Azərbaycan: 2019-ci ilin mühüm siyasi hadisələri

I- 17.01.19: Avropa Parlamenti bloger Mehman Hüseynovun azad edilməsi tələbi ilə "Azərbaycanda Mehman Hüseynovun işi" adlı qətnamə qəbul edib.

II- 19.01.19: "Məhsul" stadionunda müxalifətin Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil edilmiş mitinqi keçirilib.

III- 12.03.19: Azərbaycan və Fransa arasında münasibətlərin inkişaf perspektivləri birinci vitse-prezident Mehriban Əliyevanın Parisdə bu ölkənin baş naziri Eduard Filipp və digər rəsmi şəxslərlə danışıqlarında müzakirə olunub.

IV- 16.03.19: Prezident İ.Əliyev 399 məhbusun əfvi haqqında sərəncam imzalayıb, hüquq müdafiəçilərinin məlumatına görə, onların 51-i siyasi məhbus hesab olunur.

V- 15.07.19: İyulun 14-də Gürcüstan tərəfdən bir qrup şəxsin Azərbaycan dövlət sərhədini pozması, onların Azərbaycanın sərhəd naryadına hücum etməsi və "Keşikçidağ" mağara kompleksi ətrafında xidmət çəkən sərhədçiləri təhqir etməsi ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfiri ölkə XİN-ə dəvət olunub. Səfirdən açıqlama tələb olunub, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

VI- 20.06 – 20.11.19: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, DİN başçısı Ramil Usubov, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov istefaya göndərilib.

VII- 19.10.19: Bakının mərkəzində Demokratik Qüvvələrin Milli Şurasının icazəsiz mitinqinin keçirilməsinə cəhd olunub, aksiyanın qarşısı sərt şəkildə alınıb.

VIII- 29.10.19: Hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub. Ağır kəllə-beyin travması nəticəsində o, komaya düşüb.

IX- 22.11.19: Rusiya Federasiyasının prezidenti Vladimir Putin Novo-Oqarevada Rusiyada dövlət səfərində olan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanı qəbul edib.

X- 05.12.19: Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

 

2019-cu il: Yuxarılar və aşağılar - üz-üzə

2019-cu il bir-biri ilə qarşılıqlı əlaqəsi və bir-birinə qarşılıqlı təsiri olan iki mühüm məqamla səciyyələnib. Söhbət bir tərəfdən ictimai narazılığın və hakimiyyətə təzyiqin xeyli artmasından, digər tərəfdən isə hakimiyyət sistemində kadr dəyişikliklərindən və institusional dəyişikliklərdən gedir.

İl rejimə beynəlxalq və ictimai təzyiqlə başlayıb, bu da Avropa Parlamentinin bloger Mehman Hüseynovun azad edilməsi tələbi yer alan 17 yanvar tarixli qərarında və müxalifətin buna həsr olunmuş 19 yanvar mitinqində özünü göstərib. Mitinq hakimiyyətin gözlədiyindən daha geniş ictimai etiraza dönüb. Sosial vəziyyətdən narazı olan vətəndaşlar da müxalifətə qoşulublar.

Hadisələrin bu cür inkişafı prezident İlham Əliyevin sosial xarakterli qərarlarına və fərmanlarına səbəb oldu. Onlar arasında minimum əmək haqqının, pensiyanın artırılması, vətəndaşların 2015-ci ildə manatın devalvasiyası nəticəsində yaranmış kredit borclarının müəyyən hissəsinin silinməsi haqqında qərarlar da daxildir.

Amma, buna baxmayaraq, ictimai əhval-ruhiyyə gərginləşməyə davam edib, bu, sosial şəbəkələrdə etirazçı əhval-ruhiyyənin fəallığının atmasında və müxalifətin çoxsaylı icazəsiz mitinqlər keçirmək cəhdlərində özünü büruzə verib. Hakimiyyət bu mitinqlərin keçirilməsinə mane olub.

Cəmiyyətin narazı təbəqələrinin də iştirak etdiyi hakimiyyət-müxalifət qarşıdurmasının kulminasiyası oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının tərəfdarlarının çıxdığı icazəsiz mitinq olub. Aksiyanın qarşısı sərtliklə alınıb, kütləvi həbslər aparılıb, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli saxlanılıb, fiziki və mənəvi zorakılığa məruz qalıb. Bunların ardınca Müsavat Partiyası icazəsiz mitinq keçirib və müxalifət dəyirmi masa çərçivəsində birlik nümayiş etdirib, birgə mübarizə üçün birləşmək hazırlığını bəyan edib.

Bu vəziyyətdə hakimiyyət fevralın 9-da vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul edir. Bu taktiki addım bir tərəfdən, demək olar ki, yaxın gələcək üçün müxalifətin birləşməsinin qarşısını alıb, belə ki, proses iştirakçılarının bir hissəsi seçkilərdə iştirak etmək qərarı qəbul edib, digər hissəsi isə onları boykot etdiyini elan edib. Digər tərəfdən prezidentin bu qərarı faktiki olaraq hakimiyyət sisteminin dəyişdirilməsi kursunun yekunu olub. 2019-cu ildə birinci vitse-prezident institutu güclənib, Mehriban Əliyeva hakimiyyət sisteminin kadr və institusional cəhətdən dəyişməsində mühüm rol oynamağa başlayıb.

Bu il Prezident Administrasiyasının rəhbəri "boz kardinal" Ramiz Mehdiyev, qüdrətli DİN başçısı Ramil Usubov, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi "ideoloq" Əli Həsənovun vəzifələrini tərk etməsi ilə əlamətdar olub. Hökumətə prezidentin iqtisadiyyat üzrə keçmiş müşaviri Əli Əsədov rəhbərlik edib, digər idarələrə isə Birinci ledinin ehtiyatlarından təcrübəli və daha gənc kadrlar təyin edilib.

Faktiki olaraq parlamentin kadr tərkibinin dəyişdirilməsi bu prosesin zəruri tərkib hissəsidir, belə ki, parlamentə əsasən birinci vitse-prezidentin baxışlarına uyğun və siyasi sistemdə gələcək islahatları dəstəkləməyə hazır olan şəxslərin gələcəyi gözlənilir.

Bu mənada 2020-ci il 2019-cu ilin davamı olacaq, dəyişikliklər kadr seqmenti kimi, idarəetmə sisteminə də, eləcə də siyasi, iqtisadi, ictimai münasibətlərə, informasiya münasibətlərinə, bir sözlə, bütün sahələrə toxunacaq. Amma bunları islahat adlandırmaq olarmı, bunu demək çətindir.

Bununla bağlı hər hansı proqram qəbul edilməyib. Çox güman ki, bu proqramların formalaşdırılması parlament seçkilərindən sonra başlayacaq.

Xarici siyasət meydanında hakimiyyətin dəyişiklik addımları prinsipcə bütün qüvvə mərkəzlərinin anlayış və dəstəyi ilə qarşılanıb, bu da Mehriban Əliyevanın Parisdə, Moskvada isti qəbul edilməsində, Azərbaycandakı hakimiyyətdaxili dəyişikliklərə heç cür mane olmayan Vaşinqtonun susqun razlığında əksini tapıb. Ötən il hakimiyyət dəhlizlərində dəyişiklik proseslərinin əhəmiyyətinin başa düşülməsi Qarabağ nizamlanması və avrointeqrasiya problemini arxa plana keçirib. Bu vəziyyət parlament seçkilərinə qədər davam edəcək, bundan sonra xarici təsir mərkəzləri ikitərəfli öhdəlikləri və onların yerinə yetirilməsi zərurətini xatırlayacaqlar.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti