A bar in Stockholm. Sweden is pursuing relatively liberal policies to fight the coronavirus pandemic, even though there has been a sharp spike in deaths. /Andres Kudacki/AP Photo

A bar in Stockholm. Sweden is pursuing relatively liberal policies to fight the coronavirus pandemic, even though there has been a sharp spike in deaths. /Andres Kudacki/AP Photo

Pandemiyanın inkişaf dinamikası və hakimiyyətin gördüyü tədbirlər hökumətin səriştəsizliyini və cinayətkar səhlənkarlığını nümayiş etdirir. Tədbirlər yarımçıq, qeyri-ardıcıl və ziddiyyətli xarakter daşıyırdı və indi də belədir. Hökumət vətəndaşların yerdəyişməsinə gah icazə verir, gah bunu qadağan edirdi, ticarət obyektlərini və müəssisələri gah bağlayır, gah açırdı, həftədə bir neçə günlük komendant saatı tətbiq edirdi, qalan günlərdə isə insanlar təhlükəsizliyə məhəl qoymadan, geniş şəkildə ünsiyyətdə olurdular.

Bu vəziyyətdə cəmiyyət psixoloji, maddi, əxlaqi itkilərə məruz qalır. Hamı sual verir: Bundan sonra necə olacaq? Hamı - vətəndaşlar da, polis də yorulub. Etimad görməyən hökumətin bütün tədbirləri və tövsiyələri formal xarakter daşıyır və statistikadan göründüyü qədər, lazımi nəticəni vermir - pandemiyanın azalması dinamikasına gətirib çıxarmır.

İqtisadi böhran və işsizlik şəraitində cəmiyyətin maddi resursları tükənir, gərginlik artır. Qismi təcrid siyasəti davam etdirilməlidir, ya ondan tamamilə imtina edilməlidir? Məsələ bundan ibarətdir.

Yollar

Koronavirus yayılmağa başladığı andan dünya iki yoldan getdi.

İlk yolu Çin modeli adlandıraq. Sərt karantin tədbirləri, yerdəyişmənin məhdudlaşdırılması, özünütəcrid, maskalardan məcburi istifadə, dezinfeksiya, insanların toplaşmasına qoyulan məhdudiyyətlər.

İkinci. İsveç modeli. Sərbəst yerdəyişmə, toplaşmaq azadlığı, davam edən iqtisadi fəaliyyət. Bu zaman fərdi xarakterli qoruyucu tədbirlər təşviq edilirdi. Belarus da bu yoldan gedir.

Bu iki yolun hibrid variantları da var, məsələn, Böyük Britaniya.

Azərbaycan ilk davranış variantını əldən verdi. Bu variant Çin, Sinqapur, Cənubi Koreya, Gürcüstan və digər ölkələrdə yaxşı həyata keçirildi. Bu ölkələr pandemiyanı sıfıra endirdi və 2-3 ay sonra ölkədaxili iqtisadi münasibətləri, hətta turizm kimi həssas sahəni belə bərpa etməyə başladı.

İndi bu təcrübəni təkrar etmək çətindir - vaxt əldən verilib, cəmiyyət ziddiyyətli qərarlardan yorulub və pandemiya ilə formal mübarizə oyununu davam etdirməyə hazır deyil.

İsveç və Belarus variantını hələ qaçırmamışıq, buna görə ona diqqət yetirməyə dəyər. Bu variant həm də ona görə maraqlıdır ki, onun haqqında bir çox yanlış fikirlər var. Amma o, təsəvvür olunduğu qədər qorxulu deyil.

Hazırda İsveç modeli pandemiyanın ilk aylarında olduğundan daha az tənqidə məruz qalır. İsveçlilərin əksəriyyəti (yarısından çoxu) hökumətin koronavirusla bağlı siyasətini dəstəkləyir və COVİD-19-un səbəb olduğu ölümlərin artmasına çox az diqqət yetirir.

Epidemiya başladıqdan bəri İsveç adi həyatını yaşayıb və vətəndaşlar şəxsi zərurət və istəkdən irəli gələrək ehtiyat tədbirlərinə riayət ediblər. Xarici iqtisadi fəaliyyətlə əlaqədar iqtisadiyyat çöksə də, Azərbaycandan fərqli olaraq, bu, əhalinin rifahına ciddi təsir etməyib. Məhdudiyyətlər tətbiq edilməməsi siyasəti biznes ictimaiyyətinin dəstəklənməsinə və müflisliyin, əhalinin sosial rifah səviyyəsində azalmanın minimuma endirilməsinə imkan verib.

Statistika

İsveç əsasən böyük ölüm statistikasına görə tənqid edilir. Doğrudur, son zamanlar ölümlərin sayı xeyli azalmağa başlayıb. Bu gün İsveçdə 73,3 mindən çox insan xəstəliyə yoluxub və 5447 nəfər vəfat edib. İyunun ortalarına qədər orta hesabla gündə 50 nəfər ölürdüsə, indi bu rəqəm iki dəfə azalıb.

İsveç əhalisi də Azərbaycan əhalisi kimi 10 mln. nəfərdir.

İsveç - 2019-cu ildə ölümün ümumi əmsalı 9,1 (hər 1000 nəfərə)

Azərbaycan - 2019-cu ildə ölümün ümumi əmsalı 6,8 (hər 1000 nəfərə)

Arayış: Ölümün ümumi əmsalı il ərzində müvafiq olaraq ölənlərin sayının orta illik sayına nisbətidir, əhalinin hər min nəfərinə hesablanır. Doğumun ümumi əmsalından ölümün ümumi əmsalının çıxılması təbii artım əmsalını göstərir. Bu əmsal miqrasiya olmadığı halda əhalinin sayındakı dəyişiklik sürətinə bərabərdir.

İsveç - 2019-cu ildə 65 yaşdan yuxarı əhalinin payı - 20,2% (2 mln. nəfər).

Azərbaycan - 2019-cu ildə 65 yaşdan yuxarı əhalinin payı - 4% (640 min nəfər).

İsveç - orta ömür uzunluğu - 82 il.

Azərbaycan - orta ömür uzunluğu - 72 il (bizim rəsmi statistikanın şübhəli olduğunu nəzərə alaraq, bu rəqəmin şişirdilmiş olduğunu qeyd etmək olar. Qəbirstanlıqlarda gəzin və son illər ölənlərin yaşlarına diqqət edin. Başqa dəlillər də var, onlar barədə aşağıda danışacağıq).

İsveç - 80 yaşdan yuxarı şəxslər - 500 min.

Azərbaycan - 80 yaşdan yuxarı şəxslər - 70 min.

İndi isə diqqət edin, Azərbaycanda koronavirus olmadan da 640 min nəfər pensiyaçılar qrupuna aiddir. Onların cəmi 70 mini 80 yaşını keçib. Belə olduqda, ömür uzunluğu necə 72 il ola bilər?

İnkişaf etmiş ölkələrin statistikası göstərir ki, koronavirusun təsirindən əksər hallarda ciddi xroniki xəstəlikləri (tənəffüs orqanlarının xəstəlikləri, xərçəng, ağır formalı diabet) olan yaşlı insanlar vəfat edir.

İsveçdə ölənlərin yarısı qocalar evində qalanların payına düşüb. İsveçin koronavirusa qarşı mübarizə strategiyasının ən böyük problemi budur - İsveçdə hər 10 öləndən 9-u 70 yaşdan yuxarıdır. Və onların yarısı qocalar evində qalırdı.

“Bu il ölənlərin sayı hər il qocalar evində qrip epidemiyası nəticəsində ölənlərin sayı ilə müqayisə oluna bilər”, deyə İsveçin Milli Səhiyyə və Sosial Təminat Şurasının (Socialstyrelsen) departament rəhbəri Tomas Linden bildirir.

İsveçdə bir il ərzində orta hesabla 90 min nəfər və ya ayda 7,5 min nəfər vəfat edir.

Azərbaycanda bir ildə orta hesabla 71 min nəfər və ya ayda 5,9 min nəfər vəfat edir.

Bizdə 2020-ci ilin 5 ayı ərzində İsveçdə əhali itkilərinin nə qədər olduğu haqqında məlumat yoxdur. Bu məlumat real vəziyyəti göstərə bilər. Bu rəqəm 9 min və daha yuxarıdırsa, ölüm hallarının artmasının səbəbi kimi pandemiyadan danışa bilərik.

2020-ci ilin aprelində İsveçdə 10,4 min nəfərin öldüyü haqqında məlumat var. Bu rəqəmi 1993-cü ilin dekabrı ilə müqayisə etmək olar, həmin vaxt İsveçdə mövsümi qrip epidemiyası zamanı 11 min nəfər vəfat etmişdi.

Azərbaycanda 80 yaşdan yuxarı insanların sayı İsveçdəki qədər olsaydı, yəqin ki, pandemiyanın səbəb olduğu ölüm halları da İsveçdəki ilə eyni sayda olardı. 80 və yuxarı yaşda insanların çox olduğu inkişaf etmiş ölkələrdə (İtaliya, Fransa) ölüm sayı yüksəkdir. Yüksək ölüm göstəriciləri onların hesabına olur.

Belarus və Ukraynanın Azərbaycanla bənzər statistikası da bunu təsdiq edir. Belarusda orta ömür uzunluğu 74 il, Ukraynada isə 71 ildir. Bu ölkələrdə də ölüm yaşı azdır. Çox az sayda insan 80 yaşına qədər yaşayır.

Maraqlıdır ki, Belarusda infeksiyaya yoluxanların sayı İsveçlə müqayisə olunacaq həddədir - 64 min nəfər, ölüm sayı isə 430 nəfər təşkil edir. Ukraynada 50,7 min nəfər xəstəliyə yoluxub, 1300 nəfər vəfat edib.

Qısacası, hər şey birmənalı deyil.

Pandemiyanın qələbəsi, iqtisadiyyatın məğlubiyyəti

Dünyada hələlik karantin tətbiq edilməsinin səmərəliliyi haqqında vahid rəy yoxdur. Çoxları əmindirlər ki, karantin pandemiyadan xilas etməz, amma iqtisadiyyatı, yəqin ki, öldürər. Belarusun səhiyyə naziri Vladimir Karanikin sözlərinə görə, dünyada xəstələnənlərin və onlarla əlaqədə olan şəxslərin aşkar edilməsi və sosial təcridi, həmçinin 70 yaşdan yuxarı insanların özünütəcridi kimi tədbirlər ən səmərəli tədbirlər kimi qəbul edilib. Karantin (tələbələrdə olduğu kimi) virusun azalmasını mütləq şəkildə azaltmır, çox vaxt hətta əksinə, artırır.

İnsanın immun sisteminin gücləndirilməsi tədbirlərini də buraya əlavə etmək lazımdır. Azərbaycanda tarazlaşdırılmış qidalanma, vitaminlərdən, qida əlavələrindən istifadə üzrə (xüsusən uşaqlar arasında) çox zəif siyasət həyata keçirilir. Azərbaycanda koronavirusdan İsveçdəkindən daha gənc insanlar vəfat edir. Bu, zəif immunitetin, cəmiyyətin xəstə vəziyyətinin daha bir sübutudur.

İşgüzar fəaliyyətə qoyulmuş sonuncu genişmiqyaslı məhdudiyyətlər vəziyyəti daha da ağırlaşdırıb. 4 aydır durğunluq vəziyyətində olan sahələr var, insanlar isə əmək haqqından məhrum qalıblar. Yoxsulluq artır, onunla birlikdə qidalanma keyfiyyəti də pisləşir, bunun nəticəsi olaraq isə immun sistemi daha da zəifləyir. Koronavirusun təsirindən vəfat edənlər arasında orta və pensiyaöncəsi yaş həddində olan insanların çox olması təsadüfi deyil.

Fors-major vəziyyətdə səriştəsizliyini göstərən hökumət təxirə salmadan Operativ Qərargahın yerinə alimlərin, qeyri-hökumət təşkilatlarından ekspertlərin iştirakı ilə komissiya formalaşdırmalı və gələcək addımlar haqqında müzakirələrə başlamalıdır. Zaman gözləmir.

Karantin tədbirlərinin həftə sonları komendant saatına qədər sərtləşdirilməsi və infeksiyaya yoluxanların sayının artması, habelə bunlar ətrafında isteriyanın beynəlxalq maliyyə institutlarından maliyyə yardımı və kredit almaq istəyi ilə bağlı olduğunu düşünmək istəməzdim. İnfeksiyaya yoluxanların sayında artımın, karantin rejiminin sərtləşdirilməsi və pandemiya ətrafında ajiotajın AYİB və AİB ilə danışıqlardan sonra başladığı yadıma düşür. Azərbaycan hakimiyyəti iqtisadi böhranı inadla pandemiya ilə əlaqələndirir və yorulmadan beynəlxalq institutlarla bu barədə danışır. Baxmayaraq ki, 2019-cu ilin sonlarında və 2020-ci ilin əvvəllərində koronavirus pandemiyası başlamazdan və neft qiymətləri ucuzlaşmazdan əvvəl eksperlər qarşıda duran böhran haqqında əsaslaşdırılmış proqnozlar irəli sürürdülər.

Ötən ay Belarus prezidenti A.Lukaşenko bildirib ki, ölkənin koronavirus fonunda təxminən 900 milyon dollar ölçüsündə “təcili” maliyyə dəstəyi istədiyi Beynəlxalq Valyuta Fondu (BVF) Minskdən karantin və ya komendant saatı tətbiq etməyi tələb edib. Amma Lukaşenko bundan imtina edib.

Azərbaycan. İşsizlikdən və yoxsulluqdan ümidsizliyə qapılmış insanların küçəyə çıxa bilməsi və orada onları polis və ordunun qarşılaması daha da pisdir. Ordu birləşmələri artıq nəzarət işinə cəlb edilib. Yalnız bir hissəsi nəzarət işinə cəlb olunan daxili qoşunların 12 min hərbiçisi olduğu halda ordudan istifadə narahatlığa səbəb olur.

Bu, hökumətin ölkəni ən pis ssenari üzrə inkişaf yolundan aparmasının daha bir göstəricisidir. Və hamı başa düşməlidir ki, nə qədər ki, gec deyil, dayanmaq lazımdır.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti