Azərbaycan, İran və Rusiya prezidentlərinin 8 avqust Bakı görüşünə bir neçə gün qalıb, amma ekspertlər bu üçtərəfli görüşün məqsəd və vəzifələrini təxmin etməyə davam edir.
Qarşıda duran gündəlik haqqında suala cavabın açarını üç ölkənin XİN rəhbərlərinin 7 aprel 2016-cı il tarixində siyasi-coğrafi mövqeyi ilə əlaqədar üç Qafqaz və Xəzər ölkəsinin maraqlarının kəsişdiyi əsas mərkəz olan elə həmin Bakıda keçirilmiş görüşünün nəticələri haqqında məlumatlarda axtarmaq lazımdır.
AR XİN-in görüşün yekunlarına dair məlumatından:
1. XİN rəhbərləri bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək və gücləndirmək barədə razılığa gəliblər.
Bu paraqraf o deməkdir ki, bütün üçtərəfli regional layihələr hər bir tərəfin maraqları nəzərə alınmaqla və onlara hörmət edilməklə həyata keçiriləcək, bu, sağlam, praqmatik və səmərəli münasibətlər yaratmalıdır.
2. XİN başçıları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə və hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına və prinsiplərinə sadiq olduqlarını təsdiq ediblər. Bu kontekstdə onlar həmçinin regional münaqişələrin nizamlanmasının sadələşdirilməsində qətiyyətli olduqlarını vurğulayıblar.
Sirr deyil ki, Qarabağ münaqişəsi XİN başçılarının görüşünün və müzakirələrinin diqqət mərkəzində olub və bəzi şərhlər göstərirdi ki, üçlük regional kooperasiyanı ləngidən amil kimi münaqişənin ən qısa zamanda həllində maraqlıdır. "Nizamlanmanın sadələşdirilməsi" ifadəsi də buradan irəli gəlir.
3. XİN başçıları regional sabitlik və təhlükəsizliyə yeni təhlükələrə qarşı mübarizəni gücləndirmək zərurətini qeyd ediblər, terrorizmə, ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə sıx əməkdaşlıq etməyə hazır olduqlarını ifadə ediblər.
Bu mövzu hər üç ölkənin maraqlarının kəsişdiyi sahədə sabitlik zonası formalaşdırılması nöqteyi-nəzərdən aktualdır. Suriya və İraqda, Əfqanıstanda, Mərkəzi Asiyada, Şimali Qafqazda bu cür qarşılıqlı fəaliyyətin elementləri izlənir.
4. Hər üç dövlətin XİN başçıları iqtisadiyyat, energetika, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclərin mübadiləsi sahəsində, habelə konsulluqlar və gömrük sahəsində üçtərəfli formata əməkdaşlığın inkişaf etdirilməsi və hər üç ölkənin regionları və bölgələri arasında əlaqələrin təşviqi haqqında razılıq əldə ediblər.
Burada əsaslı olaraq qeyd edilən bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini və regional və beynəlxalq əhəmiyyətli müxtəlif üçtərəfli ittifaqların yaradılmasını gözləmək olar.
5. Xarici işlər nazirləri həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha çox təşviqinin və dəstəklənməsinin əhəmiyyətini qeyd ediblər.
Xəzər regionunun "Şimal-Cənub" qərbi nəqliyyat dəhlizinin tikintisinin yekun mərhələyə qədəm qoyması ilə əlaqədar, çox güman ki, bu mövzunu ilk mövzu kimi qeyd etmək olardı. Gələn ilə o, Rusiya-Qazaxıstan-Türkmənistan-İran şərqi nəqliyyat dəhlizinə birləşməli və milyardlarla yük və sərnişin axını olacaq Xəzər nəqliyyat şəbəkəsini yaratmalıdır. Hazırki mərhələdə layihə daha çox siyasi əhəmiyyət kəsb edir, belə ki, Rysiya və Azərbaycanın Fars körfəzinə birbaşa çıxışını, İran üçün isə Rusiya və şimal dənizlərinə çıxış açır. Üçüncü ölkələr üçün isə hər iki tərəfə yol açılır.
6. Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qalmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə hazır olduqlarını təsdiq ediblər. Tərəflər ən qısa müddətdə Xəzər Dənizinin Hüquqi Statusu haqqında Konvensiyanı yekunlaşdırmaq barədə razılığa gəliblər.
Bu bənd o deməkdir ki, tərəflər Xəzər hövzəsinin bütün ölkələrinin regional kooperasiyasının inkişafını ləngidən amil kimi "Xəzərin statusu" məsələsi səhifəsini mümkün qədər tez bağlamaq əzmindədirlər. Bakı görüşünün də payızda Astanada beş Xəzər ölkəsinin sammitində müzakirə olunacaq bu məsələnin həllinin bəzi konturlarını irəli sürəcəyini gözləmək olar.
Göründüyü kimi, prezidentlər səviyyəsində üçtərəfli Bakı sammiti heç də deklarativ xarakterli olmayan müxtəlif məsələlərlə zəngin olacaq, çünki maraqlı olan bütün tərəflər sıçrayışa ümid edir - hər birinin öz marağı var, amma indiki zaman kəsiyində bu maraqlar üst-üstə düşür. 8 avqust görüşünün fenomeni və mahiyyəti bundan ibarətdir.
Rəy yaz