Açıq mənbələrdən foto
Azərbaycan Ermənistanın iştirakı ilə siyasi və iqtisadi layihələrdə iştirakdan imtina edir, layihələrdə bu iki ölkədən başqa, digər dövlətlər də iştirak etsə belə. Bir istisna var - Müstəqil Dövlətlər Birliyi (MDB).
Bakı "Şimal-Cənub" energetika dəhlizinin (İran-Ermənistan-Rusiya) yaradılması ilə bağlı danışıqlarda iştirak etməkdən imtina edib. Amma Azərbaycan İran və Rusiya ilə elektroenergetika sahəsində fəal şəkildə əməkdaşlıq edir, bu ölkələrin isə mövcud energetika dəhlizləri ilə Ermənistanla əlaqəsi var, ondan elektrik enerjisi alır və satırlar. Avqustun 12-də Rusiya, Azərbaycan və İran bir il ərzində üç ölkənin energetika sistemlərinin birləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birgə hazırlanması barədə saziş imzalayıblar. Deməli, Azərbaycan dolayı yolla İran və Rusiyanın energetika tərəfdaşı olan Ermənistanın iştirak etdiyi regional elektrik şəbəkəsinin bir hissəsinə çevriləcək.
İran regional dövlətlərarası energetika şəbəkəsinin inkişafının təşəbbüskarı və bunda ən maraqlı tərəf kimi görünür. İran öz energetika əlaqələrini genişləndirmək niyyətindədir, elektrik enerjisinin istehsalı və ixracı üzrə regional mərkəzə çevrilməyə çalışır. 2018-ci ilin yanvarında İranın energetika nazirinin müavini Əlireza Daemi bildirib ki, Tehran qonşu dövlətlərlə energetika mübadilələrinin fəallaşdırılması üzrə planları nəzərdən keçirir. Hazırda İran İraqa 1400 MVt elektrik enerjisi ixrac edir və bütün qonşu ölkələri, hətta İranın ortaq sərhədi olmayan ölkələri də əhatə etməklə, bu gün cüzi olan enerji ixracını genişləndirmək niyyətindədir.
İranın energetika naziri Reza Ardakanyan bildirib ki, Azərbaycanlı həmkarı ilə danışıqlarda İranın Azərbaycan ərazisindən istifadə ilə Türkiyə ilə belə energetika əməkdaşlığı qurması imkanları müzakirə olunub.
İran energetika əlaqələrini genişləndirmək niyyətindədir, elektrik enerjisinin istehsalı və ixracı üzrə regional mərkəzə çevrilməyə çalışır. Əlireza Daemi bildirib ki, "mövcud elektrik şəbəkəsi və elektrik enerjisi mübadiləsi İranın Ermənistanın energetika sistemi vasitəsilə Gürcüstana qoşulmasına, habelə Türkiyə vasitəsilə Sloveniya və Avropaya çıxmasına imkan verir". Apreldə isə İranın elektrik enerjisinin istehsalı, paylanması və ötürülməsi ilə məşğul olan Şirkətinin icraçı direktorunun müavini Davud Manzur Əfqanıstan və Pakistana elektrik enerjisi ixracı üçün zəmin hazırlamaq zərurətini vurğulayıb.
Şimal istiqaməti, yəni Rusiya istiqaməti İran üçün mühüm və həyata keçirilməmiş istiqamət olaraq qalıb. İranın energetika naziri Reza Ardakanyan bildirib ki, İslam Respublikası və Ermənistan arasında Rusiyaya elektrik enerjisi ixracı imkanları haqqında danışıqlar aparılır. İran və Rusiya arasında Azərbaycan vasitəsilə enerji əlaqəsi 2005-ci ildən müzakirə olunur. 2018-ci ilin aprelində Bakıda üç ölkənin energetika nazirləri müavinlərinin görüşü keçirilib, görüşün yekunlarına görə, energetika sistemlərinin birləşdirilməsi məsələsi üzrə üçtərəfli işçi qrup yaratmaq qərarı qəbul edilib. Bu qrupun işinin nəticəsi bu yaxınlarda qəbul edilmiş üçtərəfli İTƏ-nin hazırlanması haqqında qərar oldu. Bu plan gerçəkləşərsə, İran elektrik enerjisinin istehsalı və siyasi cəhətdən mümkün olan bütün coğrafi istiqamətlərdə ixracı üzrə regional mərkəzə çevriləcək.
Tehran və Yerevan 2017-ci ilin dekabrında 2009-cu ildən mövcud olan "qaz müqabilində elektrik enerjisi" proqramını genişləndirmək barədə razılıq əldə ediblər. Bu proqram çərçivəsində Ermənistana ildə 400 milyon kubmetrə qədər qaz ixrac olunur. İran-Ermənistan energetika tranzitinin artırılması üçün 2012-ci ilin noyabrından Ermənistanda İran investisiyalarının iştirakı ilə İranla sərhəddə Araz çayında Meqrin SES-in tikintisi gedir. SES illik 793 milyon kVt/saat elektrik enerjisi istehsal etməlidir. Bu elektrik stansiyası iki SES-dən ibarət kaskadın bir hissəsi olduğuna görə əhəmiyyətlidir. İkinci SES - Karaçılar - İranda tikilir. Amma inşaatçılar 2018-ci ilin fevralında növbəti dəfə istehsalat və maliyyə problemlərinə istinad edərək, Meqridə SES-in açılışını təxirə salıblar.
Digər bir infrastruktur vəzifəsi yüksək voltlu transsərhəd elektrik ötürücü xətlərin (EÖX) artırılmasıdır. İran kapitalının iştirakı ilə 2,6 MVt gücə malik "Lori" külək generatoru (külək elektrik qurğusu, KEQ), 20 kV-lıq "Aqarak-Ninuayr" dövlətlərarası hava elektrik ötürücü xətləri (HEX) və 400 kV-lıq EÖX, Aqarak şəhərindən Razdansk TEM-ə qədər 400 kV-lıq daxili ikixətli HEX, habelə tikilən İEM-lər üçün qaz ixracının artırılması məqsədilə "Meqri-Kacaran" qaz kəmərinin bir hissəsi (İran-Ermənistan bor kəmərinin bir hissəsi) tikilib. 2018-ci ildə istismara verilməsi planlaşdırılan İran-Ermənistan üçüncü yüksək voltlu EÖX-nin tikintisi yekunlaşır. Onun işə salınması İran və Ermənistan arasında, habelə Gürcüstan və Rusiya ilə elektrik enerjisi nəqli həcmini xeyli artırmağa imkan verəcək.
Ermənistan və İranın Rusiya ilə ortaq sərhədləri olmadığına görə, Ermənistan və İranın regional elektrik enerjisi sisteminin Gürcüstan vasitəsilə Rusiya istiqamətində inkişafı zəruridir. Ermənistan Gürcüstanın energetika sistemi ilə Tbilisi QRES-Alaverdi sistemi vasitəsilə bağlıdır. Amma tranzitin genişləndirilməsi üçün yeni EÖX-lərə ehtiyac var. 2016-cı ilin aprelində Ermənistanın energetika naziri Levon Yolyan, İranın energetika naziri Həmid Çitçian, Rusiyanın energetika naziri Aleksandr Novak və Gürcüstanın energetika nazirinin müavini İlya Eloşvili qarşılıqlı anlaşma memorandumu və "Şimal-Cənub" energetika dəhlizi layihəsinin "yol xəritəsini" imzalayıblar. Sənəd Rusiya, Cənubi Qafqaz ölkələri və İranın energetika sistemlərinin birləşdirilməsini nəzərdə tutur.
"Rusiya elektrik şəbəkələri" şirkətinin rəhbəri Oleq Budargin qeyd edirdi ki, Rusiya-Gürcüstan-Ermənistan-İran energetika dəhlizi iştirakçı ölkələr arasında elektrik enerjisi axını üzrə strateji marşrut olmalıdır. Rusiya və Gürcüstan arasında siyasi fikir ayrılıqlarına baxmayaraq, bu ölkələr energetika sahəsində əməkdaşlıq edə bilərlər, 2019-cu ilin yazında Gürcüstanın elektrik enerjisi sisteminin ticari operatoru və Rusiyanın "İnter RAO" şirkəti arasında Abxaziyaya elektrik enerjisi ixracı haqqında qısamüddətli müqavilə tərtib edildiyi kimi.
Danışıqlarla yanaşı, konkret işlər aparılır. Gürcüstan və Ermənistan yeni transsərhəd EÖX-lər tikir. 400 kV-lıq ilk Ermənistan-Gürcüstan EÖX (bununla bağlı saziş 2014-cü ildə imzalanıb) ölkələr arasında transsərhəd axınını üç dəfə artırıb. 2017-ci ildə Ermənistan və Gürcüstan arasında yeni elektrik ötürücü xəttin tikintisinə başlanıb. Birinci mərhələdə elektrik enerjisi mübadiləsi 350 MVt təşkil edəcək. Gələcəkdə mübadiləni 750 MVt-a qədər artırmaq planlaşdırılır. 500 kV gücündə daha bir EÖX Gürcüstanda Rusiya istiqamətində tikiləcək.
Ermənistanın qonşuları ilə energetika mübadiləsində maraqlı olmasının səbəbini Ermənistanın energetika nazirinin müavini Areq Qalstyan izah etmişdi. O deyirdi ki, ölkəsinin enerji gücü daxili tələbat həcmindən çoxdur, amma mövsümdən asılı olaraq onların rəqabətədavamlılığı dəyişir. Belə ki, yazda Gürcüstan SES-in elektrik enerjisi ucuzlaşır və Ermənistan öz İES-lərini dayandıraraq, onu ala, qışda isə, əksinə, Ermənistan İES-lərində istehsal olunan elektrik enerjisini Tbilisiyə göndərə bilir. Energetika dəhlizinin üzvü olan digər ölkələrlə əməkdaşlıqda da bu cür imkanlar var.
Faktiki olaraq, Azərbaycan Ermənistanın iqtisadi blokadası siyasətini bəyan etdiyi halda, Ermənistanın iştirakı ilə formalaşan regional elektrik şəbəkəsinə qoşulur. Məlum olduğu kimi, İran, Rusiya və Gürcüstan elektrik enerjisi ötürülməsi sahəsində Ermənistanın fəal tərəfdaşlarıdır. Bu məqalənin əvvəlində qeyd edilən Rusiya-İran-Azərbaycan sazişinin həyata keçirilməsi ilə Azərbaycan bilavasitə elektrik enerjisi satmadan və almadan, digər ölkələr vasitəsilə Ermənistanın tərəfdaşına çevriləcək.
Rəy yaz