Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

-Əvəz bəy, Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin Düşənbə görüşündən sonra Dağlıq Qarabağ ətrafında söhbətlər hansı istiqamətdə dəyişib? Hansısa gəlişmələr varmı?

 Əvəz Həsənov-Düşənbə görüşü əsasən Ermənistanın baş nazirinin debütü idi və onun dövlət başçılarının yüksək səviyyəli görüşündə özünü necə aparması və proseslərə necə reaksiya verməsini yoxlamaq üçün yaxşı addım idi. Ona görə də nələrlə bağlı razılaşmanın əldə olunmasını demək çox çətindir. Çünki ciddi bir razılıq da yox idi. Sadəcə, təkliflər var. O təkliflər hələ bişməyib, onu müzakirə sənədi kimi ortaya çıxarmaq üçün heç nə edilməyib.

-Son illərdə hər gün atəşkəsin intensiv olaraq 100-150 dəfə pozulduğunun şahidi olurduq. Bu görüşdən sonra atəşkəsin pozulmasında hansısa azalmalar müşahidə olunurmu? Cəbhə xəttində tez-tez olan konfliktoloq kimi əlinizdə hansısa məlumat və ya statistika varmı?

-Atəşkəsin pozulması statistikasını hər iki tərəfin Müdafiə Nazirliyindən başqa heç kim aparmır. Əminəm ki, ATƏT-in Minsk Qrupu da heç belə statistika aparmır. Onlara neçə dəfə atəş pozulmasından çox cəbhə xəttində silahlı qüvvələrin və mülki şəxslərin zərər çəkdiyi barədə statistika daha çox lazımdır. Ona görə də statistikadan çox insidentlərin cografiyası və onun cəbhə xəttində yaşayan insanların həyatına təsirini azaltmaq haqqında fikirləşmək daha yaxşı olardı.

-Paşinyan 4-5 ay əvvəl Dağlıq Qarabağ danışıqlarına getmək üçün müəyyən şərtlər irəli sürürdü. Amma bu görüşdə heç bir şərt irəli sürmədən iştirak etdi. Paşinyanı şərtlərindən vaz keçməyə nə məcbur etdi?

-Paşinyan neçə ki meydanda idi, onun Sarkisyan hakimiyyətinə iradları arasında hakimiyyəti klanlar arasında bölüşməsi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması da var idi. O zaman bəlli deyildi, münaqişənin həll edilməsində hansı irəliləyişin olmasını istəyirdi. Hakimiyyətə gələndə başa düşdü ki, Ermənistan lobbisinin və Dağlıq Qarabağ əhalisinin dəstəyini qazanmaq üçün təxirəsalınmaz addımlar lazımdır. Onun isə belə bir planı yox idi. O zaman elan etdi ki, "mən Dağlıq Qarabağı danışıqlarda təmsil edə bilmərəm. Onlar özləri danışıqlar stolunda oturmalıdır". Sonra bəlli oldu ki, bu bəyanat nə Azərbaycanı, nə də ATƏT-in Minsk Qrupunu qane etdi. Onda fərqli mövqe ortaya qoydu və elan etdi ki, danışıqlar prosesindən imtina etmir və istənilən zaman Azərbaycan prezidenti ilə danışıqlara hazırdır. Paşinyanın DQ münaqişəsi ilə bağlı strateji sənəd hazırlamağa vaxtı olmadı. Onun daxildə hakimiyyəti möhkəmləndirməsinə ehtiyac var. Başı ona qarışıb. Bu arada MDB dövlətlərinin sammiti oldu. Ora isə hansısa konkret mövqe ilə getməli idi. BMT Baş Assambleyasına ondan heç nə tələb olunmurdu. O, sadəcə, BMT tribunasından istifadə edib öz təbliğatını apardı. MDB dövlət başçılarının sammitində isə konkret mövqe ortaya qoymasa da əməkdaşlığa hazır olduğunu nümayiş etdirdi. Ağsaqqalların yanında özünü gənc və perspektivli apardı. Eyni zamanda Qərb təsirli bir siyasi fəndləri ilə imkandan istifadə edib münasibətlərini nizamlamağa görüntü yaratdı.

-Paşinyan deyib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə qonşu ölkələrin ikitərəfli münasibətlərində üç məqamı müzakirə ediblər. Birinci Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın. İkinci müddəa olaraq, Azərbaycan prezidenti və Ermənistanın baş naziri dialoq və danışıqlara sadiq qalacaqları barədə razılığa gəliblər. Hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. Üçüncü vacib qərar isə hər iki rəsmi şəxs arasında operativ əlaqənin təşkili olub. Ola bilərmi ki, bu danışıqlarda əldə olunmuş razılaşmaya hansısa üçüncü tərəf müdaxilə etsin? Bu razılaşmalar və danışıqlar pozulsun?

-Təbii ki, bu təklif vaxtilə istifadə olunan fəndlərin təkrarıdır. Vaxtilə müdafiə nazirləri arasında hərbi əməliyyatların müxtəlif mərhələsində təmas olub. Görüşlər olub, döyüşü dayandırıb əsirləri dəyişiblər. Eyni zamanda uzun müddət Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa rabitə əlaqəsi olub. Hətta Dağlıq Qarabağın faktiki rəhbərliyi ilə də müxtəlif strukturların əlaqəsi olub. İndi vaxtilə Sarkisyan ilə daha predmetli danışıqların aparıldığı bir dönəmdə onu devirən Paşinyanın hər şeyə əlifbadan başlamağı təklif etməsi o qədər də yeni deyildir. Amma hər halda heç bir danışıq olmamaqdansa bu təkliflərin reallaşması daha uğurlu olardı.

-Bundan sonra danışıqlar yenə də Madrid prinsipləri ətrafında davam edəcək, yoxsa tərəflərin birbaşa əlaqələrində hansısa yeni variant ortalığa çıxa bilər?

-Paşinyan hakimiyyətə gələndən sonra və ola bilsin ki, növbəti parlament seçkilərinin nəticələri elan olunmamış danışıqların hansı format əsasında deyil, danışıqların özünün aparılması daha aktual mövzu olacaq. Ona görə də indi Paşinyanı Madrid prinsipi maraqlandırmır. Çünki o, danışıqların özünü şübhə altına qoyub. Ona görə də ilk növbədə hər iki dövlət başçısı sübut etməlidir ki, danışıqlar prosesinə qayıtmaq mümkündür. Ondan sonra yeganə sənəd olan Madrid və yenilənmiş Madrid prinsipləri adlı sənədin prinsipləri əsasında danışıqları davam etdirmək olar.

-Son vaxtlar Azərbaycanda bəzi rayonların qaytarılacağı ilə bağlı əsası olmayan xəbərlər dolaşır. Xüsusən, bu söhbətlər Rusiya prezidentinin Azərbaycana səfəri ərəfəsində ictimaiyyət arasında dolaşırdı. Sizcə, bu kimi söhbətləri publikaya kim buraxır və belə xəbərlərin ictimaiyyətə buraxılmasında məqsəd nədir?

-Bu xəbərləri publikaya Azərbaycan kütləvi informasiya vasitələri və idarə olunan saytlar buraxırlar. Nə Rusiyada, nə də Ermənistanda rayonların azad olunması ilə bağlı ciddi söhbətlərin getdiyinin şahidi olmuşam. Lavrovun dili ilə guya müzakirə olunan məsələlər sırasında rayonların qaytarılmasının gündəlikdə olması da şübhəlidir. Hesab edirəm ki, belə xəbərlər ictimai fikri yoxlamaq üçün addımdır. Onu etməyin müsbət və mənfi səbəbləri var. Hər halda xalqı tonusda saxlamaq üçün başqa metodlar olmadığından bu, ən yaxşısıdır. Bu, danışıqlar prosesinə inamı artırmaq üçün bir metod ola bilər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti