I- 28.01.19: Prezident İlham Əliyev istisnasız olaraq bütün şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik müavinətlərin verilməsi haqqında fərman imzalayıb;
II- 29.01.19: Prezident İlham Əliyev 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramını təsdiqləyib;
III- 28.02.19: Prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb;
IV- 12.03.19: Parisdə Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin rəhbəri Elman Rüstəmov və “Rotshshild & Cie” Bankının baş direktoru Ariel Malard de Rotşild strateji tərəfdaşlıq haqda saziş imzalayıblar;
V- 03.04.19: Prezident İlham Əliyev “Azərbaycanın məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb;
VI- 19.04.19: SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh neft şirkətlərinin konsorsiumu “Mərkəzi-Şərqi Azəri” yatağının dərin sulu hissəsinin işlənilməsi haqda layihə imzalayıblar;
VII- 17.06.19: Azərbaycan qazı ilk dəfə Avropaya daxil olub;
VIII- 18.07.19: Prezidentin sərəncamı ilə ölkədə minimum əməkhaqqı 250 manata qaldırılıb;
IX- 23.11.19: Rusiya MTC Ukraynadakı biznesinin (“Vodafone Ukrayna”) $734 mln.-a Azərbaycanın “Bakcell” şirkətinin “törəmə”si TelcoSolutionsandInvestments MMC-yə satması barədə saziş bağlayıb;
X- 18.12.19: Prezident məhkəmə-hüquq sahəsində aparılan islahatlar çərçivəsində qanunvericilik aktlarının ikinci paketini imzalayıb.
2019: durğunluq, inhisarçılıq, kadr yeniləməsi
Yola saldığımız 2019-cu il iqtisadiyyatda durğunluq, biznesdə inhisarçılıqın artması, kadr siyasətində yeniləşmə, Qarabağ məsələsində geriləmə, cəmiyyətdə fəallaşma ilə yadda qaldı.
Cari ilin əvvəlindən dövlətin iqtisadi siyasətinin sosial yükünün və məsuliyyətinin artırılması, sosial problemlərin həllinə yönələn təşəbbüslər ilin sonunadək davam etdi. Öncə minimum əmək haqqı və pensiya, sosial müavinətlər artırıldı, sonra isə dövlət sferasının bəzi kateqoriyaları üzrə məvaciblər qaldırıldı. Bununla da 2019-cu ildə dovlət iqtsiadi siyasətində sosial qayğını önə çəkdi, vaxtı keçmiş kredit borclarının həllinə münasibətdə çoxdan gözlənilən dəstəyini verdi, bununla yanaşı qaz ödənişləri üçün yuxarı tarıfli ödmələrin limitini qaldırdı və istehlakçıların xərclərini azaltdı. Əslində müsbət dəyişikliklərə köklənmiş bu tədbirlər sosial sahədə yığılıb qalmış problemlərin çəkisini yüngülləşdirsə də onların köklü həllinə ciddi dəstək ola bilmədi. Bunun başlıca səbəbi iqtisadi qanunauyğunlara zidd olaraq Azərbaycanda həm işsizliyin və həm də inflyasiyanın artımı oldu. Hər iki göstəriciyə münasibətdə Dövlət Statistika Komitəsinin hesablamaları mövcud gerçəkliyi təhrif etdiyindən bu mütənasibliyi rəsmi hesabatlar görmək mümkün olmasa da əslində görsənən odur ki, son 1 ildə Azərbaycanda yaşayış şərtləri qonşu ölkələrlə müqayisədə çətinləşib, ölkədən xaricə emiqrasiya və beyin axını çoxalıb[1]. 2019-cu ildə həyata keçirilən əmək haqqı artımlarına baxmayaraq, orta aylıq əmək haqqı istehlak səbətinin dəyəri bizimlə müqayisədə ucuz olan ölkələrdə hələ də Azərbaycandan yuxarıdır. Belə ki, MDB Statistika Komitəsinin[2] cari ilin yanvar-sentyabr ayına olan son məlumatlarına əsasən orta aylıq əmək haqqı göstəricisi üzrə Azərbaycan Rusiyadan 2,1 dəfə, Belarusdan 1,43 dəfə, Qazaxıstandan 1,34 dəfə, Ukraynadan 1,24 dəfə, Moldovadan 1,18 dəfə geri qalır. Azərbaycanda həmin dövrə orta aylıq əmək haqqı Gürcüstanda 44 ABŞ dolları, Ermənistandan isə 17 ABŞ dolları azdır. Baxmayaraq ki, 2004-cü ilə olan göstəriciyə görə Azərbaycan orta aylıq əmək haqqı göstəricisinə görə Ermənistanı 14 ABŞ dollar üstələyirdi.
2019-cu il həm də Azərbaycanda məşğuluq idarələrində qeydiyyata düşərək rəsmi olaraq işsiz statusu alanların sayının kəskin artması ilə diqqəti çəkdi. Belə ki, MDB dövlət statistika komitəsinin[3] digər məlumatında göstərilir ki, bu ilin noyabrın 1-də qeydiyyatda olan rəsmi işsizlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 232,4 faiz artıb. Belə ki, həmin dövrə Azərbaycanda məşğulluq mərkəzlərində 78,7 min nəfər işsiz qeydə alınıb. Azərbaycanda noyabrın 1-i tarixinə məşğulluq mərkəzlərində iş axtaranlara təklif olunmuş vakansiyaların (sərbəst iş yerlərinin) sayı isə tələb olunandan 4,4 dəfə az - 17,8 min olub. Müqayisə üçün qeyd edim ki, həmin dövrə Belarusda rəsmi işsizlərin sayı 10,9 min nəfər olduğu halda vakansiyaların sayı ondan 9 dəfəyədək çox - 92,3 min nəfər, Rusiyada rəsmi işsizlərin sayı 645,4 min nəfər olduğu halda vakansiyaların sayı ondan 3 dəfəyədək çox - 1 milyon 651 min nəfər olub. Lakin, Dövlət Statistika Komitəsinin açıqlamasına görə[4], Azərbaycanda 2019-cu ilin doqquz ayı ərzində 164,4 min yeni iş yerləri açılıb, 7,3 min iş yeri bağlanıb. Müstəqil eskpertlərin qiymətləndirmələrinə görə, Dövlət Statistika Komitəsi (DSK) həmişə kimi ölkədə bağlanan iş yerlərinin sayını azaldır, açılan iş yerlərinin sayını da şişirdir.
Ayrıca işsizlik probleminin, bütövlükdə sosial çətinliklərin həlli yolu qeyri-neft sektorunun inkişafından asılı olduğundan 2019-cu ilin yekunlarını bu müstəvidə də fərqi il ola bilmədi. DSK-nın məlumatına görə, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz, o sıradan qeyri neft-qaz sektorunun ÜDM-i 3,5 faiz, neft-qaz sektorunun ÜDM-i isə 0,2 faiz artmışdır. Göründüyü kimi hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorundan kənar sahələrdə artımı neft-qaz sektorunun artımını üstələmişdir. Lakin, 2019-cu ildə bütövlükdə iqtisadi artım tempi yüksək olmamış – cəmisi 2,1 faiz təşkil etmişdir. Bu göstərici 2018-ci illə müqayisədə 0,7 faiz bəndi artımı ifadə etsə də, gözləntiləri doğrultmamışdır. Çünki, rəsmi və beynəlxalq maliyyə-kredit təşkilatları bu il üçün daha yüksək artım proqnozlaşdırmışdılar. Belə ki, Beynəlxalq Valyuyta Fondunun IV maddəyə dair məsləhətləşmələrdən sonra yayılan materiallarında[5] bildirilirdi ki, Azərbaycanda iqtisadi artım karbohidrogen hasilatının artması və xərclər sahəsində yeni tədbirlər nəticəsində daxili tələbatın yüksək olması səbəbilə 2019-cu ildə 2,7 faizə çatacaq. Azərbaycan İqtisadiyyat Nazirliyi isə bu il üçün iqtisadi artımı 3,1 faiz proqnozlaşdırmışdı[6] Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatına[7] görə isə bu il Azərbaycanda iqtisadi artımın 2,8 faiz olacağını gözlənilirdi. Dünya Bankı artımın hərəkətverici qüvvəsini təbii qaz istehsalında yüksəlmə, daxili tələbatın dəstəyi, real əmək haqqı və kredit qoyuluşlarının artımının davam etməsi ilə əlaqələndirirdi. Göründüyü kimi, 2019-cu ildə gözlənilən iqtisadi artımın proqnozlardan aşağı olub. Bunun başlıca səbəbləri 2019-cu ilin yanvar-noyabr ayları 2018-сi ilin yanvar-noyabr aylarına nisbətən əsas kapitala yönəldilmiş vəsaitlərin 2,8 faiz aşağı düşməsi[8], 2019-cu il noyabrın 1-i vəziyyətinə kredit qoyuluşlarının artmasına baxmayaraq onun əsasən istehlaka yönəlməsi, eləcə də xaricdən sərmayə qoyuluşunun azalması və dövlətin əsaslı vəsait qoyuluşu üzrə xərclərinin irca səviyyəsinin aşağı olması ilə izah edilə bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində[9] 2025-ci ilədək hökumətin qarşısına qoyduğu 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılması”dır. Odur ki, 2019-cu ildə investisiya cəlbediciliyinin stimullaşdırılması məqsədilə investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb[10].
Lakin, bütün bunlara baxmayaraq 2019-cu ildə milli iqtisadiyyata xaricdən birbaşa investisiyaların cəlbi qənaətbəxş olmayıb. Bununla yanaşı, biznes mühitinin dəyərləndirilməsi üçün mötəbər mənbə hesab edilən Dünya Bankının “Doing Business” hesabatında[11] Azərbaycanın mövqeyi 2018-ci illə müqayisədə 9 pillə pisləşmiş ölkəmiz 34-ci yerdə qərarlaşmışdır.
Rəsmi prizmada 2019-cu üçün pozitiv müstəvidə təqdim olunan ölkədə inflyasiyanın və xarici borcun aşağı olmasıdır. Belə ki, DSK-nın açıqlamalarına görə, dekabrın 1-ə ölkədə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz olub. Eyni zamanda Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə[12], dekabrın 1-ə Azərbaycanda pul kütləsi 10 mlrd. 674 mln. 500 min manat təşkil edib. Beləliklə də ilin əvvəlindən pul kütləsinin artımı 1 mlrd. 128 mln. 800 min manat yaxud 11,8 faiz, illik hesablamada isə artım 1 mlrd. 689 mln. 300 min manat yaxud 18,8 faiz olub. Məlumat üçün qeyd edim ki, 2018-ci ildə pul bazasının artımı 12 faiz və ya 1002,5 milyon manat təşkil etmişdi.
İqtisadi qanunauyğunluğa əsasən pul bazasının artımı ÜDM-in atımdan çox olanda monetar amillərin inflyasiya yaradıcı təsirləri güclənir. Cari ilin 10 ayının yekunlarına görə, illik hesablamada pul bazasının artımı ÜDM-in artımını 9 dəfə çox olduğu halda, eləcə də manatın dövretmə sürətinin cari ilin yanvar ayındakı 5,1-dən noyabrda 4,8-dək aşağı düşməsi, inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalmasına dair DSK-nın hesablamalarını şübhə altına alır. Çünki, pul bazasının artdığı və manatın dövretmə sürətinin aşağı düşdüyü dövrdə inflyasiyanın sabit qalması o deməkdir ki, bu göstəricilərin ən azı biri düzgün hesablanmayıb. Fikrimizcə, düzgün hesablanmayan və rəsmi hesabatlarda yenə də aşağı göstərilən inflyasiya göstəricidir. Halbuki qiymətlər üzərində statistik müşahidələr göstərir ki, ötən illə müqayisədə xüsusilə də əhalinin istehlakında daha yüksək çəkiyə malik olan ərzaq məhsullarının qiyməti və xidmətlərin tarifləri bahalaşıb. Əslində pul bazasının artımını əmək haqları və sosial ödənişlər, eləcə də istehlak kreditləri şərtləndirdiyindən onun inflyasiyaya artırıcı təsiri daha gözləniləndir. Odur ki, heç şübhəsiz ki, 2019-cu ilin inflyasiya 10 faizin üzərindədir.
Azərbaycan Respublikası Mərkəzi Bankının açıqlamasına görə[13], dekabrın 1-ə olan məlumata görə, dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 82,6 faiz təşkil edib, eləcə də banklardan kənarda nağd pulun 2019-cu ilin 10 ay ərzində 19,1 faiz artması gizli iqtisadiyyatın miqyaslarının genişlənməsindən və vergi qanunvericiliyindəki dəyişikliklərin effekli olmamasından xəbər verir.
Xarici borclara gəlincə, 01 iyul 2019-cu il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 12,2 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanmış və bu məbləğin 10,8 milyard ABŞ dolları istifadə olunmuşdur. Beləliklə də adambaşına xarici borc öhdəlikləri imzalanmış sazişlər üzrə 1220 ABŞ dolları, faktiki istifadə üzrə isə 1080 ABŞ dolları təşkil etmişdir. Sazişlərə görə, xarici borcların yarıdan çoxu 10 ildən 20 ilə qədər müddətdə geri qaytarılmasıdır.
Cari ildə xarici borcların ÜDM-ə nisbətində azalma müşahidə olunsa da onların dövlət büdcəsindən ödənilməsi ilə bağlı xərclərin artımı narahatlıq doğurur. Belə ki, 2019-cu ildə xarici borcların ödənilməsi ilə bağlı xərclər dövlət büdcəsi xərclərinin 8,7 faizini təşkil edəcək.
Yekun olaraq onu qeyd etmək istərdim ki, 2019-cu ildə “Paşa” Holdinqin ekspansiyası ilə genişlənən inhisarçılığın yaratdığı baryerlər, iqtisadiyyatın diversifikasiya əmsalının aşağı düşməsi, beynəlxalq ticarətdə müqayisəli üstünlüyün itirilməsi, qeyri-neft sektorunda ticari və qeyri-ticari sektorların balansının pozulması, gizli iqtisadiyyatın miqyasının genişlənməsi kimi problemlər islahatlarla bağlı sistemsiz, qeyri-ardıcıl və kordinasiya olunmayan təşəbbüslərin səmərəli reallaşmasına imkan vermədi. Əksinə, neftin yaratdığı imkanlardan yalnız qisa müddətli maraqlar çərçivəsində bəhrələnən hökumət qeyri-ticari sektorda populist və əsaslandırılmamış qərarların qəbulunu sürətləndirməklə hakimiyyət və biznes arasında korrupsiya münasibətlərini daha da gücləndirdi. Nəticədə neft gəlirlərinin bölüşdürülməsi zamanı klassik korrupsiya mənbəyi olan tikinti sektoru, tikintidə isə nəqliyyat infrastrukturu 2019-cu ildə də dövlət xərcləmələrinin prioriteti oldu. Bu sektorlarda həyata keçirilən bahalı layihələrin yaratdığı görüntülər bir tərəfdən hökumətin iqtisadi təbliğatının leytmotivinə çevrilsə də, digər tərəfdən də korrupsiya reytinqinin pisləşməsinə (2019-cu il hesabatında Azərbaycan 30 pillə geriləyib[14]), iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin zəiflədilməsinə (2017-ci ildəki 39-cu yerdən 2019-cu ildə 58-ci yerə düşüb[15]), iqtisadiyyatın bir tərəfli olaraq neft-qaz resuslarından asılılığını gücləndirdi və əsasən də qeyri-ticari sektor üzrə inkişafına gətirib çıxardı.
[2] Social and demographic indicators: Average nominal monthly salary accrual basis in 2019, http://www.cisstat.org/eng/index.htm
[3] Social and demographic indicators: Demand and supply of labor force at the register labor market in 2019 (end of October), http://www.cisstat.org/eng/index.htm
[9] http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/Mart%20buraxilisi/az/strateji%20yol%20x%C9%99rit%C9%99si%20-aze.pdf
Rəy yaz