myc.news
Postpandemiya dövrü hansı ildən başlayacağı böyük sual doğrur. Amma yaddaşlarda bu qalacaq ki, hansı dövlətlər bu çətin şərtlər altında vətəndaşlarının yanında ola bildi, ya yox? Hansı dövlətlər vətəndaşları ilə hansı məsafədə dayandı? Vətəndaşına və biznes subyektlərinə hansı dövlətlər daha çox yardım edə bildilər?
Gerçəkdən də çətin günlərdən keçirik. Yükümüz təkcə çiynimizdəki ağırlıqla bağlı deyil, sabaha olan nigarançılıqlarla bağlıdır.Koronovirusun az qala 1,5 ilə yaxınlaşan müddətdə dünyada bütün insanların həyatların durdurdu. Dünyanın 7,3 mlrd. nəfər əhalisinin 3,8 mlrd. sanki evə qapandı. Təmaslar kəsildi. Sosial inteqrasiya özünütəcridlə əvəzləndi. Zəruri istehlakçı məhsulları istisna olmaqla lüks mal və xidmətlər haqqında daha heç kim düşünmədi. Komfort zonasında yaşamış sosial təbəqə belə “az aşım, ağrımaz başım” prinsipi ilə hərəkət etdi. Öz varlığını qorumaq və xəstəliyə yoluxmamaq belə az qala qəhrəmanlıq sayıldı.
Dünən AŞPA-nın sessiyasında COVID-19 pandemiyasının yaratdığı sosial-iqtisadi böhranın aradan qaldırılması ilə bağlı qətnamə qəbul edilib.[1] Qətnamədə bildirilib ki, COVID-19 pandemiyası saysız-hesabsız insan tələfatına, ölkələrin milli səhiyyə sistemlərində, həm də sosial-iqtisadi strukturlarında gərginlliklərə səbəb olub. Sənəddə üzv dövlətlərin əhalini kifayət qədər minimum gəlir və tam sosial müdafiə ilə təmin etmələrinə dair çağırış edilib.
Azərbaycanda koronovirusla bağlı dəstək proqramına edilən maliyyə həcminin genişliyi hqqında tez-tez danışılır. Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin 3 illik üzrə hesabatında[2]qeyd olunur ki, pandemiya ilə əlaqədar olaraq məşğulluğa və sosial rifaha dəstək məqsədilə maliyyə yükü 610 milyon manat həcmində maddi yardım göstərilmişdir.
Bu tədbirlərin əhatə dairəsinin 5 milyon nəfəri əhatə etməsi heç inandırıcı görünmür. Statistika Komitəsinin hesablamalarına görə, ölkəmizdə 10 milyon əhalinin 5,2 milyon nəfəri əmək qabiliyyətli əhali sayılır. Bunun 1,7 milyon nəfər muzdla çalışanlardır. 1,3 milyon nəfəri pensiyaçılardır. 2,6 milyon nəfəri uşaqlardır. Ölkədən xaricdə yaşayanların sayı təqribən 2-3 milyon yaşadığın nəzərə alanda 5 milyon nəfərə necə yardım edildiyi məlum olmur.
Amma İqtisadiyyat Nazirliyi xətti ilə sahibkarlıq subyektlərinə edilən yardımları da nəzərə alanda bu məbləğin toplam olaraq daha çox edildiyi məlum olur. Azərbaycanın beynəlxalq təşkilatlara verdiyi hesabata görə, pandemiya zamanı xalq yönəlik toplam dəstək proqramlarının cəmi ÜDM-nin 2,1% həcmində olub. Bu isə covid-19-lə bağlı dövründə xalqına dəstək olma faizinə görə dünya ölkələri sırasında ən aşağı yerlərdən sayılır.
Dünya ölkələri üzrə dövlətlərin xalqlarına etdiyi dəstəyin coğrafi təsnifatını Beynəlxalq Valyuta Fondu hazırlayıb.
Lakin bu cədvələ liderlik edən ölkələrdə var. Lider ölkələr sırasında Lüksenburq və ABŞ gəlir. Lüksemburq ölkə ÜDM-nin 27 faiz həcmində, ABŞ isə 25 faiz həcmində dəstək proqramları həyata keçirmişdir. Bu sırada Yeni Zelandiya da unutmaq olmaz. Yeni Zenlandiya ÜDM-nin 19 faiz həcmində üst qatda gələn ölkələr sırasındadır.
İqtisadiyyat yalnız qənaətetmə elmi deyil. İqtisadiyyata pul xərcləyib hərarət yaratmağın zamanlaması doğru seçilməlidir. İqtisadiyyata dövlətin populizm üçün helipkotlerlə pul dağıtmağı siyasi məsuliyyətisizlikdir. Lüzumsuz layihələri (idman və musiqi yarışmalarına) maliyyələşdirmək ictimai vəsaiti göyə sovurmaqdır. Amma real təhlükənin qarşısını almaq üçün "Xilas Paketi"nin olmaması isə koronovirusun ağlagəlməz təhlükələri ilə üz-üzə qalmaq deməkdir.
Dövlətlər xalqlarına etməli olduqları yardımları etməsələr, o zaman cəmiyyət üçün “valideyn” qayğısını unutmuş sayılarlar. Bu yardımlar edilməsə, nə olar? Əksini fikirləşək və ya neqativ ssnerailər üzrə gələcəyi gəlmiş bilsək: xəstəxanalar dolur, işə gedən həkimlər xidmətdən imtina edir və s. Sonra dövlət əl-ayağa düşür, daha pul çox xərcləyir, amma həmin pul heç bir yaraya dərman olmur. Bunu bilməyimiz lazım: vaxtında xəstəyə alınmayan dərman yaraya məlhəm olmur! Çünki dövlətin həm vaxtında xərcləyəcəyi pulu və iradəsi, həm də millətinə "sevgi kapsulu" olmalıdır!
Məmməd Talıblı
Mənbələr:
[1] https://tia.az/aspa-uzv-olkeleri-ehalini-gelir-ve-sosial-mudafie-ile-temin-etmeye-cagirdi/
[2] Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi,
https://www.sosial.gov.az/uc-illik-hesabat
[3] İMF, Report
Rəy yaz