Yerevan/13.02.19/Turan: Yanvarın sonlarında tarixdə ilk dəfə olaraq Daşnaksütyun Partiyasının qurultayı Dağlıq Qarabağda keçirildi. Bu, Qarabağ məsələsinin daşnaklar üçün ən əsas məsələlərdən biri olduğunu və partiyanın onun həllini Qarabağın Ermənistana birləşdirilməsində gördüyünü ortaya qoyur. Bu barədə Daşnaksütyun Partiyasının həmsədri Kiro Manoyan Turan agentliyinə müsahibəsində bildirib. "Bizim mövqeyimiz belədir ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir, çünki o, heç zaman Azərbaycanın tərkibində olmayıb və olmayacaq. Bizim əsas məqsədimiz Qarabağın statusunu möhkəmləndirməkdir", - Manoyan deyib.
Onun sözlərinə görə, Qarabağ 1991-ci ilin sentyabrında referendum keçirərək öz müstəqilliyini elan edib. Bu, hələ Sovet İttifaqı dönəmində mövcud olmuş qanunlar əsasında baş verib. Azərbaycan da öz müstəqilliyini elan edib. Qarabağın müstəqilliyi beynəlxalq aləmdə tanındıqdan sonra onun Ermənistanla birləşdirilməsi məsələsi yalnız texniki xarakter daşıyacaq, daşnakların lideri hesab edir.
"Beynəlxalq birlik Azərbaycanın Qarabağ ərazisinin müstəqilliyini de-yure tanımırsa, erməni tərəfi buna necə ola bilər?" sualının cavabında Manoyan deyib ki, öncə Qarabağın müstəqilliyinin bir neçə ölkə tərəfindən tanınması məsələsi qoyulur. Bu, Qarabağa beynəlxalq hüquq kimi baxılmasına əsas verəcək və Azərbaycanın mövqeyi buna əngəl ola bilməz. Bundan sonra Qarabağın dünya birliyi tərəfindən tanınması, sadəcə, zaman məsələsi olacaq, Manoyan hesab edir.
"Bu cür ssenari qeyri-real görünmürmü?" sualının cavabında Manoyan Kosovonun taleyini xatırladıb. "Bir çox ölkə Kosovonun müstəqilliyini tanıyıb. Serbiyanın etirazlarına baxmayaraq, beynəlxalq subyektə çevrilib", - o deyib.
"Erməni ictimaiyyətinin hansı hissəsi Qarabağın Ermənistana birləşdirilməsini istəyir?" sualına Manoyan belə cavab verib: Ermənistan Milli Konqresinin (Levon Ter-Petrosyanın partiyası) bu məsələ ilə bağlı mövqeyi bizimlə üst-üstə düşmür. Lakin parlament seçkilərində onlar xalqın dəstəyini almadılar. Eyni zamanda qalib gələn partiya - Nikol Paşinyanın "Mənim addımım" siyasi hərəkatı bu məsələdə bizim mövqeyi dəstəkləyir".
"O zaman niyə Daşnaksütyun parlamentə düşmədi?" sualının cavabında isə Manoyan bildirib ki, parlamentə təkcə daşnaklar yox, respublikaçılar, Sasna Tsrer, EMK də düşməyib. Ancaq bu məsələdə Ermənistandakı əksər siyasi qüvvələrin və əhalinin fikri yekdildir, baxmayaraq ki, siyasi elitanın kiçik bir hissəsi Qarabağın Ermənistanın tərkibində olmasına tərəfdar deyil. Əsasən Ermənistan Milli Konqresinin mövqeyi belədir.
Ermənistan əhalisinin neçə faizi Qarabağın birləşdirilməsinə tərəfdardir? Bu suala daşnakların lideri "əksəriyyət" cavabını verib.
Ermənilər sadalanan məqsədlərə nail olmaq üçün döyüşmək niyyətindədirmi? Manoyan gözlənilməz cavab verərək deyib ki, Azərbaycan ictimaiyyətində əhval-ruhiyyə elədir ki, orada başa düşürlər ki, Qarabağı qaytarmaq mümkün olmayacaq və Bakı bunu qəbul etməli olacaq.
"Sizin cəmiyyətdəki belə əhval-ruhiyyəni nəzər alaraq, sizə müharibə aparmaq çətin olacaq", - Manoyan deyib.
O bildirib ki, 2011-ci ildə Azərbaycan hakimiyyəti Ki- Uest danışıqlarının yekunlarına əsasən Qarabağın müstəqilliyini tanımağa hazır idi.
"Eyni zamanda Qarabağ ətrafında ərazilərin qaytarılması məsələsi qoyulurdu. Ancaq bu gün, 18 il keçdikdən sonra müstəqillik müqabilində Qarabağ ətrafında ərazilərin qaytarılması məsələsi real deyil. Siz bununla barışmalısınız", - Manoyan deyib.
"Bu gün Ki-Uest nizamlanma variantı mümkündürmü, bir halda ki, Qarabağ Ermənistanla Laçın vasitəsilə birləşir, Naxçıvan da Azərbaycanla birləşir?"
"Bu, o zaman da real deyildi, indi isə heç real deyil", - həmsöhbətimiz cavab verib.
Müharibə yenidən başlayarsa, ermənilər Qarabağ ətrafındakı əraziləri və Qarabağın özünü itirəcəklər. Ən yaxşısı indi güzəştə gedib razılığa gəlmək deyilmi? Bu sualın cavabında daşnakların lideri belə ssenarini istisna etmədiyini deyib və dərhal da əlavə edib ki, "çox güman ki, siz yeni əraziləri itirəcəksiniz".
Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsinə gəlincə, bu, Qarabağın özünün və onun ətrafındakı ərazilərin birləşdirilməsini nəzərdə tutur. "Biz bu məsələdə kompromisin əleyhinəyik. Qarabağ ətrafındakı ərazilər də Ermənistana birləşdirilməlidir", - Manoyan bəyan edib.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra münaqişənin mərhələli nizamlanmasına qayıdışın vacibliyi barədə fikirlər səslənir. Ermənistanın indiki hakimiyyətinin belə varianta gedəcəyi nə qədər realdır? Bu sualın cavabında Manoyan deyib ki, hələlik Ermənistanın yeni hökuməti rəsmi olaraq belə bir şey söyləmir. Hər şey söz-söhbət, şayiə səviyyəsindədir. Eyni zamanda rəsmi Yerevan bir şeyi aydın şəkildə deyir ki, Dağlıq Qarabağ danışıqlarda tərəf olmalıdır, onun iştirakı olmadan münaqişənin həlli mümkün deyil.
Daşnaksütyün Partiyası Türkiyə ilə münaqişənin həllini necə görür? "Bizim mövqeyimiz belədir ki, Ermənistan və Türkiyə arasındakı indiki sərhəd qanunsuzdur. Real sərhəd 1921-ci ildə Vilson tərəfindən müəyyən edilib və Ərzurum, Qars, Trabzon və Vandan keçməlidir. Dünyada bu cür ərazi mübahisələri çoxdur və onların olması o demək deyil ki, bundan ötrü döyüşmək lazmdır", - Kiro Manoyan vurğulayıb.-02B-
Rəy yaz