Buzovna

Buzovna

Bakı/02.08.22/Turan: Buzovna qəsəbəsi bağ massivində içməli su nəql edən kommunikasiyalara növbəti qanunsuz qoşulma aşkar edilib.

 Su kəməri sisteminə nə az, nə  çox, 25 düym diametrlik müdaxilə eyni vaxtda 60 ev üçün həyata keçirilib.

Qanunsuz qoşulma yerli sakinlər – “Azərsu”nun abunəçiləri tərəfindən aşkar edilib. Qeyd etmək lazımdır ki, eyni yerdə birləşmə cəhdləri üç dəfə olub. Hər dəfə bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. Amma nə “Azərsu”, nə polis, nə də yerli hakimiyyət orqanları qanunsuz hərəkətlərə nəinki " diqqətə almayıblar”, qanunsuz hərəkətlərin qarşısının alınması və günahkarların məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görməyiblər.

“Azərsu” Xəzər rayon şöbəsinin nümayəndəsi Beybala Abdullayev Turan-a bildirib ki, vətəndaşların şikayətindən sonra 25 evin qanunsuz qoşulduğu müəyyən edilib və qanunsuz qoşulmanı həyata keçirən dələduz hər həyətdən 300 manat alıb. O həmçinin bildirib ki, həmin cinayət üzrə akt tərtib edilib və polisə göndərilib. Lakin Abdullayev dələduzun adını çəkməkdən imtina edib, Xəzər rayonu 2-ci polis bölməsinə müraciət etməyi məsləhət görüb. Daxili İşlər Nazirliyindən Turan agentliyinə bildiriblər ki, bu fakt üzrə “Azərsu” tərəfindən şikayət daxil olmayıb.

Sonradan Turan  aldanmış vətəndaşlardan biri ilə əlaqə saxlayıb. "Su kəmərinə qoşulmaq üçün  60 evdən pul toplanıb və hər ev sahibi üçün məbləğ 600 manatdan 900 manata qədər dəyişib". Yəni, söhbət 50 min və daha çox manatdan gedə bilər.

Aldadılan vətəndaşların bəzisi Turan-a bildiriblər ki, 2-ci polis bölməsinə şikayət ediblər. Məlum deyil, “Azərsu” polisə müraciət edibmi?

Vəziyyətə qanunun məntiqi və dövlət orqanlarının belə bir şəraitdə fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar baxımından yanaşsaq, belə təəssürat yaranır ki, su kəmərinə qanunsuz qoşulmada “Azərsu”, polis və yerli icra və bələdiyyə orqanlarının əli var.

Buzovnanın içməli su ilə təchizatı problemi çoxdan - 70-ci illərdən aktualdır. Turan agentliyinin apardığı informasiya mübarizəsi nəticəsində 2017-ci ildə qəsəbədə çoxmənzilli və qismən də fərdi yaşayış evlərinə su çəkmək mümkün olub.

Buzovna və Abşeronun digər qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaradılması üçün dövlət tərəfindən 122 milyon manata yaxın vəsait ayrılsa da, 3 milyon manata yaxın vəsait xərclənib. Qalan pulun hara getdiyi məlum deyil. “Azərsu” bu vəsaiti almadığını iddia edib. “Azərsu” və Turan arasında məsləhətləşmələr zamanı su şirkətinin nümayəndələri bildiriblər ki, Buzovnanı təchiz edən su kəməri yetərli  deyil və tələbatı ödəyə bilmir. İkinci su kəmərinin çəkilməsi məsələsi həll olunur, bundan sonra bütün evlərə su veriləcək.

Qeyd etmək lazımdır ki, “Azərsu” su kəməri sistemi yaradaraq Prezident Administrasiyasının tabeliyində olan keçmiş “Buzovna” aqrar təsərrüfatının qanunsuz tikilən evlərini su ilə təchiz edib. 2004-cü ildən minlərlə hektar torpaq saxta sənədlərlə 10 sot üçün 2,5 min dollara satılıb. Zeytun və badam bağları kəsilib. O zaman Turan bununla bağlı həyəcan təbili çalıb. Mövzunu işıqlandırmamaq üçü agentliyin direktoruna iki torpaq sahəsi və 5 min dollar təklif olunub, lakin o, rüşvətdən imtina edib. Müəssisənin rəhbərliyi və maklerlər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb və bir müddət sonra sərbəst buraxılaraq torpaq satışını davam etdiriblər. Son vaxtlara qədər bu torpaqlarda tikilən evlərə dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmirdi, lakin bütün bu evlərə su çəkilib. Lakin bu, dövlətin 122 milyon manat ayırdığı yerli buzovnalılara heç vaxt çatmayıb.—0—

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti