Meydan TV

Meydan TV

2020-ci il iyulun 14-də müstəqil Azərbaycan tarixində ölkənin bütün elitalarının dərin mənəvi böhranını nümayiş etdirən qeyri-adi hadisə baş verib. Həmin gün axşam minlərlə insan Azadlıq meydanına axışaraq, Ermənistanın növbəti təcavüz aktına etiraz edib. Daha sonra sayı artan iştirakçılar Şəhidlər Xiyabanına doğru yürüşə başlayıb, Milli Məclisin qarşısındakı meydanı və ona bitişik küçələri doldurublar. Həmin vaxt mitinqin on minlərlə iştirakçısı olduğunu əminliklə deyə bilərik və iyulun 14-də gecə və 15-də səhər (saat 3-də) bu say artmaqda davam edirdi. Vədlərə baxmayaraq (əsasən şaiyələrə), mitinq iştirakçılarının qarşısına heç kim çıxmayıb, müdafiə nazirinin hamının evlərinə getməli, səhər hərbi xidmətə çağırış şöbələrinə gedib hərbi əməliyyatlarda iştirak üçün könüllü kimi qeydiyyata düşməli olduqları haqqında qeyri-rəsmi sözlərini nəzərə almasaq, heç kim onlara müraciət etməyib.

Vəziyyətin qeyri-adiliyi ondadır ki, kritik anda xalq öz elitasından, onun sözlərindən, məsləhətlərindən, dəstəyindən məhrum qalıb. Demək olar ki, heç vaxt belə bir şey olmamışdı və məhz bu, dərin mənəvi böhranın sübutudur.

Bu arada, orduya dəstək üçün keçirilən kortəbii mitinq getdikcə daha xaotik xarakter alırdı: xalqın səsinə səs verilməməsi qəzəbə səbəb oldu, qəzəb ağlın radikallaşmasına təkan verdi, radikallaşma bir sıra iğtişaşlara çevrildi (devrilən polis maşını, icazəsiz Milli Məclisin foyesinə daxil olma cəhdi və s.), iğtişaşlar polisin nümayişçilərin dağıdılması üzrə ənənəvi aksiyasına (supüskürdənlər, qaz bombaları və s.) və kortəbii mitinq iştirakçılarının həbslərinə gətirib çıxardı. Bu müddət ərzində isə Azərbaycanın bütün telekanalları dövlət televiziyasının - AzTV-nin bilavasitə yaxınlığında baş verən hadisələrdən başqa hər şey nümayiş etdirirdilər. Meydandan yalnız könüllülər canlı yayım həyata keçirirdilər, onlar əvvəlcədən hazırlanmış, - təbii ki, hökumət əleyhinə - aksiyada iştirakda ittiham oluna bilərlər. Əfsuslar olsun! Gizlənən elitanın gizli özünə bəraət qazandırması forması kimi 14-15 iyul mitinqinin təşkilatçıları haqqında miflər və yarım həqiqət artıq yerli KİV-lərdə yayılıb və müxtəlif dərəcədə uğurla xarici informasiya bazarında satılır.

İyulun 14-dən 15-nə keçən gecə Azərbaycan xalqının öz elitası: siyasətçiləri, hərbiçiləri, biznesmenləri, ruhaniləri, mədəniyyət və elm sahəsindən ziyalıları ilə birləşməsinin başlanğıcı üçün tarixi fürsət əldən verilib - bu elitaların nümayəndələrindən heç kim öz xalqı ilə dialoqa başlamaq şücaəti göstərməyib. Xalqla dialoq aparmağa gizli qadağa olması, bu cəhdlərin isə dövlətçiliyin təməllərinə xələl gətirməklə eyni cür cəzalandırılması haqqında bəhanələr (açıq şəkildə dilə gətirilməsə də) nə dərəcədə əsaslıdır? Prinsipcə, bu, doğrudur və “icazəsiz” addımlara cürət etmiş təşkilatlara və ayrı-ayrı şəxslərə qarşı onlarla amansız özbaşınalıq nümunəsi bunu təsdiq edir. Amma cəza tədbirlərinin gözlənilən nəticələrlə başa çatmadığı bir vaxt gəlib çatıb. Və keçirilmiş mitinqdən çıxan nəticə bunu təsdiq edir.

Amma buradan çıxan əsas nəticə ondan ibarətdir ki, bizim elitamız, biz hamımız yaşadığımız ölkəni tanımırıq. Biz Azərbaycanı qərəzsiz şəkildə tədqiq etmək və obyektiv nəticələri cəmiyyətin və dövlətin diqqətinə çatdırmaq cəsarətinə malik olmaq üçün kifayət qədər tənbəl və qorxaq idik. Bax, buna görə əgər… Əgər dəyişməyə başlamasaq, əgər bu gün Azərbaycan dövlətçiliyinin nə qədər dəhşətli təhlükəyə məruz qaldığını, yaxın gələcəkdə bizi hansı risklərin gözlədiyini, yeni beynəlxalq nizam-intizamın bizə necə çətinliklər yarada biləcəyini dərk etməsək, ötən mitinq kimi hadisələr həmişə əvvəlcədən təxmin edilə bilməyəcək, onlar daim şok olacaq, daha ciddi və təhlükəli bir şeyə çevriləcək. Pandemiyanın yeni iqtisadi repressiyalar silsiləsi ilə eyni vaxta təsadüf etdiyini, bunun isə ölkənin ikiqat zərbəyə məruz qalmalı olması mənasına gəldiyini demək kifayətdir.

Hazırda ölkədə nadir şərait yaranıb, bu, müsbət məqamdır: cəmiyyətin əksəriyyəti dəyişikliklərin tərəfdarıdır, vəziyyəti dondurmağa çalışan, istənilən dəyişikliyə mane olan konservatorlar tək-tükdür. Və bizim bunu dəyərləndirməmək hüququmuz yoxdur.

Məqsəd nədir? Öz yerli, regional və beynəlxalq problemlərini müstəqil şəkildə həll etmək iqtidarında olan, öz-özünə kifayət edən dövlət yaratmaq.

Buna hansı vasitələrlə nail olmaq olar? Hansı metodları seçmək lazımdır: siyasi, iqtisadi, dini, ya hərbi? İnqilabi metodlara ehtiyac var, amma indiyədək cəmiyyəti getdikcə daha çox qeyri-azad vəziyyətə sürükləyərək, onu sarsıdan metodlara deyil. Bizə dünyanın əksər uğurlu dövlətlərinin - istər xristian, istərsə də müsəlman, buddist, hindu dövlətlərinin arxasında dayanan dini inqilab lazımdır. Bizim islamçı ziyalılarımız cəmiyyətin birləşməsinə, müsbət əmək etikasının formalaşmasına, siyasi və iqtisadi inkişafa ən çox şərait yaradan müsəlman dəyərlərini açıqlamalıdırlar. Azərbaycanda belə insanlar var? Görək, dindar ziyalılardan cavab gələcək və bu cavab necə olacaq?

Bizim elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsindən ziyalılarımız ölkə azərbaycanlılarını və diasporları birləşdirmək iqtidarında olan dəyərlər təklif etməlidirlər. Cavab gözləyək.

Bizim siyasətlə məşğul olan ziyalılarımız aydın şəkildə necə siyasi sistem qurduqlarını izah etməlidirlər. Cavab gələcək?

İqtisadiyyat sahəsindəki ziyalılarımız ilkin kapital yığılmasının niyə bu qədər uzun çəkdiyini və bu proses başa çatdıqdan sonra bizi nəyin gözlədiyini izah etməlidirlər. Cavabı gözləyirik.

Bütün ziyalılar birlikdə Azərbaycanlıların korrupsiyaya hədsiz meylinin səbəblərini tapmalıdırlar. Bu suala cavab vermək olar?!

Azərbaycanın mərkəzi siyasi fiquru Prezidentdir, onun başlatdığı islahatın davam edib-etməyəcəyi və nə cür inkişaf edəcəyi məhz ondan asılıdır. Aydındır ki, əhəmiyyətli kadr dəyişikliklərindən sonra diqqəti icra, qanunverici və məhkəmə hakimiyyətləri arasında Azərbaycanda heç vaxt mövcud olmayan tarazlığın formalaşdırılması üzərində cəmləşdirmək lazımdır. Bu, geniş miqyaslı islahatın davamı üçün ilk zəruri addım olacaq, onun strateji istiqamətləri çoxsaylı müzakirələrin predmeti olmalıdır, bu müzakirələr ümummilli forum və fəaliyyət proqramı ilə başa çata bilər.

Zəruri tədbirlərin müzakirəsini qəsdən kəsirəm, belə ki, təklif olunanlar belə hədsiz siyasi iradə və cəmiyyətin və onun elitalarının ən yüksək səviyyədə mənəvi gərginliyini tələb edir.

Tariximizin mühüm məqamlarında bir neçə dəfə bu cür müraciətlər dərc etmək məcburiyyətində qalmışam. Cavab həmişə ictimai susqunluq olub. Amma bu, söhbətin bizim daxili problemlərimizdən getməsi ilə izah olunurdu. Bu gün vəziyyət tamamilə fərqlidir: Azərbaycan dövlətçiliyin ürəyinə yönəlmiş sistemli xarici təhdidlərə qarşı mübarizə aparır. Yaranmış vəziyyətdə susmaq bacarıqsızlığın etirafıdır. Gələcəyi seçməyin vaxtı çatıb.

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti