AR baş naziri cənab Artur Rasizadəyə
Hörmətli cənablar,
Mənim maraqlı dövlət qurumları ilə çoxsaylı yazışmalarımdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri Dövlətxan Dövlətxanovun şəxsində nəhayət Bakı şəhər İcra Hakimiyyətinin Şəhərsalma və Memarlıq İdarəsinin 21 fevral 2014-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ı tətbiq etməsi barədə hökm çıxarıb. 24 fevral tarixli 02/06-NK/Ə-05-280 nömrəli məktubda deyilir ki, fərdi ev tikənlər barəsində “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar” tətbiq edilə bilməz. Qaydalar ərazi planlaşdırılması (ümumi, baş planlar) layihələrinin işlənib hazırlanması zamanı ayrılmış torpaq sahələrinə tətbiq edilən normativ sənəddir. Bu sənədin müddəaları ayrı-ayrı obyekt tikənlərə şamil edilmir.
Dövlətxanov bu məktubun surətini Bakı Şəhər İcra Hakimiyyətinə də göndərib. Bu, o deməkdir ki, İH-nin qanunsuz əməllərdən, yəni vətəndaşların fərdi qaydada təqdim etdiyi tikinti layihələrinin qiymətləndirilməsi zamanı Qaydaların tətbiq edilməsindən xəbəri var.
Artıq bildirdiyim kimi, söhbət “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin (bir mərtəbənin sahəsinin torpaq ərazisinin sahəsinin 20%-dən çox olmasının yolverilməz olduğu barədə) tətbiqindən gedir.
Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsindən də (hasara qədər ara məsafə evin divarının yüksəkliyinin 0,6 hissəsinə bərabər olmalıdır) bu şəkildə istifadə olunur. Bu maddə fərdi ev tikənlərə şamil olunur. Amma sonuncu araşdırmam göstərib ki, 2013-cü ilin mart ayında Məcəlləyə dəyişiklik edilib və bu dəyişiklik icra hakimiyyəti tərəfindən gizlədilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında yerləşdirilmiş Məcəllədə bu dəyişiklik əksini tapıb. Söhbət 69.5.2-1-ci maddədən gedir. Bu maddədə deyilir ki, 80-ci (məlumatlandırma icraatı) maddənin tətbiqi zamanı evin divarından torpaq sahəsinin sərhədinə (hasara) qədər ara məsafə evin divarının yüksəkliyinin 0,3 hissəsinə bərabər ola bilər. Maraqlıdır ki, bundan əvvəl bu mövzuda dərc edilmiş hər üç yazıda ara məsafə 0,6 (BŞİH Şəhərsalma və Memarlıq İdarəsinin tələbi belədir) olaraq göstərilib və heç bir dövlət orqanı bu məlumatı təkzib etməyib. Bu, o deməkdir ki, Məcəllənin 69.5.2-1-ci maddəsi tamah məqsədilə qəsdən gizlədilir.
Bütün bu faktlardan ya tikinti başlamazdan əvvəl tikinti həyata keçirən şəxslərdən pul tələb etmək, ya da yenə də daha böyük ölçüdə rüşvət almaq üçün onlara artıq tikilmiş mənzil üzərində mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmək üçün istifadə olunur.
Dövlətxanovun məktubunda həmçinin qeyd edilir ki, qüvvədə olan qanunvericiliyə əsasən, ara məsafə haqqında normalara riayət olunmasına, eləcə də bütünlükdə tikintiyə nəzarət Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Martın 16-da FH naziri Kəmaləddin Həydərova fərdi tikinti ilə bağlı nazirliyin tikintiyə nəzarət üzrə fəaliyyəti haqqında informasiya sorğusu göndərilib. Amma cavab gəlməyib.
Cənab Dövlətxanov növbəti dəfə təsdiq edib ki, daha əvvəl yazdığım kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun Pirallahı rayonuna yaşayış massivinin tikintisi üçün 750 ha torpaq sahəsi ayırması DŞAK və Nazirlər Kabinetinin tələbləri nəzərə alınmadan, qanunsuz həyata keçirilib.
Hörmətli cənablar, sizdən BŞİH tərəfindən tikinti icazələrinin verilməsi zamanı qanun pozuntularının qarşısının alınması üzrə təxirəsalınmaz tədbirlər görməyinizi, habelə Qaydaların və Məcəllənin sözügedən müddəalarını işlək vəziyyətə gətirməyinizi, yaxud gələcəkdə məmurlar tərəfindən sui-istifadələrdən qaçmaq üçün onları ləğv etməyinizi xahiş edirəm.
Həmçinin, sizi qanunvericiliyin bu müddəalarından şəxsi məqsədlərlə istifadə etmiş, habelə sanitar normaları və Bakının şəhərsalma landşaftını pozan tikintiyə yol vermiş məmurları cinayət məsuliyyətinə cəlb etməyə çağırıram. Əminəm ki, Qaydaların və Məcəllənin müddəalarının pozulması ilə ev tikmiş şəxslərin dindirilməsi bu sahədə korrupsiya miqyasını üzə çıxaracaq. Həmçinin xatırladıram ki, sözügedən məsələlər jurnalist məqalələrində öz əksini tapıb:
https://turan.az/ext/news/2016/3/free/Want_to_Say/az/52530.htm/007
Rəy yaz