Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

29 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq bəyənilib[1]. Qəbul edilmiş qanuna əsasən, dövlət və icmal büdcənin əsas göstəriciləri aşağıdakı kimi olub: 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat, xərcləri 28 543,0 mln. manat, kəsiri isə 3 116,0 mln. manat nəzərdə tutulur. 2021-ci il icmal büdcənin gəlirləri 23 828,1 mln. manat, xərcləri 31 163,4 mln. manat, kəsiri isə 7 335,3 mln. manat nəzərdə tutulur. Bu yazıda əsas diqqət dövlət büdcəsinə yönələcək. Lakin bundan əvvəl bir sıra prosedur məsələlərə diqqət yetirək.

Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunun 13-cü maddəsinə görə[2], növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə təqdim edilir və dekabrın 20-dək qəbul olunur. Qanunun 14-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi bu digər sənədlərlə  birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduğu tarixdən 10 gün ərzində mətbuatda dərc edilir. Lakin bu il 2021-ci ilin icmal və dövlət büdcələrinin Milli Məclisə 21 dekabr 2020-ci ildı  təqdim olundu[3]. Elə həmin gündə də Maliyyə Nazirliyinin rəsmi saytında Qanun layihəsi[4] və layihəyə dair izahatın[5] linkləri dərc edildi. Təəssüflər olsun ki, “Büdcə sistemi haqqıanda” Qanunun 12.1.1 - 12.1.10-cu maddələrində göstərilən sənədlər[6] - Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, büdcə-vergi siyasətinin əsas istiqamətləri, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar, büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi, dövlət borcları və dövlət zәmanәti ilə digər öhdəliklərə dair məlumat, növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi, növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi, Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı-hələ dekabrın 30-dək  dərc edilməyib.

Bu il gələn ilin dövlət büdcəsinin parlament müzakirəsi "Büdcə sistemi haqqında" Qanunun 13-cü maddəsində  nəzərdə tutulan reqalament (oktyabrın 15-dən başlayaraq dekabrın 20-dək bitmək şərtilə) pozulmaqla aparıldı. Hətta büdcənun parlament müzakirəsi Qanunun 15.4-cü maddəsinə nəzərdə tutulmuş fors-major stiuasiyaları üzrə də aparılmadı. Dekabrın 21-də Milli Məclisə təqdim olunan 2021-ci ilin büdcəsi Milli Məclisdə səthi müzakirə olunaraq dekabrın 29-da qəbul olundu.  Halbuki,  Qanunda təsbit olunmuş fors-major stiuasiyalarına görə[7],  növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir.

Göründüyü kimi, növbəti ilin büdcəsinin bu il ərzində nəzərdə tutulan parlament müzakirəsi  "Büdcə sistemi haqqında" Qanunun 13-cü maddəsi pozulmaqla təşkil olunsa da, Qanunun 15.4-cü maddəsinə nəzərdə tutulan fors-major hallar üzrə də aparılmayıb. Deməli, 2021-ci il büdcəsi parlamentin özünün qəbul etdiyi "Büdcə sistemi haqqında" Qanunun tələbləri pozulmaqla Milli Məclis tərəfindən qəbul edilib. Əslində bu növbəti fiskal üçün qəbul edilmiş büdcənin legitimliiyini şübhə altına alır.

2021-ci ilin dövlət büdcə layihəsinin parlamentdə  aparılan 1 həftəlik müzakirəsi  nəticəsində qəbul edilən büdcənin gəlir və xərclərində heç bir dəyişiklik edilməyib. Belə ki,  büdcə layihəsi üzrə gəlirlər və xərclər olduğu kimi qəbul edilib. Növbəti il üçün proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin hər 100 manatından 54 manat 20 qəpiyi neft sektorunun, 45 manat 80 qəpiyi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə daxilolmaların hər 100 manatından 88 manat 60 qəpiyini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 11 manat 40 qəpiyini vergi orqanlarının xətti ilə neft sektorundan ödənişlər təşkil edəcək. Qeyri-neft sektoru üzrə daxilolmaların hər 100 manatından 48 manat 70 qəpiyini vergi, 33 manat 50 qəpiyini gömrük orqanlarının xətti ilə ödənişlər təşkil edəcək.

2021-ci ilin büdcəsinin xərclərinin hər 100 manatından 23 manat 40 qəpiyi müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri, 17 manat 64 qəpiyi tikinti və şəhərssalma xərcləri, o cümlədən də 7 manat 70 qəpiyi işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası, 14 manat 57 qəpiyi ümumi dövlət xidməti xərcləri, o cümlədən də 7 manat 70 qəpiyi dövlət borcu, 12 manat 90 qəpiyi sosial müdafiə və sosial təminat, 11 manat 50 qəpiyi təhsil, 4 manat 90 qəpiyi səhiyyə, 3 manat 30 qəpiyi kənd təsərrüfatı, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət, 96 qəpiyi ətraf mühitin mühafizəsi, 60 qəpiyi elm xərcləri üçün nəzərdə tutulub.

Beləliklə də 2021-ci ilin büdcə xərclərinin hər 100 manatında 61 manat 10 qəpiyi cari xərclərə, 29 manat 20 qəpiyi əsaslı xərclərə, 7 manat 70 qəpiyi isə dövlət borcuna xidmətlə bağlı  xərclərə  yönəldiləcək.

Büdcə gəlirlərinin  Azərbaycanın quru sərhəd qonşusu olduğu  ölkələrlə (İran xaric olmaqla) müqayisəsi göstərir ki, ölkəmiz adambaşına düşən qeyri-neft büdcə gəlirlərinə görə regionun ən zəif maliyyə təminatı olan dövlətidir. Bunu  cədvəl 1-in məlumatlarından müqayisəli şəkildə görmək mümkündür. Bax cədvəl 1-ə.

Cədvəl 1. Adambaşına büdcə gəlirləri və xərclərinə görə Cənubi Qafqaz ölkələrinin müqayisəsi

ÖlkələrAdambaşına büdcə gəlirləri, ABŞ  dolları iləAdambaşına büdcə xərcləri, ABŞ  dolları iləAdambaşına müdafiə və milli təhlükəsizlik xərcləri, ABŞ  dolları ilə
Azərbaycan14771658266
Azərbaycan (neft gəlirləri nəzərə alınmadan)676759-
Ermənistan10991291211
Gürcüstan11351309-
Rusiya17522005288
Türkiyə16702126372

Mənbə: Ölkələrin maliyyə nazirliyi

2020-ci illə müqayisəyə gəlincə,  baxmayaraq ki, gələn il icbari tibbi sığortanın tətbiq dairəsinin daha da genişləndirilməsi və gələn il COVİD-19 pandemiyasına qarşı peyvəndin alınması üçün səhiyyə büdcəsindən əlavə vəsaitin ayrılması nəzərdə tutulub, lakin, gələn ilin dövlət büdcəsində səhyyə xərcləri bu illə müqayisədə 18 faiz və ya 308 mln. manat az proqnozlaşdırılıb. Görünür ki, hökümət səhiyyənin maliyyələşdirilməsində sığorta haqlarının yığılacaq vəsaitlərin artacağını da proqnozlaşdırır. 

Sosial müdafiə xərclərinə gəlincə, bu büdcə üzrə xərclər bütövlükdə 3692,7 milyon  manat, cari ilə nisbətən 14,1  faiz və ya 455,7  mln. Manat  artım proqnozlaşdırılıb. Bu əsasən növbəti ildən pensiyaların artımı ilə izah oluna bilər. Belə ki, 2021-ci üçün dövlət büdcəsindən Sosial Müdafiə Fonduna transfertlərin  40 faiz və ya 466 mln.  manat artırılması  nəzərdə tutulub. Bununla yanaşı, gələn ildən şəhidlərin uşaqları üçün müavinət xərclərində 19 faiz, müddətli hərbi xidmətdə olan uşaqları üçün müavinət xərclərində 18 faiz artım proqnozlaşdırılır. Məlumat üçün qeyd edim ki, indiyə qədər şəhid ailələrində böyüyən uşaqlara 16 yaşınadək 21 manat,  müddətli xidmətdə olan hərbi qulluqçuların ailəsində böyüyən uşaqlara isə 16 yaşınadək 15 manat aylıq ödəniş edilirdi.

2021-ci ilin büdcəsində əmək haqqı xərclərində artım nəzərdə tutulmayıb. Belə ki,  gələn il  üçün əməyin ödənişi fondu bu ilki səviyyədə 6,592.3 mln. manat proqnozılaşdırılıb ki, onun  da sosialyönlü xərclərdə  xüsusi çəkisi 23,1 faiz təşkil edəcək. Bununla yanaşı, sosialyönlü xərlərin 13,1 faizi və 3,752.2 milyon manatı təqaüdlər və sosial müavinətlərə, 1,7 faizi və ya 477 milyon manatı ərzaq məhsullarının, 1 faizi və 290.4 milyon manatı dərman, sarğı ləvazimatları və materiallarının alınmasına sərf olunacaq. 2021-də büdcədən mal və xidmət alınması xərcləri  əvvəlki illə müqayisədə 31 faiz azaldılıb.

Təhsil büdcəsinə gəlincə, növbəti ildə  təhsilə yönələn xərclər  3277,7 milyon   manat   təşkil edəcək ki, bu da 2020-ci ilə nisbətən 242,9 milyon manat və ya 8,0  faiz çoxdur. Növbəti   ilin   təhsil büdcəsindən tələbə kreditləri üçün  80,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Növbəti ilin təhsil büdcəsinin özəlliklərindən biri də büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsində nəzərdə tutulan  vəsaitin   24 subproqramın  və 111  tədbiri özündə birləşdirən 18  proqramın maliyyələşdirilməsi  üçün ayrılmasıdır. Lakin buna baxmayaraq proqramlar üzrə büdcə xərclərinin təsnifatı açıqlanmır.

Növbəti ilin dövlət büdcəsindən ən çox pay götürəcək, müdafiə və milli  təhlükəsizlik,  məhkəmə hakimiyyəti,  hüquq-mühafizə orqanlarının  və prokurorluğun  saxlanılması  xərcləri  2020-ci  illə müqayisədə 16,3 faiz  və ya 937,7 milyon manat  artırılaraq 6678,6 milyon  manat  təşkil edəcəkdir.  Bu bölmə daxilində artımdan daha çox pay müdafiə və milli təhlükəsizliyə düşəcək.  Belə ki, 2021-ci ildə  müdafiə və milli təhlükəsizlik xərclərinin maliyyələşdirilməsinə 4585,8 milyon  manat vəsait ayrılacaq. Vəsaitin hara, necə və nə qədər xərclənməsi yenə də açıqlanmır.

2021-ci  il  dövlət  büdcəsində əsaslı  xərclərin  maliyyələşdirilməsi  üçün 8330,3  milyon manat  və ya  xərclərin  29,2 faizi  həcmində vəsait  nəzərdə tutulmuşdur ki,  bu  da  2020-ci  illə müqayisədə 607,8 milyon manat və ya 7,9 faiz çoxdur. Bu bölmə üzrə xərclərin artımını növbəti ildən etibarən İşğaldan   azad   olunmuş ərazilərə   qayıdışın   təmin   edilməsi   üçün   şəhər   və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədi ilə  2,2 milyard manat vəsaitin ayrılması şərtləndirir.

2021-ci  ildə dövlət  büdcəsi  kəsirinin  yuxarı  həddi  3116,0  milyon  manat  məbləğində nəzərdə tutulur ki, onun da ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcəkdir. Kəsirin qarşılanmasının aşağıdakı   mənbələr hesabına   həyata   keçirilməsi   nəzərdə tutulur:

  • imzalanmış   kredit   müqavilələrinəuyğun   olaraq  610,0   milyon   manat   həcmində layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər,
  • 1895,0 milyon manat həcmində yeni daxili vəxarici borclanma,
  • 500,0  milyon  manat  həcmində  2021-ci  ilin  1  yanvar  tarixinə  olan  dövlət  büdcəsinin  vahid xəzinə hesabının ehtimal olunan qalığı,
  • 111,0 milyon manat məbləğində özəlləşmədən daxilolmalar.

Göründüyü kimi gələn ilk  dəfə olaraq Azərbaycan höküməti 1 milyard 895 milyon manatlıq daxili və xarici borclanmaya gedəcək ki, bu da son nəticədə işgüzar fəallığın pisləşməsinə gətirib çıxaracaq. Növbəti il kəsirin maliyyələşdirilməsində diqqəti çəkən məqamlardan da biri də özəlləşdirmədən gözlənilən vəsaitlərin çox olmasıdır. Bu o deməkdir ki, növbəti ildə Azərbaycanda böyük özəlləşdirmə planlaşdırılır.

Qubad İbadoğlu


[1] http://maliyye.gov.az/news/5501/milli-meclis-azerbaycan-respublikasinin-2021-ci-il-dovlet-budcesi-haqqinda-qanunu-qebul-edib

[2] http://www.e-qanun.az/framework/1126

[3] http://maliyye.gov.az/news/5499/azerbaycan-respublikasinin-2021-ci-il-dovlet-budceinin-layihesi-milli-meclise-teqdim-olunub

[4] http://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/5fe055aaa50f5.pdf

[5] http://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/5fe0996cc4b44.pdf

[6] http://www.e-qanun.az/framework/1126

[7] http://www.e-qanun.az/framework/1126

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti