Donald Tramp
Bu və ya digər ölkədəki vəziyyət haqqında CNN telekanalının çəkiliş qrupunun etirazlar haqqında canlı repotaj hazırlayarkən saxlanılmasından; Reuters informasiya agentliyinin iki əməkdaşından birinə və İsveç qəzetinin müxbirinə rezin güllə dəyməsindən; Deutsche Welle-nin çəkiliş komandasının atəş altında qalmasından danışılan, böyük sürətlə bir-birini əvəz edən xəbərlər zolağı, söhbət ABŞ-dan getməsəydi, bəlkə də, xüsusi diqqət cəlb etməzdi. Bəli, bəli, məhz mayın sonlarından etibarən amerikalıların narazılıq etdiyi ABŞ-dan. Bunun səbəbi də hamıya məlumdur (afroamerikalı Corc Floydun həbsi zamanı öldürülməsi).
Gəlin razılaşaq, paradoksal səslənir, deyilmi? ABŞ və jurnalistlər üçün təhlükə. Amma bu, bugünki Birləşmiş Ştatların gerçəkliyidir, baxmayaraq ki, bu, bəlkə də, bu böyük dövlətin imperativini, imicini, reytinqini, nüfuzunu itirməsi faktının əsas mahiyyəti deyil. Hətta bunların hamısını birdən, ya tək-tək itirməsi önəmli deyil, amma ABŞ-ın bütün dünyada çəkisi birmənalı olaraq, birdəfəlik və bütün planet sistemi üçün əhəmiyyətli dərəcədə sarsılıb.
Bunun təsdiqi ABŞ-da etirazlar və iğtişaşlar zamanı onlarla insanın həlak olmasında, 5 minə yaxın nümayişçinin saxlanılmasında, 25 Amerika şəhərinin isə komendant saatı "içində" olmasında özünü büruzə verir. Vaşinqtonda küçənin ortasında Amerika bayrağının yol işarələri ilə birlikdə yandırılması, yəqin ki, bu hadisələrin apofeozu oldu. Bu fonda, yəqin ki, həqiqətən də böyük və artıq çox da birmərtəbəli olmayan Amerikanın prezidenti Donald Trampın öz mühafizə xidməti tərəfindən yeraltı bunkerə yerləşdirilməsi faktı da kölgədə qalacaq.
Amerika dövlətinin gücünün itməsi bir sıra şəhərlərdə polisin etirazçıları saxlamasında da özünü göstərib, baxmayaraq ki, bu rakurs ən çox baş prokuror Uilyam Barrın ABŞ-dakı etirazlara "xarici müdaxilənin" göz önündə olması haqqında bəyanatında görülüb.
Amerikanın hüquqi nizam-intizamının əlamətdar fiqurlarından biri ölkəyə xarici təsir arxasında gizlənməyə çalışırsa, bu halda hansı şərhi vermək olar? Özü də tarix boyunca dünya ölkələrinin, o cümlədən Amerika sərhədlərindən yüz min kilometrlərlə məsafədə yerləşən ölkələrin daxili və xarici siyasətinə təsir edən MKİ, FKB, hər cür analitika mərkəzinin və s. mövcud olduğu bir halda.
Donald Tramp ümumiyyətlə yerli təşkilatlardan birini (Antif) terror təşkilatı elan etməyə çağırıb, bu da dərhal onun rəqiblərinin etirazına səbəb olub, onlar prezidentin "sağçı milliyyətçilərə" analoji mövqedən yanaşmadığını bəyan ediblər. Şübhəsiz, ABŞ daxilində bir-birinə qarşı mübarizə aparan qrupların noyabrda keçiriləcək prezident seçkilərinə hazırlığı fonunda bu cür sancmalar tamamilə təbiidir. Amma, istənilən halda, daxili qarşıdurma faktı özü son əsrlərin Amerikası üçün nonsens, hətta faktanstik yuxudur.
İdarəsizlik, xaos, özbaşınalıq. Bütün bunların təşəbbüskarı var? Baxmayaraq ki, iğtişaşların bəhanəsi (səbəbi) süni deyil. Amma bunun təşəbbüskarının olması realdırsa, deməli, Amerika isteblişmenti daxilində olum deyil, ölüm müharibəsi göz önündədir.
Bununla da həmişə müxtəlif ölkələrdə bu və ya digər hadisəyə ABŞ-ın düşmənlərinin belə öz istəklərindən asılı olmadan nəzərə almaq məcburiyyətində qaldığı Dövlət Departamentinin bir-iki kəliməlik rəsmi məlumatları ilə qiymət verən ABŞ, faktiki olaraq, özünü bu "hüquqdan" məhrum edib. Çünki indi o, hansısa ölkəyə nümayişçilərin dağıdılması, jurnalistlərə qarşı atılan addımlar və s. ilə bağlı qətiyyətlə irad sürə bilməyəcək.
Buna görə, təəccüblü deyil ki, mayın 25-də Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib: "Analitiklər çoxdan ABŞ-ın dünyadakı üstünlüyünün sona çatmasından və Asiya əsrinin başlamasından bəhs edirlər. İndi bu, bizim gözümüz önündə baş verir. Tərəflərin seçilməsi məqsədilə təzyiq artır" (1).
Bəs elə həmin J.Borrelin Aİ və Amerika arasında avropalıların "amerikalılardan bizim xoşumuza gəlməyən, bizim razı olmadığımız iradlar almasına" gətirib çıxaran fikir ayrılıqları barədə dediklərini yada salsaq necə? Belə çıxmır ki, indi həmin iradlar qəbul edilməyəcək? Həm də J.Borrel açıq-aşkar "bu gün dünyada intizamın çatışmadığını" və bununla əlaqədar "yeni çoxtərəfli qurum yaratmağın lazım gəldiyini" bəyan edib (2).
Suallar çoxdur, cavabları, çox güman ki, yaxın gələcəkdə eşidəcəyik. Amma hələlik Birləşmiş Ştatların 2025-ci ildə gücünü itirməsi ssenarisini təqdim edən Medisondakı (ABŞ) Viskonsin Universitetinin tarix professoru, Cənub-Şərqi Asiya tarixi üzrə mütəxəssis Alfred Makkoyun 2010-cu ildə səsləndirdiyi proqnozuna diqqət yetirək. Belə ki, onun yazdığına görə, ilkin mərhələdə, 2020-ci ildə ABŞ-da sürətlə artan qiymətlər, təhlükəli işsizlik və real gəlirlərin azalmaqda davam etməsi fonunda "daxili fikir ayrılıqları çox vaxt ikinci dərəcəli əhəmiyyətsiz məsələlərlə bağlı baş verən qızğın qarşıdurmalara və mübahisələrə çevrilir" (3).
Bu gün ABŞ-da bütün bu nüanslar yerini tapıb. Və çox əminliklə.
Elə həmin A.Makkoyun öz ssenarisində 2020-ci ildə ayrı-ayrı ölkələrin "ən zəif böyük dövlətin öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığını görərək, dənizdə, quruda, kosmosda və kiberməkanda" ABŞ-ın üstünlüyünə meydan oxuyacağını proqnozlaşdırması kifayət qədər əlamətdardır.
Bu baş verəcək? Bu il olmasa belə?
ABŞ-ın dünyada üstünlüyü. Həmişə real olub. Olub????
______________
1. Dawn of Asian century puts pressure on EU to choose sides, says top diplomat
2. Jozep Жозеп Borrel: "Pandemiya demokratiyanı öldürməyib"
Teymur Atayev
Rəy yaz