Sertifikatlaşdırmanın pis nəticələri və səbəbləri
Hər il onlarla orta məktəb müəllimi pensiya yaşına çatmadan işsiz qalır, çünki sertifikatlaşdırma imtahanlarında aşağı bal topladıqlarına görə onların əmək müqavilələrinə xitam verilir. Müəllimlər Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirirlər, suallar verirlər: onlar ali təhsilli mütəxəssislərdir, uzun illərdir öz vəzifələrini irad tutulmadan yerinə yetiriblər. Niyə birdən-birə nazirlik onları işləmək hüququndan məhrum edir, onlar öz ailələrini necə saxlayacaqlar?
Elm və Təhsil Nazirliyinin orta məktəb müəllimlərini saldığı çətin vəziyyət N.Tusi adına Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əliyevi qayğılandırır. O, Turan-ın suallarını cavablandırıb.
* * *
Turan: Hər il sertifikatlaşdırmanın nəticələrinə görə onlarla savadlı müəllimin işdən çıxarılmasında kim günahkardır?
İ.Əliyev: Sertifikatlaşdırma imtahanlarında qiymətlərin aşağı nəticələrinə görə adətən imtahan verən müəllimləri ittiham edirlər, bəzən onlara diplom verən təhsil müəssisələri də ittiham olunur. Ancaq bu, səthi mühakimədir. Əgər biz müəllimlərin təhsilinin yüksək olmasına nail olmaq istəyiriksə, müəllimləri qınamadan əvvəl problemin kökünü araşdırmalıyıq.
Başa düşmək lazımdır ki, bu müəllimlərə ali təhsil haqqında diplomu verən universitetlər on illərdir dövlət tərəfindən yaradılıb və idarə olunur. Elm və Təhsil Nazirliyi bu ali məktəbləri və kollecləri tədris-metodik və normativ resurslarla, təhsil standartları ilə, bu sahəyə investisiyalarla təchiz edib. Dövlət və Elm və Təhsil Nazirliyi bu ali məktəblərin fəaliyyətini dəstəkləyib. O zaman bu dəstəyin keyfiyyəti və ölçüsü barədə sual yaranır.
30 il dövlət müstəqilliyi ərzində universitetlərə və kolleclərə neçə qrantın verildiyi araşdırılmalıdır. Bu ali məktəblər və kolleclər üçün dərsliklərin keyfiyyətini və sayını, bu dərsliklərin təhsilin ehtiyaclarını ödəməyə qadir olub-olmadığını araşdırmaq lazımdır.
Orta məktəb müəllimlərinin hazırlanması üçün elektron resurslar yaradılıbmı, dövlət müəllim hazırlığının keyfiyyətilə maraqlanıbmı, prosesin monitorinqi aparılıbmı? Müəllimlərin davamlı təhsili strategiyası qəbul edilibmi? Bu kollec və universitetlər akkreditə olunubmu və niyə bu müəssisələrin maliyyələşdirilməsi ehtiyacdan dəfələrlə azdır?
Dövlətdə müəllimlərə tələbatın proqnozlaşdırılması səviyyəsini araşdırmaq və 30 il ərzində müəllim hazırlığının inanılmaz dərəcədə böyük, tələbatdan çox miqyasda olmasının səbəbini bilmək lazımdır. Müəllimlərə tələb dəyişməz qalsa da, bu miqyas davam edir.
Turan: Bu problemləri tez bir zamanda həll etmək olarmı ki, gələcək nəsil müəllimlər günün tələblərinə uyğun olaraq təhsil alsınlar?
İ.Əliyev: Əlbəttə, əgər Elm və Təhsil Nazirliyi yaranmış ağır vəziyyəti düzəltmək niyyətindədirsə, sadalanan suallara cavab verməlidir. Ancaq təkcə cavab azdır, cəmiyyət tezliklə, yaxın beş ildə aktual problemlərin həllini tələb edir. Prosesə əlavə investisiyalar qoymaq lazımdır. Əks təqdirdə, sual yaranır: əgər Elm və Təhsil Nazirliyi özü üçün keyfiyyətli pedaqoji kadrlar hazırlaya bilmirsə, dövlətin ehtiyacları üçün yüzlərlə ixtisas üzrə müəllimlər haradan ola bilər?
Əvvəlcə, 30 il ərzində qeyri-rasional fəaliyyət göstərən, ölkəyə lazım olmayan 11 filial yaradan və bununla da müəllim hazırlığının keyfiyyətini aşağı salan Elm və Təhsil Nazirliyi özünü akkreditə etməlidir. Qurumun qəbul etdiyi strategiya və dövlət proqramı keyfiyyətsizdir, çox pis icra edilib. Qoy, əvvəlcə onlar öz əməkdaşlarının kvalifikasiya səviyyəsini yoxlasınlar, ciddi çatışmazlıqları müəyyən etsinlər və öz kollektivinin təhsilini artırsınlar. O zaman aşağı səviyyələrdəki problemlər də təbii olaraq həll ediləcək.
Əks halda, universitetlər və kolleclər ölkəyə keyfiyyətsiz kadrlar təqdim etməyə davam edəcəklər, çünki sahənin əsas qurumu öz problemlərinə qərq olub.
Cəmiyyət
-
Düşünməklə işləmək arasında bir əlaqə mövcuddur. İşləməlisən ki, işin haqqında düşünə biləsən. Daha sonra isə işdən kənar mövzularda düşünmək fürsəti əldə edəsən. Düşünmən üçünsə düşünmək üçün çox vaxtın olmalıdır. Çox işləyirsənsə, nəsə haqqında düşünmək fürsətin olmur. İnstinktiv davranış, robotlaşmış həyat tərzi sənin daşınıb-düşünmək üçün şans tanımır. Buna görə də insanları işə deyil, işin insanlara xidmət etməsi kimi səbəb-nəticə əlaqəsi dəqiq müəyyənləşməlidir.
-
İnkişaf etmək istəyən ölkələr in qarşısında başlıca məqsəd insan yetişdirməkdir. Öz hüquqlarını bilən, hüquqları qorunan, elmli, təhsilli, sağlam, yüksək ixtisaslı insanların yetişməsi üçün şərait yaratmaq bu məqsədi qarşısına qoyan dövlətlərin əsas prioritetidir. Buna həm də insan kapitalı yetişdirmək deyilir.
-
Deputatlardan bir nəfər deyib ki, televiziyalarda dağıdılmış Suriyanın səhnələrini dönə-dönə insanlarımıza göstərməliyik. Onlar görsünlər ki, geopolitik sabitlik hər şeyin fövqündədir. Suriyanı o günə qoyan siyasəti eninə-uzununa təhlil edərək vətəndaşımızın qulağına sırğa edib, taxmalıyıq ki, təhlükəsizlik hər şeydən öndə gəlir. Qısası, təhlükəsizliyin önəmini aşılan təbliğat-təşviqat işlərinə fasilə verməli deyilik.
-
Yanvarın 7-də Azərbaycan prezidenti İlham Əliyev hökumətyönlü yayımçılara geniş televiziya müsahibəsi verib. Müsahibənin formatı ölkədə sərt nəzarət olunan media-mühiti önə çəkib. Yeni ildən kommunal xidmətlərin, dərmanların və əsas malların qiymətlərinin artması, pensiya və minimum əməkhaqqının təvazökarcasına tənzimlənməsi ilə bağlı ictimai narazılıqla əlaqədar məsələlərin olmaması diqqəti çəkir.
Rəy yaz