Azərbaycan XİN Sent Etyen merinin Qarabağa səfərini pisləyib
Bakı/22.10.18/Turan: Azərbaycan XİN Fransanın Sent Etyen şəhərinin meri Qael Perdrionun Dağlıq Qarabağın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyib.
XİN mətbuat xidmətinin məlumatında deyilir ki, Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də Fransa milli qanunlarına zidd olaraq atdığı bu addım Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.
Bu qanunsuz səfərdə Qael Perdrionu Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbulan müşayiət edir.
Azərbaycan XİN Fransanın xarici işlər və Avropa üzrə naziri, həmçinin daxili işlər nazirinin 2018-ci ilin 24 may tarixli yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə sənədinə istinad edir və yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyin qadağan olunduğunu xatırladır.
Azərbaycan XİN bu xüsusda vurğulayır ki, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən "Dostluq haqqında bəyannamə" heç bir hüquqi qüvvəyə malik deyil.
Fransa yerli özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın da təmsil olunduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli səylərinə, həmçinin Fransanın vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir.
Azərbaycan XİN Fransa hökumətini öz yerli özünüidarəetmə qurumlarını ölkəmizin ərazilərinin işğalı nəticəsində yaranmış status-kvo vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən qanunsuz əməllərdən çəkindirəcək və öz qanunvericiliyinin qeyd-şərtsiz yerinə yetirilməsini təmin edəcək addımlar atmağa çağırır.
Azərbaycan qanunvericiliyini pozaraq işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək.-06D-
Siyasət
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
Rəy yaz