Bank sistemi dirçəldi

 

AMB rəhbərinin verdiyi ilkin məlumata görə, bank sektorunun göstəriciləri 3-cü rübdə ötən rüblərlə müqayisədə yaxşılaşıb. İlin əvvəlindən bank sisteminin aktivləri 11%, kreditləşmə 12%, əhalinin əmanətləri 8% artıb. Bankların kapitalı 18% çoxalıb. Qiymətli kağızlar bazarında 34%, səhm bazarında 3,3 dəfə artım var. Bütün bunlar müsbət proseslərdir.

Avqustda ciddi artım olub. Bu ilin avqustunda Azərbaycan banklarının məcmu aktivləri 535,27 mln manat və ya 3,6% artaraq 15513,85 mln manat olub. İlin əvvəlindən bank aktivləri 11,2%, illik müddətdə 2211,03 mln və ya 16,6% artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2012-ci il sentyabrın 1-i üçün kredit qoyuluşları 10846,6 mln manat olub. Hesabat dövründə artım 3,2% təşkil edib. Son ildə iqtisadiyyatın kreditləşməsi 16,7% artıb.

Banklarda əhalinin əmanətləri avqustda 37,4 mln manat və ya 1,1% artaraq 4462,6 mln manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 8,3%, 12 ayda 22% artıb.

Bankların ümumi kapitalı hesabat ayında 106,9 mln manat və ya 5% artaraq 2237,5 mln manat olub. İl ərzində bu göstərici 201,4 mln manat və ya 9,9% artıb.

Bank öhdəlikləri hesabat ayında 479,34 mln manat və ya 3,8% artaraq 13189,29 mln manat olub. Bundan 6897,7 mln manatı depozitlər, 4679,5 mln manatı maliyyə sektoruna verilən vəsaitlər və 1612,1 mln manatı başqa öhdəliklər təşkil edib.

Bank sisteminin Azərbaycan Mərkəzi Bankından alınan kreditlər üzrə öhdəlikləri avqustda 2268,1 mln manat olub. İllik müddətdə bu göstərici 281,9 mln manat artıb. Bəyanatlara baxmayaraq, AMB bank sisteminə indiki vaxta görə baha olmayan kreditlər verib.

Bank sistemi öz həyatını yaşayır və iqtisadiyyatın real tələbinə dolayı təsir edir. Bu hər şeydən əvvəl ölkədə pulun qiymətinə aiddir.

Məşhur rus sahibkarı Deripaska bu yaxınlarda qeyd etdi ki, bankların vəzifəsi borcları bacarıqla satmaq, Mərkəzi Bankın vəzifəsi ölkədə krediti ucuzlaşdırmaqdır ki, iqtisadi artım və məşğulluq təmin edilsin. Onun fikrincə, Rusiyanın kredit bazarı yalnız spekulyativ əməliyyatlara istiqamətlənib. İnkişaf məqsədləri üçün müxtəlif sxemlər tətbiq edilir: güzəştli kreditləşmə, faiz dərəcələrinin subsidiyalaşması. Bunları bizim iqtisadiyyatda da müşahidə edə bilərik. Bizdə bütün kiçik və orta biznes əsasən SKMF-nin güzəştli kreditlərinə bel bağlayır.

Kreditləşmədə istehlak kreditləri və ticarət sektoruna kreditlərin payı çoxdur. İstehlak kreditləşməsinin artımı o deməkdir ki, pullar real sektora getmir. Bu isə hökumətin sənaye siyasətini şübhəyə alır. Axı obyektiv olaraq istehlak kreditləri idxalın artımına kömək edir (xüsusən idxalı əvəz etmə səviyyəsi aşağı olanda) və ixrac sahələrinə təzyiq edir. Belə çıxır ki, sənaye siyasəti dövlətin birbaşa maliyyələşdirdiyi hissə üzrə və ya ölkə xaricində nisbətən ucuz borc ala bilən ARDNŞ kimi “balina” işə qoşulanda həyata keçə bilər. Qalan biznes yalnız baha kreditlərə ümid bəsləyə bilər. Depozit dərəclərində bir qədər azalma var. Amma o, kredit bazarı üçün cüzidir. Ölkədə borc bazarının genişləndirilməsi məsələsi çox aktuallaşır.

AMB çox ehtiyatlılığı və doqmatikliyi ilə seçilir. Bir vaxt hesab olunurdu ki, pul kütləsinə ciddi nəzarət lazımdır. Amma məlum oldu ki, bu göstəriciyə nisbətdə inflyasiyanın elastikliyi çox aşağıdır. Hesab edilirdi ki, inflyasiya kredit dərəcələrini azaltmağa mane olur, amma son illərin təcrübəsi göstərdi ki, bankları inflyasiya yox, gəlirin saxlanması qayğılandırır. Üstəlik, inflyasiyanın qiymətləndirilməsində çoxlu subyektivizm var. Bunu Dövlətstatkom və İqtisadi Tədqiqatlar Mərkəzinin paralel hesablamaları göstərir. (Əlavəyə bax). Xüsusən neft ölkələrində kapitalın yüksək qiymətinin gerçək səbəbi milli valyutanın möhkəmləndirilməsi və yüksək faiz dərəcələridir. Belə yüksək kredit dərəcələri ilə ÜTT-yə qəbuldan sonra üzləşəcəyimiz açıq iqtisadiyyatda rəqabət mümkün deyil. Axı əsas ehtiyatların qiyməti ölkələr üzrə bir cürdür və bazarda aşağı dərəcə ilə kredit alan istehsalçılar udacaq. Hələ əmək məhsuldarlığı və ya əmək resurslarının səmərəliliyindıən danışmırıq.

Aqrar sektorda investisiya azlığı var. Ölkədə vaxtaşırı xüsusi kənd təsərrüfatı bankı yaradılması və ya aqrar sektorda kredit sığortası məsələsi barədə danışıqlar gündəliyə gəlir. “Aqrarkredit” qeyri-bank kredit təşkilatının rəhbəri Məmməd Musayev bəyan edib ki, bu təşkilatın aqrar banka çevrilməsi bu il və ya gələn ilin əvvəlində baş tuta bilər. Bank bu təşkilatın bazasında yaradılacaq. Belə bir bankın yaradılması neçə ildir müzakirə edilir. Amma bu gün dövlət bu bankın yaradılmasına çoxlu vəsait qoymalıdır, çünki gələcək bankın nizamnamə kapitalı 50 mln manata çatmalıdır. Bizə məlum olana görə, bu vəsait büdcədə nəzərdə tutulmayıb. Amma bu bankın yaradılması aqrar sektora olan istinad fonunda labüddür.

Bir çox autsayder banklar birləşmə barədə danışıqlar aparır. Gerçəkdən, 2014-cü ildən minimal NK 50 mln manat olacağı halda indi onların kapitalı 10 mln-a belə çatmayıb.

Azərbaycan Beynəlxalq Bankı aktivlərini tarixi maksimuma çatdırıb. 1 oktyabr üçün ABB-nin aktivləri 12 ayda 12% artaraq 5,505 mlrd manata çatıb. Bankın məcmu kapitalı bu tarix üçün 594,1 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 91 mln manat çoxdur. III rübün sonunda ROA əmsalı (aktivlərin rentabelliliyi) 0,64%, ROE (xüsusi kapitalın rentabelliliyi) 7,42% olub. 1 oktyabr 2011-ci ildə onlar 0,15% və 1,64% idi.

Yeri gəlmişkən, ABB “islam pəncərəsi” açıb və İslam İnkişaf Korporasiyası ilə 20 mln dollarlıq saziş bağlayıb. Bu, islam bankçılığı şərtləri ilə ilk əqddir. İllik saziş palladium ticarəti ilə bağlıdır. Bu bankinqin əsası olan faizsizlik tərəflərin faiz əldə etməməsini, mənfəətin bölünməsini nəzərdə tutur. İİK-in yaratdığı “Ənsar Lizinq” şirkəti sukuk prinsipi ilə istiqraz dövriyyəsi planlaşdırır.

Bankların NK-nın 50 mln manata artırılmasını QKDK-da məmnunluqla qarşıladılar. Orda hesab edirlər ki, banklar öz kapitalını səhm emissiyası ilə artıracaq və birjada səhm satışı çoxalacaq. Artıq bunu müşahidə edirik. Bundan başqa, yaxın vaxtlarda qəbulu gözlənilən qiymətli kağızlar haqqında qanun “İnvestisiya fondları haqqında” qanunu da fəaliyyətə gətirəcək. Bunun gələn il Bakı Fond birjasında dövriyyəni iki dəfə artıracağı gözlənilir.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti