Noyabrın 11-dən Bakıda start götürən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası davam edir. Konfran ayın 22-dək davam edəcək. Bu ərəfədə Beynəlxalq təşkilatlardan AZərbaycana insan haqları ilə bağlı çağırışlar davam edir.
Noyabrın 6-da “Human Rights Watch” da daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı COP29-da iştirak edəcək Avropa İttifaqı liderlərinə çağırış ediblər. Təşkilatların yaydığı birgə bəyanatda qeyd olunur ki, Avropa İttifaqı liderləri siyasi motivlərlə həbs edilənlərin məsələsini birbaşa Azərbaycan hakimiyyəti ilə müzakirəyə çıxarmalı və onların azadlığa buraxılmasını təmin etməlidir.
“Demokratik Yenilənmə Uğrunda Beynəlxalq Koalisiya” (International Coalition for Democratic Renewal – ICDR) və “Forum 2000” Fondu COP29 iqlim sammitinin keçirildiyi günlərdə diqqəti Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsinə çəkib.
Noyabrın 14-də Almaniya Bundestaqında Azərbaycanda insan hüquqları və Bakıda keçirilən BMT-nin COP29 sammiti müzakirə olunub.Müzakirələrdən sonra deputatlar hakimiyyəti Qubad İbadoğlu, Anar Məmmədli, Samir Aşurov və digər siyasi məhbusları azad etməyə çağırıblar.
Noyabrın 19-da COP29 çərçivəsində "İqlim ədaləti mülki məkan və əhəmiyyətli iştirak olmadan mümkün deyil" mövzusunda debatlar keçirilib.Tədbiri "Human Rights Watch", "Amnesty International" və bir sıra digər beynəlxalq hüquq-müdafiə strukturları təşkil ediblər.
Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaerti Azərbaycan Prezident İlham Əliyevi hüquq müdafiəçilərini, jurnalistləri və fəalları həbsdən azad etməyə çağırıb. Məktubun mətnini noyabrın 18-də Avropa Şurasının rəsmi saytı yayıb.
Dünyanın 28 ölkəsinin 100 universitetini təmsil edən 159 professor və müəllimdən ibarət koalisiya Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevə məktublar müraciət edib. Onlar iqtisadçı- alim Qubad İbadoğlunun azadlığa buraxılmasını istəyiblər.
Bütün bunlar COP29 tədbiri ərəfəsində Bakıya insan haqları ilə bağlı gələn çağırışların bir qismidir.
Çağırışlarla bağlı Publish What You Pay (Ödədiyini Açıqla) Beynəlxalq Təşkilatının Avrasiya Regionu üzrə Qlobal Şura üzvü, "Demokratiya Monitoru" İctimai Birliyinin sədri, BMT İnkişaf Proqramının eks baş mütəxəssisi Fuad Həsənov mövzu ilə bağlı ASTNA-ya danışıb.
* * *
Sual: Fuad bəy, COP29 keçirildiyi ərəfədə beynəlxalq təşkilatlardan Azərbaycana insan haqları ilə bağlı çağırışlar artıb. Sizcə, bu ərəfədə bu məsələnin qabardılması düzgündürmü?
Cavab: Kamran bəy, istənilən qlobal miqyaslı tədbirlərin keçirildiyi coğrafiyalar həmişə beynəlxalq diqqətin mərkəzində olur və bu təbiidir. Bu zaman ev sahibliyi edən ölkələrdəki durum, xüsusən də hüquqi-siyasi, iqtisadi, mədəni və digər yöndən çoxçeşidli qlobal müayinədən keçirilir. İnsan haqlarının durumunun ağır olduğu ölkələrdə müvafiq beynəlxalq təşkilatların çağırışlarının lazımi səmərənin vermədiyi, diplomatik təmasların nəticəsiz qaldığı, əksinə hüquq böhranının davamlı neqativ dinamika ilə daha da dərinləşdiyi ölkələrdə belə irimiqyaslı tədbirlər nəticəyönümlü beynəlxalq vəkillik (advocacy) platformasına çevrilir, müxtəlif alət və mexanizmlər sınaqdan keçirilir. Bu həm də daxili vəkillik platforma və mexanizmlərinin kəskin azaldığı, vətəndaş məkanının (civic space) kritik şəkildə daraldığı, vətəndaş cəmiyyəti institutlarının marginallaşdırıldığı və beləliklə səmərəli vətəndaş cəmiyyəti-hökumət dialoqunun müşahidə edilmədiyi dövrdə daha da aktuallaşır.
Sual: Amma COP29 bir iqlim konfransıdır. İnsan haqları konfransı deyil. Azərbaycan da bu iqlim konfransına ev sahibliyi edir. İndi iqlim konfransının Azərbaycanda keçirilməsindən istifadə edib, insan haqları məsələsini qabardaraq Bakıya təzyiq etmək “sağ göstərib, sol vurmaq” deyilmi?
Cavab: Ölkədəki siyasi niyyətli hüquq problemləri ilk növbədə vətəndaşlarımızın qarşılaşdığı problemlərdir. Bu problemlərin mövcudluğu Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qarşısında götürdüyü, dövlət və vətəndaşlarımızın xeyrinə olan (common good) və beləliklə əməl edilməsi beynəlxalq əməkdaşlıqda ölkənin dayanıqlı müsbət imicinin formalaşmasına xidmət edən öhdəliklərə ziddir. Üzv olduğu bir sıra beynəlxalq platformalarda zəruri əməkdaşlıqdan imtina etməsi, Avropa Məhkəməsi qərarlarının icrası siyahısında ən uğursuz yerdə dayanması, vətəndaş cəmiyyəti qarşısındakı qanunvericilik və fəaliyyət mühiti əngəllərinin aradan qaldırılmaması, siyasi məhbus probleminin köklü həlli üçün siyasi iradənin yoxluğu ölkənin imicinin müsbətə doğru dəyişməsində çox ciddi maneə yaradır. Bu eləcə də Avropa Şurasının üzvü, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Təşəbbüsünün vacib və Assosiativ Sazişi imzalamayan son iki üzvündən biri olması, regional və qlobal enerji təhlükəsizliyinin və eləcə də regionda dayanıqlı sülh və təhkükəsizliyin təminində mühüm rola iddialı olan Azərbaycanı haqlı olaraq davamlı müayinə zolağında saxlayır və mürəkəb monitorinq və qiymətləndirməyə məruz qoyur. Bu mənada beynəlxalq camiənin regional və qlobal müsbət imicə iddia edən Azərbaycanı hər uyğun fürsətdə arzuolunmaz insan hüquqları durumuna görə tənqid etməsi və sorğulaması təəcüblü sayılmamalıdır.
COP-un, yəni Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişi üzrə Tərəflərin Konfransı adlanan əsas qərarverici qurum kimi yalnız bir iqlim konfransı olmasına gəldikdə isə xoşbəxtlikdən bu belə deyil. Saziş üzrə öhdəlik götürmüş tərəf dövlətlərin öhdəliklərinin icrası prosesinin bütün əsas mərhələlərində şəffaflıqdan tutmuş gender həssas yanaşma, inkluzivliyədək, icmaların səsinin (sözün rasional mənasında) eşidilməsindən tutmuş səmərəli hökumət-vətəndaş cəmiyyəti dialoqu və əməkdaşlığınadək hər bir nüans insan haqları əsaslıdır.
Yeri gəlmişkən Turan İA-nin Tərəflərin 29-cu Konfransının iştirakçılarının sayı barədə dəqiq məlumatı əldə edə biləcəyinə ümid edirəm.
Sual: Bu tədbirin Bakıda keçirilməsinə qərar verilərkən də Azərbaycanda siyasi məhbus, siyasi həbslər, insan haqları problemi var idi. Və hətta bu tədbir BMT tədbiri olduğundan konfransın Azərbaycanda keçirilməsinə razılaşanlar arasında həm də bu gün insan haqları məsələsini qabardan Qərb ölkələri də var idi. Əgər insan haqları və digər problemlər var idisə, niyə həmin ölkələr bu tədbirin Azərbaycanda keçirilməsinə razılaşırdılar?
Cavab: Mühüm qərarların qəbulu heç də həmişə yalnız yaxşı seçim imkanlarının arasından edilmir. Bu bir çox hallarda ciddi rəqabət qabiliyyəti olan variantların arasında seçim etmək ehtiyacı yaratdığı halda bəzən pislərin arasından nisbi yaxşını seçməyi zəruri edir. Bəzənsə seçim üçün alternativlər olmur. Seçim mexanizmi və metodologiyası da qüsurlu ola bilir.
BMT qaydalarına görə hər növbəti il COP regional rotasiya üzrə keçirilməlidir və bu dəfə COP29 qaydaya görə Şərqi Avropa ölkələrindən birində keçirilməli idi və bu yekdilliklə seçim əsasında baş verməli idi. Rusiya Avropa İttifaqı ölkələrini blok etdi, digər iki müraciətçi kimi isə Azərbaycan və Ermənistan bir-birini blok etdilər. Artıq narahatlıq yaranmışdı ki, belə bir nəhəng miqyaslı və çox ciddi maliyyə tələb edən vacib qlobal tədbirə ev sahibliyi edəcək Şərqi Avropa ölkəsi kim ola biləcək. Proses daha ağır böhran mərhələsinə daxil olmadan Ermənistan təklifini geri götürür və Azərbaycanın namizədliyini dəstəkləyir. Bununla da COP29-un Bakıda keçirilməsi barədə yekdilliklə qərar verilmiş olur. Ermənistanın əvvəlki mövqeyindən geri çəkilməsini şərtləndirən amillərin nə olduğu aydın şəkildə açıqlanmasa da, bu addımın uzun müddət münaqişə durumunda olan iki qonşu ölkə arasında etimadın yenidən qurulmasında yardımçı ola biləcəyi və perspektiv sülh müqaviləsinin imzalanmasına töhfə verəcəyi kimi də xarakterizə edilirdi. Çox güman ki, bu amil az rol oynamadı.
İstənilən kəskin münaqişə durumunda olan prosesi daha pozitiv məhsuldar duruma transfer edə bilmək üçün davamlı dialoq vacibdir. Digər tərəfdən Azərbaycanın bundan öncəki qlobal tədbirlərə ev sahibliyi edə bilməsi, hazırkı mümkün resursları ölkənin iddialı namizəd kimi dəstəklənəcəyini şərtləndirdi. Bu baxımdan beynəlxalq platformalarda Azərbaycanın tənqidinə ciddi yer ayıran ölkələr bu məsələdə maneə olmadılar. Yumşaq güclər sadalanan ciddi problemlərin uğurlu həlli üçün mümkün yeni səmərəli dialoq imkanlarının yarana biləcəyini düşündülər. Həm də nəzərə alaq ki, bütün bunlar artıq iki ildir ki, fəal fazada olan Ukrayna böhranının kəskin dinamika ilə davam etdiyi regionda, qlobal güclərin tərəddüdlər içərisində olduğu dövrdə baş verirdi.
Sual: Rəsmi Bakı isə deyilənlərə cavab olaraq iddi edir ki, Azərbaycanda siyasi məhbus yoxdur, insan huquqları ilə bağlı tənqidlər sadəcə məlumat azlığından qaynaqlanır...
Cavab: Azərbaycanda siyasi məhbusların mövcudluğu ölkə 2001-ci ildə Avropa Şurasına qəbul ediləndə danışıqlar prosesində artıq etiraf edilib. Uzun bir müddət tərəflər arasında səmərəli əməkdaşlıq qəbul edilmiş siyahı üzrə siyasi məhbusların sayının mərhələli azalması ilə nəticələndiyinə və əməkdaşlıq prosesində verilmiş vədlərə görə həm də bu problemin köklü həllinə müəyyən ümidlər yarada bilmişdi. Lakin uzun müddətdir ki, səmərəli əməkdaşlığın keyfiyyəti azalıb və nəhayət tərəflər arasında dialoq əsaslı əməkdaşlıq dalana dirənib və böhran mərhələsindədir. Onlarla nüfuzlu beynəlxalq təşkilalar məlum kriteriyalara əsasən ölkədə çox ciddi sayda siyasi məhbus movcudluğunu təsdiq edir və Avropa Şurası ilə həmrəylik nümayiş etdirir. Bu xronologiya Bakının “siyasi məhbus yoxdur” iddiasını səsləndirməsini şərtləndirir. Qlobal internet dünyasında belə mühüm mövzu üzrə məlumat azlığının mövcudluğunun iddia edilməsi doğru yanaşma deyil.
Sual: İnsan haqları məsələsinin qabardılması bu kimi tədbirlərin təşkilinə və keçirilməsinə kölgə salır. Tədbirdə diqqəti başqa səmtə yayındırır. Azərbaycan hakimiyyətinin məqsədlərinə xidmət etmir. Sizcə necə etmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyi edən ölkə kimi yaddaqalan olsun və insan haqları kimi problemlərin olduğu ölkə kimi deyil, məhz belə bir tədbirə ev sahibliyi edən ölkə kimi yaddaşlarda qalsın?
Cavab: Əlbəttə insan haqlarının durumu belə miqyaslı tədbirlərə ev sahibliyi edən ölkədə vacib dəyərlərlə bağlı işlərin qaydasında olmadığı qənaətini yaradır. COP29 tədbiri ətrafında ölkədəki insan haqları məsələsi davamlı şəkildə müzakirə edildiyindən, bu müddət ərzində gözlənilən vacib addımlar atılmadığından tədbir sonrası dövrdə də ölkə haqqında tənqidlər və çağırışlar davam edəcək. Məlum problemlər sistemli şəkildə həll edilmədikcə qlobal əhəmiyyətli tədbirlərə davamlı ev sahibliyi etmək kəskin tənqidlərlə üz-üzə olmağımızı şərtləndirəcək. Status-kvonun əhəmiyyətli dərəcədə dəyişə bilməsi üçün vacib olan siyasi iradədir və onu da şərtləndirən amillər az deyil. Ümid sonda ölür, müzakirə, dialoqa cəhdlər və çağırışlar davam etməlidir.
Rəy yaz