Siyasi mühacirlər Azərbaycanda qohumlarının təqibə məruz qaldığını bildiriblər

Bakı/09.12.17/Turan: Avropada Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirak edən siyasi mühacirlərin qohumlarına ölkədə təzyiq göstərilir.

Bu barədə Bonnda BMT ofisi qarşısında "Siyasi Məhbuslara Azadlıq" aksiyasının təşkilatçılarından biri, "Demokratiya naminə vətəndaş təşəbbüsləri" birliyinin rəhbəri Sevinc İsgəndərovanın Turan agentliyinə daxil olmuş bəyanatında deyilir.

O qeyd edir ki, aksiyanın məqsədi BMT-nin diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına çəkmək idi.

Aksiya avqustun 29-da keçirilib, aksiyadan bir müddət keçməsinə baxmayaraq, siyasi mühacirlərin qohumlarına təzyiq kəsilmək bilmir.

"Bir neçə gündür qardaşımı Beyləqan rayon polisi axtarır. Bir müddət əvvəl aksiya iştirakçısı Pərviz Abdullayevin qardaşı həbs edilib.

Bu günlərdə digər iştirakçılar Azər Kərimovun qardaşını və İsmayıl Əliyevin qaynını da həbs ediblər.

Könül Əmirovanın atası işdən çıxarılıb. Digər aksiya iştirakçılarının qohumlarına təzyiq göstərilir", deyə İsgəndərova yazır.

Qeyd edək ki, buna qədər Bakıda digər bir siyasi mühacir Orduxan Temirxanın, Berlindən yayımlanan Meydan TV-nin jurnalistlərinin və bir çoxlarının çox sayda qohumları saxlanılıb. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti