Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

***

Dünya şahmat taxtasının qrossmeysteri, Amerikanın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski hesab edirdi ki, yeni Yaxın Şərqin iştirakçıları arasında əlavə olaraq Avrasiya Balkanları, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan, Tacikistan) də olmalıdır. Göründüyü kimi, bu halda da Rusiya, Türkiyə və İranın iştirakı nəzərdə tutulmurdu.

Müsəlman ölkələri üçün misli görünməmiş Azərbaycan-İsrail əməkdaşlığı da diqqət cəlb edir. Bu münasibətlərin bir çox təfərrüatı ictimai diqqətdən kənarda qalır. İsrailin baş naziri B.Netanyahunun Bakıya səfər edərək, Azərbaycana vasitəçilik funksiyasını öz üzərinə götürməyi və ənənəvi olaraq Türkiyənin məşğul olduğu İsrailin Fələstin və Suriya, FATH və HƏMAS-la münasibətlərinin nizamlanmasında mediator qismində çıxış etməyi təklif etdiyini bilənlərin sayı çox azdır. Təbii ki, Bakının sınağı heç bir müsbət nəticə verə bilməzdi (İsrail bunu çox yaxşı bilirdi). Niyyət tamamilə başqa idi: Yaxın Şərqdə möhkəmlənmək siyasətinə real məhdudiyyətlər qoyula biləcəyini, bu məhdudiyyətlərin Cənubi Qafqaz və Mərkəzi Asiya məkanına da keçirilə biləcəyini Ankaranın diqqətinə çatdırmaq.

Bu şəraitdə AP-nin həyata keçirilməsi haqqında çox az şey məlumdur, bu da həm dolayı yolla, həm də birbaşa Astana üçlüyü arasında fikir ayrılığının qalmaqda olduğuna dəlalət edir, amma həm də birbaşa bu ölkələr qarşısında yaranmış böyük problemlərlə əlaqədardır. Moskva Belarusdakı vəziyyətdən, Rusiyanın ayrı-ayrı regionlarında (Xabarovsk) gərginliyin artmasından, getdikcə böyüyən, yeni sanksiyalar təhdidi yaradan A.Navalnıy “işindən” və təcridin artmasından həddindən artıq narahatdır. İsraillə münasibətləri xeyli korlayan və kürd məsələsini həll etməyən Türkiyə Yunanıstan və Kiprlə ciddi qarşıdurmaya cəlb olunur. Amansız sanksiyalar şəraitində yaşayan İran D.Tramp administrasiyasının yeni hücumlarına məruz alır. Hər üç dövlət – separatizmin müxtəlif növləri ilə belə siyasi quruluşa xas olan keçmiş imperiyalar – bu gün də lazım gəldikdə öz həssas nöqtəsindən zərbə ala bilər.

Bununla belə, sirr deyil ki, “üçlüyün” fikir ayrılıqları əsasən Moskva, Ankara və Tehranın bilavasitə cəlb edildiyi Dağlıq Qarabağ münaqişəsinin həlli texnologiyası ilə bağlıdır.

Bilavasitə Ermənistan-Azərbaycan sərhədində yayda baş verən hərbi əməliyyatlar kənardan Moskvanın və Ankaranın münaqişəyə münasibətini üzə çıxarıb və konkret addımlarla yekunlaşıb.

Rusiya Azərbaycan hərbiçilərinin məhv edilməsi əməliyyatında bilavasitə iştirak edib, Ermənistana kütləvi silah göndərişi həyata keçirib (çox güman ki, təmənnasız), Türkiyə Azərbaycana qeyd-şərtsiz hərbi və siyasi dəstək mövqeyi tutub. Biri Moskvanın, digəri Ankaranın himayəsi altında həyata keçirilən hərbi təlimlər bir növ tərəflərin fövqəladə vəziyyətə hərbi hazırlıq səviyyəsinin nümayişi oldu. Amma yenə də, bu qütbləşmənin daxili zəmini hələ tam üzə çıxmayıb, mətbuatda artıq danışıqlar prosesinin bütün qalan iştirakçıların aradan çıxarılmasına yönəlmiş yeni formulunun müəyyən edilməsi ehtimalından bəhs edilib (Rusiya-Ermənistan versus Türkiyə-Azərbaycan). Bu, həqiqətə uyğundursa, bu ssenari AP kontekstinə tamamilə uyğun gəlir, bir istisna var, İranın mövqeyini nə cürsə ifadə etmək lazımdır.

Formal olaraq bu mövqe Tehranın davam edən münaqişələrin müharibəyə çevrilməməsi üçün gərginliyə nəzarət etmək üzrə rəsmi səylərindən ibarətdir. Buna görə İran məsələnin hər iki ölkənin maraqları və ərazi bütövlükləri nəzərə alınmaqla, siyasi yolla həlli zərurətindən danışır və bunun üçün vasitəçi olaraq çıxış etməyə hazırdır. Əslində isə Qərbin hərbi qüvvələrini münaqişə regionuna buraxmamaq və münaqişə ölkələrinin ərazilərindən İrana qarşı təcavüz meydanı kimi istifadə etmək cəhdlərinə mane olmaq Tehranın maraqlarına uyğundur. Bu arada, İran Azərbaycan, Ermənistan və işğal edilmiş Dağlıq Qarabağla bilavasitə sərhədi olan yeganə dövlətdir, sülh şəraitində onun gücü, eləcə də müharibə şəraitində zəifliyi bundadır.

Necə olursa olsun, bu gün Türkiyə və Azərbaycanın bir çox təhlükəsizlik problemləri bir bütün yanaşma çərçivəsində təhlil və həll edilməlidir. Kürşad Zorlu (Habertürk (Türkiyə)) “PKK indi də Qarabağda. Baxın, arxasında kim var” sərlövhəli məqaləsində bu barədə yazır (22.09.20). Amma yaranmış vəziyyətdə bu bütünlük, ən azından, Rusiyanın, eləcə də dünya siyasətinin Qarabağ münaqişəsinə cəlb edilmiş bir çox digər mərkəzlərinin daxil edilməsini nəzərdə tutur.

Açıq şəkildə “münaqişə tərəflərinə eyni uzaqlıqda olduqlarını” bəyan edən, amma əslində öz tamahkar maraqlarına xidmət edən xarici qüvvələrin “oyunlarını” da unutmaq olmaz. Buna görə sonuncu hərbi əməliyyatda muzdlu əsgərlərin iştirak etdiyi haqqında məlumat cidd-cəhdlə yayılır. Türkiyə KİV-ləri İran üzərindən Dağlıq Qarabağ bölgəsinə göndərilən Kürdistan İşçi Partiyası terrorçuları haqqında yazır, Səudiyyə Ərəbistanı mətbuatı isə Qarabağ döyüşlərində Azərbaycan tərəfdən Türkiyənin Cənubi Qafqaza göndərdiyi yüzlərlə Suriyalı muzdlu döyüşçünün iştirak etdiyi haqqında xəbər yayır (Arab News: “Erdoğana yeni Qafqaz qurmaq üçün Yerevana hücum etmək məsləhət görülür” 28.09.20). Cənubi Qafqaz ölkələrinin BYŞL-yə cəlb edilməsi başlayır? Münaqişə ilə əlaqədar Rusiya və Türkiyə arasında qarşıdurma siyasəti həyata keçirilir?

Hələ hazırki hərbi mərhələnin başlamasından əvvəl Mustafa K.Erdemol xarici oyunçuların Azərbaycan-Ermənistan münaqişəsinə münasibətlərinin özünəməxsus icmalını tərtib edib (Cumhuriyet, Türkiyə: “Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistanı, ABŞ isə Azərbaycanı “öz kartlarına” aid edir”. 17.07.20): “ABŞ, Rusiya, Aİ bu və ya digər formada problemə cəlb edilmiş oyunçulardır. Bu oyunçular burada sabitlikdənsə, müharibə olmasa da, qarışıq vəziyyət olmasında maraqlıdırlar. Bu məqsədlə Rusiya hər iki münaqişə tərəfinə silah göndərir, Aİ regiondakı hadisələrə çox da reaksiya vermir, belə ki, regionda böhranların, ilk növbədə Dağlıq Qarabağ probleminin davam etməsi üzrə səylərin Rusiyanı zəiflədəcəyini hesab edir. Bəlkə də buna görə Aİ atəşkəs haqqında danışıqlarla bağlı bir ciddi təşəbbüs belə irəli sürməyib, asanlıqla həll edilə biləcək münaqişənin aradan qaldırılmasında isə ABŞ nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğun təşəbbüs irəli sürmür.

Bu arada, Dağlıq Qarabağda tammiqyaslı müharibə gedir. Ermənistan tərəfin itirdiyi mövqelər var, bu barədə sentyabrın 27-də Qarabağ lideri Araik Arutyunyan bildirib. Onun sözlərinə görə, “bu, indiyə qədər heç vaxt olmayan tammiqyaslı müharibədir. Qarabağ münaqişəsi zonasında qoşunların təmas xətti boyunca müharibə gedir. Bu, 2016-cı ilin apreli deyil, iyul hadisələri deyil. Türkiyə də bizə qarşı müharibə edir”.

Bu şəraitdə, əvvəllər də olduğu kimi, hərbi cinayətlərin, o cümlədən dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə şərait yaranır. Qarabağ dastanının bütün mərhələlərini yada salsaq, məhz bu cinayət əməlləri dünya ictimaiyyətinin kəskin narazılığına səbəb olub, onun simpatiyalarının dəyişməsinə şərait yaradıb. Məhz buna görə mülki əhalinin maksimum təhlükəsizliyinin təmin edilməsi və sivil müharibə normalarının dəstəklənməsi ilə bağlı təşəbbüslər davam etdirilməlidir.

Qarabağ haqqında yazan bəzi analitiklər (məsələn, S.Markedonov) münaqişənin hazırki mərhələsinin “rəqqas prinsipini” pozması faktına diqqət çəkiblər. Bu prinsipə əsasən, hərbi gərginlik və sülh danışıqları dövrləri, bir qayda olaraq, bir-birini əvəz edirdi. Göründüyü qədər, “rəqqas prinsipi” tamamilə puç olub və onun əvəzinə hansısa yeni texnologiya gəlməlidir. Amma bu, yalnız başlamış hərbi əməliyyatlar zamanı tərəflərdən biri yaranmış vəziyyətin prinsipial qaydada dəyişməsinə nail olduğu halda mümkün olacaq.

Bizə yalnız kimin və hansı məqsədlə hazırki hərbi kampaniyaya “xeyir-dua” verdiyini aydınlaşdırmaq qalır. Bir tərəfdən bu qədər maraqlı oyunçu olduğu halda birmənalı cavab vermək çətindir, digər tərəfdən – bu məsələləri aydınlaşdırmadan fövqəladə vəziyyətdə praqmatik siyasət hazırlamaq, demək olar ki, qeyri-mümkündür.

Belə bir təəssürat yaranır ki, geosiyasi strategiyaların müharibəsi davam edir, getdikcə Böyük Yaxın Şərq Layihəsinin və ya Avrasiya Planının əhatə dairəsinə düşən yeni əraziləri ələ keçir. İstənilən halda, bu müharibənin Cənubi Qafqaz hüdudlarına çatdığını, çətin ki, inkar etmək olsun.

Cəmiyyətin hərbi səfərbərliyi şəraitində Azərbaycan üçün ən yaxşı çıxış yolu yalnız bu səfərbərliyin bütün siyasi qüvvələrin və sosial təbəqələrin birləşməsi amilinə ahəngdar keçişi ola bilər. Bunu görəcəyik?

Əli Abasov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti