Фото: VOA
Vəkil Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşə buraxılmayıb
Bakı/05.06.17/Turan: "Bu gün, iyunun 5-i 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan AXCP sədri Gözəl Bayramlı və həm də jurnalist Əfqan Muxtarlı ilə görüşmək istədim. Ancaq buna imkan verilmədi".
Bu barədə vəkil Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, təcridxana rəisinin müavini bunu müstəntiqi tapa bilməmələri ilə izah edib.
"Halbuki, buna ehtiyac yox idi. Çünki həm məhkəmə qərarında, həm də başqa sənədlərdə mənim adım vəkil kimi qeyd edilirdi. Görünür, müdafiə etdiyim bu iki şəxs haqqında hansısa qanunazidd əməl baş verir ki, məni onlarla görüşə buraxmadılar", - deyə vəkil vurğulayıb.
Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı qeyd edilib.
Ə.Muxtarlı isə mayın 29-u ölkədə qalmaq icazəsi aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə - hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.
Eyni zamanda, jurnalistə 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyulub. -16D-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz