Meeting of President of Ukraine Zelensky with President of Turkey Erdogan in Kiev, February 3, 2022 Valentin Ogirenko/Reuters
Türkiyə prezidenti R.T. Ərdoğanın bu gün Ukraynaya rəsmi səfəri başa çatıb. Bu səfər ABŞ və NATO-nun Ukrayna üzərindən Rusiya ilə gərgin münasibətlərinin pik həddə çatdığı bir şəraitdə baş verdi. Türkiyə-Ukrayna diplomatiq əlaqələrinin qurulmasının 30 illiyinə təsadüf edən, 10-cu zirvə toplantısı çərçivəsində Ərdoğanla Ukrayna prezidenti Zelenski arasında ikitərəfli qapalı görüş və heyyətlərarası iqtisadi-ticarət və siyasi əlaqələrlə bağlı müzakirələr aparılıb, ikitərəfli müqavilələr imzalanıb. Əslində isə səfərdə əsas məqsəd Ukrayna-Rusiya gərginliyinə dialoqla mümkün çözüm axtarmaq naminə Türkiyənin vasitəçilik missiyasıdır.
Türkiyə bu istiqamətdə effektli nəticə ala bilərmi? Bu suala müsbət cavab vermək olduqca çətindir. Çünki mövcud problem yeni dünya düzəninin yaranmasında açar məsələdir. Odur ki tərəflərdən heç biri öz stratejisindən asanlıqla vaz keçmək niyyətində deyil. Eyni zamanda Rusiya-Ukrayna arasındakı hərbi-siyasi böhranı çözmək üçün dəfələrlə cəhdlər olunub. Lakin tərəflərin öz mövqeyindən geri çəkilməsi və ya sülh variantının tapılması mümkün olmayıb.
Nə ATƏT-in, nə də 2014-cü ilin dekabrında Ukraynadakı hərbi-siyasi böhranı çözmək məqsədilə yaranan “Narmandiya Formatı”nın (Almaniya, Fransa, Rusiya və Ukrayna) effekli cözüm tapması mümkün olmadı. 3 il öncə 9 dekabr 2019-cu ildə Parisdə Almaniya və Fransa dövlət başçılarının iştirakı ilə Putinlə-Zelenski ilk dəfə bir araya gəldi.
Həmin vaxt Rusiyaya bağlı silahlı güclərin Ukraynanın şərqindən çəkilməsi ilə siyasi dialoqun başlanmasına ümid artmışdı. Bu formatda keçirilən danışıqlarda ən çox təzyiq Ukrayna prezidentinə edildi. Onu Ukrayna Konstitusiyasında dəyişikliyin zərurətinə inandırmağa çalışdılar. Luqansk və Donetsk Xalq respublikasının yaranması ilə siyasi çözümün vacibliyinə işarələr edildi.
2020-ci ildə Ermənistan-Azərbaycan arasındakı 44 günlük müharibədən sonra Ukrayna dövləti də öz ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə bərpa etmək niyyətini gizlətmədi. Beynəlxalq hüququn verdiyi imkandan və yeni geosiyasi düzənin formalaşması prosesindən yararlanaraq ərazi bütövlüyünü bərpa etmək istiqamətində fəal siyasi-diplomatik və hərbi hazırlıqlara start verdi. Öncəki illərdən fərqli olaraq ABŞ-da Bayden administrasiyasının Rusiyaya qarşı daha qətiyyətli duruşu Ukrayna üçün yeni fürsətlərin açılmasına ümid yaratdı.
Ukrayna-Rusiya arasındakı hərbi-siyasi böhranın cözülməsindəki əsas çətinlik bu problemin artıq daha qlobal qarşıdurmanın alətinə çevrilməsindədir. ABŞ-NATO-Rusiya qarşıdurması halına gələn problemin ikitərəfli həlli real görünmür.
SSRİ dağıldıqdan sonra faktiki olaraq ABŞ dünyanın siyasi-hərbi nizamında həlledici rola sahib oldu. “Varşava Müqaviləsi Təşkilatı” buraxıldıqdan sonra NATO-nun da öz funksiyasını bitirəcəyi düşünülürdü. Lakin, sovet təhlükəsi ortadan qalxsa da NATO-nun şərqə doğru genişlənməsi prosesi dayanmadı. SSRİ-i ilə hərbi rəqabətdə NATO-nun 16 üzvü var idi, SSRİ-nin süqutundan sonra NATO-ya 14 yeni üzv qəbul edildi. 2004-cü il aprel ayından bugünə qədər 11 ölkə NATO-ya üzv olub. Bu isə faktiki olaraq Rusiyanın sərhədlərinə doğru sürətli irəliləmə idi. Təbii ki tədricən güclənən, əlindəki strateji silahlarla hərbi rəqabətdə xüsusi çəkisi olan Rusiyanın bu məsələyə səssiz qalmayacağı gözlənilən idi.
SSRİ dağıldıqdan sonra NATO-nun şərqə doğru genişlənməsi hansı zərurətdən yaranmışdı, sualının cavabı bu gündə mübahisəlidir. NATO-nun varlığı qlobal sülhə yoxsa gərginliyə xidmət edir, sualı da mübahisəlidir.
Hazırda ən həlledici rəqabət məhz Ukrayna üzərindədir. Nə ABŞ, nə də Rusiya Ukrayna böhranında geriyə addıma ata bilir. Rusiya Ukraynanı öz “qırmızı xətti” adlandırır, ABŞ isə bu “qırmızı xətti” qəbul etmir. Hansı tərəf geri addım atarsa onun geosiyasi aqibəti məlumdur.
Ukrayna NATO-ya üzv olarsa, bu, Rusiyanın beynəlxalq təsir gücünü xeyli zəiflədəcək və hətta onu qlobal hərbi-siyasi rəqabətdən kənara atacaq. Odur ki Rusiya ən kritik addımlarını da atmaqdan çəkinməyəcək. Məhz bu baxımdan müharibə ehtimalı xeyli realdır.
Son 10 ildə ABŞ Rumıniya və Bolqarıstanda çox böyük hərbi baza yaratdı. Əlavə olaraq Pribaltikaya da xüsusi hərbi qüvvələr və əsgərlər yığdı. Xüsusilə də Qara Dənizdə Ruminiya sahillərində (Köstərcə) və Bolqarıstan sahillərində (Burqaz) hərbi donama və baza qurdu. Rusiya ABŞ-ın bu həmləsi qarşısında özünü təhlükədə və mühasirəyə alınmış kimi hiss edir.
2021-ci il, iyunun 14-də Brüsseldə keçirilən NATO-nun son Sammiti də Rusiya üçün xüsusi mesajlarla yadda qaldı. NATO hazırda elan olunmuş əsas təhdid qaynaqları arasında birinci terroru, ikinci isə Rusiyanı göstərdi. ABŞ-ın “Strateji Sabitlik Dialoqu” çərçivəsində irəli sürdüyü prinsiplər digər NATO üzvləri tərəfindən yekdilliklə dəstəkləndi.
NATO Rusiyaya qarşı yeni strategiyasını 2030-cu ilədək başa çatdırmaq niyyətindədir. Rusiyanı çəkindirmək məqsədilə özünün müdafiə gücünü artırmaq, müttəfiqlərinə hərtərəfli hərbi yardımlar etmək, habelə, “Angajman qaydaları” çərçivəsində Rusiyaya qarşı güc tətbiqi və müəyyən spesifik imkanların işə salınması nəzərdə tutulur. Bununla yanaşı yenidən iki ideoloji qütbün formalaşdırılması yönündə təşəbbüslər də irəli sürülüb. Demokratik rejimlərlə avtoritar rejimlərin arasında ideoloji xətt çəkilməsinə start verilib.
Lakin bu müharibənin tam qalibi yoxdur. Tərəflərin hamısı itirər. Habelə, ABŞ-ın strateji müttəfiqləri olan böyük Avropa ölkələri də bu hərbi qarşıdurmanı arzulamır. Müharibədən onlar da zərər çəkə bilər.
Türkiyənin vasitəçilik missiyasının böyük nəticələrə səbəb olacağını demək çətin olsa da ATƏT və “Narmandiya formatı”ndan fərqli olaraq daha məhsuldar olması ehtimalı var.
Türkiyə NATO-nun əsas hərbi gücü olmaqla bərabər Qara Dənizin önəmli dövlətidir. Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir və Ukraynaya hərbi yardım göstərir. Eyni zamanda Rusiya ilə də son illər çox sürətlə artan geosiyasi, iqtisadi-ticarət, enerji, humanitar sahədə ciddi əməkdaşlıq var.
Xüsusilə də Ərdoğanla Rusiya prezidenti V.Putinin şəxsi münasibətlərinin yüksək olması da bu təşəbbüsdə önəmli rol oynaya bilər. Ən əsası da artıq hərbi toqquşmanın baş verməsi ehtimalı öncəki illərdən daha realdır. Bu isə tərəflər üçün ağlasığmaz fəlakətlər gətirə bilər. Habelə, həm qərbdə, həm də şərqdə olduqca təhlükəli hərbi qarşıdırmalara səbəb olar.
Ərdoğanın Ukraynaya səfəri dünyada, o cümlədən də Azərbaycanda da maraqla izləndi. Bütün hallarda sülh təşəbbüsü, dialoq imkanları müharibədən dəfələrlə yaxşıdır. Ukrayna prezidenti V.Zelenskinin Ərdoğanın vasitəçilik təşəbbüsünə müsbət reaksiyası, ona təşəkkür etməsi, habelə dialoqa açıq olmasını vurğulaması müsbət dəyərləndirilməlidir. Rusiya prezidentinin Türkiyəyə yaxın vaxtlarda baş tutacaq səfəri çərçivəsində yeni dialoq imkanları yarana bilər.
Azərbaycan Türkiyə və Ukrayna ilə strateji müttəfiqdirlər. Həmçinin Rusiya-Türkiyə və Azərbaycan münasibətləri də olduqca yaxşı qiymətləndirilir. Əgər tərəflər arasında dialoq və cözüm prosesi baş verərsə bunun Türkiyəyə və Azərbaycana olduqca müsbət təsirləri ola bilər.
Nəsimi Məmmədli
Rəy yaz