Rərviz Zamanlı, hakim

Rərviz Zamanlı, hakim

Bakı/10.04.23/Turan:  İstehlakçıları istifadə etdiklərindən daha çox qaz üçün ödəniş etməyə necə məcbur etmək olar? Çox asan - əlavə göstəricilər yazmaqla. "Azəriqaz" İB-nin Yasamal şöbəsində - SOCAR-ın struktur bölməsində məhz bununla məşğul olurlar.

Qurban Xəlilov küçəsi, 5 ünvanında çoxmərtəbəli yaşayış binasında qazanxana işləyir. Binada bir qaz sayğacı var. Binanı “Yasamal-15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti idarə edir.

2020-ci ilin may-iyun aylarında sayğac həddindən artıq yüksək qaz sərfiyyatı göstəriciləri göstərib.

Göstəriciləri müqayisə etməklə bunu görmək olar:

05.2018 - 3231 m3;

06.2018 - 2545 m3;

iki ay ərzində cəmi: 5776 m3;

 

05.2019 - 3764 m3;

06.2019 - 2793 m3;

iki ay ərzində cəmi: 6557 m3;

 

05.2020 - 4323 m3;

06.2020 - 9992 m3;

iki ay ərzində cəmi: 14315 m3;

 

05.2021 - 2998 m3;

06.2021 - 1658 m3;

iki ay ərzində cəmi: 4656 m3;

 

05.2022 - 4418 m3;

06.2022 - 2152 m3;

iki ay ərzində cəmi: 6569 m3;

 

Sakinlər dəfərlərlə müraciət etdikdən sonra "Azəriqaz" İB-nin Yasamal rayon idarəsinin əməkdaşları sayğacı söküb yoxlanılması üçün laboratoriyaya göndəriblər. Binada sökülən sayğacın yerinə başqa sayğac quraşdırılıb.

"Azəriqaz"ın Metrologiya Laboratoriyasında sayğacın yoxlanılması nəticəsində onun nasaz olduğu və istifadə olunmuş qaz göstəricilərinin artıq olduğu (iki dəfədən çox) təsdiq edilib. Amma, buna baxmayaraq, sakinlərə məhz artıq qaz həcminə görə ödəniş fakturası (1500 manatdan çox) təqdim edilib.

Bununla əlaqədar olaraq sakinlər göstəricilərin yanlış olduğunun "Azəriqaz"ın öz laboratoriyası tərəfindən təsdiq edildiyini nəzərə alaraq, real faktura təqdim edilməsi xahişi ilə "Azəriqaz" rəhbərliyinə müraciət ediblər.  

Sakinlər "Azəriqaz" sədri Ruslan Əliyevə dəfələrlə müraciət etsələr də, bu müraciətlər cavabsız qalıb.

Məsələni məhkəmə vasitəsilə həll etmək cəhdi də asan olmayıb.

2022-ci ilin noyabrında Müştərək Cəmiyyət "Azəriqaz"ın baş ofisinin yerləşdiyi ərazi üzrə Bakının Xətai Rayon Məhkəməsinə iddia verib. Bir ay sonra Kommersiya Məhkəməsinə müraciət etmək təklifi ilə iddianın qəbulundan imtina cavabı gəlib. Sentyabrda Kommersiya Məhkəməsinə müraciət olunub, noyabrın sonlarında bu məhkəmədən Xətai Rayon Məhkəməsinə müraciət edilməli olduğu haqqında cavab gəlib. Bütün bunlara üç ay vaxt gedib.

2022-ci ilin dekabrında Müştərək Cəmiyyətin Xətai Rayon Məhkəməsinə təkrar müraciətindən sonra, nəhayət ki, iş qəbul olunub və ilk iclas 17 yanvar 2023-cü il tarixinə təyin edilib.

Hakim Pərviz Zamanlı üç nəticəsiz məhkəmə iclası keçirib, hər iclasda sakinlərin nümayəndəsindən sakinlərin adından danışmaq hüququnu təsdiq edən arayış tələb edir. Baxmayaraq ki, notarius tərəfindən təsdiq edilmiş bu sənəd elə birinci iclasda təqdim edilib.

Martın 9-da keçirilən sonuncu iclasda o, sakinlərin nümayəndəsinə - binanın komendantına qəribə sual verib: "Siz nə tələb edirsiniz?". Komendantın iddiada "Azəriqaz"ın qaz sərfiyyatını yenidən hesablamağa və real fakturanı təqdim etməyə çağırılması xahişinin yer aldığı barədə cavabı hakimi qane etməyib. "Başa düşmürəm, nə istəyirsiniz, qoy vəkiliniz və ya “Yasamal-15” Müştərək Cəmiyyətinin sədri gəlsin". Bu sözlərdən sonra hakim iclası daha bir ay təxirə salıb.

Qeyd edək ki, "Azəriqaz"ın nümayəndəsi sonuncu iclasdan başqa heç bir iclasa gəlməyib və yay aylarında qazanxana işləmədiyi halda qaz sərfiyyatının necə isitmə mövsümündəki ilə eyni ola biləcəyi haqqında suala cavab verə bilməyib.

Beləliklə, istehlakçılar bir tərəfdən "Azəriqaz" əməkdaşları tərəfindən qanunsuzluq, digər tərəfdən məhkəmə orqanlarının bu qanunsuzluğu açıq şəkildə dəstəkləməsi ilə üzləşiblər.

Son illər “Azəriqaz” rəhbərliyində kadr dəyişiklikləri bu idarənin iş üsulunda heç nəyi dəyişdirməyib. Ali Məhkəmə sədri İnam Kərimovun vəzifəyə gəlişi məhkəmə sistemində vəziyyəti dəyişdirəcəkmi?

Yeri gəlmişkən, 1 noyabr 2022-ci il tarixində Turan Agentliyinin direktoru Mehman Əliyev hadisəni araşdırmaq və həlledici qərar vermək xahişi ilə “Azəriqaz” İB-nin Baş Direktoru Ruslan Əliyevə müraciət edib. Amma cavab gəlməyib.

Bu gün açıqlama üçün “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyevə müraciət etdik, amma o, xəstə olduğuna istinad edərək ünsiyyətdən imtina edib. -0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti