sova.news

sova.news

Dünən axşam Formula teleşirkəti (Gürcüstan) Edison Research (ABŞ) şirkəti tərəfindən həyata keçirilmiş sosioloji araşdırmanın nəticələrini təqdim edib. Sorğunun nəticələrinə görə, sabah parlament seçkiləri keçirilsəydi, səsvermə nəticələri belə olardı:   

“Gürcü Arzusu” – 39%

“Vahid Milli Hərəkat” – 16%

“Avropa Gürcüstanı – Azad Demokratlar” – 5%

“Leyborist Partiya” – 3%

“Gürcüstan üçün Lelo” – 3%

“Yeni Gürcüstan Naminə” – 3%

“Vətənpərvərlər Alyansı” – 3%

“Girçi” – 2%

“Vətəndaş hərəkatı” – 2%

“Demokratik Hərəkat – Vahid Gürcüstan” – 1%

“Qalib Gürcüstan” – 1%

“Ədalət Naminə” – 1%

“Azad Gürcüstan” – 1%

Rəyi soruşulanların 20%-i kimə səs verəcəklərinə qərar vermədiklərini qeyd edirlər.

Göründüyü kimi, oktyabrda keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının qələbəsi açıq-aşkardır, xüsusən, inzibati resursları və ənənəvi olaraq hakim partiyaların namizədlərinin qələbə çaldığı 30 majoritar dairəni nəzərə alsaq.

Və bunda təəccüblü heç nə yoxdur, demokratik institutların zəif inkişaf etdiyi ölkələrdə hakimiyyət seçkilər zamanı inzibati resursdan istifadə edir, majoritar seçki sistemi həmişə mövcud hakimiyyətin xeyrinə işləyir.

İndiyədək Gürcüstanda parlament seçkiləri qarışıq seçki sistemi üzrə keçirilirdi – 150 deputatdan 77-si partiya siyahıları əsasında, 73 deputat isə majoritar sistem üzrə (yəni Gürcüstandakı 73 majoritar seçki dairəsindən) seçilirdi. Və partiyaların proporsional və majoritar sistemlər üzrə əldə etdikləri mandatlar son nəticədə mexaniki olaraq birləşirdi, yəni qalib gələn partiya aldığı səsdən daha çox mandat əldə edirdi.

Məsələn, partiya proporsional sistem üzrə 40 faiz səslə (bu da parlamentdə təxminən 30 yer deməkdir) və 73 majoritar dairədən 50-sində qalib gəlirdisə, nəticə etibarilə 80 yer əldə edirdi.

Bütün bunlarla əlaqədar Gürcüstan müxalifəti majoritar sistemin tamamilə ləğvi uğrunda qızğın mübarizə aparırdı və son nəticədə Qərbin dəstəyi sayəsində o, Gürcüstanın Seçki Məcəlləsinə konstitusiya dəyişikliklərinin edilməsinə nail olmağa müvəffəq oldu.

Bu dəyişikliklərə əsasən, qarşıda duran parlament seçkilərində 120 parlament deputatı proporsional sistem üzrə, 30-u isə majoritar sistem üzrə (əvvəllər 73 idi, növbəti seçkilərdə isə majoritar sistem tamamilə ləğv ediləcək) seçiləcək. Bu zaman seçim baryeri 1%-ə endirilib. Seçkilərdə ən az 40,54% səs yığan partiya təkbaşına hökumət formalaşdıra bilməyəcək.

Artıq qeyd edildiyi kimi, hakim “Gürcüstan Arzusu” partiyasının qarşıda duran seçkilərdə qələbə qazanması ehtimalı müxalifətdən daha yüksək görünür. Amma yenə də, müxalifətin bu vəziyyəti dəyişdirmək şansı var. Biricisi, Facebook avqustdan etibarən Gürcüstanda siyasi və seçkiqabağı reklamın şəffaflığının təmin edilməsinin yeni qaydalarını müəyyən edir. Bundan sonra siyasi reklam dərc edən hər kəs reklamın sifarişçisinin kim olduğunu, reklam üçün kimin və hansı məbləğdə ödəniş etdiyini, hansı coğrafi bölgədə və hansı yaşdakı istifadəçilərin reklamın hədəf auditoriyası olduğunu qeyd etməlidir. Beləliklə, insanlar seçkilərdə onların səsinə kimin təsir etmək istədiyini görə biləcək.

Facebook administrasiyasının 2019-cu il dekabrın 20-də həyata keçirdiyi yoxlama nəticəsində Gürcüstanda hökumətin yüksək vəzifəli şəxsləri ilə əlaqəsi olan yüzlərlə saxta Facebook səhifəsi aşkar edilib və məhv edilib. Məhv edilmiş səhifələr hamısı auditoriyaya hakimiyyət, məmurlar haqqında birmənalı olaraq müsbət, müxalifət liderləri və fəalları haqqında isə mənfi xəbərlər təqdim edirdilər. 442300 nəfərə yaxın insan bu dezinformasiyanın qurbanı olub. Gürcüstan MSK-nın məlumatına görə, 2016-cı ilin 8 oktyabr parlament seçkilərində 1 814 276 seçicinin iştirak etdiyini, bunun Gürcüstan seçicilərinin 51,63%-ni təşkil etdiyini nəzərə alsaq, bu, seçkilərin nəticəsinə ciddi təsir etmək iqtidarına malik çox böyük rəqəmdir.

İkincisi, iyulun 15-də Avropa Parlamentinin xarici işlər komitəsinin dərc etdiyi məruzədə Gürcüstanın Aİ ilə Assosiasiya Sazişini yerinə yetirməsi qiymətləndirilir.

Avropalı deputatlar öz məruzələrində qarşıda duran parlament seçkilərinə xüsusi diqqət yetiriblər və Gürcüstan hakimiyyətinə xatırladıblar ki, Aİ-nin dəstəyi islahatların həyata keçirilməsində əldə edilmiş irəliləyişdən asılı olacaq. Xüsusən, demokratiya və qanunun aliliyi sahəsində islahatlar, o cümlədən hakimiyyətin yenidən bölünməsi, məhkəmə sisteminin müstəqilliyi və seçki sistemində islahatlar yada salınır.

Həmçinin, Avropalı parlamentarilər bildiriblər ki, oktyabrda keçiriləcək parlament seçkiləri Gürcüstanın demokratik kursunun təsdiqi üçün əhəmiyyətli olacaq. Deputatlar seçki kampaniyasının ədalətli rəqabət şəraitində keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

Bundan başqa, Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini KİV sahiblərinə qarşı siyasi motivlərlə məhkəmə işləri qaldırmaqdan yayınmağa və yanlış məlumatların yayılmasına son qoyulması üçün addımlar atmağa çağırıblar.

Bu kontekstdə onlar redaksiya müstəqilliyinin, həmçinin qarşıda duran seçki kampaniyası zamanı həm özəl, həm də ictimai yayımçıların proqramlarında siyasi baxışların qərəzsiz işıqlandırılmasının əhəmiyyətini qeyd edblər.

Aydındır ki, bu, hakim “Gürcü Arzusu” Partiyası seçkiləri normal şəraitdə keçirərsə, Qərbin oktyabr seçkilərini baş tutmuş hesab edəcəyi deməkdir.

Bütün bunlar müxalifətin uğuru üçün şərait yarada bilər, amma yalnız bir şərtlə - müxalifətin birləşə bilməsi şərtilə.

Praktiki olaraq, parlamentin yeni qanunu təsdiq etməsindən (29 iyun) dərhal sonra müxalifət nümayəndələri bildiriblər ki, hakimiyyətin namizədinə qarşı mübarizə aparmaq üçün baş nazirliyə namizədlər və majoritar dairələrdə vahid namizədlərlə bağlı məsləhətləşmələrə başlayıblar. Amma, müxalifətçilərin bəyanatlarından göründüyü kimi, bu məsləhətləşmələr asan olmayacaq. Məsələn, “Gürcüstan üçün Lelo” birliyi bildirib ki, otuz dairənin hamısında onun öz namizədləri olacaq, başqa müxalifət partiyası ilə əməkdaşlıq və öz seçicilərinə başqa partiyanın namizədinə səs vermək məsləhətlərinə isə, “Lelo” liderlərindən Badri Caparidzenin sözlərinə görə, ikinci mərhələ təyin ediləcəyi təqdirdə əl atacaqlar.

Baş nazirliyə namizədlər və majoritarilərlə bağlı müzakirələr “Gürcü Arzusu”na qarşı birləşsə belə müxalifətin parlament seçkilərində qələbə çala biləcəyinə şübhə etməyə vadar edir.

Buraya onu da əlavə etmək lazımdır ki, siyasi partiyalar seçicilərlə passiv iş aparır. Onlar fəal izahat işi aparmır. Onlar insanlara siyasi dəyişikliklərin onların iqtisadi həyatına təsir edəcəyini izah etməlidirlər.

Edison Research-ın sorğusu göstərib ki, müxalifət birləşərsə təxminən “Gürcü Arzusu” ilə eyni sayda səs alacaq. Deməli, qalib gəlmək üçün müxalifət “öldürülməmiş ayının dərisini bölüşdürməyə” son qoymalı və hələ kimə səs verəcəyinə qərar verməmiş 20% vətəndaş uğrunda mübarizəyə başlamalıdır. Kim bilir, bəlkə onda onlar möcüzə yarada biləcək?

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti