AXCP fəallarının apellyasiya şikayəti təmin edilməyib
Bakı/08.05.19/Turan: Mayın 8-də Bakı Apellyasiya Məhkəməsi hakim Ramiz Bayramovun sədrliyi ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov (Rusiya vətəndaşıdır), AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Vəkillər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunsuz və ədalətsiz adlandırıb və məhkəmənin bəraət qərarı qəbul etməsini xahiş edib.
Müdafiə tərəfi fikrini əsaslandırarkən deyib ki, birinci instansiya məhkəməsində ittiham tərəfi ittihamlarını sübut edə bilməyib. İstintaqda adı keçən bir sıra şəxslər barədə axtarış elan edilməyib.
"Məhkəmənin hökmündən siyasi sifariş iyi gəlir", - müdafiə tərəfi qeyd edib.
Müdafiəçilər həmçinin Saleh Rüstəmovun əmlakının müsadirəsi ilə bağlı məhkəmənin qərarını qanunsuz hesab edib.
Dövlət ittihamçısı Süleyman Atakişiyev birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını məhkəmə heyətindən xahiş edib və hakim birinci instansiya məhkəməsinin hökmünə hər hansı dəyişiklik etmədən qüvvədə saxlayıb.
Vəkillər Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəklərini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi bu il fevralın 27-də Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.
Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov "çirkli pul" vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş" adlandırıb. O bildirib ki, Saleh Rüstəmov ilə uzun illərdir dostdurlar və dostu olaraq da bir neçə dəfə ona yardım edib.-0-
-
- Cəmiyyət
- 8 May 2019 19:48
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz