Фото из открытых источников
Bu gün mediada və sosial şəbəkələrdə ölkə telekanallarının qeyri-qənaətbəxş vəziyyəti, verilişlərin müasir tələblər səviyyəsindən geri qalması, auditoriyanın tələb və maraqlarına cavab verməməsi, TV aparıcılarının efirdə yol verdikləri yanlış davranışlar geniş müzakirə olunur. Yerli televiziyaların xoşagəlməz durumu, auditoriyanın narazılığına səbəb olan qeyri-peşəkar, qıcıqlandırıcı fəaliyyəti bəzən parlamentdə də ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olan əsas mövzulardandır. Bəs teleməkanımızda yaranmış və davam etməkdə olan belə mənfi tendensiyanın səbəbi nədir?
* * *
Günümüzün bu vacib sualına cavab verməzdən əvvəl belə bir məqamı qeyd edək ki, bütün dünyada internetin ciddi uğurlarına baxmayaraq TV bir informasiya kanalı kimi hələ də öz üstünlüklərini saxlayır. Xüsusən Qərbin inkişaf etmiş ölkələrində əhalinin 70 faizə yaxını əsas yenilikləri teleekrandan alır. Televiziyanın eyni anda insanların həm şüuruna, həm də hisslərinə təsir etməsinin üstünlükləri də burada öz rolunu oynayır.
Bu gün audiovizual epoxada yaşadığımızdan müasir insan üçün informasiyanın özəyini məhz görüntü təşkil edir. Bu baxımdan TV həmin görüntünü çatdırmağın əsas aləti funksiyasını yerinə yetirir. Digər tərəfdən, həmin vizual informasiyanı istehsal edib yayanların da sayı artır. Məsələn, son hesablamalara görə, hazırda dünyada 2,5 milyarddan çox adam rəqəmli fotokamera ilə, 1 milyard nəfərdən çox aktiv mobil telefon istifadəçisi (başqa sözlə, dünya əhalisinin yarısı) isə smartfonla görüntülər çəkib internetə yükləyir, əyləncə, istirahət və iş məqsədilə bu görüntülərdən istifadə edir. TV süjetlərinin də bu sıraya əlavə olunması virtual aləmdə görüntü axınını xeyli sürətləndirir. İndi YouTube, Facebook, Instagram kimi veb-saytlara gündə milyonlarla şəkil və video qoyulur. Təkcə İnstagramın 100 milyon aylıq aktiv istifadəçisi var, gündə buraya 40 milyon şəkil əlavə olunur. 2018-ci ilin məlumatına görə, YouTube hər dəqiqə ümumi davamiyyəti 81 saat olan videolar yüklənir.
Əslində belə fasiləsiz görüntü axını, texnoloji üstünlüklər, dünya ilə səsləşmənin asanlaşması və hadisə bolluğu şəraitində Azərbaycan telekanalları da öz auditoriyasını maraqlı layihələrlə cəlb etməli idi. Amma görünür, burada sağlam məntiqin diktəsi təsirsiz olduğundan tamamilə əks proseslər gedir. Yəni artıq danılmaz faktdır ki, hazırda Azərbaycanda tamaşaçı auditoriyası 10-15 il əvvəllə müqayisədə sürətlə daralır, yerli televiziya proqramlarına baxanların sayının kəskin şəkildə azalması tendensiyası güclənir. Ölkə tamaşaçısı əsasən xarici telekanallara baxır (TRT, ORT, RTV, CNN, BBC, Avronyus və s.), yerli TV-lərin ən reytinqli verilişinin topladığı tamaşaçıların sayı çox azdır. Tamaşaçıların yerli kanallardan üz döndərməsinin əsas səbəbləri aşağıdakılardır:
- tamaşaçı yerli kanallardan gərəkli bilgi ala bilmir;
- informasiya proqramları daha çox təbliğat yöümlüdür;
- TV-lər cəmiyyət həyatını dolğun ifadə edə bilmir;
- ekran-efir demokratik və mədəni dəyərlərə maraq oyatmır;
- maarifçi verilişlər azalıb və keyfiyyəti aşağı düşüb;
- ədəbi-bədii proqramlar estetik dəyər səviyyəsi qazana bilmir;
- verilişlərin əksəriyyəti həyatla bağlı olmadığından maraq oyatmır;
- gəncləri qane edəcək müasir forma və məzmunlu verilişlər yox səviyyəsindədir;
- ekranda ictimai müzakirlər yox dərəcəsindədir, olanlar da birtərəflidir və s.
Bu çatışmazlıqların əsas səbəbi teleradio kanallarının qeyrri-müstəqilliyi, TV-lərin cəmiyyəti narahat edən problemləri ictimai müzakirəyə çıxarmaq iqtidarında olmaması, tənqidi fikrə yer ayrılmaması, ictimai diskussiyaların aparılmaması, məhdud mövzularla kifyətlənməsi, vacib məsələlərə diqqət yetirməməsi, digər tərəfdən isə teleradio yayımı haqqında qanunlara məhəl qoyulmaması, o cümlədən fikir plüralizminə yer verilməməsi və ekranda peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır.
Ölkədə teleradio yayımının hüquqi əsaslarının yaradılmasına, teleradio və ictimai yayım haqqında ayrıca qanunların qəbul edilməsinə, həmçinin yayım sahəsində dövlət siyasətini tənzimləyən ayrıca qurumun (MTRŞ) mövcudluğuna olmasına baxmayaraq ekrana çıxan verilişlər ciddi maraq doğurmur. Xəbər və xəbərdəntörəmə proqramlar yeknəsəq və maraqsızdır, daha çox təbliğat xarakteri daşıyır, ciddi siyasi və sosial-iqtisadi informasiyalara yer verilmir. Ölkədəki mövcud problemlər və onların həlli yolları barədə danışılmır. Telekanalların əksəriyyətinin informasiya proqramlarında canlı bağlantılar, maraqlı müsahibələr, cəmiyyətdə geniş maraq doğuran məsələlər barədə xüsusi reportajlar, araşdırma və təhlillər verilmir. Ekranlara köhnə sovet təşviqat sisteminin ab-havası hakim kəsilib. Telekanalların ədəbi-publisistik verilişlərində sözdən, mənadan çox süni pafos, informasiya proqramlarında isə məlumatdan daha çox yalan və şişirtmə, "yuxarılara" xoş gəlmək cəhdləri öndə olur.
Azərbaycan telekanalları ilə bağlı ən paradoksal cəhət budur ki, "Teleradio yayımı haqqında" qanunda efir üçün hazırlanan verilişlərin məzmununa ciddi tələblər verildiyi halda reallıqda bu tələblərə məhəl qoyulmur. Məsələn, qanunda verililərin məzmunu ilə bağlı aşağıdakı tələblər (maddə 32) irəli sürülür:
- maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır;
- hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə etmək hüququna şərait yaradılmalıdır, bu şərtlə ki:
- informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunsun;
- proqramı hazırlayanlar qanun qarşısında birbaşa məsuliyyət daşısınlar;
- insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır;
- faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
- terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkilik təbliğ olunmamalıdır;
- proqramlarda (verilişlərdə) dövlət dilindən istifadə təmin edilməlidir;
- teleradio yayımı sahəsində dövlət texniki standartlarına əməl olunmalıdır;
- milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilməlidir.
Təəssüflə qeyd etmək lazım gəlir ki, istənilən telekanalın yayım siyasətinin düzgün qurulmasından tutmuş, adi bir verilişin məzmununa təsir edəcək faktorları müəyyənləşdirən bu müddəaların, demək olar ki, heç birisinə, o cümlədən "informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü" prinsipinə əməl olunmur. Nəticədə ölkədə və dünyada gedən prosesləri doğru-dürüst əks etdirməli olan xəbər proqramları mahiyyətcə səmərəsiz təbliğat və piar məhsuluna çevrilir. Xəbərlərin coğrafiyası məhdud görünür, rayonlardan verilən süjetlər çox vaxt əkin-biçin və kənd təsərrüfatı məsələlərinə aid olur.
Təxminən 20 il əvvəl İsrail TV-sinin rəhbərinin AzTV-nin "Xəbərlər"inin montaj otaqlarında taxıl biçini ilə bağlı süjetləri görərkən təbəssümlə "bu materiallar kimin üçündür ki, taxıl zəmilərindən və pambıq tarlalarından reportajlar kimin üçünsə maraqlıdırmı?" deyə soruşduğunu xatırlayıram. Uzun illərdən sonra bizim telekanallar indiki xəbər proqramları ilə həmin sualın hələ də aktual olduğunu təsdiqləyirlər. Bu proqramlarda eləcə də xəbərdəntörəmə verilişlərdə çıxış edən kənd təsərrüfatı mütəxəssisləri və "ekspertlər" hələ də qızğın məhsul yığımı, əmək fədakarlığı, yüksək gəlir faizləri, ölkənin rifah göstəriciləri, yalnız özlərinə bəlli olan davamlı inkişaf və s. barədə ziddiyyətli məlumatlar verirlər. Məhz bu cür gərəksiz xəbər süjetləri və şərhlərlə bizim telekanallar TV xəbər proqramı və ümumən media üçün üçün vacib olan, hətta zəruriliyi qanunla təsbit edilmiş "aktuallıq, gərəklilik, vaciblik, obyektivlik, maraqlılıq, faydalılıq, relevantlıq, aidlik və s." kimi bütün dünya mediasının qəbul etdiyi xəbər parametrlərini qulaqardına vururlar.
ANS-in mövcud olduğu dövrlərdə bəzi manipulyativ davranışlarına, xüsusən son illərdə olayları interpritasiya etmək sahəsindəki zəngin "təcrübəsinə" baxmayaraq, hər halda xəbər dəyərləri haqqında bir təsəvvür var idi və telekanalı idarə edənlər mövcud azadlıqlar çərçivəsində bu dəyərləri qorumağa çalışırdılar. Həmin telekanalın bağlanmasından müəyyən müddət sonra ölkənin xəbər həyatında ciddi boşluq hiss olundu. Xəbər mühitini canlandırmaq kimi nəcib məqsədlə 2018-ci ildə fəaliyyətə başlamış Real TV və ARB-24 telekanalları bəzi səbəblərdən, o cümlədən plüralistik yanaşmanın çatışmaması səbəbindən hələlik ciddi uğur və tamaşaçı etimadı qazana bilməmişlər.
Digər telekanallarda da eyni vəziyyət hökm sürür. Lider TV və Spaсe TV özlərinin yaradıb-formalaşdırdıqları xəbər çərçivələrindən çıxa bilmirlər. Sonuncunun yeganə "uğuru" həm də heç nəyə baxmadan hind filmlərinin davamlı nümayişi taktikası üzərində inadla təkid etməsindədir. ATV əvvəlcədən mövcud olan xəbər standartlarını və ümumi səviyyəni saxlamağa, efirdə təcrübəli aparıcılarının köməyi ilə xəbər ab-havasının ənənəvi tempini qorumağa çalışsa da, ayrı-ayrı süjetlərin hazırlanmasında və təqdimatında daimi qüsura çevrilmiş qeyri-peşəkarlıqları ört-basdır edə bilmir..
Xəzər TV artıq neçə illər əvvəl teleməkana yeni və maraqlı xəbər ab-havası gətirmiş telekanal deyildir. Əvvəlki səviyyə və iş üslubundan əsər-əlamət saxlamayan bu telekanalda xəbərlərin ümumi səviyyəsi və reportyor işinin keyfiyyəti xeyli aşağı düşüb. Son bir-iki ildir ki, Xəzər TV-nin adı daha çox keyfiyyətsiz şoular və aparıcılarının qeyti-normativ davranışları ilə gündəmə gəlir. Gündəlik efir vaxtının xeyli hissəsini həkim məsləhətlərinə, musiqiyə və keyfiyyətsiz şou proqramlarına ayıran Xəzər TV-nin reklam bazarında xüsusi üstünlüyə yiyələnməsi başqa söhbətin mövzusu olsa da, bir faktı deyək ki, bu telekanal da daxil olmaqla özəl TV-lərin heç birisinin maliyyələşmə mənbəyi açıq deyildir.
Bu gün Azərbaycan telekanallarının efir vaxtının çox hissəsinin aşağı səviyyəli şou proqramlara ayırması tamaşaçı narazılığının əsas səbəblərindən biridir. Ölkənin şou əhli birmənalı şəkildə toy biznesinə yönəlmiş bu proqramlar vasitəsilə reklam olunaraq öz mikromühitlərini yarada biliblər. Telekanallar üzərində davamlı müşahidələr və məsələnin biznesə bağlılığı təsdiq edir ki, bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalaraq belə dərinləşməsi, həmçinin (alim, yazıçı, fikir adamlarının deyil) şou-biznes əhlinin öndə olması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistem xarakteri almış siyasətdir. Biznes maraqları fonunda dərinləşən bu siyasət heç bir milli-mənəvi dəyər tanımır. Bu siyasət bizim bəzən yanlış olaraq "bayağı və qeyri-ciddi" saydığımız adamları - müğənni, rəqqasə, tamada, təlxək, yaltaq və s. zümrəni cəmiyyətə yeni dəyər kimi sırımaqda davam edir. Buradakı təhlükə prosesin davamlı, həm də təsirli olmasındadır.
Yəqin ki, YouTubeda dolaşan hansısa orta səviyyəli müğənni üçün özünü fəda etməyə hazır olan kütlə haqqında süjetlərə baxanlar var. Belə süjetlərin çoxalması onu deməyə əsas verir ki, şou-proqramlar tədricən qarşısına qoyduğu məqsədə nail olmağa başlayıb. Həmin süjetlərdən belə qənaət hasil olur ki, bizim "oxumamış və savadsız" hesab etdiyimiz ekrandakı şou əhlinin arxasında kifayəq qədər böyük və həm də zövqsüz bir kütlə dayanır (!?). Hətta bəziləri irəli gedərək "bu adamların arxasında xalqın özü dayanır" ifadəsini işlədir. Deməli, bütövlükdə cəmiyyətdə deqradasiya prosesi getməkdə, o cümlədən Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri də ciddi deformasiyaya uğramaqdadır.
Əlbəttə, teleməkanda belə acınacaqlı mənzərənin yaranmasının bir səbəbi də teleradio yayımına tənqidi reaksiyanın və təsirli ictimai nəzarətin yoxluğudur. Mediada və ictimaiyyət arasında telekanalların ünvanına söylənilən tənqidlər təsirsiz qalır, xüsusən büdcədən maliyyələşən TV-lərin fəaliyyətinə effektli ictimai təsir olmur. Bütövlükdə yayım siyasətində cəmiyyətin maraq və istəklərinin nəzərə alınmasına, həmşinin teleradioya aid qanunlarda göstərilən dürüstlük, qərəzsizlik, balanslı olmaq, fikir müxtəlifliyinə əməl etmək kimi önəmli yayım prinsipinə riayət edilməsinə ictimai nəzarət gerçəkləşdirilmir. Geniş tamaşaçı kütləsini fəallaşdırmaq, ölkə ictimaiyyətinin diqqətini teleradio yayımının problemlərinə yönəltmək, yayım siyasətinə cəmiyyətin təsirini artırmaq, həmçinin televiziyaların ictimaiyyət qarşısında hesabatlılığına nail olmaq üçün heç bir addım atılmır. Məhz bu göstərilən səbəblər ucbatından Azərbaycan TV-lərində seyrçilərə sonsuz sayğıya, ədalət və hüquqa, yaradıclıq ruhuna və peşəkarlığa söykənən yaradıcı fəaliyyət normaya çevrilməmişdir. Buna görə də cəmiyyətin TV-yə diqqətini artırmaq üçün mediada teletənqidin çoxalmasına çalışmaq, bu mövzuda debatlar və tamaşaçı diskussiyaları təşkil etmək, tənqidi fikirləri ümumiləşdirərək TV kanalları üçün davamlı tövsiyyələr hazırlamaq çox vacibdir.
Azərbaycan teleməkanının çağdaş durumundan danışarkən son aylarda dövlət büdcəsindən maliyyələşən AzTV və İctimai TV-də zəif də olsa gedən müsbət prosesləri də qeyd etmək vacibdir. On ildən çox bir müddətdə öz qüsurlu və qeyri-peşəkar idarəçiliyi ilə dövlət televiziyasını məngənədə saxlamış A.Alışanovun vəzifədən uzaqlaşdırılması ciddi tarixi və yaradıcılıq ənənənəsi olan AzTV-də müəyyən canlanma yaratmışdır. Bəzi müsbət addımların atılması, o cümlədən peşəkar işçilərin müəyyən qisminin yenidən yaradıcılıq işlərinə cəlb olunması bu TV-də maraqlı telelayihələrin yer alacağına ümidlər oyadır. Hazırda "Mədəniyyət" kanalında gedən bir çox verilişlərin bədii-estetik səviyyəsinin yüksəlməsi müsbət tendensiya kimi diqqəti cəlb edir.
Bu gün İTV-nin yeni rəhbəri B.Qasımovun telekanalın simasını yeniləşdirmək üçün atdığı düşünülmüş addımlar daha ciddi və aydın görünən meyllər barədə danışmağa əsas verir. Telekanal cəmiyyətə daha geniş qucaq açmağa, süni qadağaları aradan götürərək tamaşaçılarla açıq dialoq aparmağa, həssas mövzulara toxunmağa çalışır. Bu baxımdan yeni format kimi düşünülmüş və müxtəlif problemlərin müzakirəsinə həsr olunmuş "Pressinq" "Dikdaban", "Radius", "Sabaha saxlamayaq" kimi verilişlərin rəğbətlə qarşılanması təbiidir. Hər halda bu verilişlərdə fərli bir səviyyənin və yeni yanaşmanın dyuylması faktdır. Aktual mövzuları əhatə edən gündəlik "Diqqət mərkəzi" verilişinin dövriliyinin artması və həftə ərzində baş verən ən mühüm ictimai-siyasi olayları müzakirə edən "Diqqət mərkəzi Yekun"un efirə çıxması ekranda ictimai müzakirələrə diqqət yetirilməsinin əlaməti kimi təqdirəlayiqdir. Amma nəzərə almaq lazımdır ki, bu növ verilişlərdə alternativ fikirlərə yer verilməsə ən yaxşı layihələrin də perspektivi şübhə altında olacaq. Əslində bunu TV-ləri qapaq altında saxlamaq istəyən məmurların bilməsi daha vacibdir, anlamaq lazımdır ki, hər hansı problemin ekranda ağıllı bir şəkildə müzakirəsi insanların təkcə həmin problemi yox, ölkənin və dünyanın problemlərini də dərk etməyə, impulsiv hisslərlə deyil, ağılı və şüurla davranmağa kömək edir.
Bütün bunlar o deməkdir ki, cəmiyyəti ifadə edən yaxşı televiziya, ekranda normal müzakirələr Azərbaycan tamaşaçısını kütlə adamına deyil, düşünən, yaradan və özünü tanıyan fərdə - şəxsiyyətə çevrilməsində ciddi rol oynayır.
Rəy yaz