YARAT Müasir İncəsənət Məktəbinin 2-ci buraxılış məzunları öz yaradıcı təxəyyüllərini “Sonluqdan Sonsuzluğa” adlı sərgi vasitəsilə tamaşaçılarla paylaşırlar.
Sənətşünas Ülkər Əliyeva deyir ki, ümumilikdə “Sonluqdan sonsuzluğa” sərgisi sənətsevər izləyiciləri yeni nəsil sənətçi, eləcə də, kurator və art-menecerlərlə tanış edir. Bu, bəlkə də, yerli müasir incəsənətdə yeni nəfəslərin gəlməsi və gələcəkdə yüksəlməsi deməkdir.
Sərgilər sadəcə rəssamlardan ibarət deyil
O deyir ki, Yarat məktəbinin fəaliyyəti ilə bağlı deyib ki, Sabina xanımın təşəbbüsü ilə yaranan məktəb yalnız rəssamlar deyil, kurator və art menecerlərin də inkişafına yönəlir. Bu isə hazırda yerli incəsənətdə mövcud olan boşluğun doldurulmasına birbaşa istiqamətlənir. Sərginin rəssamı olmaqla yanaşı kuratoru və meneceri də olmalıdır ki, yetərincə keyfiyyətli iş ortaya qoyulsun.
“Digər tərəfdən də sərgidə debut edən sənətçilərin də kifayət qədər olduğunu nəzərə alsaq, Yarat məktəbi bir çoxları üçün yerli incəsənət məkanında inamlı atılan bir addımdır”.
Azərbaycanın Əməkdar rəssamı Sabina Şıxlinskayanın rəhbərliyi ilə təşkil olunan “Sonluqdan Sonsuzluğa” sərgisi, incəsənət vasitəsilə sonsuzluq anlayışını dörd fərqli konseptual yanaşmada təqdim edir.Sərginin hər bir hissəsi, kurator və məzunlar arasında yaradıcı əməkdaşlığın nəticəsidir. Tamaşaçılar burada ənənəvi sənət növlərindən rəqəmsal instalyasiyalara, performanslardan kollajlara qədər geniş bir ifadə spektri ilə qarşılaşır. Hər bir əsər, müasir dövrdə insan, kimlik və həyatın məna axtarışını əks etdirən fərqli bir hekayə danışır. Sərginin dörd əsas konsepsiyası - “Utopiyanın fraqmentləri,” “Dəyişkən kimliklər,” “Sonsuzluğun sonu” və “3-ün dairəsindən azadlığa bir nəfər” - tamaşaçılara sənətin dərinliklərinə səyahət etməklə yanaşı, onları öz daxili dünyalarını və suallarını sorğulamağa dəvət edir.
Sənətşünas Ülkər Əliyeva deyir ki,sərgi məkanına daxil olanda axının istiqaməti ilə gedərkən ilk olaraq Cavid Həsənlinin işinin qarşısına tapıb özünü.
“Əsərin rəngləri dayandığım yerdə bir müddət qalmağıma səbəb oldu. Cavid Həsənlinin əsəri sərgi daxilindəki « Utopiyanın frqamentləri”konsepsiyasına daxildir”.
Var olmayana duyulan arzu
Ülkər Əliyeva deyir ki, Kuratorluğunu Murad Mir-zadə, art -menecerliyini Aqnessa Tariverdiyevanın etdiyi “Utopiyanın fraqmentləri” sərgisi, hər zaman əlçatmaz bir ideallıqda olan, lakin eyni zamanda “real olmayan” utopiya yaratmaqla həm arzuladığımız, həm də heç vaxt əldə edə bilməyəcəyimiz paradoksal məkandakı get-gəllərimizi bizə təqdim edir. Bu isə birbaşa insan təbiətinin özü ilə bağlı suallar yaradır. “Fraqmentlər” sözü utopiyanın heç vaxt bir bütöv olmayacağı fikrini yaradır. Sənətşünasin sözlərinə görə bu fraqmentlər qismində sənətçilərin hər birinin ayrılıqda müstəqil baxılan işlərinin təqdim olunduğunu düşünsək, sərgi, “bəlkə də, hər fraqment özlüyündə tamdır” mesajını gizli şəkildə çatdırır.
“Sərgisi tamaşaçıların ənənəvi yağlı boya tablodan instalyasiyaya, xalça sənətindən performansa, hətta kitç vurğulara da rast gələ biləcəyi çoxçalarlı bir sərgidir”.
Ülkər Əliyeva Cavid Həsənlinin “Kainatı toxumlamaq” diptixi ənənəvi yağlı boya tablo ilə mətndən ibarət olan əsərinə də diqqət çəkərək deyib ki, rahat bir zamanda sərgini ziyarət edəcək ziyarətçilər mətni oxusa, ümumilikdə “Utopiyanin fraqmentləri”nin əsaslı bir hissəsini oxumuş olar. Onun sözlərinə görə zaman anlayışını da sorğulayan rəssam, onun şüurumuzda utopik bir xəyal olması fikrini, nisbilik nəzəriyyəsi, paralel kainatlar kimi elmi və fəlsəfi fikirləri poetik bir dillə diptixin ikinci hissəsi olan mətninə hopdurur.
“ Hər şey insanın beynində baş verir. Həmin beyni biz əsərdə də görürük. Lakin beyinin təsvirində böyük və içində də əks olunan kiçik insan siluetləri ana bətnindəki formada olmaqla kainatın başlanğıcdan sona və əksinə olan nəhayətsiz dövranını əks etdirir”.
Kainatın sonsuz dövranı
Sərg zamanı əsərlərlə yanaşı göstərilən performanslar da izləyicilərin və sənətşünasın diqqətini çəkən nüanslardan biri olub. Aliya Bayramovanın Canlı performansında yumurtanın içindən çıxaraq dünyaya gəlişimizi göstərərək performans boyunca hər kəsi düşünməyə vadar edib.
Ülkər Əliyeva deyir ki, o sərgilədiyi təlaş hissindən sonra o, yenidən gəldiyi yerə qayıdaraq sonsuz dövranı insanın doğulma prossesi üzərindən şərh etdi.
Sənətşünas deyir ki, Jalə Əzizova “Xəyalətdən Sonszuluğa” tekstil-sənətində dairəvi formalarla kainatın sonsuz dövranı ideyasını davam etdirir və bu ideya insan arzularının da sonsuzluğu ilə uyğunlaşdırırlır.
Sonsuz arzular və utopik məkanlar
Sənətşünas deyir ki, İnsanın olmağı arzu etdiyi, ən utpoik məkanlardan biri də cənnətdir ki, Məryəm Yusifəliyeva əsərində “Cənnəti xatırladır”. Lakin bu cənnətin təsvirində hiss etdirilən sünilik silsilə əsərlərin sol hissəinin ən küncündə “cənnət həzzidir” kimi bildiyimiz şokoladla bizi utopik məkandan düz reallığın içinə sürükləyir. Əsər mənə bir az da nostaljik və kitç abu-havası verdi.
Sənətşünas Zərifə Ramazanovanın da əsəri haqqında danışıb. “Vox İnterna”(latınca: “Daxildən gələn səs”) instalyasiyasında İmadəddin Nəsiminin məşhur ifadəsinin müasir formada interpretasiyası üzərindən nəsilləararası mədəni qarşıdurmanı göstərir.
“Kamran Vəlizadənin “Maddi vəziyyətlər” interaktiv instalyasiyasına daxil olan kiçik natürmortlar real həyatın sadə fraqmentlərini sərgiləyir. Lakin bizim bu kiçik tabloları istədiyimiz formada asa bilmə şansımızın olması zaldakı ziyarətmilərin sayı qədər utopik ehtimalların olmasını, yəni həyatın da bəzən gözlənilməzliklər üzərində qurulmasını bizə xatırladır”.
Sənətşünas deyir ki, sərgi bizə utopiya kimi ideal bir məkan vəd etmədiyi kimi, suallarla dolu yaşamımızda bu suallardan hər hansı birinisə cavablandırmağı da vəd etmir.
Timur Zaripovun audio-vizual performansı isə gecənin sonunda “Son fantaziya” ilə bu suallardan bəzilərini bizim üçün toplayaraq real həyatın xaotik fraqmentlərini göstərir.
Zamanın axışında dəyişən dünya və insanlar
Sənətşünas deyir ki, Mənsurə Məmmədəliyevanın kurasiyası və Nigar Nağdıyevanın art-menecerliyi ilə yaranan“Dəyişkən Kimliklər” konsepsiyasının adını eşidən kimi “dəyişkən” sözü ona nədənsə əlimizin altında müxtəlif formalara sala biləcəyimiz slaymı (slime) xatırladıb. Elə sərgi həqiqətən də, yeni dünyamızda gender və cinsiyyətin sabit və ənənəvi anlayışlarla izah edilməsinin qeyri-mümkün olduğunu, yəni dəyişə bilən bir məhfum olduğunu vurğulayır.
“Bu konsepsiya, XX əsrdə formalaşan gender və cinsiyyət nəzəriyyələrinin çağdaş dünyada necə yenidən qurulması və dəyişməli olduğunu araşdırır. Sərgi, insanların kimliklərini yaratmaq və dəyişdirmək haqqına sahib olmalarını qeyd edir və bununla da ənənəvi gender rollarına qarşı çıxaraq daha inklüziv, sərhədsiz və çoxşaxəli bir kimlik anlayışını təklif edir”.
Ülkər Əliyeva deyir ki, bu yanaşma, daha inklüziv və harmonik bir dünyaya doğru bir transformasiya prosesini işıqlandırır, burada kimliklər bir-biri ilə əlaqələnir, yer dəyişir, biri-birinə qarşılıqlı təsir göstərir və anlayışla qarşılayır
Konsepsiya, hələ 60-cı illərdə “Qadın doğulmaz, qadın olunar” tezisini irəli sürən Simon de Bovuarın cinsiyyətin bioloji deyil, sosial və mədəni konstruksiya olduğunu vurğulayan “İkinci Cins” əsəri ilə Cudit Batlerin “performativ cinsiyyət kimlikləri” nəzəriyyəsi əsasında qurulub. Məhz bu qədər rəngli kimliklər arasında sərgi məsələyə empatiya hissi müstəvisindən yanaşaraq yalnız öz rəngimizi deyil, ətrafdakı rəngləri də görüb qəbul etməyi, daha geniş pəncərədən baxmağı bizə təklif edir.
İncəsənət zamansız və məkansızdır
Sənətşünas deyir ki, “Sonszuluğun sonu” konsepsiyası Azərbaycan dilində “sonsuzluq” sözünün sahib olduğu omonimlikdən istifadə edərək daimi mövcudluğu sənətlə eyniləşdirir. Həqiqi yaradıcı insan əbədi olaraq sonsuzluğu əldə etməyə haqq qazanır. Sofiya Frankın kuratorluğu, Tunar Amirovun art-menecerliyi ilə həyata keçən sərgi, ənənəvi muzey məkanı anlayışını da sual altına qoyur, müasir dövrdə incəsənətin rəqəmsal məkanlarda sonsuz ömrünü pik səviyyəyə çatdırır.
Ülkər Əliyeva deyir ki, sənətçilərdən Aliyə Qədirli( The Mushroom ) əsərlərində « Dədə-Qorqud dastanı »nın motivlərindən, ənənəvi Dərviş obrazından və bəzi folklor elementlərindən ilhamlanaraq bizim üçün tamamilə yeni, qeyri-real, amma bir o qədər də maraqlı bir dünyanı canlandırır. “Kainatın rəhmi” animasiyasında insan doğuluşu ilə sənətin yaranması prossesi eyniləşdirilir və konsepsiyanın “incəsənət daimidir” ideyası gücləndirilir. “Sonsuzluğun dərmanı” videosunda istifadə olunan ironiya izləyicisini həssas mövzu üzərində yenidən düşünməyə dəvət edir. “Bayandır xanla kollabrasiya” etməyə cəhd edən Aliyə animasiyanın adında da göründyü kimi bir sənətçi kimi zaman və məkan anlayışını həqiqətən də alt -üst edir.
“Bayandır xanın 3 müxtəlif rəngli çadırlarını Mushroomun paralel dünyasında kimə verdiyini isə özünüz gedib görsəz, daha maraqlı olar”.
Ülkər Əliyeva qeyd edib ki, Ellada Ağayeva izləyicini məhdud real həyatdan tükənməz təxəyüllə dolu sonsuz kainata « Traformasiya »ya dəvət edir, Həyatın qurulmasını pazl oyununa bənzədərək real həyatın sənətlə imitasiyasını yaradır. Pazl çətinliklə yığılsa da, çox tez dağıla bilən kövrəklikdədir, eynən həyat kimi. « Yaradılış » insan həyatının sonlu, onun yaradıcılığının isə sonsuz olduğunu göstərən animasiyadır.
“Xəyalə Əkbərin 3 videodan ibarət əsəri sonsuzluq mənasına gələn “ samsara”nın daimiliyi üzərindən qadınların üzləşdiyi çətinliklərin nəsilbənəsil yeni formalarda dövr etməsini, lakin obrazın usanmadan özünü və həqiqətlərini axtarmasını nümayiş etdirir. Videolarda istifadə olunan cinsiyyətçi ifadələr bu gün də real olan problemləri sərt bir şəkildə bizə göstərir”.
“3-ün dairəsindən azadlığa bir nəfər”
Sənətşünasın və izləyicilərin adı ilə diqqətini çəkən sərgi də onlarda sual yaradıb.
Ülkər Əliyeva deyir ki, yumoristik adı ilə diqqət çəkən son konsepsiya elmi, fəlsəfi və insan təbiəti müstəvisindən yanaşıb natamamlıq və mükəmməllik paradokslarını qarşı-qarşıya qoyaraq çox sadə bir sualı bizə ünvanlayır. “Təbiətdə, hətta elmdə belə bu qədər boşluqlar, natamamlıqlar varkən, insanın özündən və başqalarından mükəmməllik gözləmələri nə qədər doğrudur ?” Onsuz da təbiət özü də bu boşluqlarla natamam bir harmoniyada mükəmməldirsə, biz də bu məhdudiyyətlərimizlə ahəngdarlığa ayaq uydura bilərik. Əminə Manafova və Elçin Hüseynin kuratorluğu, İbrahim Mirzəyevin art-menecerliyi ilə baş tutan sərgidə sənətçilər məhz bu natmamalıqlara qucaq açırlar.
“BAXO” (Bəxtiyar Zaidzadə) instalyasıyasının olduğu məkanının divarları boyu təsvir etdiyi ideal dairəvi formalı köpüklərlə insanı mükəmməliyə çatdıracağına inanılan arzuları əks etdirərək sənətşünasın diqqətini çəkib. O deyir ki, hər an yox olmağa hazır olan köpüklər kimi insan arzuları da qeyri-sabitdir. Əsər mükəmməlliyin deyil, hədəfə gedən yolda əldə olunan təcrübələrin dəyərini simvollaşdırır. Kosmik səslərin müşayiəti əsərin vurğusunu daha da gücləndirir.
Sonsuzluq və insan arasında əlaqə
Nurlan Babazadənin müxtəlif məkanlarda çəkilən, “Sonsuzluq insansız mümkündürmü?” sualı altında olan silsilə fotolarında heç bir insan gözə dəyməsə də, sənətçi onun izlərinin aşkar olduğunu ifadə edir. Bəs bu izlər yetərincə yalın görünən o mənzərələri əslində « mükəmməl » etmirmi ? Sənətşünas deyir ki, əsər insansız, yalın mənzərələr, insansız başlanğıca - dünyanın yaranmasına eyham vurur. O, sərgilənən müəyyən, real mənzərələrlə başlanğıcın qeyri-müəyyən mənzərəsi arasında əlaqə yaradıldığını da qeyd edib.
“Lamia Kamilova “Piqmalion və Qalateya”nın mifik hekayəsindən yola çıxaraq insansın sonsuz gözləntilərinin əsas qaynağını araşdırmağa çalışır. Divar boyu təbaşirlə yazılmış şərhlər isə ümumi konsepsiyanın həllinə xidmət edir”.
Sərgini anlamaqla bağlı yaranan çətinlik
Ülkər Əliyeva son olaraq qeyd edib ki, sərgi məzunların yekun işidir və bir çoxları üçün debutdur, onun fikrincə, bu artıq bir uğurdur. Bu sənətçilərdən gələcəkdə də maraqlı işlər görəcəyimizə əmin olduğunu vurğulayıb.
Sənətşünas deyir ki, daha fərqli təqdimatın olması sərgini izləyicilər üçün daha anlaşılan edə bilərdi.
“ Lakin ümumilikdə, 4 sərginin eyni anda tamaşaçılara açılmasının nə qədər məqsədəuyğun olmağı məndə sual doğurdu. Açılış günləri yetərincə qarışıq olan sərgi zalında hazırda hansı konsepsiyanın içində olduğunu anlamaq çətin olur. Bu ümumi sərginin, əsərlərin oxunmasını çətinləşdirirdi”.
O deyir ki, konsepsiyalar ən azından 2-2 qruplaşdırılıb nümayiş olunsaydı, hər biri ilə daha dərindən tanış ola bilərdik. Sənətşünas keçən ilki məzunların təqdimatdan nümunə çəkərək deyib ki, ilk Yarat məktəbinin yekun sərgisində 3 ayrı sərgi ilə sənətçi,kurator və menecerlər izləyicilərə təqdim olunmuşdu.
“Həmin sərgiləri sadəcə bir dəfə ziyarət etməyimə rəğmən konsepsiyalar və əsərlər hələ də yadımdadır. Hər halda , “Sonluqdan sonsuzluğa” sərgisini tam həzm edə bilmək üçün Yarata bir də baş çəkməli olacam. Ümuni olaraq isə Yarat Müasir İncəsənət Məktəbinin yeni mövsümdə növbəti sərgisini səbirsizliklə gözləyirəm”.
Rəy yaz