Son yenilənmə

(30 d. əvvəl)
Erməni KİV-i sülhməramlı mesajlara   diqqət ayırmayıb

Bakı/13.12.20/Turan: Bakıda Türkiyə prezidenti R.T.Ərdoğan Ermənistanın iqtisadi altılığın: "Altılıq platforması"nın (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan)  fəaliyyətində iştirakının mümkünlüyünü elan edib. Ərdoğanın ideyasını prezident İ.Əliyev dəstəkləyir və o da Türkiyə prezidenti kimi, bu ölkənin dəvət olunmasını Qarabağ ətrafında yeni müharibədən sonrakı reallıqları tanıması ilə şərtləndirir. Dekabrın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da "Altılıq platforması"nı təqdir edib.

Dekabrın 10-da Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, Ermənistandakı ağır sistemli böhrandan çıxmaq üçün yol xəritəsi hazırlayıb. Bu ölkənin KİV-də yol xəritəsinə Ermənistanın Azərbaycanla iqtisadi əməkdaşlığına dair bəndin daxil edilməsindən danışılmır. Elə həmin gün Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan

paradda çıxış edərkən Ermənistandakı tarixi Azərbaycan torpaqlarından danışan prezident İ.Əliyevin sözlərini şərh edərək deyib ki, "azərbaycanlıların Arsax ermənilərinə qarşı yeni soyqırım cəhdlərinin qarşısını almağın yolu kimi Arsax ermənilərinin özünütəyin hüququnun beynəlxalq səviyyədə tanınması daha aktualdır".

Nə M.Gevorqyan, erməni mətbuatı, nə də heç bir yerevanlı siyasətçi R.T. Ərdoğanla İ.Əliyevin çıxışlarının bir hissəsinə toxunmayıblar. Həmin hissədə onlar əgər Yerevan digər dövlətlərə qarşı ərazi iddialarından əl çəkərsə, Ermənistanı iqtisadi əməkdaşlığa dəvət ediblər.

Yalnız Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Azərbaycanla biznes əlaqələrində ölkə iqtisadiyyatının bərpası perspektivinə müsbət reaksiya verib. O deyib ki, sərhədlərin açılması Ermənistanın iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək və onun məhsullarının dünya səviyyəsinə çıxarılmasına kömək edəcək. O, Türkiyə limanlarından istifadəni və Azərbaycanla birgə bazar biznesini mümkün hesab edir. Ermənistanın iqtisadiyyat naziri Azərbaycanın Sumqayıt şəhərində yeni sənaye habına marağını ifadə edib. Lakin ertəsi gün yerli mətbuat və siyasətçilər tərəfindən müqavimətlə üzləşən Kerobyan jurnalistlərdən "onun sözlərini kontekstdən çıxarmamağı" xahiş edib.

Hələlik yaxın zamanlarda Azərbaycan-Ermənistan iqtisadi əməkdaşlığından danışmağa dəyməz. Lakin 2020-ci il noyabrın 10-da imzalanmış Qarabağ üzrə üçtərəfli bəyanatın məntiqi sənədi imzalayanların sülhü və iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətindən xəbər verir.  

Bu barədə bəyanatın Ermənistanın Mehri sahəsilə Azərbaycan və onun Naxçıvan ərazisi arasında dəmir yolunun açılmasına həsr olunmuş doqquzuncu bəndində deyilir. Azərbaycan Ermənistanla ticarətdən hansı digər iqtisadi preferensiyalar əldə edə bilər?

Ermənistan iqtisadiyyatı Rusiyaya satdıqlarını təklif edə bilər, bu, erməni biznesi üçün ən əlverişli və geniş xarici bazardır. 2020-ci ilin yanvar — iyul aylarında Ermənistan Rusiyaya qiymətli metalların yarımfabrikatlarını (ixrac kəskin şəkildə azalıb-278 mln. dollara qədər), dəmir ərintiləri (59 mln.dollar) və siqaret (106 mln. dollar), mis və digər konsentrat (332 mln. dollar), təzə meyvə-tərəvəz (44 mln. dollar), geyim (51 mln. dollar) və konyak (83 mln. dollar) ixrac edib.

İqtisad elmləri namizədi Şahmar Ağabalayev Azərbaycanla Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin bərpası ətrafında polemika aparılmasına başlanmasını vaxtından əvvəl hesab edir. O, Turan-a müsahibəsində xatırladıb ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi bağlanmayıb. Ermənistanda revanşist əhval - ruhiyyə hələlik çox güclüdür. Erməni diplomatiyasının birinci dərəcəli vəzifəsi "DQR-in müstəqilliyinin" tanınmasıdır. Bu yaxınlarda Hadrut rayonunda Azercel şirkətinin işçilərinə və bizim hərbçilərə qarşı təxribat olub. Buna görə də çətin ki hazırda bizim cəmiyyət və biznes elitamız bu əlaqələrin tezliklə bərpa olunmasında maraqlı olsun.

"Digər tərəfdən, erməni malları çətin ki bizim istehlakçı üçün maraqlı olsun. Ermənistanın ixraca təqdim etdiyi məhsullar: siqaret, konyak, kənd təsərrüfatı məhsulları, geyim, ayaqqabı bizim bazarda digər ölkələrin istehsalçıları tərəfindən geniş təmsil olunur.

“Made in Armenia” markası altında mallar Azərbaycanda satılan mallarla çətin ki rəqabət apara bilsin. Erməni konyakı içən və ya siqareti çəkən azərbaycanlını təsəvvür etmək çətindir.

Ticarət münasibətlərimizin canlanması üçüncü ölkələrdə (Gürcüstanda) fərdi vətəndaşlar arasında başlaya bilər. Əgər əvvəllər erməni mallarının alınması və bizim ərazimizə keçirilməsinin qarşısı dövlət orqanları tərəfindən alınırdısa, indi bunda problem olmayacaq. Beləliklə, Azərbaycan cəmiyyəti və bazarı tədricən bu məhsulların meydana çıxmasına adaptasiya olacaq. Gələcəkdə iri biznesin sırası gələ bilər.

Mətbuatda yazılar göstərir ki, bizim yeyinti sənayesinin məhsullarına Ermənistan bazarında tələbat var. Öncə “Azersun” şirkətinin Gürcüstandakı topdansatış anbarları erməni kommersantlara öz məhsullarının satışına başlaya bilər. Beləliklə, hərbi ritorikadan çəkilərək iqtisadiyyatda sülhə doğru yaxınlaşma başlaya bilər. Bizim neft sənayesi məhsullarının Ermənistana tədarükü ilə dövlətlərarası səviyyədə ticarət münasibətlərinin başlanmasını istisna etmək olmaz, iqtisadçı Ş,Ağabalayev fikrini yekunlaşdırıb.

Əlavə edək ki, dəfələrlə Ermənistan mətbuatında bu ölkənin mağazalarında “Azersun” Azərbaycan çayının və ya bizim çayın topdansatış şəklində firma qablaşdırılması olmadan satılması barədə məlumat verilib. Azərbaycanda yığılan avtomobillərin ixracının planlaşdırılması zamanı isə istehsalçı maşınları bütün regionda satmaq niyyətində olduğunu bəyan edib.--0--

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti