RFE/RL

RFE/RL

Sentyabrın 8-də Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri Cənubi Qafqazda sülh və əməkdaşlıq prosesinin sürətləndirilməsi zərurətindən irəli gəlib.

“Müzakirələrimizin, bugünki danışıqların böyük hissəsi regionumuzun dinc inkişafı dövrünün başlanması gündəliyinə həsr olunub, mən və siyasi qüvvəmizin nümayəndələri növbədənkənar seçkilər zamanı xalqımızla bu barədə ətraflı danışmışıq”, deyə Paşinyan Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə danışıqlarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Dinc inkişaf dedikdə Paşinyan 90-cı illərin əvvəllərində bağlanmış nəqliyyat kommunikasiyalarının açılmasını, Azərbaycanla sərhədin delimitasiyasını və demarkasiyasını və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların bərpasını nəzərdə tutur.

Bu yanaşmanı baş naziri müşaiyət edən Ermənistan XİN başçısı Ararat Mirzoyan da açıq şəkildə ifadə edib. O, Gürcüstanlı həmkarı David Zalkaliani ilə söhbətində iki irad bildirib: Azərbaycan erməni hərbi əsirləri qaytarmır və Ermənistan ərazisinə daxil olur (sərhəd problemlərini nəzərdə tutaraq).

Erməni qonaqlar Azərbaycanla bir-birinin sərhədinin tanınmasını nəzərdə tutan sülh sazişini, habelə Qarabağ ermənilərinin müstəqilliyinin tanınması zərurətini açıq şəkildə müzakirə etməyiblər. Yerevandan gələn məlumatdan görünür ki, birinci məsələ bütün erməni cəmiyyətinin dərk etməsi mərhələsindədir, ikinci məsələ isə sülh danışıqlarına, həm də birbaşa – Gürcüstanın vasitəçiliyi ilə Əliyev-Paşinyan arasında danışıqlara başlamaq cəhdlərinin olduğu bir şəraitdə Azərbaycan üçün qəzəb amilidir.

Yaxın gələcəkdə, həm də Gürcüstanın vasitəçiliyi ilə danışıqların baş tuta biləcəyinə hər iki nazir dolayı şəkildə toxunub, erməni hərbi əsirlər probleminin və ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı minalanmış sahələrin xəritələri məsələsinin həlli təcrübəsinə işarə edib.

Qabriaşvilinin vasitəçiliyi ilə Paşinyan və Əliyev arasında 15 erməni hərbi əsiri minalanmış sahələrin qismi xəritələri ilə dəyişdirmək mümkün olub. Qabriaşvili mayın 5-də Paşinyanla telefon məsləhətləşmələrindən sonra Bakıya səfər edib, iyunun 12-də isə Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan hakimiyyət nümayəndələrinin iştirakı ilə 15 erməni vətəndaş təhvil verilib. Bunun əvəzində Azərbaycan Ermənistandan 97 min tank və piyada əleyhinə minanın əksini tapdığı xəritələri alıb.

“Bildiyiniz kimi, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlığın və birgə yaşamağın tərəfdarı olub. Və biz bu yaxınlarda bunu əməldə də sübut etdik. Bir neçə ay əvvəl mənim vasitəçiliyim və cənab baş nazirin birbaşa iştirakı və sadiqliyi, habelə Azərbaycan prezidentinin səyləri sayəsində bizim imkanımız oldu və biz, bizim üç ölkəmiz və bu ölkələrin liderləri erməni hərbi əsirlərin öz evlərinə qayıda bilməsi üçün onların azad edilməsi və mühüm sənədlərin, daha dəqiq desək, xəritələrin Azərbaycana verilməsi məsələsində uğur əldə edə bildik. Bu uğurlu nümunə bizim nikbinliyimizi artırır”, deyən Qabriaşvili bütün məsələlər üzrə belə nəticəyə nail olmağın mümkün olduğuna işarə edib.

Bu zaman o, erməni həmkarı ilə təkbətək görüşdən sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllində nikbinliyinin daha da artdığını gizlətməyib.

“Cənab baş nazirin yalnız inkişafa, sabit inkişafa və ölkəsinin və xalqının rifahına dair yeni düşüncələri ilə tanış oldum. Qarabağ müharibəsi, şübhəsiz, regionumuz üçün mürəkkəb çağırış idi, amma indi, cənab baş nazirin düşüncələrinin nədən ibarət olduğunu öyrəndikdə, bu çağırışın yeni imkana çevriləcəyini hesab edirəm. Ermənistana və erməni xalqına inkişaf gətirəcək bir imkana. Mən həmçinin demək istərdim ki, Ermənistanın sabitliyi həm siyasi, həm də iqtisadi cəhətdən bizim üçün çox vacibdir, bu, birbaşa bizim ölkəmizin və bütünlükdə regionun sabitliyi ilə əlaqəlidir. Buna görə ortaq regional məqsədimizi üç sözlə ifadə etmək istərdim – bizi, regionun hər üç ölkəsini birləşdirən sülh, sabitlik və çiçəklənmə”, deyə Qaribaşvili bildirib.

Gürcüstan baş nazirinin çıxışından həm də belə bir nəticə çıxırdı ki, o, yüksək səviyyədə Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi kimi çıxış etməyə hazırdır.

“...Baş nazirə bir daha Gürcüstanın etimadın, - çox vacib olan və gələcək əməkdaşlığımızın əsası olan etimadın bərpa olunması üçün fəal vasitəçilik rolunu davam etdirməyə tam hazır olduğunu təsdiq etdim”, deyə Qaribaşvili qeyd edib.

Son vaxtlar Minsk Qrupunun həmsədri olan ölkələr (ABŞ, Rusiya və Fransa) getdikcə daha fəal şəkildə Ermənistanı və Azərbaycanı proses çərçivəsində substantiv danışıqlara cəlb etməyə çalışır. Amma Bakıdan və Yerevandan səslənən bəyanatlar bütünlükdə Minsk Qrupuna və ya onun ayrı-ayrı üzvlərinə qarşı etibarın sarsıldığını göstərir. Və bu mənada əldə edilmiş pərdəarxası razılaşmalara zəmanət elementləri ilə qonşu Gürcüstanın danışıqlar prosesinə cəlb edilməsi daha etibarlı amil kimi görünür.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti