Arxiv

Arxiv

Bakı/01.10.22/Turan:  Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Əfqan Zeynalovun ona məxsus “Murov” TSK MMC şirkətinin  kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayaya qarşı iddiası üzrə məhkəmə prosesi davam edib. İddianın mahiyyəti ondan ibarətdir ki, Zeynalov Fabriçnayanı 720 min manatı oğurlamaqda ittiham edir. O, məhkəmədə bildirib ki, həmin pulu zibillikdən tapıb. Və bu pulu Nelli Fabriçnayanın atasının mənzilində yerləşdirdiyi şəxsi seyfdə saxlayıb.

Nelli bütün ittihamları rədd edir. Məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edir.

Oktyabrın 31-də gün ittiham tərəfinin şahidi - Zeynalovun bacısının ifadəsinin dinlənilməsi üçün ayrılıb və o, hakimi inandırıb ki,  Fabriçnaya öz müdirini qəsdən və gizli şəkildə zəhərləyib. Hökumə Zeynalova uzun və qarışıq çıxışında tez-tez Allahdan və onun namuslu adamları qorumaq missiyasından, mətbəxdə çalışmasından və buna görə də  məhkəmədə ondan nə soruşulduğunu bilmədiyindən, qardaşının şüurunun üçyaşlı uşaq səviyyəsində olmasından, Qarabağın azad edilməsində Əfqan Zeynalovun böyük əməyindən və Zeynalovun hədsiz güvəndiyi Nelly Fabriçnayanın bəd niyyətindən danışıb. Çıxış onun ittihamçı qardaşının yerindən qışqırıqlarıyla kəsilib, buna görə hakim Əfqan Zeynalovu yerindən qaldırıb və ona ədəbsiz davranışına görə xəbərdarlıq edib. Fabriçnayanın vəkili Qəzənfər Rzayev və müttəhim Nelli Fabriçnaya da xəbərdarlıq alıblar.

Hakim H.Zeynalovanı dinləməzdən öncə ona qardaşının mənafeyinin ziyanına danışmamaq hüququ barədə məlumat verib. Belə olan halda onun ifadəsinin nə mənası var? Axı Zeynalovlar ailəsində dörd qardaş, bir bacı və qardaşların övladları var ki, hakim onları da dinləmək niyyətindədir.

 

H.Zeynalovanın ifadəsinin bir hissəsi qardaşının ağır xəstə olduğu dövrə aid olub. Belə ki, o vaxt  Nelli Fabriçnaya həkimlərin resepti əsasında dərmanların alınması ilə məşğul olub və Əfqanın dərman qəbul etməsinə kömək edib. H.Zeynalova iddia edir ki, bu dərmanlardan sonra qardaşının vəziyyəti  pisləşib, eyni zamanda o, Nellinin xəstənin müalicəsində iştirakını davam etdirməsinə mane olmayıb. O, dərmanların adlarını bilmir, valeryankanı, qardaşının gecə qıcolmalarını xatırlayır. Ağlayan bacısının dualarından sonra Allah qardaşını xilas edib. Sonra Zeynalova qardaşını öldürməməsi üçün Nelliyə necə yalvardığından danışıb və buna görə ona 10 min manat təklif edib və həmin vəsaiti  kəlbəcərlilərdən toplayacağını vəd edib.

Zeynalovlar ailəsi həmin rayondan qaçqındır, Goranboy rayonunda yaşayır.

Burada qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsində zalın akustik xüsusiyyətlərinə görə deyilənlərin heç də hamısı zalın sonunda ziyarətçilər və jurnalistlər üçün ayrılmış yerdə eşidilmir. Ona görə də hesabatımızda əhəmiyyətsiz yalnışlar ola bilər.

H.Zeynalovanın sözlərinə görə, Nelli Əfqan Zeynalovdan “400-500 min manat” götürdüyünü  bildirib və deyib ki, “düz eləyib”. Şahid əvvəlcə 4-5 min manatdan danışsa da, hakimin yönəldici sualından sonra ifadəsini düzəldərək 400-500 min manat deyib. Şahidin sözlərinə görə, Nelli Bakıda və Moskvadakı mənzilləri sataraq götürdüyü pulu qaytaracağına söz verib.

Zeynalova həmçinin iddia edir ki, Nelli Əfqan Zeynalovu öldürməklə hədələyib və Hökuməyə başa salıb ki,  belə eləməyə məcburdur, əks halda onun özünü öldürəcəklər. Zeynalova Nellini kimin öldürmək istədiyini bilmir.

Vəkil Rzayevin sualından sonra məlum olub ki, şahid qadının sadaladığı epizodların heç birində şahid yoxdur. Bütün deyilənlər ittihamçının bacısının dilindən səslənib, bunu heç kim təsdiqləyə bilməz.

İttiham tərəfinin şahidinə suallar vermək vaxtı çatanda hakim vəkil Q.Rzayevin Əfqan Zeynalovun əldə etdiklərilə bağlı sual verməsinə imkan verməyib. Belə ki, vəkilin məlumatına görə, Zeynalov  oğluna mənzil və avtomobil alıb. Müzakirələrdə yol traktorunun alınması da keçib. Maraqlıdır ki, hakim Faiq Qəniyev vəkilin sözünü kəsərək izah edib ki, vəkil pul itkisini Əfqan Zeynalovun böyük məbləğə aldıqları ilə əlaqələndirərək suala cavab almaq niyyətində olub. Məlum deyil ki,  hakim məhkəmədə bu versiyanın işlənməsinin niyə əleyhinədir, əgər Ə.Zeynalov şəxsi ehtiyacları üçün külli miqdarda vəsait xərcləyirsə, deməli, onu haradansa götürür.

“Nelli Fabriçnayanın üç yaşlı uşaq vəziyyətində olan Əfqan Zeynalova maliyyə sənədlərini imzalamaq üçün verdiyini” iddia edən H.Zeynalova qardaşının xəstəykən imzaladığı hesabatlarda göstərilən pul məbləğlərilə bağlı Nelli Fabriçnayanın sualına cavab verə bilməyib. Həmin sənədlərdə nə yazıldığını isə H.Zeynalova bilmir, çünki mətbəxdə yemək bişirirmiş.

İfadə zamanı o, qəflətən sevinclə yadına salıb ki, qardaşı Məmmədə xəbərdarlıq edib ki,  bədxahlar “Murov” TSK MMC-nin işçiləridir. Mehriban və Rauf Əfqan Zeynalovdan pul tələb etmək üçün oğlunu oğurlaya bilərlər.

H.Zeynalova məhkəmədə iddia edib ki, müttəhimin atası Vyaçeslav qızının Əfqan Zeynalovun pulunu oğurlamasından xəbəri olub və deyib ki, belə bir qızdan imtina edir, hətta Əfqanın pullarını almaq üçün Nelliyə elektrik cərəyanı ilə işgəncə verilməsini təklif edib. Vyaçeslav Fabriçnıy Turan-ın müxbirilə söhbətində özünün dediyi kimi, bu qəribə şahid ifadəsini rədd edib. 

“Murov” şirkətində iş üzrə proses ittihamçının bacısının belə xatirələrilə əsrin məhkəməsi statusuna yüksələ bilər. Amma sırada Əfqan Zeynalovun dörd qardaşının, hətta qardaşların övladlarının ifadəsinin dinlənilməsi var.  Hər dəfə hakim şahidlərin əsas ittihamçı ilə qohumluq əlaqələrinə, onların qardaşlarının əleyhinə ifadə verməmək hüququna diqqəti yönəldəcək. Ancaq Nelli Fabriçnayanın əleyhinə istədiklərini deyə bilərlər. Belə şahidlərin sözlərinin nə dəyəri var?

Proses davam edir...

Bu proses haqqında əvvəlki məqalələr:

Şübhəli məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində Turan agentliyinin ünvanına ittihamlar səslənib

Şahidlər “Murov” şirkətində pul oğurluğunu təsdiqləmirlər

Bəzi məhkəmələr humanistləşdirilmə ilə bağlı prezidentin sərəncamını icra edirlər, bəziləri yox

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti