Bəxtiyar Hacıyevin həns müddəti oktyabrın 8-dək uzadıb
Bakı/22.07.23/Turan: İyulun 22-də Bakının Xətai rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbiri daha 2 ay 10 gün, oktyabrın 8-dək uzadıb.
Vəkil Rövşanə Rəhimli Turana deyib ki, Hacıyev ona qarşı irəli sürülən ittihamları qondarma və təqsirsiz olduğunu bildirib.
Rövşanə Rəhimli qeyd edib ki, məhkəmədə Bəxtiyar Hacıyev həbsinin uzadılmasını qanunsuz və həbsinin siyasi motivli olduğunu deyib.
“Onun saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Amma psixoloji gərginliyi davam edir”, deyə o bildirib.
Vəkil birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini də qeyd edib.
Öz növbəsində “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Bəxtiyar Hacıyev saxta ittihamlar üzrə həbs edilib.
“Bəxtiyar Hacıyev həbs olunduğu gündən etibarən ifadə etdiyim mövqeyimin arxasındayam. O, saxta ittihamlar üzrə həbs edilib, mübahisəsiz siyasi məhbusdur, repressiv idarəetmənin girovudur. Əvvəlki aylarda mürəkkəblik olmamasına baxmayaraq, ibtidai istintaqın müddətini uzatdılar. Sonradan Bəxtiyarı ağır cinayətdə təqsirləndirib, həbsin və ibtidai araşdırmanın müddətini artırdılar. Əsas və səbəb olmadan həbsdə saxlayıb, ibtidai araşdırmanın müddətini uzadırlar. Bu, təəssüf ki, Azərbaycanda möhkəmlənmiş avtoritar idarəçilikdən xəbər verir, üstəlik, məhkəmələrin icra hakimiyyətinin davamı olması faktını təsdiqləyir”, deyə hüquq müdafiəçisi bildirib.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.
"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil qeyd edib.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.-16D-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz