karantin qaydalarını pozanlara qarşı cərimələr nəzərdə tutulmuşdu. Amma əslində biz qaydaları pozan şəxslərə qarşı zorakılıq nümunələri gördük. Onların saxlanılmasının, polis tərəfindən onlara fiziki təzyiqin, polis maşınlarına basılmasının, bölmələrə aparılmasının şahidi olduq. Bu, qanuni addım idimi? Əslində qaydanı pozan vətəndaşa qarşı qanuni və hüquqi formada hansı addım atılmalı idi?

-Burada rejimin mahiyyəti qarşımıza çıxır. Tətbiq olunan fövqəladə vəziyyət rejimi olsa, onun pozulmasına görə tətbiq olunan reaksiya daha sərt ola bilər. Amma söhbət əgər konkret olaraq həftəsonu hökumətin “evdə qalın” xahişi və bunun normaya çevrilməsindən gedirsə, burada vətəndaş öndə durmalıdır. Çünki burada məqsəd vətəndaşın sağlığı, səhhəti və yoluxucu xəstəliyin önlənməsidir. Burada çölə çıxan ilk növbədə vətəndaşdır. O, yoluxucu xəstəliyi yaymır, sadəcə, karantin qaydasını pozur. Ona qarşı inzibati sanksiya və ya protokol tətbiq etmək olardı. Amma onun üzərinə 4-5 adamla hücum edib, qeyri-insani rəftara məruz qoymaq, insan ləyaqətini alçaldacaq formada polisin öz funksiyasını aşması polis haqqında qanunun 5 –ci maddəsinin kobud şəkildə pozulmasıdır. Çünki polis öz vəzifə funksiyalarını icra edərkən və hətta cinayətkarı belə tərksilah edərkən təməl insan hüquq və azadlıqlarına hörmətlə davranmalıdır. Burada isə cinayətkar yoxdur. Vətəndaş küçəyə çıxıbsa, sadəcə, inzibati pozuntuya yol vermiş ola bilər. Hətta burada küçə də mübahisəlidir. Çünki bir çox insanlar küçəyə çıxmayıblar, sadəcə, həyətə düşüblər. Həyətə isə bu, şamil edilməməlidir. Həyət insanın özünün yaşayış sahəsidir.  Çölə çıxmaya növbəlilik prinsipi qoyula bilər. Bütünlüklə çölə çıxmağa qadağa qoyulmasının özü insan sağlamlığını qorumaq adı altında insan sağlamlığına vurulan böyük zərbədir. 72 saat bir evin içərisində oturan 4-5 insanın immun sistemi və qan dövranı zəifləyir və daha tez yoluxma üçün potensiala çevrilir. Bu, tamamən effektsiz, balanssız və sonu olmayan məhdudlaşdırmadır.

-Sosial mediada yayılan videolarda biz polislərin insanlara rəftarına qarşı da digər vətəndaşların aqressiv münasibətinin şahidi olduq. Və həmin videolar yayıldıqdan bir gün sonra həmin əraziyə və insanlara qarşı çevik polis alayının bölmələri və çoxsaylı polislər yeridildi. İnsanları evlərindən yarıçılpaq vəziyyətdə apardılar. Polisin insanlarla bu rəftara ixtiyarı, hüququ varmı?

-Ayın 8-dən küçəyə çıxmaya qoyulan qadağalar bitib. Bazar günü olan etiraz polisin adekvat olmayan müdaxiləsinə vətəndaşların sivil etirazı idi. Mən orada olmamışam və bununla bağlı heç bir faktım yoxdur ki, orada polisə zibil atıblar. Bəlkə su atıblar və ya varlıqlarını sübut etmək üçün alma qabığı atıblar. Fərqi yoxdur. Amma bir şey atıblarsa, bu, vətəndaşın etirazıdır. Vətəndaşın etiraz etmək hüququ var. Başqa ölkələrdə baş nazirə, hətta ABŞ prezidentinə yumurta, pomidor atılan vaxtlar olub. Yəni, insanlar etirazını bu formada həyata keçirir. Amma etiraz edilən məqamın haqlılıq dərəcəsinə də baxmaq lazımdır. Avropa məhkəməsində bir iş vardı. Jurnalist polisin qəddarlığından yazarkən “uniformalı vəhşi” ifadəsindən istifadə etmişdi və yerli hökumət həmin jurnalistin ifadə azadlığı hüququnu məhdudlaşdırmışdı. Avropa məhkəməsi isə deyirdi ki, orada polis o qədər özbaşına davranıb ki, ona “uniformalı vəhşi” demək adekvat ifadədir və bu, ifadə azadlığını pozmur. Təxminən iş buna bənzəyir. Bizdəki hadisədə polislərin hərəkəti o qədər adekvatdır ki, bir adama qarşı 6 adamın zor tətbiq etməsi, vurması və s. vətəndaşın gözü qarşısında baş verib və vətəndaş buna instinkt olaraq etiraz edib. Bu etirazda qanunu pozsalar belə onlar haqda hüquqi çərçivədə araşdırma olmalıdır və ya məsuliyyətə cəlb olunmalıdırlar. Bu, nəticə etibarilə cinayət deyil. Adam evində oturub nəyəsə etiraz üçün fışqırıq çalır və ya başqa formada etiraz edir. Düşmən bölüyünə hücum kimi kütləvi şəkildə, qeyri-insani formada, Konstitusiyanın yol vermədiyi insan ləyaqətini aşağılayacaq şəkildə vətəndaşa pis rəftar göstərilməsi bir qədər qabarıq desək, işgəncə sayılır. İstər mənəvi olsun, istər fiziki  olsun, şəxsin çılpaq şəkildə evindən aparılması ən böyük mənəvi işgəncədir. Bu, yolverilməzdir. Polis bu baxımdan qanunun 5-ci maddəsini pozub.

-Sivil  ölkələrdə polis belə bir hərəkət etmiş olsaydı necə cəzalandırılardı?

-Artıq elə bir məqama gəlmişik ki, sivil ölkə ifadəsi qıcıq doğurur. Hər yerdə pozuntuların olduğunu görürük. İstənilən halda hüquq olduğu hər yerdə kobudluqlar olur. Hətta bəzən vəzifə səlahiyyətlərini aşıb, cinayətə yol verən polis əməkdaşları da olur və onlar məhkəmə qarşısında cavab verirlər. Azərbaycanda baş verənə gəldikdə isə siyasətçi olsaydım düşünərdim ki, bu, siyasi sabotajdır.  Bu hökuməti sabotaj edir ki, vətəndaş üsyana qalxsın. Amma hüquqşünas olduğum üçün düşünürəm ki, hökumət bir an öncə hüquqi tədbirlər görüb, vəzifə səlahiyyətlərini aşan bütün məmurları işdən uzaqlaşdırmalıdır. Onlar bir daha vətəndaşla qarşı-qarşıya gəlməməlidir, hüquqi məsuliyyət daşımalıdır.

-Amma biz açıqlanan rəsmi məlumatdan görürük ki, nazirlik polisləri müdafiə edir...

-Bu, çox vahim bir şeydir. Vətəndaşa qarşı bu qədər diskriminativ yanaşmaq, onu aşağılamaq, onu əmtəə, mal kimi görmək, şəxsiyyət kimi görməmək böyük problemlərə hamilə olmaq deməkdir. Ölkəni böyük problemlərə hamilə vəziyyətinə gətirmək deməkdir.

-Pandemiya dövründə hansısa xarici ölkələrdə belə sərt rejim, bu cür qaydalar və ya belə davranışlar olubmu?

-Sosial şəbəkələrdə Hindistanda polisin vətəndaşı dəyənəklə döydüyünü görmüşdük. Və təbii ki, bu hadisəyə xeyli gülmüşdük. Amma normal sivil ölkələrdə qanun ön görən olur. Öncədən alınan tədbirlər də cəmiyyət tərəfindən qəbul edilir. Tənzimləmələr də olur. Məsələn, Türkiyədə həftəsonu küçəyə çıxma qadağası varsa, çörək mağazaları, apteklər işləyir. Evə çatdırılmalar olur. Sosial yardıma ehtiyacı olanlar xidmət görür. Amma tamamilə qapını bağlayıb, “orada olun” demək tənzimləmə deyil. Heç bir sivil ölkədə bu, baş vermir.

-Sizcə, pandemiya dövründə indiki şəraitdə hökumət vəziyyətə uyğun Azərbaycan qanunvericiliyinə müvafiq olaraq hansı hüquqi və qanuni qaydalar tətbiq edə bilər?

-İndiyə qədər tətbiq olunan dolayı olaraq məhdudlaşdırma yox, tənzimləmə xarakterli, əhalinin sağlamlığını qorumaq məqsədilə atılan addımlar çox idi. Müəyyən saatlarda çıxmamaq, indinin özündə həftə sonları istirahət mərkəzlərinin işləməməsi fərqli insanların təmasını önləmiş olur. Biri var iş şəraitində ofisdə təmas edəsən, biri də var insanlar həftəsonu başqa yerlərə getsin, müxtəlif insanlarla təmas etsin. Bu, problem yarada bilər. Bu baxımdan bu tip tətbiqin belə müəyyən hüquqi əsası ola bilər. Amma burada tənzimləmə önəmlidir. Yəni, bütünlüklə qapatmaq, məhdudlaşdırmaq tənzimləmə deyil. Bu, hüququ yox saymaqdır. Və həftəsonu baş verən hadisə kimi başqa problemlər doğurur. İnsanın həyətə düşməsinə, zibil atmasına məhdudiyyət qoyulması yanlışdır. Sağlamlığı təşviq edən şeylərə, gəzməyə məhdudiyyət qoyulmamalıdır. Ünsiyyət olmadığı müddətcə, sosial məsafəni qorumaq şərti ilə icazə verilə bilər. Bu gün olduğu kimi. Tənzimləmədə faktiki olaraq problem var. Hökumətin yanaşmasını və ardıcıllığını problemli görürəm. Məsələn, hökumət əvvəlcə doğru addımlar atdı, sonra o addımları dayandırdı və yumşaldılmaya getdi. Metronun, iri ticarət mərkəzlərinin, restoranların açılması təşviq etdi və bu gün gündəlik yoluxma sayı 30-dan 300-ə qalxıb. Burada hökumətin pis idarəçiliyinin çox aydın nəticəsi var. Vətəndaşlar da müəyyən mənada duyarlı olmalıdır. Sosial məsafəni qorumalıdırlar, maska ilə hərəkət etməlidirlər, mümkün qədər təmasdan qaçmalıdırlar, gigiyenik qaydalara əməl etməlidirlər.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti