Məhkəmə xural.com saytını bloklayıb
Bakı/08.08.18/Turan: Bu gün Səbayel Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin xural.com saytının bloklanması haqda müraciətinə baxılıb.
Mərkəz saytda dərc edilən yazılarda "Kibertəhlükəsizlik haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunların pozulduğunu bildirib.
Əsasən söhbət Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd, Sabunçu xəstəxanasında xəstələrin ölümü, baş nazirin müavini Əli Həsənovun nəvəsinin vaxtından əvvəl azadlığa buraxılması, bloger Mehman Hüseynova ölüm ayağında olan anası ilə görüşə icazə verilməməsi ilə bağlı 4 yazıdan gedir.
Saytın redaktoru Əvəz Zeynallı deyib ki, sözügedən materialların saytdan çıxarılması barədə Elektron Təhlükəsizlik Mərkəzindən tələb daxil olmayıb. Məhkəməyə müraciət barədə bu gün səhər məhkəmədən edilən telefon zəngindən sonra xəbər tutub.
Redaksiya digər informasiya resurslarının, əsasən Turan İnformasiya Agentliyinin məhsulu olan üç yazını saytdan çıxarıb. Əli Həsənovun nəvəsinin barəsində yazı ilə bağlı isə özünün haqlı olduğuna təkid edir.
Redaksiyanın vəkili Zibeydə Sadıqova deyib ki, redaksiyaya qarşı irəli sürülən iddialar Elektron Təhlükəsizlik Mərkəzinin səlahiyyət predmeti deyil və diffamasiya sahəsinə aiddir.
Böhtan və təhqir məsələləri ilə bağlı iddiaçı qismində fərdi şəxslər çıxış etməlidirlər və iddialara diffamasiyaya dair məhkəmə iclaslarında baxılmalıdır.
Vəkil linqvistika ekspertizası və xural.com saytının qanunu pozduğunu hesab edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nümayəndələrinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Ancaq məhkəmə vəsatətləri təmin etməyərək xural.com saytının bloklanması barədə qərar qəbul edib. -06B-
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz