Presidents Erdogan and Aliyev in Shusha. 15.06.2021. president.az
“Tərəflər ümumi milli mənafelər baxımından siyasi, hərbi, həmçinin təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətə hazır olduqlarını təsdiqləyirlər. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardımın göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur”, - sənəddə deyilir.
Qarabağ uğrunda 30 il davam edən müharibədə işğal olunmuş ərazilərin azad edilməsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibənin yekunlarına əsasən Şuşada sammitin keçirilməsi və Şuşa bəyannaməsinin qəbul edilməsi faktiki olaraq revanş istəyən qüvvələrə mesaj oldu.
Qarabağ faciəsinin memarlarından biri, separatçıların keçmiş lideri və Ermənistanın eks-prezidenti, hakimiyyətə can atan Robert Köçəryan erməni elektoratı növbəti qaçılmaz geosiyasi parçalanma ilə, onun müflis etdiyi Ermənistanı xilas edəcək Qarabağ klanının ikinci gəlişilə aldadır.
Simvolik sammitin keçirilmə tarixi – 15 iyun təsadüfən seçilməyib. Həmin gün Azərbaycanda keçmiş sovet lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışını simvolizə edən Milli Qurtuluş Günü qeyd olunur. Ermənistanda Milli Bayraq Günüdür. Britaniyada G7, Brüsseldə NATO sammiti keçirilib. Cenevrədə prezidentlər Putin və Bayden görüşürlər. Ərdoğan simvolları sevir. O 2012-ci il sentyabrın 11-də də belə etmişdi. Rusiyanın Qəbələ RLS-i bağladığı məlum olandan sonra Qəbələdə Azərbaycan və Türkiyə prezidentlərinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirmişdi.
Odur ki, Şuşa sammiti "bir millət - iki dövlət" şüarını inkişaf etdirən Heydər Əliyev xəttinə hörmət əlaməti, eyni zamanda Qafqaz regionunda maraqlı olan oyunçulara sülh və inkişaf naminə əməkdaşlıq təklifi barədə mesaj oldu.
“Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər”, - Şuşa bəyannaməsində deyilir.
Ərdoğanın Ermənistana müraciət edərək region ölkələrinin – Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyənin “Altılıq platforması” sülh paktında iştiraka dəvət etməsi göstərir ki, sammit Milli Bayraq Gününü qeyd edən ermənilərin milli ləyaqətinə xələl gətirilməsinə yönəlməyib.
Türkiyə Atatürkün milli bayraqlara, hətta məğlub düşmən olsa belə, millətlərin şərəfi ilə bağlı münasibətinə sayğı göstərir.
Ötən il decabrın 10-da Bakıda qələbə paradında səsləndirilən "Altılıq platforması" təşəbbüsünün təkrarlanması həm də o deməkdir ki, Türkiyə həmsərhəd dövlətlərin maraqlarını nəzərə alır və regionda qarşıdurmanın olmasını istəmir.
Çoxlarına elə gələ bilər ki, təhlükəsizlik sahəsində Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının elan edilməsi ikitərəfli münasibətlərdə yenilikdir. Ancaq bu, belə deyil. 21 dekabr 2010-cu il tarixində Azərbaycan parlamenti Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni ratifikasiya edib. Sənəd iki ölkə arasında mühüm sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Müqavilə 23 maddədən və 5 bölmədən ibarətdir: "Hərbi-siyasi məsələlər və təhlükəsizlik məsələləri", "Hərbi və hərbi - texniki əməkdaşlıq məsələləri", "İqtisadi əməkdaşlıq məsələləri", "Humanitar Məsələlər" və "Ümumi və yekun müddəalar".
Müqaviləyə əsasən, tərəflərdən biri silahlı hücuma və ya təcavüzə məruz qalarsa, Bakı və Ankara bir-birinə qarşılıqlı yardım etmək niyyətindədir. Tərəflər həmçinin milli təhlükəsizliyə yönələn təhdid və çağırışların aradan qaldırılması məqsədilə əməkdaşlıq edəcəklər.
Lakin postsovet tarixinin dərinliyinə nəzər salsaq, bu xətt Azərbaycanın müstəqilliyinin ilk günlərindən müşahidə olunub. İlk belə müqaviləni 1992-ci ilin yanvarında Ankarada prezident Ayaz Mutəllibov imzalayıb, sonra prezident Elçibəy onu inkişaf etdirib, daha sonra isə prezidentlər Heydər və İlham Əliyevlər möhkəmləndirib və genişləndiriblər. Məhz bu xətt son nəticədə Qarabağın və digər ərazilərin 30 illik erməni işğalına son qoyan müasir Azərbaycan ordusunun yaradılmasına gətirib çıxarıb.
Şübhəsiz ki, Şuşa bəyannaməsi Ermənistanla Azərbaycan arasında sülhün bərqərarında mühüm rol oynayacaq, çünki o, Qafqaz regionunun sülh şəraitində inkişafında maraqlı olan bütün geosiyasi mərkəzləri qane edən müharibədən sonrakı status-kvonu müəyyən edir.
Bəyannamə Cənubi Qafqaz ölkələrinin destruktiv qüvvələri tərəfindən təxribat xarakterli hərəkətlərin davam etdirilməsinə şans vermir. Nəhayət, bəyannamə postsovet qeyri-müəyyənliyindən bezmiş region xalqlarının maraqlı olduğu dinc Qafqazın yaradılması ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsünü möhkəmləndirir.
Rəy yaz