Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov “Şəhərsalma və Tikinti Məcəlləsi”ni pozaraq Pirallahıda 750 ha torpaqdan özbaşına olaraq istifadə etməyə başlayıblar.
Bu fakt fərdi tikinti zamanı “məlumatlandırma icraatı” probleminin araşdırılması zamanı ortaya çıxıb.
Nazirlər Kabineti aparatının rəhbəri Ağabala Hacıyevin adına olan 6 noyabr 2015-ci il tarixli məktubda Vasif İmanov bildirib ki, Pirallahı qəsəbəsinin baş və müfəssəl planları hazırlanıb. Eyni zamanda Pirallahı rayonunun perspektiv inkişaf planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının 25 noyabr 2014-cü il 559 saylı qərarı ilə Gürgən inzibati ərazisində 750 ha torpaq ayrılıb ki, burada da layihə işləri aparılır.
Pirallahı İcra Hakimiyyətindən Turan-a bildirilib ki, bu məqsədlə Pirallahi MMC yaradılıb.
Baş nazir Artur Rasizadəyə ünvanlanan hansısa yaşayış məntəqəsinin və ya şəhərin tikintisi haqda hansısa dövlət qərarının olması barədə Turan-ın informasiya sorğusu cavabsız qalıb. Nazirlər Kabineti sorğunu Pirallahı İcra Hakimiyyətinə yenidən göndərib.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin adına olan məktubda Pirallahı İH başçısının müavini Vasif Səfixanov bildirib ki, “Məcəllənin 24.1 maddəsinə və həmin məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ saylı qanununun tətbii barədə Azərbaycan prezidentinin 4 sentyabr 2012-ci il 695 saylı fərmanının 4.4-cü bəndinə əsasən ərazi planlaşdırılmasının sifarişçisi qismində ümumi və baş planlara münasibətdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, müfəssəl planlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları çıxış edir.
Lakin qeyd etmək lazımdır ki, müfəssəl planlar da ümumi və baş planların əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) razılığı ilə hazırlanır ki, bu da edilməyib.
Turan agentliyi DŞAK-dan iki cavab alıb. Birinci məktubda Pirallahı şəhərində tikinti ilə əlaqədar vətəndaşların fərdi inşaat işlərinin dayandırılması barədə fikir təkzib edilir.
Noyabrın 3-də Mehman Əliyevin adına ünvanlanan məktubda DŞAK rəhbərinin müavini Dövlətxan Dövlətxanov bildirib ki, “Pirallahı rayonu ərazisində vətəndaşların fərdi tikinti işləri aparmasının qadağan olunması barədə Komitədə heç bir informasiya yoxdur”. Halbuki, qadağa arqumentindən rayonda tikintinin qarşısının alınmasında istifadə olunur.
Noyabrn 25-də Pirallahı üzrə baş və müfəssəl planların olması və yaşayış massivi adı altında 750 ha torpağın ayrılması barədə Turan-ın informasiya sorğusuna cavab olaraq D.Dövlətxanov aşağıdakı cavabı verib:
1. Pirallahı qəsəbəsinin baş və müfəssəl planları Komitəyə təqdim edilməyib;
2. Gürgən inzibati ərazisində yeni yaşayış massivinin salınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə müraciət olunmayıb;
3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq baş planlar Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında işlənilir və Nazirlər Kabineti tərəfindən təsdiq olunur;
4. Yaşayış massivlərinin salınması üçün torpaq sahələrinin ayrılması təsdiq edilmiş ərazi planlaşdırılması (baş plan, müfəssəl plan) sənədlərinə əsasən həyata keçirilir.
Deməli, belə çıxır ki, Pirallahı İcra Hakimiyyəti vətəndaşları və hökuməti aldadır. Paytaxt və Pirallahı İcra hakimiyyətlərinin qanundan yan keçməklə əlbir olması faktiki göz qabağındadır.
Bu yaxınlarda “məlumatlandırma icraatı” məsələsi ortaya çıxanda noyabrın 23-də prezident İlham Əliyev “Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliyin edilməsi haqqında” 30 sentyabr 2015-ci il tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb. Bunlar şəxslər tərəfindən torpaq sahələrinin özbaşına zəbt edilməsinə, xidməti vəzifədən istifadə edərək dövlət mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərarların qəbuluna görə 10 min manatadək cərimə və ya 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Növbəti şərhlər yuxarı dövlət orqanlarınındır.—0—
Rəy yaz