Açıq mənbələrdən foto
Üçtərəfli görüşün keçirilməsi təşəbbüsünü RF prezidenti Vladimir Putin irəli sürmüşdü. Aprelin 26-da Pekində beynəlxalq "Bir zolaq - bir yol" forumu çərçivəsində Putin prezident İlham Əliyevə Rusiya, Azərbaycan və İran liderlərinin avqustda hazırlanan görüşü haqqında məlumat verib. Elə həmin vaxt Azərbaycan prezidenti "nəqliyyat-logistika sahəsinin əməkdaşlığın mühüm istiqaməti olduğunu və burada yaxşı nəticələr əldə edildiyini" deyib. "... Düşünürəm ki, bu gün qarşılıqlı münasibətlər ikitərəfli və regional gündəliyin bir çox məsələlərini həll etməyə imkan verəcək səviyyədədir".
Putinin bəyanatı efirə ABŞ-ın İrana qarşı və bu dəfə həm də ölkənin dini lideri ayətullah Əli Xamneyinin şəxsi dəftərxanasına və İranın milyardlarla dollarlıq xarici aktivlərinə qarşı növbəti sanksiyaları tətbiq etməsindən sonra verilib.
Ola bilər ki, Putinin üçtərəfli görüş planlaşdırılması qərarı Vaşinqtona Moskvanın Rusiya-Amerika münasibətlərinin gərginləşdiyi şəraitdə (2018-ci ilin oktyabrında ABŞ-ın orta və uzaq məsafəli raketlərlə bağlı Müqavilədən çıxdığını və Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini bəyan etməsindən sonra) İranla məcburi birləşməyə gedəcəyini göstərmək cəhdi ilə diktə olunmuşdu.
Göründüyü qədər, bu siqnal eşidilib. Rusiyanın RBK agentliyinin məlumatına görə, iyunun 28-də Yaponiyada G20 sammiti çərçivəsində Tramp və Putin ikitərəfli görüşdə Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşdırılmasının dünya ictimaiyyətinin maraqlarına uyğun olduğu barədə razılığa gəliblər. Bu nəticə İran, Ukrayna, Suriya, Venesuela və silahlara nəzarət məsələlərinin müzakirəsinin yekunu olub.
İyulun 31-də, üçlüyün görüşünə iki həftə qalmış Tramp formal olaraq Sibir yanğınlarına qarşı mübarizədə kömək məsələsi ilə əlaqədar Putinə zəng edib. Amma onlar iki ölkə arasında ticari münasibətlər, 2019-cu ilin sonuna qədər gedən Con Hantsmanın yerinə ABŞ-ın Moskvada yeni səfirinin təyin edilməsi zərurəti kimi mühüm məsələləri də müzakirə ediblər. Sonuncu məsələ CNN vasitəsilə məlumat sızması nəticəsində məlum olub. Başqa sızıntı olmayıb.
Rusların Soçi görüşünü təxirə salmasının səbəbi İran-Rusiya-ABŞ ziddiyyətlər üçbucağıdır, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun avqustun 14-də TheVoiceofAmerica-ya müsahibəsində verdiyi bəyanat bunu təsdiq edir: "Düşünürəm ki, prezident Tramp prezident Putinlə çox yaxşı şəxsi münasibətləri olduğunu hesab edir". Müşavirin sözlərinə görə, "şübhəsiz, fikir ayrılıqlarımız olan bir çox məsələlər var", amma Tramp Putinlə şəxsi münasibətlərinin "böyük bir nəticəyə gətirib çıxaracağına" ümid edir.
Boltonun bəyanatı avqustun 14-də - üçlüyün Soçi görüşünün keçiriləcəyi gün səslənib. Nə deyirsiniz deyin, amerikalılar rəmziliyi vurğulamağı sevirlər.
RF prezidentinin mətbuat katibi Dmitri Peskovun görüşün təxirə salınmasının prezidentlərin "qrafiklərinin daha müfəssəl şəkildə əlaqələndirilməsi" və "bu qrafikləri sinxronlaşdıraraq müvafiq vaxtın müəyyən edilməsi" ilə bağlı olduğu barədə bəyanatı avqustun 13-də, yəni sammitdən bir gün əvvəl səslənib. Bu, Kremlin qərarı ildırım sürəti ilə qəbul etdiyi və İran və Azərbaycan prezidentlərinin faktla üzbəüz qoyulduğu deməkdir. Görüşə üç gün qalmış İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz Esmailinin aşağıdakı bəyanatı da bundan xəbər verir: "Soçi sammiti çərçivəsində Rusiya və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşlər keçiriləcək, bu görüşlər zamanı ikitərəfli münasibətlərin mühüm məsələləri müzakirə olunacaq... Üçtərəfli sammitin yekunlarına görə birgə bəyanat qəbul ediləcək".
Bu, həm də İran tərəfin razılaşdırılmış rejimdə sammitə hazırlaşdığının və birgə bəyanat layihəsinin hazırlanmasında iştirak etməsinin əlavə dəlilidir.
Azərbaycan tərəfin görüşün təxirə salınması barədə əvvəlcədən məlumatlandırılıb-məlumatlandırılmadığını demək çətindir, amma prezident Ruhaninin Kremlin sammitin ləğvi haqqında qərarından dərhal sonra Əliyevə zəng etməsi çox şeydən xəbər verir. Formal olaraq Ruhaninin zəngi Qurban bayramına həsr olunmuşdu (zəng bayramın 3-cü günündə edilib), amma əslində digər məsələlərin müzakirəsi üçün idi. "Hər iki lider qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı üçün yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib", deyə İran prezidentinin mətbuat xidməti bildirib.
Maraqlıdır ki, adətən bu cür söhbətlərin işıqlandırılmasına etinasızlıq göstərməyən Azərbaycan prezidentinin saytında bu telefon zəngi yad edilmir.
Bütün bunlardan belə bir nəticə çıxır ki, Putin bu gün Amerika-Rusiya münasibətlərinin yaxşılaşdırılmasını İranla müttəfiqlik münasibətlərindən üstün tutub. Qar topası kimi artan sanksiyalar və genişlənən beynəlxalq təcridetmə şəraitində Tehran üçün bu, pis xəbərdir.
Rusiya artıq Amerikanın anti-İran siyasətindən dividendlər əldə edib. 2019-cu il avqustun 16-da Amerikanın İrana və Venesuelaya qarşı sanksiyaları Rusiyanın neft şirkətlərinə nobayrdan-iyula qədər ən az 905 milyon dollar əlavə gəlir gətirib, bu barədə avqustun 16-da bloomberg agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, iki böyük ixracçının bazarda olmaması ilə əlaqədar Rusiyadan daha tez-tez neft almağa başlayıblar.
"Hazırda İrana və Venesuelaya qarşı sanksiyalar nəticəsində, habelə hasilatın azaldılması haqqında mövcud OPEK+ sazişi ilə əlaqədar rəqabət edən daha ağır və xammal neftin çatışmazlığı hiss olunur", deyən JBC Energy-nin analitiki Konstantsa Rangelova əlavə edib ki, Rusiyanın Urals neftinin bir barrelinin qiyməti Brent-ə nisbətdə maksimum göstəricilərə çatıb.
Bir müddət əvvəl novayagazeta.ru Rusiyanın son yarım ildə ABŞ-a neft ixracını kəskin şəkildə artırdığını bildirib. Bu, Venesuelaya qarşı sanksiyalar və təşkilatın üzvü olan neft ixracçısı ölkələrin xammal hasilatı həcmini azaltması ilə əlaqədar baş verib.
Rəy yaz