Qaxdayıq. Yolun bura düşə, İlisu Dövlət Təbiət Qoruğuna baş çəkməyəsən, necə deyərlər günah olar. Onsuz da günah içindəyik, biri də niyə üstünə gəlsin zarafat düşüncəylə üz tuturuq qoruğa. Daha doğrusu, qoruğun rəhbərliyinə. Əvvəlcədən səfər barədə məlumatlı olan rəhbərlik telefon zəngindən az sonra özünü bizə yetirir. Şəhər paltarını soyunub çöl-bayır üçün münasib sayılanını geyinirik. Əslində dayandığımız yer özü də qoruğun ərazisinə daxil olsa da İlisu kəndinin ortasında oturub qəhrəmanımızla söhbətləşmək yox, təbiətin qoynuna sığınmağımız daha doğru olar deyibən Qum sahəsinə yollanırıq. Az keçmiş təbiətin özü təki təbii, səmimi bir söhbət başlayır.
Tanışlıq:
Muradov Azərçin Sabir oğlu 17 iyul 1969-cu ildə Qax şəhərində doğulub. 1986-1992 illərdə Rusiya Federasiyasında Voronej Meşə Texniki Akademiyasının Meşə Təsərrüfatı Fakultəsinində təhsil alıb. İxtisasca meşə, bağ və park təsərrüfatları mühəndisidir. 1992-ci ildən Qax meşə təsərrüfatında fəhlə kimi əmək fəaliyyətinə başlayıb.Bir il sonra baş iqtisadçınvəzifəsinə təyin edilib. 1997-ci ildən 2003-cü ilədək Qax meşə təsərrüfatında meşə ustası, sonra iki il İlisu Dövlət Təbiət Qoruğunda (DTQ) yeger vəzifəsində çalışıb. 2005-ci ildə İlisu DTQ-nin mühafizə üzrə direktor müavini vəzifəsinə irəli çəkilib. Səkkiz il sonra iş yeri qonşu rayona dəyişdirilib. Üç il Zaqatala DTQ-da direktoru əvəz edib. 2016-cı ildə yenidən Qaxa əvvəlki iş yerinə - İlisu DTQ-nun mühafizə üzrə direktor müavini vəzifəsinə qayıdıb. 2020-ci ilin avqust ayından İlisu DTQ-nun direktor əvəzidir.
Azərçin Muradov uzun illərdir elmi fəaliyyətlə məşğuldur. 2007-ci ildən İlisu DTQ-da (əsasən də Axar-baxar ərazisində) məməlilərin öyrənilməsi üzrə kompleks elmi tədqiqatlar (vüzual müşahidə, məməlilərin izlərinin və həyat fəaliyyətini sübut edən əlamətlərin müşahidəsi, onların ekologiyasi, say dinamikası, mövsümü miqrasiyası, yem bazası, rəqabət, ölüm səbəbləri və s., eləcədə foto-tələlər vasitəsilə distant metodlarla tədqiqatlar) aparır; Qax rayonunun xüsusi mühafizə olmayan digər ərazilərində də, məməlilərin tədqiqatı sahəsində bir sıra işlər görür. AMEA-nın Zoologiya İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "İlisu Dövlət Təbiət Qoruğunun iri yırtıcı və dırnaqlı məməliləri"(Qafqaz qonur ayısı – Ursus arctos, Canavar – Canis lupus L.1758, Avrasiya vaşaqı – Lynx lynx, Qaban – Sus scrofa, Qafqaz nəcib maralı – Cervus elaphus, Cüyür – Capreolus capreolus, Qarapaça köpgər – Rupicapra rupicapra, Şərqi Qafqaz turu – Capra cylindricornis) mövzusunda dissertasiya işi üzərində plana uyğun olaraq elmi fəaliyyətimi davam etdirir.
Hazırda İlisu DTQ-nin və Qax Dövlət Yasaqlığının (DY) dağ və dağətəyi ərazilərdə mövcud olan vəhşi dırnaqlılarının və yırtıcı məməlilərin populyasiyalarının sıxlığını, say dinamikasını, məhtudiyyət faktorlarını və s. tədqiq edir.
Bir neçə növ üzrə - Şərqi Qafqaz Turu (Capra cylindricornis) və Qarapaça köpgər (Rupicapra rupicapra) populyasiyalarının Qax rayonunun yüksək dağlıq və meşəlik ərazilərində biotoplar üzrə məskunlaşması (müxtəlif mövsümlərdə); Şərqi Qafqaz Turunun cinsi və yaş qruplarına görə biotoplardakı yerləşmə mövqeyi, mövsümlə əlaqəli miqrasiya və davranışları, yemi, yırtıcıların onların ölümlüyünə təsirə və digər ölüm səbəbləri, ekologiyası, morfofizioloji xüsusiyyətləri və s konkret material toplayıb.
2010-cu ildən Azərbaycanda həyata keçirilməkdə olan “Ceyranların Reintroduksiyası” layihəsi çərçivəsində Qax Dövlət Yasaqlığında (Acınohur çölü və ətraf ərazilərdə) ceyranın (Gazella subgutturosa) populyasiyasının bərpası, formalaşması, mühafizəsinin təşkili, akklimatizasiyasının öyrənilməsi, problemləri, təbii düşmənləri, antropogen təsirləri, və s. müşahidələrin aparılmasını, eləcə də, sayım monitorinqini təşkil edirəm.2014-cü ildən, hər il Acınohur və ətraf ərazilərdə ceyranların müşahidələrinin və sayım monitorinqinin düzgün təşkil edilməsi və aparılması üçün qoruq əməkdaşlarına treninqlər və seminarlar keçir, ərazilərə yaxın yaşayış məntəqələrində təbliğat işləri aparır.
İlisu DTQ-nin, Qax DY-nin və ümumiyyətlə Qax rayonunun digər ərazilərində onlarla tədqiqat marşrutları (piyada 1000 km-dən artıq məsafə qət edib) keçib və çöl-tədqiqat işlərində məməlilərin 6 dəstədən olan 73 növünün mövcud olduğunun tədqiq edib.
2009-cu ildə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasınının (FAİREX) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ilk Azərbaycan-Afrika elmi-idman ekspedisiyasının tərkibində Afrikanın ən yüksək zirvəsinə, Kilimancaro dağının "Uhuru" pikinə (5895m) qalxıb və ekspedisiya zamanı materikdə bioloji müxtəlifliyin öyrənilməsi məqsədilə elmi materiallar toplayıb.
2012-ci ildə “Pamir” elmi-idman ekspedisiyasının rəhbəri kimi, “Lenin” pikinə (7134m) uğurlu yürüşü baş tutub.
2016-2019 -cu illərdə Almaniya-Azərbaycan əməkdaşlığı çərçivəsində (WWF, KFW, GOPA dəstəyi ilə) həyata keçirilən “Ekokoridor” layihəsində Azərbaycanın Qax-Zaqatala bölgəsi üzrə fasilitator, “Meşələrin və s. landşaftların qiymətləndirilməsi” üzrə və “İri məməlilərin monitorinqi” üzrə ekspert olaraq çalışıb.
-Salam! Hər vaxtınız xeyir, Azərçin bəy! Qoruğun ərazisində görüşməyimizə şadıq. Ev yiyəsi kimi qonağı istiqanlıqla qarşılamağınız xoşdur.
- Əleyküm-salam! Aqibətiniz xeyir! Xoş gəlmisiniz! Biz də şadıq ki, fəaliyyətimizlə maraqlanır, diqqət göstərirsiniz. O ki qaldı ev yiyəsi məsələsinə, əslində hamımız bu dünyada qonağıq (gülür).
- Haqlısınız! Elə isə gəlin biz qonaqlar ev yiyəsi sayılan dünyadan, onun vacib hissəsi olan təbiətdən danışaq.
- Bildiyiniz kimi, bu çox geniş mövzudur. Yalnız qoruqlar barəsində saatlarla danışmaq mümkündür. Və bizim söhbətimiz də şübhəsiz ki, əsasən bu barədə olacaq.
Azərbaycanda qoruqçuluq işinin yaşı artıq bir əsri ötüb. Müəyyən ənənə formalaşıb, təcrübə yaranıb. İlisu Dövlət Təbiət Qoruğu yaşca cavandır. Otuz dörd il əvvəl - 1987-ci ildə kiçik bir hissədə yaradılıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra - 2003-2004-cü illərdə ərazisi genişlənib. Hazırda rayonun ərazisinin üçdə bir hissəsi təbiətin bir parçası kimi mühafizə olunan sahədir. Bunlardan 36836 hektar yasaqlığın, 17000 hektardan bir az artığı isə qoruğun ərazisinə daxildir. Xüsusi mühafizə olunan təbiət ərazisi əsasnaməsinə görə, hər iki subyektdə “Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri haqda qanun”un tələblərinə uyğun şəkildə mühafizə işi həyata keçirilir. Qismən təsərrüfat fəaliyyətinə icazə verilməklə, fauna elementləri qorunan yasaqlıqdan fərqli olaraq qoruq ən ağır mühafizə statusu sayılır. Təbii landşaftların təbii durumunun bu günə qədər qorunub saxlanılması və zənginləşdirilməsi perspektiv plandır və daim diqqət mərkəzindədir.
İlisu qoruğunda yalnız Azərbaycan, Qafqaz ekoregionu üçün deyil, sayının artması ilə həm də dünya üçün böyük əhəmiyyətə malik, qiymətli fauna, flora elementləri var. İşimizin səmərəliliyi baxımından fəaliyyətimizin əsas istiqamətlərini mühafizə rejimini mükəmməl təşkil etmək, hər hansı kənar müdaxilələrə yol verməmək, qanun pozuntularından insanları yayındırmaq üzrə qurmuşuq.
Ölkədə yırtıcı heyvanların yaşayış ərazilərinə yaxınlaşması, insanlara hücum etməsi ilə bağlı son dövlər çox xəbər dolaşır. Bu da səbəbsiz deyil. İnsan faktoru – adamların təbiətə müdaxiləsinin nəticəsidir. Halbuki bu həssas, xüsusi diqqət tələb edən məsələdir. Dünya təcrübəsindən bir misal çəkim: almanlar ikinci dünya müharibəsində məğlub olmuşdu, ölkə müflis vəziyyətdəydi. Onlar öz ərazilərindəki bütün meşələri qırdılar. Belədə tükənən meşələrdə bioloji müxtəliflik də məhv olur. Təsəvvür edin, iri yırtıcılar və digər iri heyvanlar tamamən sıradan çıxdı. Bundan sonra salınan texniki meşələrin ən yırtıcı sakini tülküdür. İndi orada nəcib maral, sığın, xallı maral düzən meşəliklərində yaşayırlar. Bizdə isə hamısı dağlara çəkilməyə məcburdur.
Söhbətimizin şirin yerində dərə boyu külək əsməyə başlayır. Mənə meşənin sıx yerində bu külək qəribə görünür. Amma burada da bir rəmz, məna tapıram. Yəqin havanın isti olduğunu görən ana təbiət mehiylə bizə rahatlıq vermək istəyir. Və açığı xəfif küləyin səsi, yarpaqların titrəməsi xoş hisslər oyadır. Şöhbətimiz öz axarında şirincə davam edir...
- Başqa bir problem düzən meşələrimizin kənarlarının bağlanmasıyla bağlıdır. Bu, heyvanların miqrasiyasına əngəl törədir. Əvvəllər dağın dibləri örüş otlaq sahələri idi. Bəs indi mənzərə necədir? Hər yer şəhərə dönüb. Hündür hasarlar çəkilib, heyvanların keçməsinə yer qalmayıb. Yırtıcı heyvanların dişindən qurtula biləcək sağlam nəsil fərdləri barədə düşünən yoxdur. Daha otyeyən heyvanlar həmin maneələrə görə qaçıb canını qurtara bilmir, yırtıcıların qurbanına çevrilirlər.
- Bəzilərinə yer-yurd azlıq edir, meşəni, çayı, dənizi çəpərləyir, ətrafı fikirləşmir...
- İnsan özünü dünyanın ağası, təbiətin hakimi kimi görür. Halbuki ekosistem piramida yox, kürə şəklindədir...
- Və insan zəncirvari dairənin bir halqasıdır...
- Tamamilə doğrudur! Bunu tam dərk etməyincə təbiətdə balansın pozulması və fəlakətlər qaçılmazdır. Hamının yeri, rolu var həyatda. Eləcə də ekosistemdə. Addımı düz atmayanda adam yıxılır. Təbiətdə də belədir. Düşünülmədən görülən iş fəsad verir. Adi misal, çox adam həyət-bacadakı ağacların yarpağını bir yerə yığıb yandırır. Atmosferi zibilləyən tüstü sonradan üstümüzə neçə cür xəstəliklə qayıdır. Amma yarpaqları yandırmasalar, çürüyər, torpağa fayda verər. Və fəsadlarla da üzləşmərik. Allahdan dünyanın, təbiətin nizamında görürük bunu. Sadəcə qorumaq, əməl etmək gərəkdir.
Adamlarımızın məişət tullantılarını hara gəldi atması dözülməz haldır. Təəssüf ki, nə hökumət strukturları, nə də bələdiyyələr bunun qarşısını almağı bacarmırlar. Tullantıların ətraf mühitə atılması çox zərərvericidir. Ürəyi istədiyi yerdə heyvan otarıb zibil atanın sonradan ayının niyə hücum etməsindən gileylənməsi məntiqsizdir. Özünü idarə etmək qabiliyyəti olmayanın hamının işini, eyni zamanda ekoloji balansı pozması uzun illərdir həllini tapmayan məsələlərdəndir.
- Ekoloq kimdir və bu sahədə maarifləndirmə işinin səviyyəsi necədir?
- Bu sualın cavabı millətini, dövlətini, onun tarixini, mədəniyyətini və o cümlədən təbiətini düşünən, təəssübünü çəkən insan, peşəkar yetişdirmək kimi çətin bir yoldan keçir. Kənardan baxıb eləcə danışmaq, kimisə asıb-kəsmək asandır. Məsələn, əksəriyyət bizim işin mahiyyətindən xəbərsizdir. Elə bilir ki, əksər yerdəki kimi burada da səhər saat 9-dan axşam 6-yadək çalışırlar. Əslindəsə qətiyyən belə deyil. Bizim işimizin nə konkret qrafiki, nə də yeri bəlli deyil. Zarafat gəlməsin, min hektarlarla ərazidir, hər yanı da açıq. Gün ərzində ayaq üstəyik. Qayda-qanun pozan vaxt-vədə bilmir ha. Bəzən gecə vaxtı brokonerin qarşısını almalı oluruq. Bu məsələ sadəcə cərimələməklə bitmir. Əməkdaşların həyatı üçün təhlükə hər an labüddür. Çünki brokoner silahlıdır və çox vaxt ipə-sapa yatmaq istəmir. Silahsız qoruqçunun beləsiylə üz-üzə gəlməsini təsəvvür edin. Bizə dünyanın aparıcı ölkələrinin təcrübəsi gərəkdir. Götürək Almaniyanı. Bir yeger tam təchiz olunmuş halda 50 min hektar əraziyə nəzarət edir. Bəli, bizim qoruqdan böyük əraziyə cəmi bir nəfər mütəxəssis kifayətdir. Ölkədə qanunların işləmə mexanizmi və cəmiyyətdə maarifçilik işinin səviyyəsi nəticəsində bu mümkündür.
İl boyu ova lisenziya verilən Almaniyada cüyürün, maralın, donuzun mövsümsüz ovuna məhdudiyyət qoyulmur. Bunun səbəbi heyvanların sayının artımıyla bağlıdır. Üstəlik əkin sahələri, həyətlər də çoxdur. İl ərzində lisenziya ilə Almaniyada ovlanan xallı maralın sayı 4-5 min, nəcib maralınsa 70 mindir. Deyilən rəqəm oradakı heyvan növlərinin populyasiyasının 25-30 faizini keçmir. Gözünüzün qarşısına gətirin, evlərdən, küçələrdən baxanda hər yerdə cüyür görünür. Belə gözəl mənzərəni görməksə sanki bizim bəxtimizə yazılmayıb. Səbəb də budur ki, nəfsimizə qalib gələ bilmirik. Qərb ölkələrində ceyran, cüyür və s. onlar üçün adi elementlərdir, bizdə bu heyvanların adını “Qırmızı kitab”dan oxuyuruq. Təkcə avtomobil qəzasından Almaniyada, Polşada 20-30 min cüyür ölür. Ümumilikdə bizdə o qədər heyvanın olması faktı sual altındadır.
Dədə-babalarımız ta qədimdən bəri ovçuluqla məşğul olublar. Eyni zamanda əcdadlarımız heyvanları qorumaq barədə də düşünüblər. Öz hisslərini mahnılarla, bayatılarla, digər incəsənət nümunələriylə ifadə ediblər. Yeri gəlmişkən, şahlar, xanlar, bəylər ceyran-cüyürü, kəklik, turac, qırqovulu qırıb-çatmayıblar, ümumən hər şeyin qədrini və qədərini biliblər.
Ceyran ədəbiyyatımızda və incəsənətimizdə gözəllik simvoludur. Hazırda Azərbaycanda, deyilənə görə, 7000-dən çox ceyran var. Və onların əsas populyasiyası Şirvan Milli Parkındadır. Acınohur çölündə ceyranı bərpa etmişik, Mingəçevirin ərazisində də rast gəlinir. Bu, Azərbaycanda həm ekoloji, həm də beynəlxalq səviyyədə bir öhdəlikdir. Qafqazda yalnız Azərbaycanda ceyran qorunub saxlanılır. Əlbəttə, biz bununla fəxr edir, öyünürük. Amma bir zamanlar mərhum akademik Həsən Əliyev həyəcan təbili çalmasaydı, ceyranın mühafizə statusu yaranmayacaqdı və yəqin bu gün bizdə ona rast gəlinməyəcəkdi. Çünki o vaxtlar Azərbaycanda yarımsəhra və çöllərdə cəmi 200-ə yaxın ceyran qalmışdı. İndisə bayaq dediyim kimi onların sayı təqribən 7000-dir. Lakin bu balaca rəqəmdir. Allah eləməsin, epidemiya olsa, ceyranları xilas etmək müşkülə dönəcək.
Ətraf mühitə biganə yanaşılmaması üçün sosial şəbəkələrdə həmişə çağırış edirəm, bilirsiniz. Heyvanları çox sevdiyimə ağız büzənlərə demək istəyirəm ki, heyvanlara, ümumən təbiətə tolerant münasibətə ehtiyac var. İnsanları təbii ki, heyvanatdan çox sevirəm. Bu sevgi vətənimə, millətimə, dilimə, tariximə məhəbbətdən qaynaqlanır. Azərbaycan dünyanın ən tolerant ölkəsidir və burada hamıya hər zaman hörmət, ehtiram göstərilib. Bax, bu mehribanlığımızı, sevgimizi təbiətdən də əsirgəməməliyik. Dözümlüyümüz və nəfsimizə hakimliyimizlə təbiətin daha gözəl mənzərəsinin yaranmasına nail ola bilərik. Mənim əsas arzum budur. Mənəvi qidalanmaq istəyənlər təbiətin qorunmasında daha maraqlıdırlar. Kaş, hamı bunu dərk edəydi.
Avqust ayı gələn kimi qozları çırpmağa başlayırlar. Buna min bir bəhanə tapırlar. Halbuki, qoz istəyən yaxşı olar ki, ağacın dibinə tökülənləri yığsın. Ağacı qırmaq, zədələmək yaramaz! İstər meşədən müəyyən istifadə, istər qanunsuz ov, istərsə də ağacın kəsilməsi olsun – fəaliyyətimizdə bunlara qarşı amansızıq. Deyilən məsələlər nəzarətsiz qalmamalıdır. Təbiətdən o vaxt istifadə məqbul sayılar ki, səndə o elementdən yetərincə olsun.
Bizdə ev heyvanlarının müayinəsi, qan alınması sistematik, planlı şəkildə yox, başdansovdu aparılır. Bəziləri təsəvvür etmir ki, ev heyvanlarından təbiətdə olan heyvanlara xəstəliyin keçməsi yanğınlardan daha təhlükəlidir. Ona görə də heyvanlarda hansısa xəstəlik olanda dövlətin münasibət bildirib, problemin həllinə çalışması vacibdir.
Yanğın demişkən, çox vaxt meşə və yaşıllıqların yanğından ziyan görməsinin səbəbi təsərrüfat subyektlərinin bilərəkdən əkin sahələrinə məhsul yığımından sonra (yay şumu ərəfəsində) od vurması olur. Sahənin ətrafını şumlasalar belə, yanğın ətraf ərazilərə yayılır və bu meşə yanğınlarına gətirib çıxarır. Nə qədər ki, bu subyektlər cəzasız, nəzarətsiz qalacaq, ətraf mühit - meşə və sair biosenozlarımız məhv olmaqda davam edəcək, təhlükəli səhralaşma prosesləri başlayacaq. Biz gecə-gündüz növbə çəkdiyimiz kimi, digər aidiyyatı qurumun vəzifəsini məsuliyyətlə yerinə yetirməsinə ehtiyac var.
-Belə görünür ki, “Qırmızı kitab” hələ də aktuallığını itirməyib...
Düzünə qalsa, “Qırmızı kitab” bizim başımızı aşağı edir. Azərbaycanda ov statusu olan elementlər var. Buna baxmayaraq onların düzgün monitorinqi keçirilməyib. Yəni sayı, hansı xüsusi ov üçün icazə verilən ərazilərin dəqiq təsnifatı yoxdur. Bu sahədə maarifləndirmə işi zəifdir. Halbuki bunun tədrisi belə zəruridir. Elədə Azərbaycanın “Qırmızı kitabı”na 200-dən çox heyvan, 300-dən çox bitki növü daxil olduğunu bilər, anlayardılar. Xüsusi müasir statuslu, zəngin flora və fauna elementlərinə malik ölkədə başqa bir münasibətin olması təəssüf doğurur. Daha dəqiq desək, bəlli mənzərə əhalimizin, cəmiyyətin bu günə qədər olan münasibətsizliyinin nəticəsidir. Vətənimizin geofiziki şəraiti, təbiəti, landşaftı o qədər zəngindir ki, heyvanlar populyasiya səviyyəsində yox, növ səviyyəsində az da olsa qorunub saxlanıb. Növ zənginliyinə baxmayaraq populyasiyaların dayanıqlığı, böyüklüyü, yetərliliyi ürəkaçan deyil. “Qırmızı kitab”a düşən elementlərin sayının çoxluğu yetərliliyin olmaması, nəsil tükənmə təhlükəsinin labüdlüyüdür. Demək, “Qırmızı kitab” bizim utanc yerimizdir. Fauna, floranın zəənginliyini qoruyub saxlaya bilsək, belə kitaba ehtiyac qalmaz.
Azərbaycan landşaftında bir sıra heyvanların yenidən bərpa olunması üçün müəyyən addımlar atılıb. Nəcib canlıların bərpası üçün dövlətimiz, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dəstək verir. Həm tədris, həm təbliğat sahəsində Heydər Əliyev Fondu, o cümlədən Leyla Əliyeva çox gərəkli işlər görüb. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndələri ilə birlikdə bu günə qədər ceyranların, bizonların Azərbaycan landşaftında yenidən bərpa olunması kimi böyük layihəni həyata keçiriblər. Hazırda üzərində çalışdığımız bezuar keçilərinin Böyük Qafqazda, İlisu Dövlət Təbiət Qoruğunda və Qobustan Milli Parkında bərpası layihəsi də çox əhəmiyyətlidir.
Azərbaycanda 2000-ə yaxın bezuar keçisi var. Bu aşağı göstəricidir. Əsas populyasiyası Naxçıvan Muxtar Republikasındadır. Az qismisə Kəpəz dağı istiqamətindədir. İlisu Dövlət Təbiət Qoruğunda, yəni Böyük Qafqaz dağlarında isə otuz il əvvəllədək bezuar keçilərinə rast gəlmirdik. Bəzilərinin amansızlığı, nəfsinin itiliyi deyilən növ keçilərin sayının azalmasıyla nəticələnib. Axır vaxtlaracan rayonumuzun ərazisində bezuar keçilərinin qorunmasıyla bağlı məlumatlar var.
İlisu Dövlət Təbiət Qoruğunda, Qax ərazisində, ova icazə verilmiş ərazilərdə və yasaqlıqlarda təkənin, Şərqi Qafqaz turunun sayı 4000-5000-ə çatırdısa, hazırda yarıya düşüb. Burada yaşlı, iri buynuzlu heyvanlar var və biz onların öldürülməsini istəmirik. Təəssüf ki, buna marağı olan külli miqdarda pul verməyə hazır adamlar var.
2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ETSN ceyranın reintroduksiyası (əvvəllər həmin biosenozda və ya ekosistemdə mövcud olmuş, lakin nəsli kəsilmiş növün yenidən bərpa olunması) və Qax rayonunun Acınohur ərazilərinə ceyran buraxılması ilə bağlı layihə həyata keçirib. Neçə ildir davam edən bu layihə çərçivəsində 60-dan çox heyvan Şirvan Milli Parkından tutularaq Acınohur ərazisinə gətirildi. Gəlmə heyvanlar bir müddət həm antropogen, həm təbiət, həm adaptasiya problemləriylə üzləşdilər. 2003-2004-cü illərdə iqlimin dəyişkənliyi ilə əlaqədar ərazilərə bir damcı yağış düşmədi, quraqlıq oldu. Təbiətdə cəmi 5-6 il yaşayan ceyran çox həssas heyvandır. Narahatlıq, həyəcan, qorxu olmasa nəsil verir, əks halda ərazidən köçür. Şükür ki, qorundu, saxlandı və Acınohur nailiyyətimizə görə sevindik. Belə bir təcrübə Qobustan rayonunun ərazisində, Abşeron Milli Parkında da uğurla sınaqdan çıxarıldı.
Digər növlərin bərpası xeyli maliyyə tələb edir və müəyyən maneələri aşmaq lazım gəlir. Bərpa etmək və müxtəlif növ heyvanları qoruğa buraxmaqla iş bitmir, onları yaşada bilməkdir əsas məqsəd. Canlıların dərdini bilmək, ərazilərə uyğunlaşmasına diqqət yetirmək çətin işdir. Monitorinqlər keçirmədən, ardıcıl şəkildə yoxlamalar aparıb populyasiyanın vəziyyətini öyrənmədən nəyəsə nail olmaq reallıqdan uzaqdır. İsmayıllı rayonundakı təki bizim rayonda, dağlarımızda bizonun bərpa olunmasına yalnız sevinə bilərik. Bu məsələnin həlli turizmin inkişafına böyük töhfə verəcək. Qax ölkəmizdə turizmi potensialına görə seçilən, sözünü deyən rayondur. Və burada turizm işini daha da maraqlı etmək üçün İlisu Dövlət Təbiət Qoruğunun tezliklə milli parka çevrilməsinə ehtiyac var. Nəhayət, bu qədər söhbətdən sonra hazırda deyilən istiqamətdə ciddi işlər getdiyini fərəhlə söyləyə bilərəm. İnanıram ki, inşallah növbəti səfərinizdə artıq İlisu yeni statusda sizi qarşalayacaq.
- Dolğun, maraqlı söhbətə görə minnətdaram. Ümid edək ki, bu gün burada küləyin səsindən, yarpaqların pıçıltısından zövq aldığımız təki, inşallah insanlar özünü dağ-daşdan, ağacdan, yarpaqdan, sudan, torpaqdan ayırmayacaq, təbiətin bir parçası sanacaq və rahatlığı dünyayla harmoniyada tapacaq.
- Bəli, mən də bunu arzulayır və ümid edirəm. Sizə səfərinizə və diqqətinizə görə təşəkkürümü bildirirəm. İnanmaq istəyirəm ki, növbəti görüşlərimizdə söhbətimiz yalnız xoş notlara köklənəcək, çatışmazlıqlar, narahatlıqlarla bağlı giley-güzardan yox, uğurlarımız və bütövlükdə cəmiyyətin fəal təbiətsevər münasibətindən danışacağıq.
Vaxtın necə keçdiyindən xəbərsizik. Onda duyuq düşürük ki, axşamüstüdür. Peşəsini çox sevən və işinin bilicisi olan Azərçin bəyin sözü-söhbəti bitib-tükənən deyil. Amma özü eyhamca yekunlaşmağa meylliyini hiss elətdirir. İstiqanlığın, qonaqpərvərliyin o biri tərəfi qalıb axı. Elimizin yazılmamış qaydasına uyğun bir tikə çörək kəsməyi deyirəm. Hətçənd arada vaxt tapıb çay içmişik. Amma bizim uzaq yol gəldiyimiz və elə az sonra işə başladığımızdan yana narahatdır. Odur ki, söhbətimizi xətm eləyirik. Süfrə başına yığışırıq. Səmimi deyim ki, təamlar içərisində ova aid heç nə yoxdur. Buna nə o qol qoyan deyil, nə də biz. Yoxsa, səhərdən bəri danışdığımızın nə mənası oldu? Doğrumu?
Leave a review