Açıq mənbələrdən foto
Bu günlərdə ölkə başçısı “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərman imzaladı. Fərmanın preambula hissəsində “Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə” çevrildiyi, aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərdiyi qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf etməsi, aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Fərmanın prеambula hissəsində o da qeyd olunur ki, rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi tələb olunur. O da qeyd edilir ki, ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Və bunu nəzərə alaraq, hesab edilir ki, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir. Bu məqsədlə ölkə başçısı Nazirlər Kabinetinə aşağıdakı sahələrdə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsini tapşırıb. Bunlar: Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi; torpaqların idarə edilməsi, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının alınması, habelə münbitliyinin qorunması, bərpası və artırılması; aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış, suvarma infrastrukturu və emal üçün müvəqqəti tikililərin inşası; aqroparkların fəaliyyətinin tənzimlənməsi kimi məsələləridir.
Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsində nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi Torpaq Məcəlləsindən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Fərmanda normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulan sahələr, yəni torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi, torpaqların idarə edilməsi, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının alınması, habelə münbitliyinin qorunması, bərpası və artırılması Azərbaycan Respublikası Torpaq Məcəlləsinə uyğun olaraq tənzimlənir. Belə ki, torpaqların məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq torpaqlar kənd təsərrüfatı təyinatlı, yaşayış məntəqələri, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, meşə fondu, su fondu, ehtiyat fondu, xüsusi qorunan ərazilər, kimi kateqoriyalara bölünmüşdür
Qanuna uyğun olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Son bir neçə ildə məmur oliqarxlar əvvəllər fermer və kəndlilər müqavilə əsasında istifadə etdikləri yüz minlərlə hektar örüş, təbii biçənək və meşə əraziliərini ələ keçirmişlər və həmin torpaqlarda iri fermer təsərrüfatları, aqroparklar yaratmışlar. Onu da qeyd etməliyəm ki, Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq “dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.” Bu fərmanda torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırılır. Bu isə o deməkdir ki, oliqarx məmurların istifadəsində və icarəsində olan dövlət və bələdiyyə torpaqlarını özəlləşdirmək və yaxud alqı-satqı obyektinə çevirmək üçün normativ hüquqi baza yaradılacaq
Onu da qeyd etməliyəm ki, 262 min hektar sahədə aqroparkların yaradılması üçün dövlət büdcəsindən 2,4 milyard manat vəsait xərclənmişdir. Dövlət torpaqları hesabına iri fermer təsərrüfatları və aqroparklar yaratmış, dövlət hesabına artezian quyuları qazdırmış, təsərrüfatlara yollar çəkdirmiş oliqarx məmurları artıq yaratdıqları təsərrüfatların hüquqi statusu qeyri-müəyyən olması narahat edir. Hesab edirəm ki, fərman qanunla yalnız ümumi istifadə üçün nəzərdə tutulmuş torpaqların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi üçün normativ hüquqi bazanın yaradılması məqsədilə verlimişdir.
Fərmanda aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış, suvarma infrastrukturu və emal üçün müvəqqəti tikililərin inşası ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələr hazırlanması da nəzərdə tutulur. Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Lakin qanuna əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış üçün müvəqqəti tikililərin inşası nəzərdə tutulmur. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2 bəndinə uyğun olaraq yaşayış və sənaye təyinatlı torpaqlar müəyyən edilmişdir. Hesab edirəm ki, aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış, suvarma infrastrukturu və emal üçün müvəqqəti tikililərin inşası ilə bağlı yeni normativ hüquqi bazaya ehtiyac yoxdur. Əslində Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Ancaq aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti yaşayış tikililərin inşası üçün hüquqi bazanın yaradılması çox ciddi problemlərə yol aça bilər. Azərbaycan Respublikasının kənd təsərrüfatı təyinatlı torpaqları bir sıra səbəblərdən get-gedə azalır. Emal məhsulları istehsalçıları üçün kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti yaşayış tikililərin inşasına nə ehtiyac var? Əgər müvəqqəti yaşayış tikililəri müəssisədə işləyən işçilər üçün nəzərdə tutulursa, buna ehtiyac yoxdur. Azərbaycanda kənddə yaşayan əhalinin sayı çox, torpaq əraziləri isə az olduğu üçün kəndlər kənd təsərrüfatı təyinatlı torpaq ərazilərinə yaxın məsafədə yerləşir. Yaxşı olar ki, emal müəsisələri kəndlərdə və rayon mərkəzlərrində yaradılsın. Və həmin müəsisələrdə yerli fəhlələrin, mütəxəssislərin xidmətindən istifadə edilsin. Bu yolla həm də kənddə yaşayan yüz minlərlə işsizlərin bir qismini işlə təmin etmək olar. Həmin torpaq ərazilərində isə kəndlilər, fermerlər emal müəsisələri üçün xammal istehsalı ilə məşğul olar.
Fərmanda Nazirlər Kabinetindən aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələrin hazırlanması və aqrar istehsal sahəsində fəaliyyət göstərən müəssisələrin, habelə aqroparkların investisiya təşviqi mexanizmindən yararlanma imkanlarının genişləndirilməsi məsələlərli ilə bağlı təkliflərin hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tələb olunur. Dövlət məmurlarına və onların yaxın qohumlarının adlarına sənədləşdirilmiş aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ hüquqi bazanın hazırlanmasına və yaxud sənəddə qeyd edildiyi kimi təkmilləşdirilməsinə nə ehtiyac var? Və yaxud da aqroparkların investisiya təşviqi mexanizmindən yararlanma imkanlarının genişləndirilməsi ilə təkliflər hazırlanması tələb olunur. Bu nə deməkdir? Bu o deməkdir ki, dövlət sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır. Yəni aqropark sahibləri hüquqi şəxs kimi 7 il müddətinə mənfəətin 50 faizi üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad ediləcəklər. Bundan başqa aqropark sahibləri olan oliqarx məmurlar texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə edəcəklər və həmin texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunacaqlar.
Fərmanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər görməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi göstərişi verilir. Qeyd etməliyəm ki, torpaq islahatı həyata keçirilməmiş ərazilər deyəndə işğaldan azad olan torpaqlar nəzərdə tutulur ki, artıq de fakto həmin torpaq ərazilərində bəzi şirkətlər əkin, səpin, məhsul yığımı işlərini həyata keçirirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən torpaq islahatı həyata keçirilməmiş torpaqları əvvəllər əkinlə məşğul olmuş kəndlilər arasında bölərək pay edilməsi mexanizmin hazırlanması tələb olunmur, əksinə, digərləri tərəfindən müvəqqəti istifadə edilməsi üçün mexanizminin formalaşdırılması ilə bağlı göstəriş verilir.
Beləliklə, ölkə başçısının “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərmanı oliqarx məmurların maraqlarına xidmət edəcək. Belə ki, ümumi istifadədə üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə torpaqlarını qeyri-qanuni yollarla ələ keçirən oliqarx məmurlar həmin torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsini, təyinatının dəyişdirilməsini, özəlləşdirilməsi, dövlət torpaqlarının alqı-satqı obyektinə çevirilməsi məsələsinə asanlıqla nail olacaqlar. Aqroparkların sahibləri olan oliqarx məmurlar dövlətin vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı əldə edəcəklər. Əlbəttə, oliqarx məmurların bu qədər güzəştlər əldə etməsi və dövlət güzəştləri hesabına daha da güclənməsi təəssüf ki, ölkə əhalizinin ərzaq təminatında 90 faizədək paya sahib olan kiçik və orta sahibkarların sıradan çıxmasına gətirib çıxaracaq.
Vahid Məhərrəmov
Rəy yaz