MSŞA hökuməti Tarif Şurasının qəbul etdiyi bu qərarları ləğv etməyə çağrır

                                           MÖVQE    SƏNƏDİ

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti yenidən artırılıb. Belə ki, Tarif (qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi  bu qiymət 10 qəpik idi, yəni 20 % artırılıb.

Tarif Şurasının şənbə günü açıqladığı qərara əsasən, əhali üçün təbii qazın 1200 kubmetrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun qalacaq.

Yəni, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrədək 1 kub metr üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.

Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib.  İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək 7 qəpik və 300 kVts-dan çox  sərfiyyat üçün isə 11 qəpik.Tarif Şurasının yeni qərarında üç kateqoriya müəyyənləşdirilir: sərviyyatı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts,200 kVts - 300 kVts arası 9 qəpik/kVts,300 kVts-dan yuxarı  abonentlər üçün isə 13 qəpik/kVts.

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması  Koalisiyası olaraq birbaşa hasilat sənayesi ilə bağlı olduğu üçün istərdik ki,  daha çox Tarif Şurasının qazın istehlak qiymətlərinin artımına dair 16 oktyabr 2021-ci il tarixli qərarı ilə bağlı mövqeyimizi bəyan edək.

Öncə onu  qeyd etmək istərdik ki, qiyməti dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymət artımı zamanı yaşanan oxşar  vəziyyət ondan ibarətdir ki, hökumət  istehlakçıları bu qərarların qəbulunun zəruri  olduğuna  inandıra  bilmir.

Bunun fundamental səbəbi odur ki, hökumətin  verdiyi qərarlar  kollegial formada deyil, göstərişlər əsasında qəbul edilir və cəmiyyətlə dialoqu yox səviyyəsindədir. Bu səbəbdən də  ölkə əhalisinin marağına birbaşa təsir edən qərarlardan öncə heç bir ictimai müzakirələr həyata keçirilmir və xalqın maraqları nəzər alınmır.

Bir məqama da diqqəti çəkmək istərdik. Qeyd etdiyimiz kimi, Azərbaycan 2007-ci ildən adını enerji tariximizə qaz ixrac edən ölkə kimi yazıb.  2007-2021-ci ilin İ yarısında “Şahdəniz”dən hasil edilən qazın 36%-i və ya 45 mlrd. m3-u Azərbaycanın daxili bazarında satılıb və Azərbaycan bu qazı  dollarla alır. Lakin  bəlli olmayan səbəblərdən dövlət bu qiymətləri açıqlamır.

 Lakin 2020-ci ilin dekabrında daxili bazarın tələbatı üçün qazın topdansatış alınması “Azərkontrakt”a həvalə edildikdən sonra ümid etmək olardı ki, daxili bazar üçün alınan qazın bütün mənbələri və qiymətləri ictimailəşdiriləcək, qazın daxili bazarda istehlakçıya çatdırılana qədər maya dəyəri və ona təsir edən xərc elementləri  mütəmadi açıqlanacaq. Təəsüf ki, bu sahədə də şəffaflıq müşahidə edilmədi.

Ancaq o da bəllidir ki,  hər bir ölkə idxal etdiyi qazın alış qiymətini ictimayyətə dərhal çatdırır. Məsələn, Moldova hökuməti elan etdi ki, 1 oktyabr 2021-ci il tarixindən “Gazprom” şirkətindən qazın hər 1000 kubmetrini $790-a alacaq,  Ermənistan  isə bəyan edir ki,  Rusiyadan sərhəddində aldığı qazın qiymətini hazırda $165-dan alır və s.

Hesab edirik ki, hökumət  MHŞT-nin 2019-cu ildə qəbul etdiyi son standartlara uyğun olaraq bu məsələlərdə şəffaf və hesabatlı olmalı, kontrakt və lisenziyaların açıqlanmasını, tender və xammal ticarəti şərtlərinin cəmiyyət üçün əlçatanlığını təmin etməlidir.

Məlumatlardan bəlli olur ki, Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımını təbii qazın hasilat və istehlakçıya çatdırılma xərclərinin satış qiymətlərini üstələməsi, habelə, dünyada və Avropada qazın qiymətlərinin artımı ilə izah edirlər.

Bu qərarın əsaslandırılması zamanı "Azəriqaz" İstehsalat Birliyi tariflərə baxışın "qaçılmaz" olduğunu,  "Azərişıq" ASC-nin nümayəndəsi isə  elektrik enerjisi ilə bağlı yeni diferensiasiya zamanı  aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini "qoruyub saxlamış" olduğunu bidiriblər.

Bəri başdan İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması  Koalisiyası olaraq onu qeyd etməliyik ki, hökumətin və inhisarçı dövlət şirkətlərinin qazın daxili bazarda qiymət artımlarını dünya bazarında qazın qiymət artımı ilə izahı yanlışdır və heç bir iqtisadi qanunlara söykənmir. Çünki Azərbaycan qaz idxal edən ölkə deyil və dünya bazarındakı qiymət artımının daxili bazara mənfi  təsiri yoxdur. Əksinə, Azərbaycan qaz ixrac edən ölkə olduğu üçün dünya bazarındakı qiymət artımı əlavə valyuta ehtiyyatlarının yaranmasına səbəb olur və bu da yarıtmaz idarəçilik səbəbindən qazın daxili bazardakı  şişirdilmiş “istehsal və çatdırılma xərcləri” ilə satış qiymətləri arasındakı minus fərqi kompensasiya etmək və əlavə gəlir əldə etmək üçün yetərlidir.

Lakin onu da bildirmək istəyirik ki, rəsmi qurumların təbii qazın daxili bazarda “hasilat və istehlakçıya çatdırılma” xərclərinin təbii qazın maya dəyərini üstələmək fikri də ciddi əsasa söykənmir.

SOCAR-ın illik hesabatına görə, təbii qazın maya dəyəri 61,27 manat təşkil edir. Hər 1000 m3 təbii qazın  100 km. üçün nəql xərci 2.0 azn və təbii qaz prosesinin idarə edilməsi  üçün 5,5 AZN təşkil edir.  Beləliklə, daxili bazarda  1000m3 təbii qazın  son satış qiyməti 75 AZN  təşkil etdiyi halda, Tarif Şurasının elan etdiyi  yeni qiymətlər maya dəyərindən dəfələrlə çoxdur.

(https://www.socar.az/socar/az/economics-and statistics/economics-and-statistics/socar-reports)

Tarif Şurası  bu və  bundan oncəki (30 iyun 2021-ci il tarixli 8 saylı qərar) məlum qərarını əsaslandırmaq üçün bildirib ki,  yeni artırılmış qiymətlər bəzi ölkələrin tarifləri ilə müqayisədə aşağıdır. Belə ki, qurumun açıqlamasında  2020-ci ildə 1 kub metr təbii qazın əhali üçün qiymətləri Türkiyədə  32-40 qəpik, Ukraynada  54 qəpik, Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik arasında dəyişdiyi qeyd edilib.

Bildirmək istəyirik ki, Tarif Şurasının müqayisə üçün təqdim etdiyi ölkələr - Türkiyə, Ukrayna, Gürcüstan, Belarus qazı xaricdən alaraq öz əhalisinə satır və bu zaman qiymətlərin nisbətən yüksək olması təbiidir və bu, iqtisadi qanunlar baxımından da gözləniləndir. Hesab edirik ki,  dövlət qurumunun belə  məntiqsiz  “müqayisəsi”   olduqca qüsurludur  və ictimai rəyi  çaşdırmaq məqsədi daşıyir.

Onu da qeyd edək ki, OPEC-in qaz hasil edən ölkələr barədə sonuncu hesabatlarına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox qaz ehtiyatlarına malik olan beş dövlət var və bunlardan biri də Azərbaycandır. Hazırkı tariflərə görə, bu ölkələr sırasında təbii qazı öz əhalisinə ən baha qiymətə satan isə  Azərbaycandır.

Bahalaşan qiyməti nəzərə aldıqda, müqayisə üçün qeyd edə bilərik ki,  hazırda Azərbaycan öz əhalisinə qazın 2500 kub metrdən çox olan hissəsi üçün hər kub metri 25 qəpiyə, Türkmənistan 1 qəpiyə, Özbəkistan 4 qəpiyə, Qazaxıstan 10 qəpiyə, Rusiya isə 13 qəpiyə satır.

Tarif Şurası hesab  edir ki, qiymət artımı təqribən 50 %-ə yaxın  abonenti əhatə edəcək. Qurumun qərarına görə, abonentlərin təqribən 5 milyon nəfəri üçün isə təbii qazın qiyməti dəyişməz qalacaq. Lakin bu rəqəmlər  heç də inandırıcı görünmür. Cünki 2020-ci ildə ölkə üzrə müzdlu işçilərin sayı 1.7 milyon çivarındadır və bunlardan da  yüksək maaşlı işçilərin payı heç də yüksək deyil.

Qeyd edək ki, 2019-cu ilin aprel ayında Tarif Şurası 2 saylı qərarı ilə SOCAR-ın  qazın qiymət artımı ilə bağlı müraciətinə  "ölkədə həyata keçirilən sosial siyasətı nəzərə alaraq, təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab edilməsin" cavabını vermiş və əksinə,  təbii qazdan istifadəyə görə limit həddi 1700 kub metrdən 2200 kub metrə kimi artırılmışdı.

Lakin onu da bildirmək istəyirik ki,  Azərbaycanda 2019-cu ilə nisbətən 2020-ci ildə əhalinin adambaşına düşən nominal gəlirlərinin həcmi 2,7 % azalaraq 5687 manat həddindən 4898 manat səviyyəsinə enib,   2019-cu ilin 9 aylıq nəticələri ilə müqayisədə  isə 2021-ci ilin eyni dövründə əhalinin nominal gəlirləri 2,1 % azalıb.

Rəsmi rəqəmlərə istinad etsək, 2021-ci ilin 9 ayı üzrə  istehlak qiymətlərinin  səviyyəsi  2020-ci ilin eyni dövrü ilə müqayisədə 5.2% artmışdır. Rəsmi olmayan hesablamalara görə isə 2021-ci ildə xüsusilə, son 3 ayda  istehlak  qiymətləri kəskin  artıb və hər bir Azərbaycan vətəndaşı bu artımı öz həyatında günbəgün hiss edir. (https://www.stat.gov.az/news/macroeconomy.php?page=1)

Lakin göstərilən rəsmi rəqəmlərə  və qaz ixrac edən ölkə əhalisinin   sosial müdafiəsinin qorunmalı olduğunun vacibliyinə  rəğmən, 2021-ci ildə qazın istehlak qiymətlərinin aşağı salınması və tətbiq edilən limitin ləğv edilməsi yaxud limit həddinin qaldırılması (heç olmazsa 2019-cu ilin aprel qərarına müvafiq 2200 kubmetr həddə qədər) daha məntiqli  və gözlənilən olsa da, əksinə, Tarif Şurası özünün 2021-ci il 16 oktyabr tarixli 13 saylı qərarı ilə əhali üçün illik 1200 kub metrə qədər təbii qazdan istifadəyə görə hər kubmetrin qiymətini 20% artıraraq 12 qəpiyə qaldırıb, limit hədlərini isə olduğu kimi saxlayıb və bu zaman 2019-cu ildə olduğu kimi “ ölkədə həyata keçirilən sosial siyasət” yada düşməyib.

Yeri gəlmişkən, elektrik enerjisi istehsalı  ilə bağlı vəziyyt də oxşardır.

Belə ki, elektrik tarifləri də dövlət tərəfindən tənzimlənir. Beynəlxalq Enerji Agentliyinin 2020-ci hesabatına görə, 1 kvt.s elektrik enerjisinin maya dəyəri “Azərenerji” tərəfindən  İES-da 4,1 qəpik, kiçik hidroelektrik stansiyalarından 5 qəpik, külək stansiyalarından 5,7 qəpik, digər alternativ mənbələrdən 5,7 qəpik, tranzit haqqı 0,2 qəpik təşkil edir. Belə olan halda Tarif Şurasının daxili bazarda elektrik enerjisinin istehlak qiymətlərini yenidən bahalaşdırılması başa düşülən deyil və əhalinin indiki sosial durumunun daha da pisləşməsinə xidmət edir. (https://www.iea.org/reports/azerbaijan-energy-profile)

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İctimai Birliklərin  Mədən Sənayesində Şəffaflığın Artırılması  Koalisiyası olaraq

- Tarif Şurasının təbii qazın, habelə, elektrik enerjisinin daxili bazarda qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qəbul etdiyi son qərarların ölkə əhalisinin maraqlarına cavab vermədiyini bildirir və  bu qərarları xüsusilə, indiki pandemiya dönəmində vətəndaşların sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq addım kimi qiymətləndirir,

- Hökuməti Tarif Şurasının qəbul etdiyi bu qərarları ləğv etməyə və ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə enerjidaşıyıcılarının, o cümlədən, daxili bazarda qazın  və elektrik enerjisinin qiymətlərinə yenidən baxmağa cağırır,

- Hökuməti yenidən MHŞT–yə qayıtmağa, hasilat sənayesində bütün pillələrdə və həyata keçirilən fəaliyyətlərdə, o cümlədən, kontraktların açıqlanması, lisenziya şərtləri, xammal ticarəti, tenderlər və satınalmalar sahəsində şəffaflğa nail olmağa səsləyirik.

 

 

Rəy yaz

Söz istəyirəm

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti