AŞPA həmməruzəçiləri Azərbaycanda ciddi narahatlıq doğuran məsələlərin qaldığını deyib
Bakı/14.06.23/Turan: 3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersen səfərin yekunu ilə bağlı bəyanat yayıb.
Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinə sadiqliyi, ölkədə demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətini dəyərləndirən həmməruzəçilər hökumətin bu istiqamətdə bəzi addımlar atmasına baxmayaraq, ciddi narahatlıq doğuran məsələlərin qaldığını vurğulayıb. Bəyanatda xüsusən Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıq ifadə edilib.
"Biz ifadə azadlığına qoyulan məhdudiyyətlərdən, xüsusən də bir sıra qeydiyyat tələbləri qoyan "Media haqqında" yeni qanunun medianın, jurnalistlərin və blogerlərin vəziyyətinə təsirindən narahatıq. Medianın "ictimai nəzarətçi" rolunu yerinə yetirməyə davam edə bilməsi üçün hakimiyyəti gecikmədən Venesiya Komissiyasının rəyinə uyğun olaraq qanuna düzəliş etməyə çağırırıq" , bəyanatda vurğulanır.
Birləşmə və toplaşma azadlığına qarşı məhdudiyyətlərin davam etməsindən narahatlıq ifadə edən həmməruzəçilər vətəndaş cəmiyyətinin olduqca məhdudlaşdırıcı mühitdə fəaliyyət göstərdiyini qeyd edib.
Həmməruzəçilər, həmçinin siyasi motivli həbslərlə bağlı narahatlıqların qaldığını bildirib. AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı 2020-ci ildə qəbul etdiyi qətnaməsini və Avropa İnsan Hüquqları Məhkəməsinin müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və tənqidçi jurnalistlərin siyasi motivli həbsi ilə bağlı çıxardığı qərarları xatırladan həmməruzəçilər bu məsələni yaxından izlədiklərini bildiriblər. Bəyanatda Azərbaycan hakimiyyətinə AİHM qərarlarını tam və təcili şəkildə icra etməklə bağlı yenidən çağırış edilib.
Demokratiyanın vəziyyətinə toxunan həmməruzəçilər plüralizmə mane ola biləcək "Siyasi partiyalar haqqında" yeni qanun barədə narahatlıq ifadə edib, hakimiyyəti Venesiya Komissiyasının və ATƏT/DTİHB-nun tövsiyələrinə uyğun olaraq seçki sistemində islahatlar aparmağa çağırıb. Digər tərəfdən hökumətin parlamentdə majoritar sistemdən proporsional sistemə keçid planı təqdir edilib.
Qanunun aliliyinə gəlincə, Azərbaycan hökuməti anti-korrupsiya sahəsində səyləri artırmağa, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinə əməl edərək dövlətin bütün strukturlarında korrupsiya ilə mübarizə aparmağa çağırılıb. AŞPA həmməruzəçiləri eyni zamanda məhkəmələrin müstəqilliyi ilə bağlı narahatlıqlara toxunub. Milli Məclisin Məhkəmə-Hüquq Şurasında islahatların aparılması üçün qanun layihəsi üzərində işləməsi alqışlanıb, bu sahədə Avropa Şurasının müvafiq orqanlarının tövsiyələrinin nəzərə alınmasının zəruriliyi vurğulanıb.
Rusiya sülhməramlılarının ən gec 2025-ci ilin noyabrında ərazidən çıxacağına ümid edirik
Azərbaycan-Ermənistan münaqişəsinə toxunan həmməruzəçilər iki ölkə arasında sülh sazişi istiqamətində son irəliləyişləri alqışlayaraq hər iki tərəfi danışıqları intensivləşdirməyə çağırıb. Səfər zamanı Ağdam şəhərini ziyarət edən həmməruzəçilər Azərbaycanın regionda minatəmizləmə və infrastrukturun yenidən qurulması səylərini alqışlayıb.
"Laçın dəhlizindəki vəziyyətə gəlincə, biz əvvəlki bəyanatlara, Avropa İnsan Hüquqları Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarına və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına uyğun olaraq hərəkət azadlığının təmin edilməsinin zəruriliyini vurğulayırıq. Biz, həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin 2025-ci ilin noyabrından gec olmayaraq ərazidən çıxacağına ümid edirik", həmməruzəçilər əlavə edib.
AŞPA həmməruzəçiləri səfər zamanı Azərbaycanın Respublikasının xarici və daxili işlər nazirləri, Ali Məhkəməninin vitse-prezidenti, Baş Prokuror, Ombudsman, Milli Məclisdə təmsil olunan siyasi partiyaların başçıları və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşüb. Həmməruzəçilər, həmçinin Vəkillər Kollegiyasının, vətəndaş cəmiyyəti və müxalif siyasi partiyaların nümayəndələri və siyasi məhbusların yaxınları ilə görüşlər keçirib.
Məlumata görə, həmməruzəçilər siyasi motivlərlə həbs edildiyi iddia edilən bir neçə məhbusa baş çəkmək üçün müraciət etsə də, görüşə icazə verilməyib.-0-
Rəy yaz